Ukraynada baş
verən hadisələrə Krım Azərbaycanlıları Cəmiyyətinin sədri Rəhim
Hümbətovla aydınlıq gətiririk.
- Rəhim müəllim, hələ Viktor Yuşşenkonun prezidentliyi
dönəmində Ukrayna ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair
sənəd imzalanmışdı. Amma Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı"
sammitində Prezident Viktor Yanukoviç ölkəsinin Avropa Birliyi ilə
assosiasiya sazişinə imza atmadı. Ukrayna prezidentini belə addım
atmağa nə vadar etdi?
- Həqiqətən də prezidentin bu sənədə imza atacağına böyük ümid
vardı. Bu, tək sözdə deyil, müxtəlif sənədlərdə də öz əksini
tapmışdı. Məsələn, ölkənin Xarici Siyasət Doktrinasında vurğulanır
ki, Ukrayna Avropa İttifaqına üzvlüklə bağlı lazım olan addımları
atacaq. Məlumdur ki, əksər Ukrayna vətəndaşı Avropanın müxtəlif
ölkələrində işləyir, çalışır və oradakı inkişafı öz gözləri ilə
görür. Nəticədə ölkələrində də analoji həyat tərzi sürmək
istəyirlər. Amma gözlənilmədən sözügedən sənədə imza atılmadı.
Ukraynanı uzaqlaşdıran elə Avropanın özüdür
- Sizcə, Yanukoviçin üzvlüklə bağlı səmimiyyətinə
inanmaq olarmı?
- Bilirsiniz, ekspertlər, Yanukoviç və onun ətrafı hesab edirdi
ki, Avropa Ukraynaya ciddi dəstək göstərəcək. Sadə vətəndaşlar
qonşu Polşanın inkişafına həsəd aparırlar. Öz gözümlə görmüşəm –
Polşadan Almaniyaya qədər olan yol boyunca bu ölkə iri inşaat
məkanını xatırladır. Səhv etmirəmsə, Avropa İttifaqı vaxtı ilə
Polşaya 160 milyard civarında yardım göstərmişdi. Ukraynada da
hesab edirdilər ki, eyni dəstəkdən onlar da yararlanacaqlar. Sammit
ərəfəsi məlum oldu ki, Avropa rəsmiləri belə bir vəd verməyiblər.
Baş nazir Nikolay Azarov öz çıxışında bildirdi ki, AB bizim ölkəyə
yalnız 1 milyard ayırmaq gücündədir. Bu rəqəmsə onsuz da mürəkkəb
durumda olan Ukrayna iqtisadiyyatının fəlakəti demək olardı.
- Onda belə anlaşılmırmı ki, Ukraynanı maraq dairəsindən
uzaqlaşdıran elə Avropanın özüdür?
- Bunu belə də yozmaq olar. İmzalamadan imtinadan sonra Avropa
rəsmilərinin bəziləri Ukraynaya qarşı haqsız davrandıqlarını
səsləndirdilər. Bu aralarda iri sahibkarların toplantısı oldu və
onlar Prezident Yanukoviçə müraciət edərək ölkə iqtisadiyyatının
Rusiyaya bağlı olduğunu vurğuladılar. Beləliklə, demək olar ki,
Yanukoviçin mövqeyindən daşınmasında həm də Rusiya faktoru rol
oynadı. Qənaətimcə, Avropa bir qədər səxavətlilik göstərsəydi,
mənzərə tamam başqa olardı. Avropa əməldə özünü Rusiyadan üstün
göstərməliydi.
- Maraqlıdır, onda aksiya iştirakçıları Yanukoviçə qarşı
mövqelərində nə qədər haqlıdırlar? Onu niyə tənqid
edirlər?
- Etirazçılar doktrinaya istinad edirlər, hesab edirlər ki,
ölkənin nicatı Avropa Birliyinə üzvlükdən keçir. Çətinliklərə
baxmayaraq, hər hansı şərt olmadan quruma istiqamətlənmək lazımdır.
