Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu
günlərdə Vyanaya səfər edib. Xəbər verildiyi kimi, yüksək vəzifəli
diplomat ATƏT-in Daimi Şurasının toplantısında iştirak edib və daha
sonra Avstriya-Azərbaycan münasibətlərinə dair rəsmi görüşlər
keçirib.
Virtualaz.org xəbər verir ki, Araz Əzimov
Avstriyanın nüfuzlu "Die Presse" qəzetinə müsahibə verib. Bakının
Suriya böhranında kimin tərəfində olmasından tutmuş manatın
ucuzlaşmasına vəAmal Kluninin jurnalist Xədicə İsmayılı müdafiə
etməsinə qədər bir çox mövzularda suallara cavab verib. Qəzetin
əməkdaşı Jutta Sommerbauer-in götürdüyü həminmüsahibənin xülasəsini
təqdim edirik:
- Azərbaycan Suriya müharibəsində kimin
tərəfindədir?
- Biz Suriyada koalisiyaların qarşıdurmasının şahidi oluruq.
İslam dünyasının bir hissəsi və region ölkəsi olaraq baş
verənlərdən narahatıq. Biz islam dünyasında şiələrlə sünnülər
arasında dərinləşməkdə olan parçalanmalardan da narahatlıq
keçiririk. Azərbaycan tolerant ölkədir, bizdə bütün dinlər bir
yerdə problemsiz yaşayır. Suriyada 200-300 azərbaycanlı
döyüşür.
Hesab edirəm ki, Rusiyanın və digərlərinin hava zərbələri o
qədər də effektiv deyil, həm də baha başa gəlir. Yerüstü qüvvələr
yeritmək isə riskli olardı və çoxlu itkilər hesabına başa
gələrdi.
Atı arabadan qabağa qoşmaq olmaz. Addım-addım irəliləmək
lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və
təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur.
Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi
qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi
dəstəkləyirik.
- Bu məsələdə siz Türkiyə ilə razı
deyilsiniz...
- Biz Türkiyənin narahatlıqlarını başa düşürük. İraq
Kürdüstanındakı PKK gücləri türklər üçün təhlükəsizlik problemidir.
Suriyanın Türkiyə ilə şimal bölgələrində də kürdlər irəliləyir.
Əgər sabah Əsəd getsə biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli
stabilləşmə prosesinin tərəfdarıyıq. Qurudan hücum əməliyyatlarının
deyil, çünki istənilən koalisiya ora öz quru qüvvələrini göndərsə
xaos daha da böyüyəcək.
- Azərbaycana Suriyadan qaçqınlar gəlir?
- Biz qaçqınların marşrutu üzərində yerləşmirik. Bundan əlavə,
qaçqınlar Avropada komfort həyat yaşamaq istəyirlər. Bizim özümüzün
də qaçqın və məcburi köçkünlərimiz var. Bunu yaddan çıxarmayın.
- Neftin ucuzlaşmasına görə manat dollara nisbətdə
dəyərdən düşdü, 2016-cı ilin büdcəsinə yenidən baxılacaq.
Azərbaycan üçün "Qızıl İllər" arxada qaldımı?
- Xeyr. Bu böhran iqtisadi deyil, siyasidir. Onlar qiyməti aşağı
salmaq üçün neft hasilatını artırırlar.
- Bəs belə vəziyyətdə siz necə
yaşayacaqsınız?
- Azərbaycanda vəziyyət stabildir. Ötən il bir az gərginlik
oldu. Lakin prezident İlham Əliyev son vaxtlar hökumətə bildirdi
ki, nefti yaddan çıxarın! Qeyri-neft sektorunu inkişaf etdirin!
Onsuz da ÜDM-in dörddə üçü neftdən kənar sahələrdə idi.
Hökumət addımlar atır. Sənaye və ixracyönümlü məhsulların
istehsalı, regionlarda sənaye zonalarının yaradılması, Bakıya yükün
azaldılması üçün regionlarda böyük sayda iş yerlərinin açılması
istiqamətində işlər gedir.
