Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu M.Ə.
Rəsulzadənin anadan olmasının 130 illiyində biz də onun həyat və
fəaliyyətini araşdıran Nəsiman Yaqublu ilə görüşüb bu böyük
şəxsiyyət haqqında tədqiqatçının fikirlərini aldıq.
Dövrümüzün iş adamları mənə yadplanetliləri
xatırladır
- Məhəmməd Əmin Rəsulzadənin 130 illiyidir. Bir
tədqiqatçı kimi bu tədbirlərin səviyyəsi sizi qane
edirmi?
- Ötən illərlə müqayisədə irəliləyiş var. Çünki ötən illərdə bu
cür geniş və çoxsaylı tədbirlər olmurdu. Bu il həm də fərqli olan
odur ki, dövlət qurumları bu tədbirlərə tədqiqatçıları cəlb etməyə
çalışır. Buna görə məncə, irəliləyiş var.
- M.Ə.Rəsulzadənin ensiklopediyasını hazırlayıb dərc
etdirmisiniz. Bunu özünüz etmisiniz, yoxsa hansısa dövlət qurumu
tərərfindən sifariş verilmişdi?
- Yox, bu mənim şəxsi təşəbbüsümdür və heç bir maddi dəstək
almadım. Ensiklopediyanın dərc olunmasına isə bəzi dostlar yardım
etdi.
- Bununla bağlı kimlərə və ya hansısa dövlət qurumuna
müraciət etmişdiniz?
- Yox, heç kimə müraciət etmədim. Özüm başladım araşdırmağa,
çünki bilirdim ki, kiməsə desəm də, heç bir kömək olmayacaq. Mən bu
kitabları yazarkən kiməsə ümid bəsləməmişəm. Düşünmüşəm ki, bu
mənim işimdir və hər şeyi də özüm etmək istəmişəm. İndiyədək bir
neçə tarixi kitab yazmışam. Hər biri də ölkə tarixində ilk dəfə
olaraq yazılan kitablardır. Məsələn, Azərbaycan legionerlərindən
bəhs edən kitabı yazanda bir neçə dövlət orqanına kitabın əleyhinə
teleqram vurdular. M.Ə.Rəsulzadəyə aid ilk kitabım çıxanda o zaman
Ali Sovetin iclasında mənim əleyhimə danışıldı ki, guya mən faşizmi
təbliğ edən adam haqqında kitab yazmışam. Amma mən bunları normal
qarşılayırdım.
- Dediniz ki, hər bir xalq öz tarixini öyrənməlidir. Bəs
xalq Rəsulzadə irsi barədə məlumatlıdırmı, gördüyünüz bütün bu
işlərə sadə insanların reaksiyası necədir? İnsanlar bu mövzuya
sponsorluq edərkən həvəsli olurlarmı?
- İndiki iş adamlarının çoxu prinsipsizdir. Onlarda 20-ci əsrin
iş adamlarındakı kimi sədaqət yoxdur. Keçmişdəki xeyriyyəçilər
qazanclarının bir hissəsini millətin maariflənməsinə xərcləyirdi. O
zamanın milyonçuları o işləri gördüyünə görə onları belə hörmətlə
xatırlayırıq. Amma çağımızın iş adamları mənə yadplanetliləri
xatırladır. Onlar üçün ancaq qazanc var. Heç bir mənəvi dəyər
yoxdur. Çox adam, imkanları olanlar mənə deyir ki, halaldı sənə,
böyük fədakarlıqlar edirsən. Amma indiyədək biri mənə deməyib ki,
gəl, sənin bir kitabının ingilis, rus dilinə tərcüməsinə kömək
edim. Amma indi mən öz imkanlarım daxilində dediyiniz
ensiklopediyanı rus, ingilis dilinə tərcümə etdirib dərc
edəcəyəm.
- Bilirik ki, dünyanı müxtəlif kitabxanalarında
Rəsulzadənin kitabları var. Onlar necə, qorunub saxlanılırmı,
yenilənibmi Azərbaycan tərəfindən, yoxsa əski
vəziyyətdədirlər?
- Yox, heç biri yenilənməyib. Amma kitabxanalarda onlar çox
yaxşı qorunub saxlanılır. Polşada, Almaniya, Türkiyədə...
