Bu günlər bir çox ölkələrdə Azərbaycan diasporunun və
elm adamlarının təşəbbüsü ilə Xocalı faciəsinə həsr olunan
tədbirlər keçirilir. Qonşu Türkiyədə isə demək olar ki, hər şəhərdə
yürüşlər, təbliğat kampaniyaları təşkil edilir.
Ərciyəz Universitetinin ermənişünaslıq mərkəzinin rəhbəri,
araşdırmaçı Qafar Çaxmaqlı Axar.az-a müsahibəsində həmin
tədbirlərin əhəmiyyəti və birgə işlənən yeni layihələrdən
danışıb.
- Xocalı soyqırımı ilə bağlı tədbirlərə mən çox əhəmiyyət
verirəm. Çünki ermənilərin qondarma "soyqırımı" iddialarına qarşı
əlimizdə bəlgəli-sənədli, erməniləri bir çox iddialardan vaz
keçirəcək Xocalı soyqırımı faktları var. Biz onların qarşısına
çıxarkən, bunları dilə gətirərkən və onu tanımağı tələb edərkən
çıxılmaz duruma düşürlər. Bu işin o biri tərəfidir ki, biz nə
dərəcədə onların üzərinə gedirik. Bu da mənim fikrimdir ki, hələ də
hüquqi baxımdan bir irəliləyişə nail olmamışıq. Xocalı faciəsinin
İstanbulda 300 minlik mitinqi zamanı da yazmışdım ki, bu möhtəşəm
tədbirin bir sonucu olmalıdır. Həmin cinayətlərdə əli olan erməni
cinayətkarlarının heç yanına belə yaxınlaşa bilmirik. Kifayət qədər
əlimizdə imkanlar ola-ola. Bu hüquqi baxımdan belədir. Təbliğata
gəlincə bu günlərdə artıq aktiv olduğumuz bəllidir. Əsasən də
Türkiyədə. Əlbəttə, Türkiyədəkiləri də bilgiləndirmək lazımdır.
Əsas tədbirlərdən biri Kayseri Ərciyəs və Məlikşah
universitetlərində olacaq. Türkiyədə olan yerli və beynəlxalq
TV-lərdə də çıxışlarım nəzərdə tutulur.
Mən o fikirdəyəm ki, bu işi hər zaman davam etdirmək lazımdır.
"Kanal 1"də martın 3-də prof. dok. Abdulkadir Yuvalının qonağı
olacağam. Ərciyəs Universitetinin jurnalistika fakültəsinin
tələbələri bir film çəkmişlər . O filmdə mən danışman hoca
olmuşam.
- Türkiyədəki ermənilər və onlara dəstək verən
qüvvələrin təpkiləri də gözləniləndi. Onlarla necə mübarizə
aparırsız?
- Türkiyədə anti-türk, anti-Azərbaycan qüvvələr var və onlara
qarşı da zaman-zaman həm Türkiyədə, həm Azərbaycanda məqalələrim
yayınlanıb. Məncə, bu qınama mübarizəsi olmamalıdır. Daha sərt
forma almalıdır. Onlar qarşılarında güclü və ideoloji cəhətdən
hərtərəfli düşüncəyə sahib adamlar görüncə geri addım atırlar.
Bəzən onlarda fikir dəyişikliyinə də nail olmaq olur. Elə adamlar
var ki, onlarla sadəcə oturub söhbət eləmək lazımdır. Amma unutmaq
olmaz ki, bu qüvvələrin arxasında bəzən Ermənistan dövləti və
diasporu dayanır. İdealoji sahədə görəcəyimiz çox iş var. Biz
mübarizəni sistemli aparsaq, inanın ki, qalib gələrik. Çünki biz
haqlı tərəfik.
- Bilirəm ki, çalışdığınız universitetdə xarici
ölkələrdən olan tələbələriniz, müəllimləriniz var. Onların erməni
dilini öyrənməyə, erməni tarixini araşdırmağa maraqları hansı
səviyyədədir? Onlar öz ölkələrində bu təbliğata necə dəstək
verirlər?
- Əlbəttə biz buradakı xaricilərlə də bizim məsələləri müzakirə
edirik və onlara gerçəkləri anlatmağa çalışırıq. Ötən illin mayında
buradan böyük bir heyət, o cümlədən xarici müəlllimlər Bakıya
gəldilər. Onların fikrində böyük dəyişiklik oldu. Ermənicə
mütəxəssis hazırlığı məsələsinə gəlincə, bu bir proqram üzrə uğurla
davam etməkdədir. Bir neçə ildən sonra bunun yaxşı nəticələri
olacaq. Ermənini, Ermənistanın gerçək simasını tanıyan və onunla
necə mübarizə aparmağı bilən mütəxəssislər ordusu olacaq.
- Xocalı faciəsi ilə bağlı əlinizdəki faktlar, maraqlı
materiallar təbliğat üçün kifayət edirmi?
- Materiallar kifayət qədərdi. Həm xarici dillərdə, həm də
türkçə kitablar, CD və filmlər hazırlanıb. Mənim özümün yardımım
ilə 2009-cu ildə bir film çəkilib. "Tarixin yansıması" adlı filmi
göstərməyi sevirəm. Xocalı faciəsini gerçək anlamda anladan bir
filmdi. Onun koordinatoru mənim dostum Yavuz Aslandı. Zəkəriyyə
Kaya adlı digər bir dostum lentə alıb. Bu filmdə ermənilərin XIX
əsrdə və XX əsrin ilk onilliklərində Şərqi Anadoluda etdikləri
vəhşiliklərin eynisi Qarabağda, indiki Ermənistan ərazisində
türk-müsəlman əhaliyə edilmişdir. Bunu göstərməyə çalışılmışdır.
Xocalı faciəsi zamanı edilən vəhşilikər, işgəncə üsulları o zaman
da istifadə edilib. Bir də bu filmdə ilk dəfə 26 fevral
soyqırımının Andranikin ad günü şərəfinə törədildiyini faktlarla
ortaya qoymuşuq. Andranik fevralın 25-də anadan olub.
- Ermənişünaslıq sahəsində araşdırmalarınız nə yerdədir?
Hansı yeniliklər əldə edə bilmisiz?
- Mən indi doktorluq dissertasiyası üzərində işləyirəm. "Erməni
məsələsi"nin 1920-ci illərdən sonrakı gəlişmələrini araşdırıram.
Çox maraqlı məqamlar ortaya çıxır. Türkiyə arxivlərində ermənicə
kifayət qədər materiallar var və bunu heç zaman araşdıran olmayıb.
Çünki bu dili bilənlər olmayıb. İndi bu işləri görməyə çalışıram.
Bu da biləsiniz ki, çox ağır, zəhmət tələb edən işdir. Digər bir
arxiv çalışmasını AMEA-nın Şərqşünaslıq İnstitutu ilə birgə "Cənubi
Azərbaycanda erməni vəhşiliyi" adlı layihə çərçivəsində həyata
keçirəcəyik. İnstitutun bəlli əməkdaşları İranda, mən də Türkiyədə
fars, Osmanlı, erməni mənbələrində bu məsələləri araşdırıb üzə
çıxaracağıq. Mən hər zaman məsələlərə elmi yanaşmanın tərəfdarı
olmuşam. Əlbəttə, əlimizdə olan və hansısa arxivdə gizlənən yeni
sənədləri ortaya çıxarmaq vəzifəsi bu gün mənim üzərimə düşürsə,
bunu etmək zorundayam. Millətə xidmət də elə bu işlərlə
ölçülür.