Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərovun
Publika.az-a müsahibəsi:
– Ermənilər bu il qondarma "soyqırım" iddialarının 100
illik yubileyini qeyd etməyə hazırlaşır. Ermənilərin bu cür yalan
kampaniyasına qarşı Azərbaycan və Türkiyənin cavab potensialını
necə qiymətləndirirsiniz?
– Ermənilər uzun illərdir ki, qondarma "soyqırım" iddiası irəli
sürürlər. Onların iddialarına görə, guya 1915-ci ildə ermənilərə
qarşı soyqırım törədilib və sairə. Təbii ki, bütün bunlar sübutsuz,
faktsız qondarma iddialardır. Ermənilər hər il həmin qondarma
"soyqırım" qurbanlarının sayını da artırır. Bununla da ermənilər
özlərinə haqq qazandırmağa çalışaraq, dünyada uydurma və yalançı
təbliğat aparırlar. Ancaq nə yaxşı ki, insanlar tarixi yaxşı bilir.
Ermənilər dünya müharibələri zamanı həlak olan insanları türklərin
ayağına yazmaq istəyir. Halbuki həmin vaxtlarda dünyanın hər
yerində, eləcə də Türkiyənin özündə milyonlarla insan müharibənin
qurbanı olub.
Amma həmin dövrlərdə ermənilər Azərbaycanın və Türkiyənin
müxtəlif ərazilərində dəhşətli soyqırımlar törədiblər. Çox təəssüf
ki, ermənilər indi özlərinin "soyqırıma" məruz qaldıqlarını iddia
edirlər. Digər tərəfdən, çox təəssüf ki, ermənilər yaxın tarixdə
törətdikləri Xocalı soyqırımı kimi faciəni dünya ictimaiyyətinin
diqqətindən yayındırmağa çalışırlar. Əsrin əvvəllərində ermənilərin
Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar bu gün də
insanlarımızın yadından çıxmayıb. Əsrin əvvəllərində ermənilər
Naxçıvanda, Bakıda, Qubada, Salyanda, Gəncədə və digər ərazilərdə
qırğınlar törədiblər. Bütün bunlar tarixdə real faktlarla qalır.
Ermənilər türklərə qarşı törətdikləri soyqırımları indi ört-basdır
etmək istəyir. Bunun üçün də qondarma "erməni soyqırımı" iddiasını
ortaya atıblar.
Artıq dünya əhalisi də kimin məzlum, kimin qatil olduğunu dərk
edir. Vaxtilə soyqırımın şahidləri olmuş şəxslərdən bu gün həyatda
yaşayanlar var, onlar hər şeyi olduğu kimi dünyaya çatdırırlar.
Ermənilərin 1992-ci ildə Xocalıda bütün əhalini kütləvi şəkildə
qətlə yetirməsi və onlara qarşı soyqırım törətməsi dünyanın gözü
qarşısında baş verib. Xocalıda törədilmiş həmin dəhşətli soyqırımın
bu gün canlı şahidləri var. Ermənilər bunu nə qədər inkar etsə də,
bu mümkün olmayacaq. Ona görə də gərək dünyanın heç bir yerində
ermənilərin qondarma "soyqırım" iddialarına inanılmasın. Çünki
tarixdə ermənilərə qarşı türklərin soyqırımı olmayıb. Ermənistan
işğal etdiyi torpaqlarımızı indiyədək hələ də azad etməyib. İşğalçı
Ermənistan beynəlxalq hüququn, o cümlədən BMT-nin və digər
beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı
qəbul etdiyi qərarların tələblərinə məhəl qoymur. Ermənistanın
Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində minlərlə günahsız
insan həlak olub, milyonlarla soydaşımız öz dədə-baba yurdlarından
didərgin düşüb, onların hüquqları 20 ildən çoxdur ki, pozulub.
Bütün bunlar faktdır və dünya bunu bilir.
– ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi
sədrinin müavini, Milli Məclisin deputatı Azay Quliyev gələn ay
Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də
Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və
hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək
"5-lik Sədrlər Şurası" ilə əvəz olunması haqqında məsələ qaldırmağı
planlaşdırdığını bəyan edib. Siz də Azərbaycanın ATƏT PA-dakı
nümayəndə heyətinin üzvüsünüz. Bu məsələ ilə bağlı sizin fikriniz
necədir?
– Mən 16 ildən çoxdur ki, 57 dövlətin iştirak etdiyi ATƏT
Parlament Assambleyasının üzvüyəm. Çox təəssüf ki, beynəlxalq
təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun uzun illərdən bəri
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı apardığı səyləri heç
bir nəticə verməyib. ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə
bağlı süründürməçilik həyata keçirir və işğalçı Ermənistana sərt
fikir bildirə bilmir. Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həlli ilə bağlı qəti qərara gəlmək niyyətində deyil. Həmin
təşkilat beynəlxalq aləm qarşısında üzərinə götürdüyü öhdəliyi
layiqli icra edə bilmədiyi üçün bu prosesə daha çox vasitəçinin
cəlb edilməsi məqsədəuyğun olardı. Çünki ermənilərin
azərbaycanlılara qarşı törətdiyi soyqırımlara və işğalçılıq
siyasətinə dünya birliyi biganə qalmamalıdır. Bu baxımdan da Minsk
qrupu həmsədrliyində Almaniya və qardaş Türkiyənin nümayəndələri də
iştirak edərsə, o zaman münaqişənin daha obyektiv və ədalətli
həllinə gətirib çıxara bilər. Əgər bu dəfə də erməni yalanlarına
inanılarsa, erməni lobbisi Minsk qrupunun fəaliyyətinə təsir
edərsə, o zaman münaqişənin bir çıxış yolu qalır. Bu da sülh yolu
olmayacaq. Təbii ki, bu da insanların yeni müharibələrə,
qarşıdurmalara və hərəkatlara sövq edilməsinə səbəb olacaq.
Çox hörmətli Azay müəllim həm də bu qurumda vəzifə daşıyır.
Bütün bu məsələlər artıq 16 ildir ki, ATƏT Parlament
Assambleyasında qaldırılır. Ancaq bu qurumun özündə anti-Azərbaycan
və anti-müsəlman istiqaməti var. Dediyim kimi, biz bütün bu
məsələləri hər zaman gündəmə gətiririk. ATƏT Parlament
Assambleyasının Bakıda keçirilən iclasında da oxşar məsələlər
qaldırılıb. Bütün bu məsələlər ATƏT rəsmilərinin özlərinə də
bəllidir. Onlar ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə də çox yaxşı
tanışdır. Çox təəssüf ki, bu qurumun sənədlərinə Azərbaycanın ərazi
bütövlüyünə qarşı işğalçılıq siyasəti və Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı bir kəlmə də söz salınmayıb. Ancaq 57 dövlətin üzvü
olduğu, 350-dən çox deputatın iştirak etdiyi qurum Bakıdan gedəndən
sonra öz qətnaməsində yalnız onu yazır ki, həbs olunan bir şəxs
azad edilsin və sairə. Guya ki, bu adam 350 deputatın ən sevimli
adamıdır və onu cinayət hərəkətinə görə həbs etmək olmaz. Ona görə
də bu cür təşkilatların fəaliyyəti bizim üçün qəbuledilməzdir.
Onlar "demokratiya" adı ilə tamamilə anti-demokratik addımlar
atırlar. Bu təşkilatların özləri heç demokratiyanın nə olduğunu
bilmir, digər ölkələrdən demokratiya tələb edirlər. Adətən, bu
təşkilatlar bir sıra ölkələrə "demokratiya" ifadəsindən təzyiq
vasitəsi kimi istifadə edirlər. Azərbaycan dünyada öz
demokratikliyi, inkişafı, sabitliyi ilə nümunə ölkələrdən biridir.