O, Azərbaycan adının ekvivalentidir
- Moskvada və Türkiyədə də tədbirlər olacaq... Bunları
kim təşkil edir?
- Rusiyadakı tədbir şəxsi təşəbbüsdür. Orada yaşayan həmyerlimiz
Fizuli Fərəcov "M.Ə.Rəsulzadə məclisi" yaradıb və Moskvada,
Rusiyada onun irsini təbliğ edir. O, orada bütün diaspor
təşkilatlarını cəmləyib. Məni də məhz o dəvət edib. Türkiyədəki
tədbirisə səfirlik xətti ilə reallaşdırırlar. Bütün bunlar
yaxşıdır, amma Rəsulzadə irsi xalqın mədəniyyəti, mənəviyyatı ilə
bağlı olan bir sahə olduğundan daha çox təbliğ olunmalıdır. O,
Azərbaycan adının ekvivalentidir. Bizim Konstitusiyamızda da
yazılıb ki, Azərbaycan dövləti 1918-ci ildə qurulmuş Demokratik
Cümhuriyyətin varisidir. Demək ki, indiki dövlət Rəsulzadənin
varisidir. Biz ölkəmiz haqqında nə düşünürüksə, eynən onun haqqında
da elə düşünməliyik.
- Eynən o illərdə Qazaxıstanda Rəsulzadə kimi mücadilə
aparmış, mühacirət etməyə məcbur olmuş Mustafa Çokay haqqında filmə
baxdım. Filmə baxdıqca sanki Rəsulzadə və onun silahdaşlarının
taleyini izləyirdim və düşünürdüm ki, niyə bizdə məhz belə bir film
çəkilmir? Belə bir təşəbbüs varmı?
- O filmin çəkilişində mənim də köməkliyim olub.
- Yəqin ki, Çokayın Bakıya gəlməsi, burda qalması ilə
bağlı səhnələrin çəkilişində iştirak etmisiniz?!
- Hə, elədir, Mustafa Çokay Bakıda da iki ay qalıb. Dediyiniz
filmə Qazaxıstan dövləti böyük vəsait ayırıb. Bu, Azərbaycanda
ciddi problemdir, tariximizin və Cümhuriyyətin tarixi haqqında heç
bir film yoxdur. Amma həmin dövrün şəxsiyyətlərindən hər biri
ayrı-ayrılıqda bir ssenarinin mövzusudur.
Bu sahədə ən geridə qalanı bizik...
- Siz kitablar yazırsınız, bunlar çox gözəl, amma etiraf
edək ki, bir film, on kitabdan daha təsirlidir...
- Bəli, film insanların həyatına daha tez girə bilir. Məsələn,
Rusiya böyük məbləğ ayırdı və onlar özlərinin 20-ci əsr tarixini
çəkdilər. Qazaxıstan həmçinin... Baltikayanı dövlətlər, Ukrayna,
hətta gürcülər belə çəkib. Bu sahədə ən geridə qalanı bizik. Biz
çox şey itiririk, o dövrün insanlarını, tarixi şəxsləri görmüş
insanların çoxu artıq dünyadan köçüb gedir. Məsələn, Məhəmməd
Kəngərli o dövrün bir sirli və canlı sənədi idi. Onun filmdə
görüntüsü nə qədər əhəmiyyətli ola bilərdi. Onlar özləri ilə nə
tarixlər aparır?!. Əli bəy Hüseynzadənin qızı 92 yaşında, Vəli bəy
Yadıgarın qızı 95 yaşında, Qədir Süleymanoğlu, Bəşir Gəncəçay və
başqaları artıq hər biri 90 yaşlarını ötüb. Bunlar bizim canlı
tariximizdir. Onların bildiklərindən faydalana bilərik. Mən ən çox
Məhəmməd Kəngərlidən öyrəndim. Əvvəl ehtiyat edirdi ki, birdən mən
də "KQB"nin adamı olaram, dedi ki, səni qoy bir araşdırım, ondan
sonra qəbul edəcəyəm. O zaman insanların hamısı ehtiyat edirdilər,
əllərində olan sənədləri belə vermirdilər ki, birdən
itirib-batırarsınız.
