YAP icra katibinin müavini, Milli Məclisdə yeni
yaradılan İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzov Yeni
Müsavat-a geniş müsahibə verib.
Xəzərdə baş verən faciəvi hadisə, Nardaran olayları, qanunların
sərtləşdirilməsi, "MTN işi", parlament partiyalarının narazılıqları
və digər mövzulardan bəhs edən söhbəti təqdim edirik:
- Siyavuş bəy, 4 dekabrda "Günəşli"də baş verən
hadisənin təxribat olması barədə məlumatlar getdikcə artır. Bu
barədə siz nə deyə bilərsiniz?
- Bu, təbii fəlakətdir. Mən də bəzi mətbuat orqanlarında görürəm
ki, ayrı-ayrı siyasətçilər, daha doğrusu, siyasətbazlar
qızışdırmağa çalışırlar, hardasa nöqsan axtarmağa çalışırlar. Bu,
təbii fəlakətdir, olan hadisədir. Allah ölənlərə rəhmət eləsin!
Tapılmayanlar tapılsın, sağ-salamat qayıtsınlar! Ekspertlərin
rəylərindən də görünür ki, çox güclü qasırğanın nəticəsi olaraq
belə bir faciə baş verib. Dünyanın hər yerində belə hadisələr olur.
Ən yüksək texnologiyaya malik olan Yaponiyada sunami 30 minə yaxın
insanın həyatına son qoydu, nə qədər şəhərlər, hətta AES dağıldı.
Təbii fəlakət gözlənilməz bir şeydir və bunun qarşısının alınması
da çox çətin məsələdir. Məsələn, işi 9 bal gücünə hesablayırsan,
görürsən 11 bal oldu. Yəni insan hələ təbii hadisələrə tam hazır
deyil.
- Təbiətdən kənarda günahkar yoxmu? Yəni ən azı insan
itkilərinin sayını azaltmaq mümkün deyilmi?
- Məlumatlardan siz də şahidsiniz ki, bütün aidiyyəti orqanlar
gecəli-gündüzlü bu işlə məşğul olub, lakin xilas etməyə imkan
olmayıb.
- Bəs, fəlakətə qədər necə? Hava proqnozu
açıqlanmışdı...
- Fəlakətə qədər kim gözləyirdi ki, burada qaz partlayışı olacaq
və yanğın baş verəcək. Estakada orda qurulub və orda həm insanların
yaşaması üçün yer var, həm də işləməsi üçün. Heç kəs gözləmirdi ki,
qaz birdən partlayacaq və insanları xilas etmək gündəmə gələcək.
Xəzər dənizi küləkli dənizdir və burda hadisələr ola bilər. Yenə
deyirəm, bu, təbii fəlakətdir.
- Belə fikirlər də var ki, bp-nin çalışdığı platformada
vəziyyət tamam fərqli imiş...
- Elə bir neçə il bundan qabaq bp-nin Sakit okeanda tankerləri
dağıldı, boruları partladı, şirkət sahilyanı ölkələrə 50 milyarddan
artıq kompensasiya ödədi. Yəni bp-nin özündə də belə hallar baş
verir. Bu, təbii fəlakətdir, olmamalıydı, olub. Cəmiyyətimiz düzgün
başa düşməlidir. O insanların yaxınlarının ürəyində şübhə
yaradılmamalıdır. Dövlət tərəfindən də lazımi addımlar atılır.
Onların həm kompensasiya məsələsi, həm sığortası həllini tapır.
Təbii ki, insan itkisini heç nə ilə ödəmək mümkün deyir. Bütövlükdə
xalqımız üçün bir fəlakətdir.
- Xarici amil, təxribat məsələsi
araşdırılacaqmı?
