Ana səhifə Gündəm |
İsveç və Finlandiyanın PKK və YPG terror təşkilatları barəsində üzərinə götürdüyü “öhdəliklər” qəbuledilməzdir. Bu mənada İsveçi xüsusi qeyd etmək istəyirəm. Şərqi və cənub-şərqi Anadoluda, İraqın şimalında və Suriyada terrorçularla mübarizə apardığımız bölgələrdə qarşı tərəfin istifadə etdiyi AT-4 tank əleyhinə silahlar İsveç istehsalıdır. Sözügedən silahlarla terrorçular çoxlu hərbçimizi şəhid ediblər.
Bu sözləri Axar.az-a açıqlamasında terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib. Onun sözlərinə görə, İsveç və Finlandiyanın sadalanan terror təşkilatlarına, radikal qruplarına hərtərəfli dəstəyi ilə bağlı Türkiyənin əlində çox ciddi və tutarlı faktlar var:
“İsveç terror təşkilatlarına Türkiyənin övladını, NATO baxımından isə təşkilatın bir hərbçisini öldürəcək şəkildə yardım edir. Bu çox qəribədir və pis niyyətdir. Digər önəmli məsələ isə PKK, YPG və FETÖ kimi terror təşkilatlarının və radikal sol qrupların üzvlərinə sözügedən ölkələrdə sığınacaq verilməsidir. Məsələ tək sığınacaq verilməsi ilə də bitmir, İsveç və Finlandiya onların siyasi fəaliyyət göstərməsinə, ianə yığmalarına, QHT adı altında bir sıra fəaliyyətlərinə də şərait yaradır. Hətta iş o yerə çatıb ki, NATO-ya üzvlük məsələsi gündəmə gələndə bir sıra siyasətçilər “biz indi NATO-da birlikdə Türkiyənimi müdafiə edəcəyik?” dedilər, mətbuatda palaz boyda müsahibələr, açıqlamalar verdilər. Xüsusilə vurğulamaq istəyirəm ki, İsveç xarici işlər nazirinin Suriyada mövcud olan PKK və YPG-nin bir sıra toplantılarına qatılaraq onlara fəaliyyətlərinin leqallaşdırılması istiqamətində dəstək verəcəyini bildirməsi haqqında sübutlar var. Terror təşkilatlarının nümayəndələri ilə İsveç siyasiləri, müxtəlif şəxslər də dəfələrlə görüşlər keçirib. Bütün bunların hamısını birlikdə nəzərdən keçirdiyimiz zaman PKK və YPG məsələsi başda olmaqla, Türkiyənin terror təşkilatlarına verilən dəstəyin kəsilməsini tələb etməsi, bununla bağlı yalnız İsveç və Finlandiyanın yox, bütün NATO ölkələri üzərində təsir gücünə sahib olması hazırki geosiyasi hədəflərin təyin edildiyi bir zamanda çox önəmlidir. Türkiyə veto hüququndan istifadə etməklə ABŞ və Avropadan, bütün NATO ölkələrindən PKK və YPG-yə dəstəklərini kəsmələrini, terrorizmə qarşı mübarizədə onun yanında olmalarını istəyir”.
Abdullah Ağar Türkiyənin NATO üzvlərindən hüquqauyğun, qarşılıqlı mənfəətlərə və ədalətə əsaslanan əməkdaşlıq tələb etdiyini vurğulayıb:
“Hazırda NATO üzvləri olan bir sıra dövlətlərlə Türkiyə arasında böyük etimad böhranı yaşanır. Dövlətimiz tərəflər arasında yenidən qarşılıqlı etimadın möhkəmləndirilməsini, Türkiyəyə qarşı proksi, bufer dövlət, idarə edilməyə və istiqamətləndirilməyə möhtac ölkə kimi davranılmasına son qoyulmasını tələb edir. Qərblə əlaqələrin gerçək bir müttəfiqlik hüququna uyğun şəkildə səviyyəli, ədalətli şəkildə olması ortaq gələcəyin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”.
Tarix
2022.05.18 / 08:45
|
Müəllif
Söhrab İsmayıl
|