Biz torpaqlarımızı işğaldan sülh yolu ilə azad etmək istəyirik,
müharibə istəmirik. Dünya birliyini səsləyirik ki, bu münaqişənin
dinc və ədalətli yolla həll edilməsinə kömək etsin. Azərbaycan
regionda sülhün və sabitliyin qarantıdır, nümunəvi ölkədir.
Azərbaycanda dini, irqi və milli mənsubiyyətinə görə ayrı-seçkilik
yoxdur, biz bu sahədə də nümunə ölkəyik. Eyni zamanda,
haqqın-ədalətin yanındayıq, işğalçı Ermənistanın bu siyasətini
dərhal dayandırmasını tələb edirik. Keçmişdə olan müharibələr bu
gün böyük nifrətlə xatırlandığı kimi, Ermənistanın da işğalçılıq
siyasəti nifrətlə xatırlanacaq.
– AŞPA-nın son sessiyasında Azərbaycanın Rusiya lehinə
qərar verməsi Ukrayna tərəfindən birmənalı qarşılanmadı. Hətta
Ukraynanın Azərbaycandakı səfiri də buna etiraz etdi. Bu məsələyə
münasibətiniz necədir?
– Mənim fikrim ondan ibarətdir ki, həmin beynəlxalq qurumlar bu
gün dünyanın bəzi ölkələrində sabitliyi və inkişafı qəbul etmək
istəmir, öz inkişaflarını başqa ölkələrin daxilində qarşıdurma və
müharibə yaratmaqda, millətləri bir-birinə qarşı qoymaqda tapır və
bu siyasi xətti davam etdirirlər. Həmin qurumlar bu gün
tolerantlığı əsas götürmür, qarşıdurmalar yaratmaq üçün hər
vasitəyə əl atırlar. Onlar Ukraynada da buna nail oldular. Ukrayna
Rusiya ilə düşmən dövlət deyil. Ukrayna uzun illər SSRİ-də Rusiya
ilə bir yerdə fəaliyyət göstərib. Digər tərəfdən, Ukrayna və Rusiya
bir millətin iki dövlətidir. Ukrayna və Rusiya bir-biri ilə
qarşılıqlı əməkdaşlıq və yardım etmək əvəzinə, həmin dairələrin
səyi nəticəsində bu gün iki qardaş xalq bir-birinə qarşı dayanıb və
müharibə aparırlar. Biz bu müharibənin əleyhinəyik, ona görə də
Azərbaycan nə Rusiyaya, nə Ukraynaya tərəf olmayacaq, müharibəyə və
qan tökülməsinə qarşı olacaq. Azərbaycan hər zaman sülh siyasəti
yürüdür. Ona görə də ya Rusiya, ya Ukrayna, ya da hər hansı MDB
dövlətinin dərdinə şərik olub, digərinə qarşı çıxmaqla yarımçıq
siyasət həyata keçirə bilmərik. Rusiya bizim çoxəsrlik qonşumuzdur.
Azərbaycan, Ukrayna və Rusiya keçmişdə bir imperiya tərkibində
olub, sonradan müstəqillik əldə ediblər. Ona görə də biz qonşuluq
və dostluq siyasətimizi işğalçı Ermənistan istisna olmaqla, bütün
dövlətlərlə bərabər səviyyədə aparırıq. Digər dairələr də bizdən
nümunə götürməlidir. Azərbaycan öz siyasətində müstəqildir,
hörmətli Prezidentimiz İlham Əliyev də bu siyasəti cəsarətlə həyata
keçirir. Dövlətimizin müstəqilliyi bizim üçün hər şeydən
qiymətlidir. Bu müstəqil siyasətdə də qarşılıqlı dostluq və
qonşuluğu hər zaman üstün tutmuşuq. Bu, gələcəkdə də bu cür davam
edəcək.