- Bunu aidiyyəti strukturlar araşdırır. Ancaq verilən
məlumatlarda isə göstərilir ki, bu, sırf qasırğa nəticəsində baş
verib. Yəni bu, hər hansı partlayış, atəş zərbəsindən, yaxud
qurğudan baş verən hadisə deyil. Təbii ki, bu, hələ
söndürülməlidir, demontaj olunmalıdır, ondan sonra bu məsələlər
daha dəqiq şəkildə araşdırılacaq.
- YAP rəhbərliyi doğmalarını itirən ailələrə baş
çəkibmi?
- Başsağlığı vermişik. Partiyanın sədr müavini, Baş nazirin
müavini Əli Əhmədov xəstəxanada oldu, ziyan çəkənlərlə görüşdü.
Bizim yerli təşkilatlara da tapşırıqlar vermişik, çünki bir çoxları
rayonlardadır. Biz də bu prosesdə yaxından iştirak edirik.
- Nisbətən arxa plana keçən Nardaran hadisələrindən
sonra qanunlar xeyli sərtləşdirildi...
- Yox, bəzən qanunların qəbul olunmasını belə izah edirlər ki,
guya bu, Nardaranla bağlıdır. Ancaq belə bir şey yoxdur. Belə bir
qanunun qəbuluna çoxdan zərurət var idi. Özü də bu, tək İslam
dininə qarşı deyil, ümumilikdə dini ekstremizmə qarşıdır. Hətta
həmkarlarım da təklif etdi və biz gələcəkdə biz buna da baxacağıq.
Ekstremizmin müxtəlif növləri var, onların da qanunda əksini
tapmasını gündəmə gətirəcəyik. Amma bu gün dövlət quruluşunun
dəyişdirilməsinə cəhd edənlərdən, ayrı-ayrı ölkələrdəki silahlı
birləşmələrdə iştirak edənlərdən söhbət gedir... Dəqiqləşdirilməmiş
məlumata görə, Azərbaycandan təqribən min nəfər ayrı-ayrı dini
qrupların tərkibində silahlı dəstələrə qoşulub.
- Ancaq görünən budur ki, qanunların sərtləşdirilməsi də
onların yolunu kəsmir. Hətta bu günlərdə Türkiyədə İŞİD-ə qoşulmaq
istəyən daha 17 azərbaycanlı tutuldu...
- Hər halda biz çalışırıq. Hətta qanunlar o qədər sərtləşib ki,
bu, vətəndaşların itirilməsinə qədər gətirib çıxara bilər.
- Deyək ki, vətəndaşlığını itirdilər, onların sonrakı
taleyi necə olacaq?
- Sonrakı taleyini artıq o özü müəyyənləşdirməlidir. Birinci
növbədə onların törətdiyi hər hansı əmələ görə məsuliyyətə cəlb
olunmasından söhbət gedir. Tutaq ki, ona 15 il cəza verilirsə,
deməli söhbət vətəndaşlıq məsələsindən söhbət getmir. Yəni
vətəndaşlığın itirilməsi lap son həddir. Bunun törətdiyi əməl o
qədər ağır olmalıdır ki, cəza ilə yanaşı vətəndaşlığını itirməsi də
baş versin. Cinayət Məcəlləsində də bu məsələlər
sərtləşdirilib.
- ADP sədri Sərdar Cəlaloğlu Qafqaz Müsəlmanları
İdarəsinin ləğvi təklif edib. Komitə sədri olaraq bu məsələyə
yanaşmanız necədir?
- Mən bununla razı deyiləm. Qafqaz Müsəlmanları İdarəsi
Azərbaycanda ta qədimdən fəaliyyət göstərir və istər Ali Dini
Şurada, istər Qazilər Şurasında kifayət qədər samballı insanlar
toplaşıb. Tək Azərbaycanda demirəm, başqa ölkələrdə də Azərbaycanın
bütün şeyxülislamları və indiki Şeyximiz böyük hörmətə və diqqətə
layiqdir. Azərbaycanın maraqları çərçivəsində addımlar atır, lazım
olan məsələləri qaldırır.