- Ankarada qəbiristanlıqda addımlayırsan və qarşına
oradakı məzarlardan fərqlənməyən bir məzar çıxır: Rəsulzadənin
məzarı. Bir az baxımsız, bir az kimsəsiz... Niyə Rəsulzadə və onun
silahdaşlarının məzarları ölkəyə gətirilmir? Axı bizim belə bir
ənənəmiz var...
- Təkcə Rəsulzadənin deyil, Topçubaşov Fransada, Fətəli Xan
Xoylu, Həsən bəy Ağayev Gürcüstanda, Əli bəy Hüseynzadə İstanbulda
və.s. Bu gün bizdə quruculardan birinin belə məzarı yoxdur ki,
aparıb gül qoya, bununla da bir rahatlıq tapasan... M.Ə.Rəsulzadəyə
gəlincə, təbii ki, Türkiyə də yad bir ölkə deyil. Amma o məzar
Azərbaycana aiddir və mütləq Azərbaycana da gətirilməlidir. Mən
bununla bağlı dəfələrlə təşəbbüslə çıxış etmişəm. Amma rəsmi cavab
yoxdur.
Bu faciə müasir formada oynanılmaqdadır
- M.Ə. Rəsulzadə deyəndə ilk olaraq bir siyasətçinin
obrazını görürük təbii, amma Rəsulzadə həm də bir ədəbi irs qoyub
gedib. Məsələn, mən "Əsrimizin Siyavuşu"nu oxuyanda düşünürdüm ki,
Azərbaycan-Siyavuş nə zaman rahatlıq tapacaq?! Sizcə, Azərbaycan
hələ də əsrin Siyavuşu olaraq qalırmı?
- Düzdür, o həm də gözəl ədəbiyyatçı, tərcüməçi olub. "Əsrimizin
Siyavuşu"na gəlincə, təbii ki, bu faciə müasir formada
oynanmaqdadır. Amma biz bunların daha da müasir formada oynanmaması
üçün öz milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Biz tariximizi
öyrənməklə bir növ özümüzü sığortalayırıq. Qısası, Rəsulzadəni
öyrənməklə əsrin Siyavuşunu yaşatmalıyıq. Bu faciənin növbəti
qurbanlarına çevrilməmək üçün bu irsi öyrənməliyik. Əli Bəy
Hüseynzadənin, böyük turançının məzarı üstünə "dəri üzrə
mütəxəssis" yazılıbsa və bu yanlış hələ də aradan qaldırılmayıbsa,
əlbəttə ki, Siyavuş narahat olacaq... Topçubaşov öz evində işıq
pulunu verə bilməyib, şam işığında yazıb, yenə də Azərbaycan
uğrunda mübarizə aparırsa və biz onun məzarını hələ də ölkəsinə
gətirməmişiksə, demək Səyavuş narahat olacaq.
- Nəsiman bəy, insanın ömrünü nəyə və kimə xərcləməsi
böyük əhəmiyyət daşıyır və siz də nə xoş ki, həyatınızı məhz belə
bir insana, Rəsulzadəyə həsr etmisiniz...
- Düzdür, mən bundan çox məmnunam və ömrümü də buna
xərclədiyimdən qürurluyam. Sizə bir xatirə danışım. Bir dəfə
Ankarada arxivlərdə araşdırma ediridm, toz, işin gərginliyi məni
yormuşdu, o zaman gənc idim, bir az da hövsələsizdim. Birdən əlimə
bir məktub keçdi, Krım Türk Respublikasının yaradıcılarından biri
Seyid Cəfər Krımlı Rəsulzadəyə 70 illik münasibətilə yazıbmış.
Təsəvvür edin, məktubda yazılmışdı ki, Emin bəy, (onlar Emin deyib)
gün gələcək sizin həyatınızı araşdıran bir gənc olacaq. O sizin
həyat səhifələrinizi araşdırdıqca, özünə deyəcək ki, nə mutlu mənə
ki, bu yaşamağa dəyər səhifələri canlandırıram".
- Nə qəribə təsadüf və yəqin ki, o gənc
sizsiniz...
- Bilmirəm, amma mən indi o sözləri özüm-özümə deyirəm.