Yanacağın qiymətinin qalxması ilə bağlı mətbuatda gedən
yazılar, onlara bildirilən rəylərdən belə məlum olur ki, bu mövzu
hələ bir müddət gündəmdən düşməyəcək. İnsanların yaşayışına birbaşa
təsir edən bu bahalaşmaya hər kəsin öz yanaşması var.
"Axar.az" saytı bu barədə yazarların da münasibətini öyrənmək
istədi.
Mən başqa yerdəyəm
Xalq yazıçısı, AYB-nin sədri Anar:
- Mən başqa yerdəyəm, heç nə deyə bilmərəm, sonra zəng
edərsiniz.
Təəssüf ki. sonrakı cəhdlərimiz bəhrə vermədi.
Bilmirəm nə deyim…
Şair Fikrət Qoca:
- Başım çıxmır, mən nə deyə bilərəm?.. Desəm, yaxşı ki,
bahalaşıb, onda camaat nə deyər, desəm yox, bahalaşması pisdir…
Bilmirəm, mənə onun dəxli yoxdur. Bahalaşma elə bir şeydir ki, bu,
hər şeydə özünü göstərir. Amma yəqin ki, bunu iqtisadçılar daha
yaxşı bilər... Siz iqtisadiyyat ekspertlərinə zəng edin…
Xəbərim yoxdur
Rəşad Məcid:
- Xaricdəydim, ona görə xəbərim yoxdur. – Və əlavə elədi: - Elə
belə də yazarsan…
Hər şey gözləniləndir
Şərif Ağayar:
- Üçüncü, dördüncü dərəcəli ölkələrdə hər şey gözləniləndir.
Təəccüblənmədim. Hətta adamların çıxıb televiziyada bu qiymət
artımından məmnun olduqlarını deməsi belə, mənə qəribə gəlmədi.
Zəhmət çəksinlər, maaşı artırsınlar
Kulturoloq Aydın Xan:
- Azərbaycan iqtisadiyyatı pik nöqtəyə gəlib çatıb. Amma sonuncu
benzinlə bağlı qiymət bahalaşması şəxsən məni çox təəccübləndirdi.
Çünki fikirləşirdim ki, qiymət belə tezlikə qalxmayacaq, 7 ilə
yaxındır ki, qiymətlər stabil qalırdı. Lakin neft ölkəsi, benzin
istehsal edən ölkə olaraq birdən-birə yanacaq məhsullarının
qiymətinin 30% qaldırılmasının iqtisadi əsaslarını məmurlar
müxtəlif bəhanələrlə bizə çatdırmağa çalışsalar da, fikirləşirəm
ki, müəyyən məmurların, o cümlədən inhisarda olan inhisarçı
maraqların səbəbindən bu qiymətlər qaldırılıb… Biz müqayisə
aparsaq, bu qiymət dünya qiymətlərindən də bahadı. Baxmayaraq ki,
insanların maaşı və sosial imkanları aşağıdır.
Hər halda, iqtisadçılar bizdən daha yaxşı bilərlər. İndi isə
məmurları sıxışdırmaq lazımdır, dövlətdən tələb etmək lazımdır ki,
bu bahalaşmaya uyğun olaraq insanlara köməklik göstərsinlər. Əgər
dünya dövlətlərindəki qiymətlərdən söz gedirsə, zəhmət çəksinlər,
dünya səviyyəsində də bizə maaş versinlər…