- Hesab olunur ki, xaricdə dini təhsil alanlara qoyulan
qadağa Şeyxə də şamil olunmalıdır. Sizin arqumentiniz
necədir?
- Keçmişdə sovetlər birliyi vahid ölkə idi və vahid vətəndaşlıq
sənədinə malik idik. Biz onda bir ölkənin vətəndaşıydıq, Sovet
İttifaqının. Həm də qanunun geriyə qüvvəsi yoxdur. Buna görə də
məsələ Şeyxə şamil oluna bilməz. Digər tərəfdən də o, çox yaxşı
işlər aparır. Biz əksinə, ona kömək etməliyik, nəinki idarənin
ləğvinə çalışmalıyıq. İstər məscidlərdə, istər ayrı-ayrı dini
icmaların rəhbərləri bu gün Şeyxin və İdarənin tövsiyələrini yerinə
yetirir. Biz ona daha çox kömək etməliyik ki, ənənələrimizə uyğun
olmayan dini cərəyanlar, yaxud dini ekstremizmlə məşğul olan
qüvvələr bura daxil olmasın.
- Məlumata görə, artıq bu həbslər siyasi müxalifətə
istiqamətlənib. AXCP sədrinin müavininin həbsi də bununla
əlaqələndirilir...
- Bununla bağlı aparılan istintaq özü bu haqda geniş məlumat
verəcək. Mən də baxıram ki, hər kəs öz rəyini söyləyir. Amma
konkret fikri və orda baş verənlərlə bağlı hüquq mühafizə orqanları
vaxtaşırı məlumat yayır.
- Sabiq nazir Eldar Mahmudovun tabeçiliyində işləmiş
şəxslər həbs edildiyi halda, özünün sərbəst buraxılması da son
vaxtlar əsas suallardandır...
- Bununla bağlı da hüquq mühafizə orqanları şərh verə bilər.
- Parlament müzakirələrində həmkarlarınız Milli Məclisin
hətta komitə rəhbərliyində onlara təmsilçilik hüququnun
verilməməsindən şikayətləniblər. Partiya sədrlərinin iradları ilə
razısınızmı?
- Bizim parlamentin daxili nizamnaməsinə uyğun olaraq fraksiya
azı 25 nəfəri təmsil etməlidir. Hazırda YAP 71, bitərəflər 41
nəfərlə təmsil olunur. Yerdə qalan siyasi partiyalar da 1-2 nəfərlə
parlamentdə təmsil olunur. Dünyanın heç yerində bu cür təmsilçiliyə
nə komitə sədliyi, nə sədr müavinliyi verilmir. Orda müxalifət də
yekcins deyil. Bir müxalifət partiyası da digərini qəbul etmir. Elə
qardaş Türkiyəni götürək, AKP var, ondan sonra CHP, yaxud MHP-nin
kifayət sayda üzvləri var və fraksiya təşkil edirlər. Ancaq bizdə
partiya sədri millət vəkili seçilib, artıq onun geniş fraksiyası
yoxdur ki, bölgülərdə də nəzərə alınsın. Bu gün parlamentdə iki
fraksiya var və hər ikisi vəzifədə təmsil olunub. Yəni sədr
müavinlərindən biri bitərəflərdəndir, o cümlədən komitə
rəhbərlərindən bir neçəsi onları təmsil edir.
- Deputatlar nazirlərdən də şikayətçidir. Nazirlər
şəxsən sizin telefonlarınıza cavab verirlərmi?
- Nazirlər şəxsən mənim telefonuma cavab verirlər. Burda da
obyektiv və subyektiv səbəblər var. Təbii ki, hər insan müraciətə
cavab verməlidir, bu, onun bilavasitə vəzifə borcudur. Cənab
prezident də dəfələrlə bununla əlaqədar tapşırıqlar verib ki,
dövlət vəzifəsi daşıyan şəxs xalqa xidmət etməlidir. Bu vəzifə ona
verilib ki, xalqa xidmət etsin, qaçıb xalqdan gizlənməsin.
