Yuxarı

İrəvanda düşüncəli insanlar var: Qarabağ haqda... – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlərimizin Ermənistana və Dağlıq Qarabağa gedərək, real vəziyyəti öz gözləri ilə müşahidə etməsi yaxşı haldır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov 17-22 noyabrda Ermənistana və Dağlıq Qarabağa səfər edən jurnalist, Trend Agentliyinin baş redaktoru Elçin Vəliyevin qeydlərini şərh edərkən deyib. O, E.Vəliyevin müşahidələrinin bizə məlum olan vəziyyəti bir daha təsdiqlədiyini söyləyib:

“Ermənistanda yoxsulluğun olması bizim üçün sirr deyil. Orada artıq dərəcədə işsizlik, yoxsulluq, miqrasiya məsələləri var. Ermənilər faktiki olaraq bu illər ərzində Ermənistanı tərk ediblər. Belə davam etsə, Ermənistanda bir neçə ildən sonra adam qalmayacaq. Bu reallıqdır. Bunu hətta bir sıra neytral ekspertlər də qeyd ediblər. Hazırda Ermənistanın baş naziri fantastik bəyanatlar verir ki, bir neçə ildən sonra Ermənistan çiçəklənəcək, orada bir sıra yüksək texnologiyaya malik şirkət fəaliyyət göstərəcək və s. Bütün bunlar gülünc və primitiv bəyanatlardır. Əslində, bu baxımdan bizim jurnalistlərin real vəziyyəti gedib öz gözləri ilə müşahidə etməsi yaxşı haldır. Bu, özlüyündə onu sübut edir ki, onlar faktiki olaraq dünya birliyinə qoşulmalıdırlar. Ermənilər Azərbaycanın torpaqlarını azad etməli, Türkiyəyə qarşı iddialardan əl çəkməlidirlər. Əks halda onların vəziyyəti bundan sonra daha da pisləşəcək”.

Politoloq deyib ki, İrəvana, eləcə də Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə səfər edən jurnalistlərimiz bir sıra məqamlara da fikir verib:

“Onların dediklərindən belə aydın olur ki, Ermənistanda və Dağlıq Qarabağda sağlam düşüncəli insanlar da var. Bəziləri mövcud vəziyyətə neytral yanaşır və başa düşür ki, bu vəziyyətdən çıxmağın yollarını axtarmaq lazımdır.

Bu, özlüyündə yaxşı haldır. Bu səfərin digər müsbət tərəfi də ondan ibarətdir ki, erməni jurnalistlər bura gələrək Azərbaycanın reallıqlarının, inkişafımızın şahidi olurlar. Onlar başa düşürlər ki, inkişaf etmək, mürəkkəb vəziyyətdən çıxmaq istəyirlərsə, sadəcə olaraq bu müharibəni bitirib, beynəlxalq hüquq normalarına əməl etməlidirlər”.

F.Sadıqovun sözlərinə görə, gələcəkdə təmasların artması, torpaqlarımızın işğaldan azad edilməsi fonunda Ermənistanın iqtisadi inkişafı üçün yeni şərait yarana bilər:

“Biz həmişə demişik ki, torpaqlarımız işğaldan azad olunarsa, biz əlimizi uzadacağıq. Beləliklə, həm Ermənistan bir sıra layihələrdə iştirak edəcək, həm də biz Dağlıq Qarabağın inkişafına investisiyalar yatıracağıq. Təbii ki, bütün bunlarla yanaşı, Azərbaycan icması da ora qayıtmalıdır. Düşünürəm ki, ən sağlam və yeganə çıxış yolu budur”.

Politoloq E.Vəliyevin Dağlıq Qarabağda olan sadə insanlarla təmasların artırılması ilə bağlı qeydlərinə də münasibət bildirib:

“Sadə vətəndaşların təmasda olması mürəkkəb bir məsələdir. Çünki əvvəlcədən jurnalistlər, ekspertlər, eləcə də müəyyən təbəqələrin nümayəndələri getməli, görüşlər keçirməlidirlər ki, müəyyən ab-hava yaransın. Sonradan isə sıravi vətənaşların təmasda olması heç də istisna deyil. Amma biz ilk növbədə öz məqsədimizə nail olmalıyıq. Bu məqsəd də torpaqlarımızın azad olunmasıdır”.

F.Sadıqov İrəvanda münaqişəyə etinasızlıq və münaqişəni daha çox pul qazanmağa çevirmək cəhdlərinə qarşı əks-təbliğatın vacibliyindən də danışıb:

“Erməni təbliğat maşını uzun illər ərzində yalanlarla məşğuldur. Biz bu istiqamətdə əks-təbliğat işini gücləndirməliyik. Təbii ki, təmaslar daha effektiv olmalıdır. Hər bir görüş sadəcə görüş naminə yox, konkret məqsədli olmalıdır. Əlaqələr ona görə qurulmalıdır ki, həqiqətlərimizi gedib həm yüksək səviyyəli yerlərdə, həm də sıravi insanlar arasında gücləndirib onlara izah edək. Bu qarşılıqlı səfər E.Vəliyevin də qeyd etdiyi kimi, nə sevincə, nə də matəmə səbəb olmalıdır. Çünki bu, iki düşmən ölkə arasındakı ilkin təmaslardır. Hesab edirəm ki, onlar bura gəlib bizim reallıqlarımızı görübsə, stereotipləri qırılıbsa, bu, bizim uğurumuzdur. Məsələn, ermənilərin çoxu heç bilmirdi ki, Bakıda erməni kilsəsi var və burada erməni dilində kitablar, monoqrafiyalar düzülüb. Bu, erməni jurnalistlər üçün çox yeni bir şey idi. Yəni bütün bunlar təbliğatın əsas komponentləridir. Bu işdə aktiv olmalıyıq”.

Qeyd edək ki, 17-22 noyabrda Ermənistan, Azərbaycan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasından olan jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirilib. Erməni jurnalistlər Ermənistandakı “Şant” telekanalının əməkdaşı Artyom Yerekyan, “Mediamaks” İnformasiya Agentliyinin baş redaktoru David Alaverdiyan və Qarabağdakı separatçı rejimin “İctimai TV”-nin əməkdaşı Edqar Elbakyan Bakı, Quba və Gəncə şəhərlərində, Azərbaycan jurnalistləri Trend Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və "Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Yolçuyev isə İrəvan, Dilican və Azərbaycanın Şuşa və Xankəndi şəhərlərinə səfər ediblər.

Tarix
2019.11.28 / 09:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla