ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer
Smit dekabrın 17-də qanunverici orqana "Azərbaycan demokratiya aktı
2015" adlı layihə təqdim edib.
Axar.az-ın məlumatına görə, layihədə Birləşmiş Ştatların
Azərbaycanla münasibətlərə yenidən baxması, insan haqları sahəsində
vəziyyətlə bağlı Azərbaycanın rəsmi şəxslərinə viza sanksiyalarının
tətbiqi və digər müddəalar yer alıb. Açıq şəkildə antiazərbaycan
xarakteri daşıyan layihə rəsmi Bakı tərəfindən kəskin etirazla
qarşılanıb.
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin sədr müavini, "Azərbaycan Respublikasının Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə
Heyətinin üzvü Rövşən Rzayev Smitin antiazərbaycan qətnaməsi
layihəsinə qarşı qanunverici təşəbbüslə çıxış edib. Azərbaycanlı
parlamentarinin hazırladığı və Milli Məclisin qərarı kimi qəbul
olunması nəzərdə tutulan layihə "ABŞ-da insan hüquqlarının
vəziyyəti haqqında" adlanır. Qərar layihəsinin ilkin müzakirəsinin
Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası
Əlaqələr və İnsan Hüquqları komitələrinin birgə iclasında
aparılması nəzərdə tutulur. Layihədə müstəqillik illərində
Azərbaycanın xüsusən də Amerika Birləşmiş Ştatlarının müxtəlif
qurumlarının ayrı-ayrı vaxtlarda nümayiş etdirdiyi ikili
standartları ilə üz-üzə qaldığı vurğulanır. Qeyd edilir ki, bu
qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı
da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və
xarici siyasətinə müdaxilə etməyə cəhd göstərirlər.
Xatırladılır ki, dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı
hesabatlar hazırlayan ABŞ-ın özü hər vəchlə insan hüquqları ilə
bağlı əsas beynəlxalq müqavilələrə qoşulmaqdan yayınır. ABŞ indiyə
qədər BMT-nin insan haqlarına dair 14 əsas sənədindən yalnız 4-nü
ratifikasiya edib. ABŞ hazırda "Uşaq hüquqlarına dair" Konvensiyaya
qoşulmayan iki dövlətdən (ABŞ və Somali) biridir.
Layihədə ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik
sahəsində əməkdaşlığa son qoyulması, İSAF çərçivəsində
Əfqanıstandakı əməliyyatlarda iştirakın dayandırılması, ABŞ-ın
hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən daşınması
və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi qadağan
olunması, ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri
çağırılması ilə bağlı müvafiq prosedurlara başlanmasına çağırış
edilir.
"ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında"
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI
1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan
Respublikası BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası
və digər beynəlxalq təşkilatlara üzv olmuş, bütün ölkələrlə
bərabərhüquqlu münasibətlər qurmağa çalışmışdır. Bu gün Azərbaycan
dünya birliyində layiqli yer tutan, regiondakı proseslərə həlledici
təsir göstərən dövlətlərdən biridir. Lakin, təəssüf ki, müstəqillik
illərində Azərbaycan Respublikası bir sıra ölkələrin, xüsusən də
Amerika Birləşmiş Ştatlarının müxtəlif qurumlarının ayrı-ayrı
vaxtlarda nümayiş etdirdiyi ikili standartları ilə üz-üzə qalıb. Bu
qurumlar müstəqil siyasət yürüdən digər dövlətlər kimi, Azərbaycanı
da öz təsiri altında saxlamağa, müxtəlif üsullarla onun daxili və
xarici siyasətinə müdaxilə etməyə cəhd göstərirlər. Belə üsullardan
biri də insan hüquqları və demokratiya kimi məsələlərdə qərəzli və
birtərəfli mövqe tutaraq, ölkəni daim təzyiq altında
saxlamaqdır.
Mütəmadi olaraq dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı
hesabatlar hazırlayan ABŞ-ın özü hər vəhclə insan hüquqları ilə
bağlı əsas beynəlxalq müqavilələrə qoşulmaqdan yayınır. ABŞ indiyə
qədər BMT-nin insan haqlarına dair 14 əsas sənədindən yalnız 4-nü
ratifikasiya edib. ABŞ hazırda "Uşaq hüquqlarına dair" Konvensiyaya
qoşulmayan iki dövlətdən (ABŞ və Somali) biridir.
Son illər ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik, ksenofobiya
və islamafobiya təzahürləri xeyli güclənmiş, cəmiyyət üzərində
total nəzarət sistemi bərqərar olmuş, şəxsi həyata müdaxilə, ifadə
və mətbuat azadlığının məhdudlaşdırılması halları artmışdır. Leqal
korrupsiya və lobbiçilik ABŞ siyasi sisteminin əsas atributlarından
birinə çevrilmişdir. ABŞ daxilində cərəyan edən neqativ proseslər,
habelə dünya hegemonluğu iddiası Azərbaycan Respublikasını bu ölkə
ilə əməkdaşlığa və illər ərzində formalaşmış ikitərəfli
münasibətlərə yenidən baxmağa sövq edir.
İrqi və dini ayrı-seçkilik
Əsrlər boyu Amerikanın yerli xalqları soyqırıma məruz qalmış,
nəticədə 3 milyondan çox hindu öldürülmüşdür. XIX əsrin
ortalarınadək Afrikadan bu ölkəyə ən ağır işlərdə istifadə etmək
üçün 12 milyondan çox kölə gətirilmişdir. İrqi və dini dözümsüzlük
ABŞ-da indi də davam etməkdədir. Belə ki, Nyu-Yorkda polislər
tərəfindən atəşə məruz qalanların 50 faizi, öldürülən və həbs
edilənlərin isə 70 faizi qaradərililərdir. Bu ölkədə 20-29 yaşında
olan qaradərililərin üçdə biri ya həbsxanada, ya da istintaq
təcridxanasındadır. 2014-cü ilin avqustunda Missuri ştatının
Ferqyuson şəhərində polislərin 18 yaşlı silahsız qaradərili Maykl
Braunu qətlə yetirmələri şəhərdə əhali ilə hökumət qüvvələrinin
genişmiqyaslı qarşıdurmasına səbəb olmuşdu. Qətldən sonrakı
hadisələr ABŞ-dakı irqi ayrı-seçkiliyi, polis özbaşınalığını,
vətəndaşların sərbəst toplaşmaq azadlığının kobud şəkildə
pozulduğunu əyani surətdə nümayiş etdirdi. Belə ki, etiraz edənlərə
qarşı qeyri-adekvat güc tətbiq olunmuş, aksiyaların dağıdılması
üçün şəhərə milli qvardiya yeridilmiş, nümayişçilərə qarşı polis
dəyənəyindən, su şırnağından, gözyaşardıcı qazdan, rezin
güllələrdən və digər xüsusi vasitələrdən geniş istifadə
olunmuşdur.
ABŞ-da qaradərililərlə yanaşı, Asiya mənşəlilər, xüsusən də
müsəlmanlar gündəlik həyatda daha çox diskriminasiyaya məruz qalan
insan qruplarıdır. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra
ölkənin müsəlman əhalisinin xüsusi xidmət orqanları tərəfindən
izlənilməsi və dinlənilməsi, kütləvi informasiya vasitələrində və
siyasətçilərin çıxışlarında onların təhqir olunması geniş hal alıb.
Təsadüfi deyil ki, ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş
Donald Tramp seçkiqabağı çıxışlarının birində müsəlmanların
Birləşmiş Ştatlara girişinə qadağa qoyulmasını təklif etmişdir.
Cəmiyyət üzərində total nəzarət sisteminin qurulması,
söz və mətbuat azadlığının məhdudlaşdırılması
ABŞ hökumətinin 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra
"təhlükəsizlik və terrorla mübarizə" bəhanəsi ilə həyata keçirdiyi
tədbirlər nəticəsində ölkədə total nəzarət sistemi bərqərar
edilmişdir. Xüsusi xidmət orqanlarının vətəndaşların şəxsi həyatına
qanunsuz müdaxilə etməsi, onları dinləməsi və izləməsi kütləvi hal
alıb. Müxtəlif məlumatlara əsasən, Federal Təhqiqatlar Bürosu
vətəndaşların telefon danışıqlarına gizli olaraq qulaq asır. Əvvəl
bu praktika müsəlman ölkələrindən gələnlərə qarşı tətbiq
edilirdisə, hazırda istənilən amerikalının telefonu dinlənilə
bilər. 2009-cu ildə ölkədə internetdə təhlükəsizliyə cavabdeh olan
nəzarət qurumu yaradılmışdır. Təhlükəsizlik orqanları vətəndaşların
elektron poçtlarını istədiyi vaxt açıb oradakı məlumatları oxuya
bilir. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snodenin
verdiyi məlumatlara görə, onun çalışdığı təşkilat kod adı PRİSM
olan proqramla 9 böyük telekommunikasiya şirkətinin (Microsoft,
Google, Apple, Facebook, Yahoo və s.) istifadəçilərini mütəmadi
olaraq dinləmiş, sosial mediada izləmiş, onların kontaktlarına
daxil olmuşdur.
Kütləvi tədbirlər zamanı jurnalistlərin polis basqısına və
həbslərə məruz qalması da bu ölkədə adi hala çevrilib. Hələ 2008-ci
ildə respublikaçıların Minnesota ştatında keçirilən qurultayı
zamanı 42 jurnalist, o cümlədən 1200-dən artıq televiziya və radio
kanalında proqramları yayımlanan Eymi Qudman və onun 2 prodüseri
həbs edilmişdi. Ferqyusonda baş verən iğtişaşlar zamanı 52
jurnalist polislər tərəfindən döyülüb və ya odlu silahla hədələnib,
onlardan 21-i isə həbs edilib.
Korrupsiya
Amerikalıların 80 faizi hesab edir ki, ölkənin hakimiyyət
orqanları tamamilə korrupsiyalaşıb. Təkcə 2015-ci ilin ilk
aylarında müxtəlif səviyyəli məmurlara qarşı rüşvət ittihamı ilə
2320 cinayət işi açılıb. Bunlardan 678-i xüsusilə böyük məbləğdə
olan rüşvətdir.
Ali icra hakimiyyətinin ən yüksək pillələrində təmsil olunan
şəxslərin, habelə bir sıra konqresmenlərin müxtəlif şirkətlərlə
işbirliyində olmasına, onlara lobbiçilik etməsinə dair məlumatlar
mütəmadi olaraq mətbuatda yer alır. İlin əvvəllərində senatorlardan
biri 14 maddə üzrə, o cümlədən "dövlət vəzifəsində olan zaman
vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması faktının
gizlədilməsi" maddəsi üzrə ittiham edilərək həbs olunmuşdu.
İlinoys ştatındakı Dikson şəhərinin maliyyə xidmətinin
rəhbərinin son 7 il müddətində şəhər büdcəsindən 9 faiz miqdarında
oğurluq etdiyi, nəticədə 30 milyon dollar pul topladığı aşkar
olunub.
Belə cinayətlər kütləvi şəkildə törədilsə də, ABŞ-ın dünyadakı
imicinə zərər vurmamaq üçün onların çoxu açılmır və ya açılsa da,
mətbuatdan gizlədilir.
Seçki saxtakarlığı
ABŞ-ın seçki sisteminin kifayət qədər qüsurlu olması artıq heç
kimdə şübhə doğurmur. Lakin seçki praktikasında müxtəlif fırıldaq
və hoqqabazlıqların geniş yayılması vəziyyəti daha da pisləşdirir,
bu ölkədə demokratik ənənələrin üstündən xətt çəkir. 2000-ci ilin
prezident seçkiləri zamanı səslərin sayılmasında saxtakarlıq olduğu
barədə araşdırmalar sona çatdırılmadı, Florida ştatında səslərin
yenidən sayılması prosesi yarımçıq saxlanıldı.
Səsvermə zamanı çoxlu pozuntulara yol verilir, Latın
Amerikasından olan qeyri-leqal miqrantlar "karusel əməliyyatı"na
cəlb edilir. Səs vermək üçün üzərində şəkil olmayan, yalnız ünvan,
ad və soyad göstərilən hər hansı kağız da (kommunal xərclərin
ödənilməsi barədə qəbz, məktub və s.) qəbul edilir ki, bu da
saxtakarlığa yol açır. Cəmi 7 ştatda şəkilli sənəd tələb olunur.
Əhalinin 10 faizinin şəkilli dövlət sənədi yoxdur.
Seçicilərin qeydiyyatı da bərbad vəziyyətdədir. Belə ki,
vətəndaş özü seçici kimi qeydiyyata düşməsə, siyahıya salınmır. Bu
da seçicilərin təxminən dörddə birinin səsvermədən kənarda
qalmasına səbəb olur.
Vaxtından əvvəl (hətta 1 aydan çox) səsvermə praktikası geniş
tətbiq olunur. Bir qayda olaraq, prezident seçkilərində iştirak
edən seçicilərin təxminən üçdə biri bu cür səs verir.
Poçt vasitəsilə səsvermə tətbiq olunur. Bülleten və əlavə zərf
poçt vasitəsilə seçicinin evinə göndərilir. O, bülleteni evdə
doldurub həmin zərfə qoyur və geri göndərir. Hər seçkidə 20
faizədək amerikalı belə səs verir.
ABŞ seçki sistemi demokratik seçkilər üçün zəruri olan
beynəlxalq norma və prinsiplərin qanunvericiliyə daxil edilməsindən
kənarda qalıb. Sonuncu prezident seçkilərini müşahidə etmiş
avropalı parlamentarilər bildiriblər ki, onlara müşahidə etmək üçün
məntəqələri sərbəst seçmək imkanı verilməyib, yalnız hakimiyyət
orqanlarının əvvəldən müəyyənləşdirdiyi məntəqələrə göndəriliblər.
Səsvermə zamanı müşahidəçiyə şəkil çəkmək, mobil telefon saxlamaq,
hətta insanlarla danışmaq qadağan olunur. Bəzi ştatlarda ATƏT-in
müşahidəçiləri məntəqəyə buraxılmayıb, hətta onları məntəqənin
yaxınlığına da qoymayaraq həbslə hədələyiblər. Məsələn, son
prezident seçkilərində Texasın prokuroru bildirib ki, müşahidəçi
məntəqəyə 30 metrdən çox yaxınlaşsa həbs olunacaq.
Səsvermə günü təşviqat aparılır, inzibati resurslardan istifadə
olunur, ekzit-pollar açıq müzakirə olunur, azyaşlı uşaqlar
təşviqata cəlb olunur, partiyalar zəng edib seçiciləri səsverməyə
çağırırlar. Hərbi hissələrdə səslər kütləvi şəkildə
saxtalaşdırılır.
Seçki fondları üçün məhdudiyyət qoyulmayıb. Kimin pulu çoxdursa,
qalib gəlmək imkanı da yüksəkdir. Ona görə də siyasətçilərin
əksəriyyəti iri korporasiyalarla işbirliyindədir.
Beynəlxalq hüququn norma və prinsiplərinin
pozulması
XX əsrin sonlarından etibarən ABŞ terrorla mübarizə və
demokratik standartların tətbiqi şüarı altında müstəqil dövlətlərin
daxili işlərinə müdaxiləni daha da gücləndirib. Məhz ABŞ-ın
müdaxiləsi nəticəsində İraq, Liviya, Suriya, Yəmən kimi ölkələr
vətəndaş müharibəsi həddinə gətirilib, xaos, iqtisadiyyatın
tənəzzülü, ərazi bütövlüyünün pozulması təhlükəsi ilə üzləşiblər.
Adıçəkilən ölkələrdə dövlət orqanlarının fəaliyyəti iflic
vəziyyətinə salınıb.
ABŞ hökuməti antiterror əməliyyatları həyata keçirdiyi İraq,
Əfqanıstan və digər müsəlman ölkələrində vətəndaşların heç bir
dəlil-sübut olmadan qanunsuz həbs edilməsinə və onlarla
qeyri-insani rəftar edilməsinə rəvac vermişdir. Bütün dünya
İraqdakı Əbu-Qreyb və Kubadakı Quantanamo həbsxanalarında ABŞ
hərbçilərinin və xüsusi xidmət orqanları əməkdaşlarının əsir və
dustaqlara qarşı törətdikləri vəhşiliklərdən heyrətə gəlmişdir.
Sonralar müstəqil hüquq müdafiəçiləri müəyyən etmişlər ki, bütün
işgəncə və qətllər ABŞ hərbi komandanlığı tərəfindən
sanksiyalaşdırılır. İndiki ABŞ Administrasiyasının seçkiqabağı
vədlərinə baxmayaraq, Kubadakı Quantanamo həbsxanası hələ də
bağlanmamış, oradakı məhbuslar azadlığa buraxılmamışlar.
Separatçı rejimlərə dəstək vermədiyini iddia edən ABŞ Ermənistan
- Azərbaycan Daşğlıq Qarabağ münaqişəsinə münasibətdə tam fərqli
mövqe tutur. Azərbaycan Respublikası ərazilərinin Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edilməsinə baxmayaraq, ABŞ
Konqresi 1992-ci ildə məhz Azərbaycana dövlət yardımlarını qadağan
edən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi qəbul edib. Digər
separatçı qurumların rəhbərlərinə qarşı viza qadağası və digər
sanksiyalar tətbiq edildiyi halda, qondarma "Dağlıq Qarabağ
Respublikası"nın təmsilçiləri ABŞ-a mütəmadi olaraq səfər edir,
müxtəlif tədbirlərdə iştirak edirlər. 1999-cu ildən başlayaraq, ABŞ
Konqresinin qərarı ilə tanınmamış quruma hər il əhəmiyyətli
məbləğdə birbaşa maliyyə yardımı ayrılır. Bütün bunlar ATƏT-in
Minsk Qrupunun həmsədri kimi ABŞ-ın Ermənistan – Azərbaycan Dağlıq
Qarabağ münaqişəsində ədalətli mövqe tutmadığını sübut edir.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan
Respublikasının Milli Məclisi
Qərara alır:
Xarici İşlər Nazirliyinə tövsiyə edilsin ki, aşağıdakı
kateqoriyalara aid olan şəxslərə Azərbaycan Respublikasına gəlmək
üçün viza verilməsindən imtina etsin:
ABŞ hökumətində təmsil olunan şəxslər və onların ailə
üzvləri;
ABŞ Konqresində Azərbaycanın diskreditasiyası istiqamətində
ardıcıl iş aparan konqresmenlər, senatorlar və onların ailə
üzvləri;
erməni diaspor təşkilatları və lobbi qrupları ilə əməkdaşlıq
edən vəzifəli şəxslər, siyasətçilər;
Azərbaycana qarşı iftira və qarayaxma kampaniyası aparan kütləvi
informasiya vasitələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının
təmsilçiləri və ekspertlər;
ABŞ-ın yüksək rəhbərliyi ilə işbirliyi sahəsində böyük həcmdə
maliyyə vəsaiti əldə edən şəxslər;
ABŞ-ın erməni diasporu və lobbi qruplarının dəstəyi ilə seçkili
orqanlara seçilmiş şəxslər;
seçki saxtakarlığında iştirak edənlər, seçki qanunvericiliyinin
təkmilləşdirilməsinə qarşı çıxanlar;
ABŞ-ın insan hüquqlarına dair beynəlxalq müqavilələrə
qoşulmasına qarşı çıxanlar.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin
ki, Azərbaycanın dövlət qurumları ilə ABŞ şirkətləri arasındakı
bütün əlaqələrin dayandırılması məsələsinə baxsın.
Özəl sektorun təmsilçilərinə tövsiyə edilsin ki, ABŞ şirkətləri
ilə bağlanmış kontraktlara son qoysunlar və yeni ticari-iqtisadi
əlaqələrin yaradılmasından imtina etsinlər.
Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına tövsiyə
edilsin:
ABŞ-da fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının
Azərbaycan Respublikası ərazisində proqram və layihələr həyata
keçirməsinə imkan verilməsin və onların bank hesabları
bağlanılsın;
ABŞ hökuməti və Konqresi tərəfindən maliyyələşdirilən
qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial
və nümayəndəlikərinin fəaliyyətinin dayandırılması üçün zəruri
tədbirlər görülsün;
ABŞ-la ticarət, energetika, hərbi və təhlükəsizlik sahəsində
əməkdaşlığa son qoyulması üçün təkliflər hazırlanıb aidiyyəti üzrə
təqdim edilsin;
Azərbaycan Respublikasının Beynəlxalq Təhlükəsizliyə Yardım
Proqramı (İSAF) çərçivəsində Əfqanıstandakı əməliyyatlarda iştirakı
dayandırılsın;
ABŞ-ın hərbi və digər təyinatlı yüklərinin Azərbaycan üzərindən
daşınması və bu məqsədlə yerli infrastrukturdan istifadə edilməsi
qadağan olunsun;
ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən geri çağırılması
ilə bağlı müvafiq prosedurlara başlanılsın.
Qeyd: Bu qərar layihəsi ilə nəzərdə tutulmuş sanksiyaların aradan
qaldırılması üçün aşağıdakı məsələlər öz həllini tapmalıdır:
Ölkə daxilində:
insan hüquqlarının kobud şəkildə pozulmasına, irqi və dini
ayrıseçkiliyə, ksenofobiya və islamofobiya təzahürlərinə,
məhbuslarla qeyri-insani rəftara son qoyulması;
etiraz aksiyalarının iştirakçılarına qarşı qeyri-adekvat güc
tətbiqindən imtina olunması;
söz və mətbuat azadlıqlarının məhdudlaşdırılması, vətəndaşların
şəxsi həyatına müdaxilə hallarının qarşısının alınması;
korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması, lobbiçilik
praktikasından imtina edilməsi;
seçki prosesində geniş yayılmış qüsurlu praktikadan imtina
edilməsi, seçki saxtakarlığına son qoyulması;
Xarici ölkələrin daxili işlərinə kobud müdaxilə cəhdlərindən əl
çəkilməsi;
Azərbaycan Respublikasına qarşı iftira və qarayaxma
kampaniyasından imtina edilməsi, bu cür halların gələcəkdə
təkrarlanmasına yol verilməməsi;
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə
beynəlxalq hüququn tələblərinə müvafiq birmənalı mövqe nümayiş
etdirilməsi, işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq edilməsi,
Dağlıq Qarabağdakı separatçı rejimlə bütün əlaqələrin
kəsilməsi.