"Cəbhə xətti"
layihəsində
Əli Ağacavad oğlu Abbasov 1960-cı il yanvarın 12-də
Bakıda anadan olub, 39 saylı məktəbi bitirib. Qarabağ müharibəsi
veterandır.
Sizə canım qurban, hərənizə bir QAZ 24
– Əli müəllim, necə oldu döyüşlərə
qatıldınız?
– Dənizçilər məktəbinə qəbul olmuşdum, təhsilimi yarımçıq qoyub
əsgər getdim. Əsgərlikdən gələndə Qarabağ hadisələri başladı.
1992-ci ildə könüllü olaraq Qarabağa getdim. Ağdərədə Qızılqaya
deyilən yerdə döyüşməyə başladıq. Erməni kəndləri Qaçiqor, Vaquas
və Arqomeri aldıq.
- Əsgərlərdə əhvali-ruhiyyə necə idi?
- Biz qorxu bilməzdik. Amma aramızda qorxan cavan uşaqlar da var
idi.
Uşaqlarla danışanda dedim ki, o yüksəkliyi alacam. Mənə güldülər
ki, biz 6-7 aydır ala bilmirik. Heç kimə heç nə demədən Bakıdan
gələn 15 uşaqla sözləşdik. Aramızda bir nəfər Tərtərdən olan Qoçu
ləqəbli əsgər var idi. Pulemyot ondan uzun idi. Güclə daşıyırdı.
Rabitədən başı çıxdığına görə özümüzlə götürmüşdük. Elə həmin gün
səhərə yaxın saat 4-də getdik onların yerləşdiyi mövqeyə. Yağış
yağırdı. Onların danışığını eşidəcək qədər yaxınlaşmışdıq. Hücum
elədik. Əməliyyatı uğurla bitirdik. O mövqeni əldə eləyə bildik. O
yüksəkliyin arxası Dovşanlı kəndi idi. Dovşanlı kəndində olan
yüksəklikdən də Xankəndi görünürdü. Ara məsafəsi 70 km idi. Orda da
bizim komandir bir ləzgi polkovnik idi. Rabitə maşınında yaşayırdı.
Solunda minaatanlar, sağında toplar yerləşdirmişdi. Özünü tam
təhlükəsiz vəziyyətə gətirmişdi. Hücum olsa belə, heç kim yaxın
dura bilməzdi. Qoçu ermənilərin mövqeyini aldığımızı "ratsiya" ilə
xəbər verdi. Səhər tezdən yuxulu-yuxulu əvvəl anlamadı. Sonra bizə
şücaətimizə görə "sizə canım qurban, hərənizə bir QAZ 24 , Ağdərədə
ev" vədi verdi. Amma bizim istədiyimiz arxadan kömək idi. Aldığımız
mövqe çox uzun idi. Hamısı da hazır tikilmiş səngərlər. Hər cür
ərzaq təminatları da qalmışdı. Hamısı da konyak, kolbasa, konserv,
hətta çörəyə kimi fransız istehsalı olan qablaşdırmada idi. Bizim
istədiyimiz kömək isə yubanırdı. Polkovnik bizi aldadırdı. Bütün
batalyonların adını bir-bir çəkirdi ki, yoldadılar, gəlirlər. Saat
6-da aldığımız mövqeni qorumağa heç kim gəlib çıxmırdı. Mövqe uzun,
biz cəmi 15 nəfər. Bütün yerləri saxlaya bilməzdik. Mütləq kömək
lazım idi. Adamlar gəldi. Amma ermənilər tərəfdən. Yaxındakı donuz
fermasının yanında 7 Ural maşını dayandı. Maşınlardan əsgərlər
tökülüşdü. Hamısı da maskalı. Avtomatları yox idi. Hamısında
qumbaraatan idi. Düşən kimi meşəyə səpələndilər. Hava qaranlıq. Biz
görə bilmirdik. Bir müddət tam sakitlik oldu. Heç nə təyin edə
bilmirik. Maşınlar qalmadı. Sürüb getdilər. Yanımızda iki ləzgi
uşaq var idi. Onların ancaq parçalanmış bədəni yadımdadır. Mən
ayılanda Qoçu atışa-atışa məni sürüyürdü. Üzümü ağac cırmağına
ayıldım, yenə huşumu itirdim. Bir də ayılanda hospitalda
əməliyyatda idim. O döyüşdən bir-iki nəfər sağ çıxmışdı. Mənə
kürəyimin sol tərəfindən dəymişdi güllə. Sinəmdə olan Quran məni
ölməyə qoymamışdı. Parçalanmışdı. Qan ləkəsi indi də durur.
