Gürcüstan Milli Rabitə
Komissiyası "Kavkasus Onlayn" şirkətinin alınması ilə bağlı
"Mobitel" (səhmlərinin 51%-nin sahibi "Vimpelkom" şirkətidir –
red.) kompaniyasına öz aktivləri haqqında əlavə informasiya üçün üç
həftə vaxt verib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında
komissiya rəhbəri Vaxtanq Abaşidze söyləyib. O, "Kavkasus Onlayn"ın
satışı ilə bağlı növbəti iclasın martın 10-da keçiriləcəyini
bildirib.
Qeyd edək ki, Gürcüstan mətbuatında "Kavkasus onlayn" şirkətinin
serverlərinin Rusiyaya yerləşdiriləcəyi barədə informasiya yayılıb.
Bununla bərabər, Azad Demokratlar Partiyasının lideri İrakli
Alasaniya isə ölkənin internet məkanının, tezliklə, "Vimpelkom"un
nəzarətinə keçəcəyini bildirib.
"Kavkasus onlayn" şirkətinin səhmləri bir müddət öncə satışa
çıxarılıb. Hazırda kompaniya uğrunda iki şirkət - "Maqtikom" və
"Vimpelkom" mübarizə aparır. "Maqtikom" Gürcüstan-ABŞ şirkəti hesab
edilir. "Vimpelkom" isə Rusiyanın "Bilayn" şirkətinin
törəməsidir.
"Kavkasus Onlayn" şirkəti Gürcüstanın internet tranzitinin
61%-nə nəzarət edir. O, həmçinin, Qara dənizin dibi ilə Gürcüstana
Avropadan gələn 1200 kilometrlik internet xəttinin sahibidir. Məhz
bu kabel vasitəsilə Ermənistanın 85%-i, Gürcüstanın 55%-i,
Azərbaycanın isə 50%-i internetlə təmin edilir.