Rusiyadakı müəyyən korrupsiya halları, ukraynalı miqrantlara qarşı
mənfi münasibətlər də müəyyən rol oynadı. İnsanlar Avropa
səviyyəsində həyat şəraitinə meyllidirlər.
- Qeyd etdiniz ki, Rusiyada müxtəlif işlərdən kifayət
qədər ukraynalı miqrant çalışır. Onların qohum-əqrəbalarının
proseslərə təsiri varmı?
- Meydanda daha çox Avropa meyilli vətəndaşlardı, ikincilərin
təsirinin olduğunu düşünmürəm.
Həmin şəxsləri rusiyameyilli edən amil
budur
- Bəllidir ki, Ukraynanın ən iri sənaye kompleksləri
ölkənin rusdilli - şərq vilayətlərində fəaliyyət göstərir. Onda
belə bir mənzərə yaranmırmı ki, prezidentə müraciət edən həmin iri
sahibkarları elə Rusiya "danışdırır"?
- Oliqarxlar öz pullarını saymağı bacaran insanlardı. Burada bir
önəmli məqam var – həmin oliqarxların biznesi Rusiya qazı ilə çox
sıx bağlıdır. Qazın qiyməti qalxarsa, onlar ciddi zərər görər. Odur
ki, həmin şəxsləri rusiyameyilli edən amil budur. Təəssüflər olsun
ki, Ukrayna iqtisadiyyatı olduqca bərbad vəziyyətdədir.
Fəaliyyətsiz müəssisələr, köhnələn avadanlıqlar, zəif istehsalat
qurğuları öz sözünü deyir.
"Diktator qanunları"
- Roses yeni il ərəfəsi səngidi və belə bir atmosfer
formalaşdı ki, tərəflər bir-biri ilə seçkilərdə görüşəcəklər.
Amma... İkinci dalğa daha şiddətli, hətta ölüm halları ilə müşayiət
olunmağa başladı...
- İkinci aksiyaları sürətləndirən son günlər ölkə parlamentinin
qəbul etdiyi qanun layihəsi oldu. Qanun vətəndaşların hüquqlarını
ciddi şəkildə məhdudlaşdırır və hətta bəzi ekspertlər sənədi
"diktator qanunları" adlandırırdı. Bu, aksiya iştirakçılarını,
xüsusən Avropaya meyilli vətəndaşları ciddi qıcıqlandırdı.
- Maraqlıdı, nədən Yanokoviç belə tələsgənliyə yol
verdi?
- Belə bir gərgin vəziyyətdə sözügedən qanunun qəbulu təəccüb
doğurmaya bilməzdi. Prezidenti tələsik addıma onun ətrafı
sürüklədi. Qanunun müəlliflərindən biri Krımdandı - Vadim
Kolisniçenko, digəri Şərqi Ukraynadandı. Onlar fikirləşirdilər ki,
yəqin insanlar çağırışlar etməyə qorxacaqlar, onlar asanlıqla
məsuliyyətə cəlb olunacaqlar. Bu, vətəndaşlara gediş gəlmək kimi
bir amil idi. Aydın görünür ki, qanun situativ qəbul olunan
sənəddir. Fikirimcə, onlar hadisələrin belə cərəyan edəcəyini
öncədən görməliydilər.
Putinin Yanukoviçi görməyə gözü yoxdur
- Yanukoviçin rusiyameyilli prezident olması ilə
əlaqədar səslənən fikirlər nə qədər əsaslıdır?
- Yanukoviç prezident seçilərkən ona ən çox səs verən Krım və
Ukraynanın şərqindəki seçicilər oldu. O, seçki platformasında
Rusiya ilə əlaqələri genişləndirəcəyinə söz verirdi. Praktika belə
göstərdi ki, hazırkı prezident hətta Viktor Yuşşenkodan da çox
Avropa ilə əlaqələrin qurulmasında maraqlıdır. Məhz Yanukoviç
dönəmində Rusiya ilə münasibətlərdə problemlər daha də dərinləşməyə
başladı. Hətta ekspertlər də vurğulayırlar ki, Vladimir Putinin
Yanukoviçi görməyə gözü yoxdur. Zənnimcə, Ukraynanın hazırki
prezidenti siyasətində müstəqil olub.
