"Sözün həqiqi mənasında bu dəqiqə Dərbənddə millətçilik
və şovinizm siyasəti yürüdülür".
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
söyləyib. O, Abbas Abbasovun Abdullatipovun Qurban Qurbanovun
vəzifədən çıxarılmasında mühüm rol oynadığını deyib:
"Kremlin istəyi olmasaydı, Abdullatipov azərbaycalılar arasında
böyük hörməti olan və atası da bir zamanlar Dərbəndə rəhbərlik
etmiş Qurban Qurbanovu vəzifədən çıxartmazdı. Əvvəllər Dərbənd sırf
azərbaycanlılardan ibarət idi. Burada sonradan xeyli ləzgi və avar
yerləşdirilib. İndi gətirilən yeni rəhbərin özü də avardır. Sözün
həqiqi mənasında Dərbənddə bu dəqiqə millətçilik və şovinizm
siyasəti yürüdülür. Bu şovinizm siyasəti Rusiyanın Qafqazdakı
maraqlarına qulluq edən bir addımdır. Heyflər olsun ki, bu prosesdə
Abbas Abbasov da iştirak edir. Abbas Abbasov və Ramazan
Abdullatipov Milyarderlər İttifaqının üzvüdürlər. Bunların arasında
ciddi iqtisadi və dostluq əlaqələrinin olduğu məlumdur. Belə bir
zamanda Abbas Abbasov millətini sevirdisə, Azərbaycana canı və
qanıyla bağlı olan Qurban Qurbanovun vəzifədən kənarlaşdırılmasının
qarşısını alardı. Buna onun gücü də çatardı. O isə əksinə,
Abdullatipovu Qurban Qurbanovun üstünə qızışdıran adamlardan
biridir. Ona görə ki, onların Qurbanov qardaşlarının biznes
strukturlarının, həmçinin Dərbənddə torpaq və dövlətdən qalma digər
torpaq məsələlərinin bölüşdürülməsində razılığa gəlmələri haqqında
məlumatlar var".
Politoloq Azərbaycanın indiyə qədər Dərbəndə kifayət qədər çox
investisiya yatırdığını bildirib:
"Amma diqqəti çəkən digər bir məqam var ki, Azərbaycan Dərbəndin
infrastrukturunun qurulmasına, orada mədəni obyektlərin tikilməsinə
təxminən 120 milyon civarında investisiya yatırıb. İş o yerə çatıb
ki, ləzgi millətçiləri tərəfindən burada hətta Heydər Əliyevin
heykəlinin başqa yerə köçürülməsi ilə bağlı fikirlər də
səsləndirilir. Qurban Qurbanov oradakı azərbaycanlıların və
Azərbaycanın maraqlarının müdafiəçisi idi. Görünür, Qurban
Qurbanovun istefası ilə Rusiya Dərbənddən vaxtilə Ermənistan və
Gürcüstanda etdiyi kimi, azərbaycanlıların sıxışdırılması prosesinə
başlayıb. Bu proses deportasiya formasını almasa yaxşıdır.
Azərbaycan dövlətinin ciddi müqaviməti olmasa və bu məsələ lazım
gəlsə, beynəlxalq müstəviyə çıxarılmasa, Abdullatipov kimi şəxslər
bu işi də Rusiyanın barmağı ilə həyata keçirəcəklər. Mənə elə gəlir
ki, azərbaycanlı ziyalılar "Dərbənddən əlini çək" şüarı altında
aksiyalara başlamalı və Rusiyanın Dərbənddə yürüdəcəyi avantürist
siyasətin qarşısını indidən almağa çalışmalıdırlar".