Axar.az
Yuxarı

Ruslar açıqladı: Azərbaycanın bu istiqamətdə hücumu...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, bu günlərdə Rusiyanın aparıcı beyin mərkəzlərindən biri - Strategiyaların və Texnologiyaların Analizi Mərkəzi İkinci Qarabağ müharibəsindən bəhs edən “Qafqazda fırtına” adlı kitab dərc edib. Kitabda müharibə geniş beynəlxalq və regional kontekstdə təhlil olunur, hərbi əməliyyatların gedişinə dair bir çox maraqlı və indiyədək ictimailəşməmiş detallar öz əksini tapır.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, rusiyalı təhlilçilər Azərbaycan Ordusunun taktikasını təhlil edərkən hücum üçün iki əsas və iki köməkçi istiqamətin seçildiyini qeyd edirlər. Təhlildə bildirilir ki, hərbi əməliyyatların ilkin fazasında Azərbaycan öz sərəncamında olan bütün qüvvə və vasitələri döyüşə atmışdı.

Döyüşlərin ilk günlərində cəbhənin müxtəlif istiqamətlərində müasir T-90 tankları BMP-3 piyada döyüş maşınlarının müşayiəti ilə hücuma atıldı, o cümlədən nisbətən köhnə T-72 tankları və köhnəlmiş BMP-1 döyüş maşınları döyüş meydanında göründü.

Hücumun əsas istiqaməti kimi birbaşa Xankəndiyə çıxmağa imkan verən mərkəz, yəni Ağdam istiqaməti seçilməmişdi. Kitabda deyilir ki, müharibədən sonra Azərbaycan tərəfinə verilən mina xəritələri bu qərarın düzgünlüyünə bir daha dəlalət edir. Hərçənd hərbi əməliyyatların gedişi ərzində mərkəz istiqamətində də erməni mövqeləri zərbə altında saxlanılırdı.

Şimal-şərq cəbhəsində Azərbaycan ordusunun 1-ci ordu korpusunun hücumu dərələr boyu Talış qəsəbəsinə və Ağdərənin mərkəzinə istiqamətlənmişdi. Lakin ərazinin dağlıq olması səbəbindən hücum ilk günlərdə sürətli alınmadı. Bu istiqamətdə cəbhəni yarmaq cəhdi bir neçə tank, BTR və BMP-lərin, o cümlədən canlı qüvvənin itirilməsi ilə nəticələndi.

Mühüm və ən perspektivli istiqamət isə cənub idi. Burada Azərbaycan ordusunun 2-ci korpusunun qarşısında Horadiz dəhlizində - dar, faktiki düzənlik ərazidə, İranla sərhəd, Araz çayı sahilindəki 4-5 kilometr enində sahədə müdafiə xəttini yarmaq vəzifəsi dayanırdı. Bu istiqamətdən cəbhənin yarılması daha sonra Araz çayının sahili boyu, Göyən düzü ilə irəliləmək imkanı yaradırdı. Ancaq cəbhənin bu sahəsi zirehli texnikadan effektiv istifadəyə imkan verirdi. Ona görə də burada 4-cü ordu korpusunun ağır texnika - T-90 tankları, BMP-3, BTR-82 və müasir təkərli zirehli maşınlarla (“Matador” və “Marauder”) silahlanmış ən yaxşı hissələri cəmləşdirilmişdi.

Paralel olaraq cənubda Füzuli şəhəri istiqamətinə köməkçi zərbə endirilirdi. Bu şəhərin götürülməsi Qarabağın dağlıq hissəsinin dərinliklərinə doğru hücumun yolunu aça bilərdi.

Kitabda qeyd olunur ki, Azərbaycan ordusu pilotsuz uçan aparatlarla yanaşı, məhz cənub istiqamətində pilotlu aviasiyadan məhdud da olsa, istifadə edirdi. Su-25 hücum təyyarələri lazerlə yönləndirilən və idarəolunmayan bombalarla Füzuli və Cəbrayıl rayonundakı hədəflərə hücum edirdi.

