Hazırda mübarək Ramazan ayını yaşayırıq. Son illər
Azərbaycanda oruc tutan, ibadətlə məşğul olanların sayı sürətlə
artır.
Maraqlıdır, Azərbaycanda nazir, deputat və digər
səlahiyyətlilərdən kimlər oruc tutur?
Sualımızı cavablandıran YAP-çı millət vəkili Aydın
Mirzəzadə oruc tutmadığını bildirdi: "Dini qaydaların bir
qisminə riayət etsəm də oruc tutmuram. Bu günədək heç vaxt oruc
tutmamışam".
"Qorxmaz müəllimin oruc tutub-tutmadığını bilmirəm" - deyən,
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi
Anar Cəbrayıllı özü barədə bunları söylədi: "2 ay
əvvəl əməliyyat olunduğuma görə oruc tuta bilmirəm. Həyatım boyu
təxminən 3-4 dəfə oruc tutmuşam. Namaz qılmasam da araq da içmirəm,
siqaret də çəkmirəm".
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar
Qədirli isə bu sualın şəxsi həyatla bağlı olduğunu
düşünüb, nazirlə bağlı cavab vermək istəmədiyini bildirdi. Özünün
oruc tutub-tutmamasını xəbər aldıqda isə tutduğunu söylədi.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət
Valehov isə nazir Mikayıl Cabbarovun oruc tutub-tutmaması
barədə danışmaq istəmədiyini dedi.
Millət vəkili Zahid Oruc isə "Mən ömürlük
orucam"-deyə, soyadının bu sualla yaxınlıq təşkil etdiyini söylədi:
"O vaxt namizədliyim ərəfəsində "Dində mübarək oruc, namizəddə
Zahid Oruc" - deyə, şüar tərtib edilmişdi. O vaxt istəyən-istəməyən
xeyli insan üstümüzə gəlmişdi. Halbuki bu, sırf piar
texnoloqlarının işlədiyi üsul idi. İndi bu sualı verdiniz, o
zamanlar yadıma düşdü. Ümumən isə oruc tutanlara dəyər verirəm.
Çevrəmdə namaz qılan, oruc tutan adamlar mövcuddur. Mən isə sırf
işimlə əlaqədar olaraq oruc tutmuram. Özümü gələcək perspektivdə
oruc tutmaqdan da kənar görmürəm. Mənə görə həyatını doğru-dürüst
yaşayan insanlar elə oruc tutanlara bərabərdir".
Musavat.com