Ana səhifə Gündəm |
Qarabağda Rusiya sülhməramlılarının komandanı dəyişdi: Muradovu əvəzləyən Mixail Kosobokov cəmi iki həftə sonra yerini Gennadi Anaşkinə verdi.
Kosobokovla Anaşkini birləşdirən ortaq cəhət hər iki generalın əvvəllər rusların nəzarətindəki separatçı bölgədə (Gürcüstan) fəaliyyət göstərməsidir. Rusiyada Qarabağla bağlı analoji planların olması istisna deyil, hərçənd, Qarabağdakı hazırki vəziyyət post-sovet məkanındakı digər münaqişə bölgələrindən hərbi və siyasi baxımdan tamamilə fərqlənir:
- ermənilərin yaşadığı bölgənin və xariclə əlaqə marşrutunun real-vizual olaraq Azərbaycan ordusunun bir atış məsafəsi qədər nəzarətində olması separatizmin inkişaf perspektivini zəiflədir;
- bölgədə güc balansı Türkiyənin mövudluğu fonunda bərabərdir.
Moskvada da real vəziyyəti anlayırlar və istisna deyil ki, separatizm kartından siyasi alverdə mümkün qədər istifadə etmək üçün bu işdə təcrübəsi olan kadrlara hələ ki, üstünlük verilir.
Lakin cəmi iki həftə öncə bölgəyə təyin olunan Kosobokovun bu qədər tez geri çağırılması sıradan qərar deyil və burada iki mümkün amil ola bilər.
Birincisi, Bakının Kosobokovun fəaliyyətindən narazılığı;
İkincisi, dəyişən geosiyasi və regional proseslər.
Baş verənləri anlamaq üçün hadisələrin xronologiyasına baxaq:
- İlham Əliyev 7 iyul Fərmanı ilə “Dağlıq Qarabağ” ifadəsini ləğv etdi və ermənilərin yaşadığı ərazilərlə bağlı hüquqi sənədi yenilədi;
- həmin tarixdən – 7 iyula keçən gecə separatçı-terrorçular müharibədən sonra ilk dəfə Şuşaya atəş açdı (sonradan bu atəşlər intensivləşdi) və Rusiya MN rəsmi məlumatında Ermənistanı bölgədə tərəf kimi təqdim etdi;
- avqustun 9-da Lavrov Bayramova zəng etdi, həmin gün Stanislav Zas İrəvanda idi və Bakı-Moskva xəttində gərginliyin açıq müşahidə edildiyi dövr başlandı;
- bu tarixdən sonra Rusiya MN ermənilərin Şuşaya və digər istiqamətlərə atəş açması haqda məlumatda separatçı-terrorçuları tərəf kimi göstərməyə başladı;
- avqustun 15-də İlham Əliyev CNN Türk kanalına müsahibəsində Rusiyanı “tərəfdaş” yox, “qonşu” ölkə adlandırdı və Laçın dəhlizi, eləcə də sülhməramlıların fəaliyyəti ilə bağlı sərt ritorikadan istifadə etdi;
- Sentyabrın 2-dən etibarən Türkiyə və Azərbaycan genişmiqyaslı hərbi təlimlərə başladı: həm Bakıda, həm işğaldan azad olunmuş ərazilərdə - Laçında, həm də Xəzərdə;
- Sentyabrın 7-i Azərbaycan Rusiya sülhməramlılarının mandatını gündəmə gətirdi;
- Sentyabrın 8-də Muradovu Kosobokov əvəz etdi və ayağı Azərbaycan torpağına dəyən kimi təxribat xarakterli fəaliyyəti açıq şəkildə nümayiş etdirdi: sülhməramlıların nəzarət ərazilərinin xəritə üzərindən genişləndirilməsi, Laçın dəhlizinin 10 noyabr razılaşmasına əsasən müəyyən edilmiş 5 kilometrlik məsafəsinin artırılması və s…
Bu, Kosobokovun özfəaliyyəti deyildi, ruslar Bakıya qarşı açıq oynayırdılar və bu, Bakı-Moskva xəttinə bağlı məsələlərlə yanaşı, geosiyasi proseslərdən də qaynaqlanırdı: ABŞ-ın Əfqanıstandan çıxması, yerinə NATO ölkəsi olaraq, Türkiyəni saxlaması; Qarabağda Bakıya hücum edən Moskvanın İdlibdə Ankaraya qarşı planları və s.
Bakı sülhməramıların, xüsusilə Kosobokov fəaliyyətindən narazı idi və istisna deyil ki, onun cəmi iki həftədən sonra geri çağırılmasında Azərbaycanın tələbi rol oynayıb.
Hərçənd, Moskvanın qərarına siyasi proseslərin inkişaf istiqamətinin təsir etdiyi ehtimalı daha böyükdür.
1. Soçidə Ərdoğan-Putin görüşü: iki ölkə həm də Cənubi Qafqazı, bölgədə “Altılıq platforması”nı müzakirə edəcək, konkret qərarların verilməsi gözləniləndir;
2. Soçi görüşündən öncə Ərdoğanın Nyu Yorkda Baydenlə sərfəli olmayan görüşü və Türkiyə liderinin ABŞ-dan Putinə müsbət mesajlar göndərməsi: İlham Əliyevin Ankara-Moskva münasibətlərində önəmli rol oynadığına da işarə etdi;
3. İlham Əliyev Ərdoğanın Amerika torpaqlarından Putinə müsbət mesajlarından bir gün sonra, Soçi görüşündən öncə Rusiya mediasına müsahibə verdi: müsahibədə Bakının dəyişməyən mövqeyini yenilədi və Rusiya ilə hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini, artıq sifarişlərin verildiyini qeyd etdi; və rus sülhməramlılarının fəaliyyətindən razılığını bildirdi.
Qarabağda rus sülhməramlılarının komandanının dəyişməsi, Kosobokovun cəmi iki həftədən sonra geri çağırılmasının geosiyasi və regional proseslərlə bağlılığı görünür. Bir informasiya bu fikri daha da gücləndirir: Rusiya MN Qarabağda sülhməramlıların yerləşdiyi ərazi ilə bağlı xəritəni dəyişib; xəritədə qondarma “dqr” və ya keçmiş DQMV sərhədlərini əks etdirən xətlər aradan qaldırılıb və bu ərazilər (misal üçün, Hadrut və s.) Azərbaycan ərazisinin daxilində göstərilib.
Anaşkinin gəlişi ilə baş verən bu dəyişiklik diqqətçəkən məqamdır, hərçənd, söhbət ruslardan gedirsə, nəticə çıxarmağa tələsməməliyik. Hələ ki, proseslərin dəyişən inkişafı müsbət görünür və Soçi görüşü həlledici ola bilər.
Tarix
2021.09.26 / 09:00
|
Müəllif
Asif Nərimanlı
|