Bu gün - 2 iyul Azərbaycanda polis işçilərinin peşə
bayramıdır.
Yazıçı Markesin obrazlı təbirincə desək, ədəbiyyat olmasaydı,
dünya zərrə qədər dəyişməzdi, amma polis olmasaydı, kainatın
mənzərəsi başqa olardı. Dünən də, bu gün də və sabah da ictimai
asayişin qorunmasında, təhlükələrin qarşısının alınmasında bu
sahənin mövcudluğu nəinki mütləqdir, güclənməsi vacibdir. Daxili
işlər orqanları ölkələrin təhlükəsizliyinin təminatında ən müstəsna
əhəmiyyət daşıyır.
Axar.az arxivə nəzər salaraq xəbər verir ki, Azərbaycanda polis
sisteminin təşəkkülü hələ ötən əsrin 20-ci illərinə gedib çıxır.
1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan
olunduqdan sonra bir sıra vəzifələr təsis olundu.
Bu mühüm postlardan biri də daxili işlər naziri vəzifəsi idi.
Azərbaycan birinci dəfə müstəqillik qazananda hökumətdə ilk daxili
işlər naziri Fətəli Xan Xoyski olub. O, 1918-ci ilin mayın 28-dən
iyunun 17-nə qədər bu vəzifəni icra edib.
Sonra Behbudxan Cavanşir, Xəlil bəy Xasməmmədov bu postda olub.
Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra Məhəmməd
Əsədov ilk daxili işlər naziri vəzifəsini daşıyıb. Lakin o bu
vəzifəyə hələ Azərbaycan SSRİ-nin tərkibindən çıxmamış təyin
olunmuşdu.
1991-ci il noyabrın 20-də dövlət xadimləri ilə birlikdə
Qarakənddə vertolyotun vurulması nəticəsində ölənlər arasında
M.Əsədov da vardı. Ardınca Tofiq Kərimov, Tahir Əliyev, İsgəndər
Həmidov, Abdulla Allahverdiyev, Vaqif Novruzov daxili işlər naziri
vəzifəsini icra edib.
1994-cü ildən isə DİN rəhbəri general-polkovnik Ramil
Usubovdur.
R.Usubov 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1970-ci
ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış
strukturlarında xidmət aparıb. 1975-ci ildə Şuşa rayon Polis
Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi olub.
1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər
İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı
şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib. Ondan
sonra da müxtəlif vəzifələrdə çalışıb, 1993-cü ildə Naxçıvan Muxtar
Respublikası daxili işlər naziri təyin olunub.
Nəhayət, 1994-cü ildə Azərbaycan Respublikasının daxili işlər
naziri vəzifəsi ona etibar edilib.
Nazirin bütün bu avtobiqorafiyası isbat edir ki, onun nazir
postuna qədər yüksəlişi heç də təsadüfi olmayıb. Və etiraf
olunmalıdır ki, məhz onun sayəsində hazırda DİN vətəndaşların
güvəndiyi quruma çevrilib.
R.Usubovun nazir fəaliyyəti dövründə ən çox diqqət çəkən məqam
məsələlərə olduqca həssas yanaşmasıdır. Əgər bir vətəndaş polisdən
şikayət etdisə, mətbuatda ictimailəşdirilməsindən asılı olmayaraq,
araşdırma aparılır və həmin vətəndaşın iştirakı ilə tam ədalətli
qərar verilir.
Daxili İşlər Nazirliyi istisna nazirlikdir ki, hansısa işçisinin
rüşvət aldığı ehtimal edilən video və yaxud fotosu mediada, sosial
şəbəkələrdə yayılan kimi dərhal araşdırılır. Bu araşdırmalar
təsdiqlənirsə, həmin şəxs polis sıralarından xaric edilir.
Eyni zamanda, "102" xidməti ən aktiv şəkildə işləyir, ictimai
müraciətlər daim diqqətdədir. Bu, general-polkovnik Ramil Usubovun
şəxsi keyfiyyətindən irəli gələn həssaslıqdır ki, polis sistemində
özünü müsbət mənada göstərməkdədir.
R.Usubovun bütün vətəndaş müraciətlərinə, o cümlədən Qarabağ
qaziləri və şəhid ailələrinə xüsusi həssaslığı isə ayrıca
vurğulanmalıdır.
Hazırda DİN-in cinayətkarlığa və kriminal ünsürlərə qarşı
mübarizəsi, narkomaniyanın aradan qaldırılması və s. sahədə
statistic göstəriciləri ən sivil ölkələrdən də yüksəkdir.
R.Usubovun xalqın gələcəyini məhv edən narkomaniyaya qarşı heç bir
güzəşt tanımayan siyasəti isə dəfələrlə təqdir olunub.
Ən nəhayət, I Avropa Oyunlarının keçirildiyi günlərdə həm yol
polisinin, həm mühafizə, həm post-patrul xidməti əməkdaşlarının ən
yüksək səviyyədə işləməsi, bu böyük tədbir zamanı yollarda heç bir
tıxacın olmaması, ictimai asayişin yüksək səviyyədə təmin edilməsi,
hər hansı təxribat xarakterli mümkün addıma qarşı ayıq-sayıqlıq
təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Axar.az ekspertlərin müşahidələrinə əsaslanaraq qeyd edir ki,
Qərb ölkələrindən gələnlər, həmçinin erməni idmançıları, turistlər
paytaxtda heç bir problemlə qarşılaşmadı.
Xatırladaq ki, 21 il öncə Ramil Usubovu bu vəzifəyə təyin edən
Prezident Heydər Əliyev "Ramil Usubova tam inanıram, prezident kimi
ona etimad göstərirəm və sizin hamınızdan tələb edirəm ki, ona bu
vəzifədə işləməsinə kömək edəsiniz" deyə məmurlara tapşırıq
vermişdi…