Ana səhifə Gündəm |
Son günlər bəzi kütləvi informasiya vasitələrində
Azərbaycan diasporunu hədəf seçən, onun nüfuzunu zədələməyə
yönəlmiş, az qala bütün diaspor təşkilatlarını fəaliyyətsiz,
səmərsiz qurumlar kimi təqdim edən təşəbbüslərin çoxalması müşahidə
edilməkdədir.
Axar.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat
xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, artıq sistemli xarakter almış bu
tendensiya xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında da
ciddi narahatlıq doğurur: "Təəssüf hissi ilə qeyd edirik ki, əksər
hallarda yoxlanılmamış informasiyalar əsasında hazırlanan bu
yazılar diaspor işinə könüllü olaraq qoşulmuş, öz doğma Vətəninə
səmimiyyətlə xidmət etməyə çalışan minlərlə soydaşımızın bu günə
qədər Azərbaycan üçün göstərdiyi təmənnasız xidmətlərə kölgə salmaq
niyyətini əks etdirir. Bir daha vurğulamağı vacib bilirik ki,
kütləvi informasiya vasitələri Azərbaycan diaspor təşkilatları
barədə hər hansı məlumatı yayarkən onun dəqiqliyini yoxlamalı,
xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin bu cür ittihamlara
kifayət qədər həssas olduğunu unutmamalıdır. Təbii ki, biz
diasporun fəaliyyətində mövcud olan nöqsanların
ictimailəşdirilməsinin əleyhinə deyilik. Dünyanın ən güclü
diasporlarının da fəaliyyətində nöqsanlar, çatışmazlıqlar, fikir
ayrılıqları olur və bütün bunları normal qarşılamaq lazımdır. Lakin
bu cür informasiyalar dəqiq, qərəzsiz və yoxlanılmış məlumatlara
əsaslanmalıdır. Əks halda, belə yanaşmalar nəinki soydaşlarımızı
incik sala, könüllü vətənpərvərlik işi olan diaspor fəaliyyətindən
uzaqlaşdıra, həm də Azərbaycan dövlətinin milli maraqlarına zərbə
vura bilər".
Məlumatda qeyd edilib ki, diaspor canlı bir orqanizmdir, öz
ətrafında yüz minlərlə insanı birləşdirir: "Hər bir insanın
dünyagörüşü, hadisə və proseslərə baxışı individual xarakter
daşıyır. Bu baxımdan diaspor təşkilatlarınını müxtəlif məsələlərə
yanaşmasında fərqliliklərin olması təbiidir. Bəzi hallarda, əksinə,
bu cür fərqliliklər daha optimal həll yollarının tapılmasına imkan
yaradır, diaspor təşkilatları arasında Azərbaycana daha yaxşı
xidmət etmək uğrunda səmərəli rəqabət mühiti formalaşdırır. Son
günlər bəzi kütləvi informasiya vasitələrində yayılmış
materiallarda diasporumuzun nüfuzuna xələl gətirmək, Azərbaycanın
bir sıra tərəfdaş dövlətlərlə münasibətlərini süni olaraq
gərginləşdirmək, mövcud qarşılıqlı inam və etimadı zədələmək
niyyəti açıq-aydın nəzərə çarpmaqdadır. Bugünkü şərtlərdə müzakirə
edilməsi perspektivi belə şübhə doğuran bir sıra tanınmış siyasi
təhlilçilərinin, dövlət və siyasət adamlarının da doğru hesab
etmədiyi mövzular ətrafında bu qədər süni, heç bir real faktlara
əsaslanmadan konkret ittihamlar üzərində qurulmuş bir kampaniyanın
təşkilinin məqsədini başqa cür izah etmək mümkün deyil. Bütün
bunlar baş verənlərin kənardan idarə olunan və Azərbaycanın dövlət
maraqlarını zərbə altında qoymağa hesablanmış bir proses olduğunu
düşünmək üçün ciddi əsaslar yaradır. Aydın şəkildə nəzərə çarpır
ki, burada əsas hədəf Azərbaycan diasporu deyil, məhz Azərbaycan
dövlətinin milli maraqlarıdır. Buna görə də biz, bu kampaniyaya
bilməyərəkdən qoşulduğuna şübhə etmədiyimiz bütün kütləvi
informasiya vasitələrini diqqətli, eyni zamanda məsuliyyətli olmağa
dəvət edirik. Əminik ki, Azərbaycan dövlətinin və xalqının milli
maraqları hər bir vətəndaşımız, o cümlədən KİV nümayəndələri üçün
peşəkar maraqlardan qat-qat yüksəkdə dayanır".
Tarix
2016.01.09 / 19:07
|
Müəllif
Axar.az
|