Nazirlərin regionlara səfəri, qəbullar keçirməsi də xalqa
xidmətdir. Bu yaxınlarda statistika ilə tanış oldum, bu qəbullar
təxminən 80 faiz müraciətlərin azalmasına səbəb olub. O baxımdan
məhz deputatların da müraciətlərinə təbii ki, baxılmalıdır. Digər
tərəfdən deputat da müraciət edəndə sırf seçicisini maraqlandıran,
yaxud təmsil etdiyi regionla bağlı olan müraciət etməlidir. Yoxsa
kimisə işə düzəltmək, kimisə işdən çıxartmaq, başqa problemlərin
həll etməklə bağlı müraciət etmək olmaz. Onda hər iki tərəf
qarşılıqlı halda bir-birini daha yaxşı başa düşər.
- Yeri gəlmişkən, baş nazirin 1-ci müavini Abid
Şərifovun taleyindən xəbəriniz varmı?
- Məlumatım yoxdur. Cənab prezident hazırda Çin Xalq
Respublikasında rəsmi səfərdədir. Yəqin ki, bir aydınlıq olar.
- Daha bir neçə nazirin vəzifədən azad olunacağı, hətta
həbs ediləcəyi xəbəri yayılmaqdadır.
- Şayiələr yayılır. Hər gün oxuyuram ki, filankəs işə çıxmadı,
bəhmankəsi artıq tutublar... Bu yaxınlarda AXCP-nin sədr müavini də
facebook səhifəsində dövlət əleyhinə çağırışlarla və milli, dini
ayrıseçkiliklə bağlı yazılara görə məsuliyyətə cəlb olunub,
araşdırma gedir. Dəfələrlə deyilib ki, bu cür hallar olmasın, bu
cür çağırışlar qanunla qadağandır, olmaz! Ancaq buna əhəmiyyət
verilmir. Bəziləri qəsdən bunu edir ki, polulyarlaşsın. Hansısa
səbəblərə görə belələri qanunun tələblərinə əməl etmir.
Dövlət sirlərinin, hərbi sirlərin yayılmasına yol vermək olmaz!
Elə son hadisə vaxtı "ölü qurum" var, Milli Şura adında, onun
rəhbərləri qızışdırıcı mövqedən çıxış etməyə başladılar. Yəni
insanlara təskinlik verməkdənsə, qızışdırıcı mövqedən çıxış
etdilər, insanları dövlət əleyhinə yönəltməyə çalışırlar.
Məsələn, oxuyuram ki, neftin qiymətinin aşağı düşməsinə görə
bunların sevincinin həddi-hüdudu yoxdur. Neftin qiyməti olanda
bundan Azərbaycan xalqının xeyrinə istifadə olunurdu da. Yeni
obyektlər, məktəblər tikilir, iş yerləri açılır, yollar, körpülər
salınır. Tikilən məktəbdə bütün Azərbaycan xalqının uşaqları
oxuyur, təkcə YAP-ın, yaxud iqtidarın uşaqları deyil ki.
O parkda hamı istirahət edir, o cümlədən müxalifətçilər də.
Çəkilən yaxşı yolla onlar da hərəkət edirlər. Ancaq görürsən ki,
sevinclərinin həddi-hüdudu yoxdur ki, neftin qiyməti düşəcək,
Azərbaycanda krizis yaranacaq. Bu krizis bütün xalqın əleyhinə
olacaq. Görünür ki, bunların əməlləri ondan ibarətdir ki, nə
olur-olsun Azərbaycana ziyan dəysin. Elə bilirlər ki, ölkəyə ziyan
dəyəndə bunlar Azərbaycanda hakimiyyətə gələcəklər. Bunlar hamısı
xülyadır.