"Hazırda işğal altında olan Dağlıq Qarabağ ətrafı 7
rayon təcili Azərbaycana qaytarılmalıdır".
Belə bir bəyanatla Amerika Birləşmiş Ştatlarının (ABŞ)
Azərbaycandakı səfiri Riçard Morninqstar Publika.az-a eksklüziv
açıqlamasında bildirib.
Səfir bəyan edib ki, ölkəsi Dağlıq Qarabağın sülh yolu ilə həlli
ilə bağlı çox açıq mövqe bildirib:
"Mövqeyimiz
də ondan ibarətdir ki, Dağlıq Qarabağ istisna olmaqla, hazırda 7
işğal altında olan Azərbaycan rayonları geri qaytarılmalıdır. Bütün
bunlar isə bilavasitə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin
tərkib hissəsi olmalıdır.
Ümumiyyətlə, artıq Dağlıq Qarabağ müanqişəsinin yekun həlli yolu
tapılmalıdır. Biz artıq bu barədə bəyanatlarımızı da vermişik".
R.Morninqstar Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə
keçirilməsi nəzərdə tutulan görüşü ilə bağlı məsələni də şərh
edib:
"Mən ümid etmək istərdim ki, bu görüş Parisdə baş tutacaq.
Hazırda isə bu görüşün baş tutacağı barədə danışmaq erkən olardı.
Çünki bu görüşün tarixi hələ ki bəlli deyil. Sadəcə olaraq, onu
düşünürəm ki, belə görüş çox faydalı olardı. Yəni iki prezident
bilavasitə Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli
istiqamətində müzakirələr aparardı və bu problemin həlli barədə
konkret danışardılar. Ancaq hələ ki məndə bu görüşün təfərrüatı
barədə hər hansı məlumat yoxdur. Düşünürəm ki, prezidentlər özləri
bu görüşün təşkilinə razılıq verəcəklər və daha sonra da görüşün
vaxtı müəyyənləşəcək".
Xatırladaq ki, bu gün ABŞ-ın Ermənistandakı səfiri
Con Heffern də bəyan edib ki, Dağlıq Qarabağın
Azərbaycana qaytarılması məsələsinin yekun həll zamanı
müəyyənləşəcək.
O, hazırda əsas müzakirə mövzusunun tərəflər arasında hansı
sülhməramlı qüvvələrin yerləşdirilməsinin müəyyənləşdirilməsi ilə
bağlı olduğunu deyib:
"Altı razılaşdırılmış elementə əsasən, Dağlıq Qarabağın son
statusu azad iradə əsasında bəlli olacaq. Bundan sonra isə Dağlıq
Qarabağ ətrafındakı rayonlar, Laçın istisna olmaqla, geri
qaytarılacaq. Məsələ burasındadır ki, hansı ölkə və təşkilatın
güclərinin burada sülhməramlı qüvvə kimi yerləşdirilməsi hələlik
tərəflər arasında müzakirə mövzusudur".