Ukraynada müxalifət olduqca güclüdür
- Müxalifətdəki üç əsas partiya - "Udar", " Batkivşina"
və "Radikallar" Yanukoviçə qarşı real gücdürlərmi?
- Əlbəttə, Ukraynada müxalifət olduqca güclüdür. Hazırda bütün
dünya bunu müşahidə edir. Ümumiyyətlə, ənənəvi olaraq, burada
müxalifət həmişə güclü olub.
- Üç müxalifət partiyası sədrlərindən hansını
prezidentliyə şanslı sayırsınız?
- Diqqətinizə çatdırım ki, hazırda hansısa partiyanın ayrılıqda
gücündən danışmaq əbəsdir. Çünki Ukraynada həmişə söhbət şəxsiyyət
amilindən gedib. Əgər bu gün "Azadlıq" partiyasının sədri Oleq
Tyaqnibok prezident seçkilərinə qatılardısa, onu heç bir şansı
olmazdı. Eyni zamanda, Yuliya Timoşenkonun başçılıq etdiyi
"Batkivşina" hərəkatı da eyni aqibəti yaşayardı. Vitali Kliçkonu da
bu sıraya aid etmək olar. Onların hər üçünün ayrı-ayrılıqda
şansları elə də güclü deyil. Zənnimcə, hazırda onlar Yanukoviçə
qalib gəlmək gücündə deyillər. Təəssüf ki, hər üç müxalif liderinin
dövləti idarə etmək təcrübəsi yoxdur. Doğrudur, Timoşenkonun
partiyası iqtidarda olub və Yaçenyuk müəyyən vəzifələri tutub, amma
bu yetərli deyil. Ekspertlər yalnız - nisbətən Vitali Kliçkonu
şanslı sayırlar.
Meydan Vitali Kliçkonu özünə lider seçib
- Rəhim bəy, belə fikirlər də var ki, əgər hər hansı
fors-major hadisələr baş verməzsə və ölkə prezident seçkilərinə
gedərsə, sadalanan üç partiya liderinin vahid namizədi
müəyyənləşdırmək məsələsində problemləri ortaya çıxacaq. Yəni, üç
liderin heç biri güzəştə getmək fikrində deyil...
- Haqlısınız. Müxalifətin vahid namizəd məsələsi ortaya çıxarsa,
bu post uğrunda böyük mübarizə gedəcək. Amma reallıqdır ki, meydan
aktivistləri artıq Vitali Kliçkonu özlərinə lider seçiblər. Onun
namizədliyi dillərdə hallanmaqdadır.
Oliqarxlar həmişə hakimiyyətləri
dəstəkləyiblər
- Ukraynada ciddi oliqarxlar dairəsi mövcuddur. Məsələn,
bu sırada "Şaxtyor" futbol klubunun sahibi Rinat Axmetovun,
"Forbes" jurnalının son açıqlamasına görə, olkənin beşinci
milyarderi (1,8 milyardlıq sərvətlə) olan Pyotr Poroşenkonun və
digər sahibkarların adını çəkmək olar. Onlar hazırkı situasiyada
prezidentin, yoxsa müxalifətin yanındadırlar? Axı, onlar ölkədəki
siyasi psoseslərə ciddi təsir etmək imkanlarına
malikdirlər...
- Rinat Axmetov olduqca təcrübəli insandır və onun mövqeyini
anlamaq çətindir. Poroşenkoya gəlincə, son günlər o, Avropaya
meyilli fikirlər səsləndirməyə başlayıb. Sahibi olduğu "5-ci kanal"
meydandan birbaşa yayımlar edir. Bunu müxalifətə dəstək kimi də
başa düşmək olar. Amma unutmayaq ki, oliqarxlar bir qayda olaraq
həmişə hakimiyyətləri dəstəkləyiblər.