Əməliyyatdan çıxanda rus həkim dedi ki, apara bilərsiniz... Məni
gətirib hərbi hissəyə atdılar. Amma mən gördüm nə yeriyə bilirəm,
nə otura. Bütün günü uzanıram. Xəbər göndərdim, İsgəndər Həmidovun
qardaşı Sərdar sağ olsun, maşın göndərdi.
- Siz orda sıravi əsgər ola-ola nə əcəb icazə verirdilər
hücum əməliyyatlarına?
- Çünki komandir getmirdi, qorxurdu.
15 nəfərdən 3 nəfər sağ çıxa bilmişdi
- Komandirinizin kim olduğunu
xatırlayırsınızmı?
- Birini xatırlayıram, adı Kamal idi. Səhv etmirəmsə, indi
Gəncədə olmalıdır.
- Sizin hücum əməliyyatlarını kim
hazırlayırdı?
- Əməliyyat hazırlayan yox idi. Çıxırdıq düzünə döyüşürdük. Ən
çox itki verdiyimiz döyüş bayaq dediyim əməliyyat olmuşdu. 15
nəfərdən 3 nəfər sağ çıxa bilmişdi. Sərdar özü gəlib kömək
göndərmədiyinə görə həmin polkovniki döyürdü.
- Ən yaxşı döyüşçü dostlardan kim yadınızda
qalıb?
- Görsəm, yadıma düşər. Amma adlarını xatırlamıram. Yaddaşımda
problem yaranıb o vaxtdan. Mən qayıdandan sonra anamın ürəyi
partladı. Bir tərəfimin işləmədiyini sonra başa düşmüşdü. İmkanlı
idik. Evin tək oğlu olmuşam. Bütün ev-eşiyi satdıq.
- Siz yaralanıb gələndən sonra hökumət müalicə üçün sizə
yardım etdimi?
- Yox. O vaxt Əli İnsanov var idi. Demişdi, get sponsor tap.
İcra hakimiyyətinə dəfələrlə müraciət etmişik, ev versinlər. Bir
yer vermişdilər, onu da aldılar.
Yəhudi rentgenoloq mənə dedi ki...
- Bəs sizin ata eviniz?
- Nərimanovda 4 otaqlı ev satıldı. Hamısı mənim müalicəmə
xərcləndi. İndi də bədənimdə xeyli qəlpə gəzdirirəm. O vaxt yəhudi
rentgenoloq mənə dedi ki, oğlum, bu qəlpələri çıxartmağa kim sənə
boyun olsa da, bacarmaz. Bu, yalnız Moskvada hərbi hospitalda, bir
də Almaniyada çıxartmaq mümkündür. O da çıxartmaq yox,
mikrocərrahiyyədə əridə-əridə çıxardacaqlar.
- Nə kimi ağrılar verir?
- Epilepsiya verir. Başımda şişlər çoxdur.
- Siz vuruşmağa gedəndə evli idiniz?
- Bəli. İki övladım var.
- Bəs düşünmürdünüzmü ailəniz var, övladınız
var?
- Yox. Lap sabah müharibə başlasa belə, xəstə canımla yenə
gedərəm. Bir qarış da vermərəm. Ailəm də Allah əmanəti qalar.
Uşaqlar yoldaşıma, yoldaşım da Allaha əmanət olar. O vaxtı da elə
deyib getmişdim.
- Xəstəliklə əlaqədar hara müraciət
etmisiniz?
- Çox yerə. Müalicə alsam, normal həyata qayıdıb işləyə bilərəm.
Az da olsa, ailəmi dolandıraram. Amma bizdə bu əməliyyat mümkün
deyil. Burda 5 nömrəli xəstəxanada həkim var – Şaliko. O, boynuna
götürmüşdü ki, 5 minə bu əməliyyatı edərəm. Şüa ilə əridərəm. Amma
umumi konsiliumda həkimlər etiraz etmişdilər. Bizdə mümkün deyil.
Sol nahiyə tamam iflic olacaq.
Snayper qız tutmuşuq bir dəfə
- Sizinlə döyüşən xanım döyüşçülər də var
idimi?
- Var idi. Amma biz onları açıq döyüşə buraxmırdıq. Yaralıları
daşıyırdılar. İlkin tibbi yardım edirdilər.
- Onlar qorxmurdular?
- Qorxu birinci dəfə olur. Bircə dəfə döyüşə girdinsə, qorxu da
bitir. Şok keçir artıq.
- Heç erməni əsiri tutmusunuzmu?
- Snayper qız tutmuşuq bir dəfə. Gətirib komandirə təhvil
verdik. Başqa cür davranmağa mən özüm də qoymurdum. Hər necə olsa,
insandır. Düşmən olsa belə, ona qarşı qəddarlıq bacarmırdım.
Hamımız insanıq. Nə olsun ki ermənidir, mən azərbaycanlıyam. Durub
onun qulağını kəssəm, nə olası idi ki? Yaxud burnun kəssəydik.
