Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev "ASAN ödəniş" sistemi haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə fərman imzalayıb.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
"ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və
elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5
sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral
tarixli 110 nömrəli Fərmanına əsasən
1. "ASAN ödəniş" sistemi haqqında Əsasnamə" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. "ASAN ödəniş" sisteminə qoşulmaq üçün texniki tələbləri və
"ASAN ödəniş" sistemindən istifadə qaydalarını iki ay müddətində
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən
etsin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, "ASAN ödəniş"
sisteminin fəaliyyətinin təşkili, idarə olunması və saxlanılması
xərclərinin maliyyələşdirilməsinə dair təkliflərini bir ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.
5. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan
orqanlar (vəzifəli şəxslər):
5.1. informasiya sistemləri və ehtiyatlarının "ASAN ödəniş"
sisteminə qoşulması üçün zəruri tədbirlər görsünlər;
5.2. inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə
haqqında qərarların, yol hərəkəti qaydaları əleyhinə olan inzibati
xəta haqqında protokolların, xüsusi texniki vasitələrin köməyi ilə
aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video
görüntülərinin real vaxt rejimində "ASAN ödəniş" sisteminə ötürmək
məqsədilə proqram təminatının dayanıqlı, fasiləsiz və təhlükəsiz
fəaliyyətini təmin etsinlər.
6. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
6.1. "ASAN ödəniş" sisteminin fəaliyyətinin təşkili və ondan
səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər
görsün;
6.2. "ASAN ödəniş" sistemi vasitəsilə bu Fərmanın 5-ci
hissəsində nəzərdə tutulmuş dövlət orqanları arasında məlumat
mübadiləsini və əməliyyatları təhlükəsiz və operativ şəkildə həyata
keçirmək məqsədi ilə vahid inteqrasiya və mobil xidmətlər şlüzündən
(m-Gov) istifadə olunmasını təmin etsin.
7. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi:
7.1. dövlət orqanlarının "ASAN ödəniş" sisteminə qoşulması üçün
onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;
7.2. "ASAN ödəniş" sisteminin təhlükəsizliyinin təmin edilməsi
üçün müvafiq tədbirlər görsün.