Rusiya Krımı ala bilər
- Siz Krımda yaşayırsınız və məlumdur ki, krım tatarları
Rusiyanın bu regionda nüfuzunun artmasından əndişələnir. Buna səbəb
nədir?
- Ən vacib səbəb ondan ibarətdir ki, Rusiya siyasətçiləri - bura
Roqozini, əlbəttə Jirinovskini və digərlərini aid etmək olar –
zaman-zaman Krımın Ukraynaya qeyri-qanuni yolla verildiyi, Krımın
Rusiyanın ayrılmaz bir hissəsi olduğu barədə radikal fikirlər
səsləndirirlər. Təbii ki, böyük sürgündən doğma yurdlarına qayıdan
Krım tatarları bundan çox ehtiyat edirlər. Onların qənaətinə görə,
Rusiya Ukraynanın hazırkı vəziyyətindən istifadə edərək, Krımı ala
bilər. Əgər Krım Rusiyanın idarəçiliyinə keçərsə, Krım tatarlarının
doğma yurdlarında öz dövlətlərini qurmaq perspektivləri sıfıra
enəcək. Ən vacib məsələlərdən biri budur.
- Ukraynanın tərkibində necə, bu şanslar
böyükdürmü?
- Bunu qeyd etməyim və vurğulamağım vacibdir – Ukrayna Krım
tatarlarının doğma yurdlarına qayıtmasına ciddi maliyyə dəstəyi
göstərib.
Krım tatarları ümidlərini müxalifətlə
bağlayırlar
- Maraqlıdır, belə olan təqdirdə Krım tatarları
iqtidarın, yoxsa müxalifətin mövqeyini dəstəkləyir?
- Buna yalnız belə cavab vermək olar: onlara daha çox müxalifət
vəd verib. İtirilmiş hüquqlarının bərpası ümidlərini daha çox
müxalifətlə bağlayırlar.
- Krımda vəziyyət necədir: aksiyalar keçirilirmi, yoxsa
paytaxt Kiyevə üz tuturlar?
- Krımda da zaman-zaman aksiyalar keçirilir, rusiyameyillilərin
də mitinqləri olur. Diqqətə çatdırım ki, Krım parlamentinin
rəhbərliyi yerlərdə daha çox Rusiyanın mövqeyini
dəstəkləyirlər.
- Rəhim bəy, bəllidir ki, Ukraynada yetərincə soydaşımız
yaşayır. Azərbaycanlıların vəziyyətini anladardınız. İndiki
proseslərdə onlara qarşı hər hansı təzyiqlər varmı? Xəsarət alan
olubmu?
- Məndə olan məlumata görə, bu günə kimi azərbaycanlılar
arasında xəsarət alan olmayıb. Ümid edirik ki, olmayacaq da. Bizim
hesablamalarımızda burada 400-500 minə yaxın azərbaycanlının
yaşadığı müəyyənləşib. Onların bəziləri meydan aktivistlərini,
digərləri isə iqtidarı müdafiə edirlər. Seçimlərində
azaddırlar.
Ukraynanı bütöv, çiçəklənən ölkə kimi görmək
istərdik
- Bəs diaspor təşkilatlarımız hansı
mövqedədirlər?
- Bunu xüsusi qeyd etmək istərdim: biz azərbaycanlılar
Azərbaycana dost olan Ukraynanı bütöv, çiçəklənən ölkə kimi görmək
istərdik. Meydandakı hadisələrin qanlı olaylara çevrilməməsi ən
böyük arzumuzdur. Maraqlıyıq ki, bu siyasi böhran tezliklə öz
həllini tapsın.
- Ukraynanın ikiyə bölünməsi nə qədər
realdır?
- Fikrimcə bu, real deyil. Çünki Ukrayna Avropanın ən böyük
ölkələrindən olmaqla onun bütövlüyünə həm Rusiya, həm ABŞ, həm də
beynəlxalq qurumlar qarant verib. Yadınızdadırsa, Ukrayna
müstəqilliyini elan edəndən sonra nüvə silahından imtina etdi və öz
toxunulmazlığı haqqında sadaladığım tərəflərdən zəmanət aldı.