Sammitin keçirildiyi
Antalyanın Bələk bölgəsində ciddi təhlükəsizlik tədbirləri təşkil
edilib.
Axar.az xəbər verir ki, bu barədə hazırda Antalyada G20
sammitində Azərbaycanı ekspert kimi təmsil edəcək İqtisadi və
Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov məlumat
verib.
İqtisadçı alim Beyin İyirmiliyi (T20) sammitinin noyabrın 13-dən
işə başladığını bildirib:
"Böyük İyirmiliyin (G20) sammitində iştirak etmək üçün artıq
dünyanın aparıcı liderləri Türkiyənin Antalya şəhərinə
gəlməkdədirlər. Azərbaycan Prezidenti İlham Əliyevin Antalyaya
noyabrın 14-də gələcəyi gözlənilir. Sammit ərəfəsində nəşr edilən
və dünyanın aparıcı liderləri də daxil olmaqla iştirakçılar
arasında yayımlanan G20 dərgisində İlham Əliyevin "Ümumi
strategiyanın formalaşdırılması" başlıqlı məqaləsi də dərc edilib.
Qürurverici haldır ki, Azərbaycan prezidentinin məqaləsi dərginin
əsas yazılarından biri kimi buraxılışın ön səhifələrində
yerləşdirilib. Məqalədə ölkəmizin müstəqillik illərində keçdiyi
yol, iqtisadiyyatın diversifikasiyası ilə bağlı məqamlar ilə
yanaşı, multikulturalizm kimi digər vacib məsələlər də öz əksini
tapıb.
Azərbaycanda həyata keçirilən islahatlar ilə yanaşı, dövlət
başçısı Antalya G20 liderlər sammiti konteksində qlobal məsələlər
ilə bağlı öz fikirlərini bölüşüb".
İqtisadçı sammitdə dünyanın
aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə yanaşı, hökumət və
biznes təmsilçilərinin də iştirak etdiyini bildirib:
"Sammit dünya iqtisadiyyatındakı mövcud durumun
qiymətləndirilməsi ilə bağlı liderlər üçün xüsusi təkliflər paketi
də hazırlayacaq. Antalyada bu istiqamətdə müzakirələr davam edir.
Müzakirələr sabah bütün dünya liderləri Antalyaya gələnədək
yekunlaşacaq. Bütövlükdə, sammitin heç də asan keçməyəcəyi
gözlənilir. Qlobal iqtisadi geriləmə, enerji resurslarının
qiymətindəki azalma və Rusiyaya qarşı tətbiq edilən sanskiyalar
fonunda dünyanın siyası və iqtisadi xəritəsi heç də aydın görünmür.
Bu, artıq burada təşkil edilən ilkin müzakirələrdə hiss
edilməkdədir.
Sammitin keçirildiyi bölgədə ciddi təhlükəsizlik tədbirləri
təşkil edilib. Hava məkanında daimi olaraq helikopterlərin ucuşu
müşahidə edilir. Bələk bölgəsinə giriş və çıxış ciddi şəkildə
məhdudlaşdırıb. Təhlükəsizlik yalnız Türkiyə deyil, eyni zamanda,
digər aparıcı ölkələrin təhlükəsizlik qüvvələri tərəfindən də
qorunur. Artıq liderlərin qalacağı otellər və tədbirin keçiriləcəyi
məkan bəllidir. Bütün yollar müxtəlif ölkələrdən olan təhlükəsizlik
qüvvələrinin əməkdaşları tərəfindən nəzarətdə saxlanılır".