Məhz bu hava hücumlarından birində, Cəbrayıl ətrafında polkovnik Zaur Nudirəliyevin (Vətən Müharibəsi Qəhrəmanı, ölümündən sonra - red.) idarə etdiyi Su-25 vuruldu. Bundan sonra Azərbaycan təxminən iki həftəyə yaxın pilotlu aviasiyanın döyüşlərdə iştirakını məhdudlaşdırdı, pilotsuz aviasiyaya üstünlük verdi.

Kitabda deyildiyi kimi, Azərbaycan Ordusu daha bir köməkçi hücum istiqaməti kimi şimal cəbhəsini seçmişdi. Orada Azərbaycan ordu komandanlığı xüsusi təyinatlı qüvvələrin köməyi və 3-cü ordu korpusunun hissələri ilə Murovdağ silsiləsindəki erməni mövqelərinə həmlə etdi. Burada məqsəd Zod-Kəlbəcər yolunu nəzarətə götürmək və nəticədə Dağlıq Qarabağı Ermənistanla birləşdirən yollardan birini kəsmək idi. Murov silsiləsi uğrunda döyüşlər onunla nəticələndi ki, vaxtaşırı olaraq erməni tərəfi Zod-Kəlbəcər yolunda mülki nəqliyyatın hərəkətini dayandırmalı oldu, amma yolun tam bağlanması belə görünür ki, baş tutmadı.

Döyüşlərin ilk günlərində Azərbaycan ordusu Horadiz dəhlizi rayonunda erməni qüvvələrin müdafiəsini sıxışdırdı. Lakin burada sürətli hücum ərazilərin sıx minalanması nəticəsində mümkün olmurdu. Tanklar mina tralları ilə təchiz olunsa da, məsafədən mina təmizləmə sistemi işə salınsa da, irəliləmək çətin idi. Hücum tempini aşağı salmalı olan həmlə qrupları tank əleyhinə idarəolunan raketlərin və arxa cəbhədən erməni artilleriyasının atəşi altına düşürdü.

Şimal-şərq cəbhəsində də döyüşlərin ilk günlərində vəziyyət mürəkkəb idi, Suqovuşan qəsəbəsi rayonunda Azərbaycan Ordusunun hücum edən qüvvələri 15 vahidə qədər zirehli texnika itirdi. Kitabda deyilir ki, situasiya döyüşlərin beşinci-altıncı günü dəyişməyə başladı. “Azərbaycan Ordusunun ermənilərin hava hücumundan müdafiə sistemlərinə və artilleriyasına endirdiyi zərbələr öz nəticəsini verməyə başladı, amma ən başlıcası bütün istiqamətlərdə piyada bölmələrinin idarə edilməsi keyfiyyətcə yeni mərhələyə sıçradı. Bölmələrin çevikliyi və hərəkətlərinin uzlaşdırılması kəskin artdı. Nəticə özünü çox gözlətmədi. Oktyabrın 2-3-də Azərbaycan Ordusu Talış və Suqovuşanı götürdü, şimal-şərq istiqamətində bir neçə kilometr irəlilədi. Hərçənd sonra bu istiqamətdə cəbhə stabilləşdi və münaqişənin sonuna qədər dəyişməz qaldı”, - mərkəzin təhlilində deyilir.

Rusiyalı təhlilçilər daha sonra qeyd edirlər ki, Azərbaycan Ordusunun qələbəsinin başlıca xəbərçisi cənub cəbhəsində döyüşlərin ilk günlərində əldə edilən məhdud uğurlar idi. Orada erməni qüvvələri itirdikləri mövqeləri heç cür bərpa edə bilmədilər, havada Azərbaycanın pilotlu və pilotsuz aviasiyası hökmranlıq edirdi, nəticədə qoşunların cəmləşdirilməsi və bir istiqamətdən digərinə atılması mümkün olmurdu.

