Parlament seçkilərində 35
saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd Azərbaycan
Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə iddia edir
ki, onun səlahiyyətli nümayəndəsi Günel Babayevaya hədə-qorxu
gəlinir.
Publika.az-ın əldə etdiyi məlumata görə, oktyabrın
7-də G.Babayeva evlərinə gedərkən Bakı şəhər sakinləri 1988-ci il
təvəllüdlü Ülvi Seyidəli oğlu Əliyev və 1992-ci il təvəllüdlü Vüsal
Rasim oğlu Muradov "Daimlerchreysler" markalı, 50 BZ 661 nömrəli
avtomobildə onu izləyiblər. Məsələ ilə bağlı polisə müraciət
edilib. Hazırda Xətai rayon polis idarəsinin 35-ci polis şöbəsində
tədqiqat-araşdırma aparılır.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən ASDP sədri Araz
Əlizadə bildirib ki, onun səlahiyyətli nümayəndəsini 35 saylı Xətai
3-cü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri
İqbal Ağazadə izlətdirir:
"Günel Babayevanı izləyən şəxslər onun evinə gələrək, anası
Sevinc xanıma qızının onlarla getməli olduğunu deyiblər. Lakin
Sevinc xanım qapını açmayıb. Gələn adamlar tələblərinin yerinə
yetirilmədiyini görəndən sonra çıxıb gediblər. Günel xanımın anası
avtomobilin nömrəsini götürə bilib və polisə müraciət ediblər.
Polis həmin şəxsləri artıq saxlayıb".
A. Əlizadə qeyd edib ki, gələn şəxslər İqbal Ağazadənin qardaşı
İlqar Ağazadəyə məxsus beton zavodunun işçiləri olub: "Polisin
araşdırmasından sonra məlum olub ki, həmin şəxsləri İqbal
Ağazadənin qardaşı göndərib. Guya iddia edirlər ki, Günel xanımın
vasitəsilə mənim seçki qərargahıma daxil olaraq qanun pozuntusuna
yol verib-vermədiyimi öyrənmək istəyirmişlər. Lakin mən buna
inanmıram. İqbal Ağazadənin məqsədi Günel Babayevanı susdurmaq
olub. Çünki mənim səlahiyyətli nümayəndəm, İqbal Ağazadədən seçki
prosesinin pozulması haqda şikayət etmişdi. Oktyabrın 5-də şikayətə
baxıldı və İqbal Ağazadəyə xəbərdarlıq edildi. İqbal Ağazadə də
adamlarını Günel xanımın üstünə göndərərək onu qorxutmaq istəyib.
Biz məsələnin üzərinə gedəcəyik və prokurorluğa şikayət
edəcəyik".
Məsələyə millət vəkili İqbal Ağazadə də münasibət bildirib.
İ.Ağazadə Publika.az-a açıqlamasında bunun şər-böhtan olduğunu
deyib:
"Mənim qardaşımın adamlarının Araz Əlizadənin səlahiyyətli
nümayəndəsi ilə nə işi var?! Bu qədər şər-böhtan yetər, adamlar
ayıb bilmirlər, işləri ancaq başqalarını qaralamaqdır".
İ.Ağazadə hazırda seçki
kampaniyası apardığını, bütün diqqətini seçkilərə yönəltdiyini
bildirib:
"Mən seçki kampaniyamın aparılması ilə məşğulam. Araz Əlizadə
mənim üçün digər rəqiblərimdən fərqlənmir. İşin qızğın vaxtında
mənim, yaxud qardaşımın Araz Əlizadə və ya onun nümayəndəsi ilə
maraqlanmağa nə vaxtımız, nə də həvəsimiz var. Bütün bunlar
şər-böhtandır. Araz Əlizadənin ittihamlarını oxumamışam və oxumaq
da niyyətində deyiləm".