Onlar edirdilər.
- Bəs sizin boşaltdığınız ərazilərdə olurdumu qoca, uşaq
– yerli əhali? Onlarla necə rəftar edirdiniz?
- Biz Arqumerə girəndə evlərdə yanan qazın üstündə xörək
qazanları var idi. Təkcə canlarını qaçırtmışdılar. Biz onları təqib
də etmirdik axı. Təqib etsək belə, qoca qarını öldürməyə icazə
verməzdik. Onlar edirdilər.
Bundan dəhşətli səhnə...
- Erməni əsgəri ilə Azərbaycan əsgərinin fərqi nə
idi?
- O torpaqlar bizim torpaqlardır. Erməni ora gəlmişdi. Orda ruh
söhbəti var idi ki, bu ruh da erməni döyüşçülərdə yox idi. Erməni
bizi ancaq gizlənib vururdu. Üzbəüz gələ bilmirdi.
- Dostlarınızdan hansının dəhşətli ölümünü
görmüsünüz?
- İki ləzgi dostumun ölümünü unuda bilmirəm. Baş fırlanır, bədən
silkələnib ayrı düşür. Bundan dəhşətli səhnə təsəvvür etmək mümkün
deyil. O döyüşdə məni də ölü bilmişdilər. O biri meyitlərlə eyni
maşında morqa gətirmişdilər. Bir gün sonra əlim tərpənəndə sağ
olmağımı bilib, 2 saylı səhra hospitalında əməliyyata
aparmışdılar.
- İndi sizin sağlamlığınız necədir? Özünüz yeriyə
bilirsiniz?
- Yeriyə bilirəm. Amma həmişə yox. Hava istəyəndə çıxıram
bayıra. Gedirəm, gəzirəm. Hiss edirəm ki, çox gəzə bilmirəm.
Epilepsiya əlaməti gələn kimi dərmanları qəbul edirəm. Tez-tez
boğulmalarım olur. Başımda olan ağrılarla bağlı çox xəstəxanalarda
yatmışam. Ruhi əsəb dispanserində, nevrologiya şöbəsində.
Nəcməddin Sadıqov döyüşən oğlan olub
- Orda komandirlərdən, yüksək vəzifəlilərdən kim gəlirdi
sizinlə döyüşə?
- Ştab rəisimiz indiki nazir müavini Nəcməddin Sadıqov idi. O
baxırdı Qarabağa. Onunla bir yerdə döyüşmüşük.
- Bu gün ona nəsə demək istəyirsiniz?
- Yox. Allah balasını saxlasın.
- Bu neçə ildə xeyrinə-şərinə getdiyiniz döyüşçülər
varmı?
- Yox. Xəstəliyimə görə heç yerə gedə bilmirəm. Heç kim də
qapımı açmır. Ev yox, eşik yox. Hərdən hirslənirəm.
- Dünyanın hər hansı nöqtəsində, xəstəxanada ya kurortda
nə vaxtsa eyni döyüşdə olduğunuz erməni görsəniz, nə edərsiniz?
Əlini sıxarsınızmı?
- Sən nə danışırsan? Hirsləndirirsən məni. Allah vurub
onları.
Balaca oğlan utanır
- Bugünkü Azərbaycan gəncliyinə nə demək
istərdiniz?
- Ağıllı olsunlar, oxusunlar, vətəni sevsinlər, vətənpərvər
olsunlar. Torpağın bir metr nədir, heç bir millimetrini də
verməsinlər. Vətən üçün cihad eləsinlər. Qorxmasınlar ki, ay bu
amerikalıdır, ay bu ermənidir. Fələstin 70 ildir daşla müharibə
edir yəhudilərə qarşı. Bu həyat, pul hamısı boş şeydir. Allah-taala
bu həyatı insana bir tramplin kimi verib. Axirətlərini düşünsünlər.
Onsuz da, orda bizdən nə etdiyimizi soruşacaqlar. Mən bir ay yarım
döyüşmüşəm. Amma bu vəziyyətdə də yenə müharibə olsa, birinci
gedərəm. Gedərəm, əlim tutmasa, dişimlə döyüşərəm. Axır bir yolun
tapıb öldürərəm. O qədər qəzəbliyəm ki. Mənim torpağım budur. Mən
burda doğulmuşam, Qarabağda böyüməmişəm. Amma hamısı mənim
torpağımdır, onların deyil.
İki oğul böyüdürəm. Amma düşünürəm ki, döyüşçü ailələrimizin
hüquqlar müdafiə olunsa, onlara güzəşt olunsa, övladlarımız cəbhəyə
də gedəcəklər, döyüşəcəklər də. Balası şəhid olsa belə, "Vətən sağ
olsun", – deyəcəklər.