“Oktyabrın 3-4-də Azərbaycan Ordusu Horadiz dəhlizində müdafiəni yara bildi və Böyük Mərcanlı kəndini götürdü. İndi Araz çayının sahili boyu irəliləmək müqayisə olunmaz dərəcədə asan vəzifə idi-erməni qüvvələrinin artıq möhkəmləndirilmiş müdafiə mövqeləri qalmamışdı. Bir neçə kilometr enində möhkəmləndirilmiş müdafiə rayonunun əvəzində erməni qüvvələri indi on kilometrlərlə çılpaq cinahlarla üzləşmişdilər və onu qorumaq getdikcə çətinləşirdi.

Erməni ordusu tanklardan və BMP-lərdən ibarət iri zirehli qruplaşma formalaşdırmağa, cənub istiqamətində iki briqadanın köməyi ilə əks hücuma keçməyə cəhd etdi. Onların planı hücum edən Azərbaycan qoşunlarını Araz çayı vadisində mühasirəyə almaq və arxa cəbhə ilə əlaqəsini kəsmək idi. Lakin Azərbaycanın havada hökmranlığı və situasiyaya daha yaxşı bələd olması nəticəsində ermənilərin bu yeganə iri əks-hücum cəhdi hələ başlamamış iflasa uğradı. Oktyabrın 8-də gündüz Azərbaycan Müdafiə Nazirliyi erməni qoşunlarının zirehli texnika kalonlarının reaktiv yaylım atəşi sistemlərinin dəqiq zərbələri ilə necə məhv edildiyini göstərən kadrları yaydı. Ertəsi gün isə erməni kalonlarının PUA-larla necə vurulduğuna dair video yayıldı”, - kitabda deyilir.

Rusiyalı analitiklər qeyd edirlər ki, elə müharibənin ilk saatlarından döyüşlər təkcə ön xətdə getmirdi. Azərbaycan ordusu eyni vaxtda Dağlıq Qarabağın dərinliklərində, o cümlədən Xankəndində, Şuşada, Ağdərədə ermənilərin mühüm obyektlərini vururdu. Belə dəqiq zərbələrdən biri oktyabrın 2-də Laçın dəhlizi üzərindəki strateji əhəmiyyətli körpüyə “LORA” raketi ilə endirilmişdi. Bu körpünün dağıdılması Ermənistanı Dağlıq Qarabağla birləşdirən iki yoldan birini kəsmiş olardı və nəticədə hərbi-humanitar situasiyanı xeyli mürəkkəbləşdirərdi. Lakin döyüş sursatı körpünün beton örtüyünü dəlib keçdi və altında partladı. Nəticədə körpü qismən dağıldı, bir hərəkət zolağı sıradan çıxsa da digəri açıq idi.

“Smerç” reaktiv yaylım atəşi sistemləri ilə zərbələr Zod-Kəlbəcər-Ağdərə yoluna da endirilirdi. Amma erməni qüvvələrinin təchizatını və yerdəyişməsini çətinləşdirən, onun müdafiəsini sarsıdan Azərbaycan ordusu daha Dağlıq Qarabağla Ermənistanın əlaqəsini kəsməyə xüsusi səy göstərmədi.

Tarix
2021.09.12 / 12:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni nazir Amreyevlə bir arada - Foto

Fransadan Bayramov-Mirzoyan görüşünə - Reaksiya

Ərdoğandan Azərbaycan açıqlaması: Gələn il...

Putin Qarabağdakı generalı bu səbəbdən geri çağırdı

Zülfüqarov: Laçını “qapısız həyət” elədikləri bəsdir!

Laçın dəhlizindən gündə bu qədər maşın keçir – Rusiya MN

Latviya mətbuatında Qarabağ həqiqətləri...

Bayramov BMT-də daha 5 həmkarı ilə görüşdü

Bu gün “Haber Global” 3 yaşını qeyd edir

Ermənistan dialoqa hazırdır - Paşinyan

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla