Azərbaycan Prezidenti İlham Əliyev, hökumət rəsmiləri,
mədəniyyət xadimləri tanınmış bəstəkar, Prezidentin fərdi
təqaüdçüsü, xalq artisti, professor Musa Mirzəyevin ölümü ilə bağlı
nekroloq imzalayıb.
Axar.az nekroloqun mətnini təqdim edir:
"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz verib. Tanınmış
bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü,
xalq artisti, professor Musa (Əli Musa) Abdulla oğlu Mirzəyev
2016-cı il yanvar ayının 29-da ömrünün 84-cü ilində vəfat edib.
Musa Mirzəyev 1933-cü il yanvarın 26-da Bakı şəhərində anadan
olub. Məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf
Zeynallı adına Bakı musiqi texnikumunda oxuyub, 1952–1958-ci
illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasında görkəmli sənətkar Qara Qarayevin sinfində
bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.
Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Radio
və Televiziya Verilişləri Komitəsində gənclər xorunun
konsertmeysteri kimi başlayan Musa Mirzəyev 1978-ci ilədək burada
çalışıb, 1978–1979-cu illərdə isə Azərbaycan Dövlət
Filarmoniyasında bədii rəhbər vəzifəsini tutub. Sonrakı dövrdə
yalnız yaradıcılıqla məşğul olaraq bəstəkarlıq əsərləri meydana
gətirən Musa Mirzəyev 1992–1993-cü illərdə "Şur" musiqi
nəşriyyatında müxtəlif vəzifələrdə işləyib. Yaradıcılığını pedaqoji
fəaliyyətlə uğurla əlaqələndirərək o, 1993-cü ildən ömrünün
sonunadək çalışdığı Bakı Musiqi Akademiyasında yeni peşəkar
musiqiçilər nəslinin formalaşdırılması işinə töhfələr verib.
Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri
olaraq Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi
mədəniyyəti xəzinəsini daha da zənginləşdirib. Azərbaycan
musiqisinin bugünkü simasının formalaşmasında öz dəst-xətti ilə
tanınan bəstəkarın təqdirəlayiq xidmətləri var. Ayrı-ayrı janrlarda
çoxsaylı əsərlər bəstələyən Musa Mirzəyevin yaradıcılığında xüsusən
simfonik və kamera musiqisi janrında yazdığı əsərlər mühüm yer
tuturdu. Dərin milli kolorit, nikbinlik ruhu və zəngin dramatizm
hər bir əsərinə hədsiz məsuliyyətlə yanaşmış bəstəkarın
yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdəndir.
Musa Mirzəyevin əsərləri tanınmış musiqi kollektivləri
tərəfindən müvəffəqiyyətlə ifa edilərək respublikada və onun
hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bəstəkarın kamera
musiqisindən ibarət müəllif konsertləri sənətsevərlərin rəğbətini
qazanıb. Musa Mirzəyev bir çox əsərləri simfonik orkestrlə ifa
olunmaq üçün yenidən işləmiş və partiturasının hazırlanmasına böyük
əmək sərf edib. Onun Azərbaycan və dünya musiqisinə dair məqalələri
yetişməkdə olan nəslin estetik zövqünün püxtələşməsinə öz təsirini
göstərib.
Musa Mirzəyevin yaradıcılığı və müasir Azərbaycan mədəniyyəti
qarşısında xidmətləri yüksək qiymətləndirilib. Ölkədə musiqi
sənətinin inkişafı sahəsində qazandığı nailiyyətlərə görə o,
müstəqil Azərbaycanın ali mükafatlarından "Şöhrət" və "Şərəf"
ordenləri ilə təltif edilib.
Tanınmış bəstəkar, təcrübəli pedaqoq və səmimi insan Musa
Abdulla oğlu Mirzəyevin xatirəsi onu tanıyanların qəlbində həmişə
yaşayacaq.
Allah rəhmət eləsin!"