"Rusiya-Azərbaycan-Türkiyə ittifaqı yaradılsa, onun
siyasi uğuru çox olmayacaq".
Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun
rəhbəri Fərrux Məmmədov söyləyib.
O, Rusiya ilə hər hansı ittifaqın Azərbaycana birbaşa təhdid
olduğunu bildirib:
"Rusiya imperialist bir dövlətdir və o, keçmiş SSRİ tərkibində
olan dövlətlərə müttəfiq deyil, yenidən işğal edə biləcəyi hədəf
kimi yanaşır. Rusiya ilə hər hansı ittifaq ölkəmizin gələcək milli
təhlükəsizliyinə birbaşa təhdiddir. Rusiya bu kimi ittifaqların
yaradılacağı ilə bağlı dezinformasiyalar yaymaqla məşğuldur və bu,
sadəcə, onun üçün zaman qazanma mənası daşıyır. Rusiya hazırda
düşdüyü durumdan çıxmaq üçün bu və ya digər birliklərin yaradılması
ilə özünə yeni müttəfiqlər axtarışındadır. Rusiya üçün Türkiyə bu
gün önəmli strateji partnyordur, lakin bu, uzunmüddətli strateji
ortaqlıq olmayacaq. Rusiya güvənilir bir tərəfdaş olmadığı üçün
onun bu gün Türkiyə ilə apardığı siyasət də mövcud vəziyyətinin
diktəsidir. "Rusiya Türkiyə ilə birlikdə Dağlıq Qarabağ məsələsinin
həllində hər hansı bir irəliləyiş əldə edə bilərmi" məsələsinə
gəlincə isə bu, tamamilə mümkünsüz bir şeydir. Rusiya heç zaman
Dağlıq Qarabağ məsələsinin həllində maraqlı tərəf olmayıb və heç
bir zaman da olmayacaq. Dağlıq Qarabağ Rusiyanın Cənubi Qafqazda
var olma məsələsidir. Buna görə də hər hansı addımın atılacağına və
nəticə verəcəyinə inanmaq lazım deyil".
Fərrux Məmmədov bölgədəki mövcud aktivliyə də toxunub:
"Bölgədə bu gün aktivlik müşahidə olunur və Ermənistan tərəfi
hər gün demək olar ki, atəşkəsi pozur. Bunun iki səbəbi var.
Birinci səbəb odur ki, Ermənistan ictimaiyyətinə Rusiya mesaj
verir. Yəni deyir ki, əgər mən olmasam, Azərbaycan sizi işğal edər
və Dağlıq Qarabağı geri qaytarar. Digər səbəb isə Azərbaycandır.
Rəsmi Moskva bu yolla Azərbaycana mesaj verir ki, hər an, Ukraynada
olduğu kimi, müharibəyə başlaya bilərəm. Bizim yeganə yolumuz güclü
tərəfdaşlara sahib olmaqdır. Bu gün Azərbaycanın strateji
tərəfdasları Gürcüstan, Türkiyə, Avropa Birliyi və NATO olmalıdır.
Amerika ilə isə müttəfiqlik möhkəmləndirilməlidir. Bu, bizi
Rusiyanın gələcək işğalından qoruyacaq, həm də ölkəmizin gələcək
milli təhlükəsizliyini zaminliyə almış olacağıq".