İlham Əliyev yerli hakimiyyətlərə xəbərdarlıq etdi ki, büdcəyə
arxayın olmasınlar, onlar özləri vəsait cəlb etməlidir. Hətta
vergilər aşağı salınıb və şirkətlərin qeydiyyatı sadələşdirilib.
Qiymətlər kəskin artmayacaq. İndi Vyanda Bakıdan bahaçılıqdır. Və
Bakıda Vyanadan daha yaxşı alış-veriş etmək olar.
- Ancaq bəzi rayonlarda məhz qiymətlərin artmasına görə
etirazlar baş verdi...
- Bu tip informasiyalar düzgün olmayan mənzərə yaradır. Siz
özünüz ölkəyə gəlib stabilliyin şahidi ola bilərsiniz. Ola bilsin,
kreditlərini qaytara bilməyən bir neçə işçinin və ya əməkhaqqını
vaxtında ödəyə bilməyən şirkətlərin problemləri var. Lakin
nümayişlər yoxdur.
- Bəs siyasi islahatlar açıq siyasi sistemə keçid
olacaq?
- Vətəndaşlara elektron xidmətlər sahəsində nümunəvi islahatlar
aparılır. Biz yeni şəxsiyyət vəsiqəsini cəmi bir neçə dəqiqəyə ala
bilirik. Əvvəllər buna günlərlə vaxt tələb olunurdu. İndi bunu
vəzifəli şəxslər bizim gözümüzün önündə hazırlayıb verirlər. Mən öz
vəsiqəmi cəmi 7 dəqiqəyə aldım. Bir çox digər xidmətlər də "ASAN
Xidmətə" verilib. Bunlar siyasi islahatlar deyil? Əlbəttə,
elədir.
- Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini necə
qurur?
- Aİ ilə Assosiasiya sazişi anlayışı bizim üçün deyil, çünki bu
Ukrayna və Gürcüstan kimi ölkələrin istədiyi üzvlük istiqamətində
addımdır. Biz bunu istəmirik. Müxtəlif ölkələrə eyni şeyi təklif
etmək olmaz. Mən Aİ-nin indiki əsasda sonsuz genişlənməsinə
inanmıram. Ona görə də, "Hamı üçün bir model" devizi işləmir.
Bizim konkret situasiyada öz üstünlüklərimiz var. Nə kimdənsə
asılı deyilik, nə kiməsə ehtiyacımız var. Aİ də bizdə hər şeyi
maliyyələşdirmir. Əgər siz axırda duş qəbul etməyəcəksinizsə,
saunaya niyə gedirsiniz? Biz Aİ ilə partnyorluq istəyirik. Bizim
xarici işlər naziri Elmar Məmmədyarov Aİ ilə Azərbaycan arasında
strateji tərəfdaşlığa dair sənəd təqdim edib. Söhbət institusional
partnyorluqdan gedir. İndi top Brüsseldədir. Fevralın sonunda
Federika Mogerini Bakıya gələcək.
- Ötənilki parlament seçkiləri ərəfəsində ATƏT DTİHB
Bakıya müşahidə missiyası göndərmədi, çünki Bakı 350 müşahidəçidən
ancaq 125-nə icazə verirdi.
- Bakı DTİHB direktoru Mixael Linkə 125 müşahidəçi göndərməyi
təklif etmişdi.
- Çox aşağı rəqəmdir.
- Biz suveren dövlətik. Təklifimizi verdik, dəvət etdik, onlar
isə imtina etdilər. Ancaq bizimlə danışıq apara, haradasa orta
rəqəm razılaşdıra bilərdilər.
- Niyə 350 yox, bəyəm bu həddən artıq
çoxdur?
- 125 bizim deputatların sayıdır. Bizim təklifmizdə məntiq var
idi. İstəyirdik ki, standartlar və kriterilər olsun. Ancaq süni
şəkildə böhran yaradıb guya bizim müşahidəçilərə əngəl
yaratdığımızı nümayiş etdirmək istədilər. DTİHB ATƏT-in
institutudur. Biz üzvlük haqqı ödəyirik. DTİHB heç bir izah
vermədən bizim dəvətimizi necə rədd edə bilər?
- Bu, gələcək üçün nə deməkdir?
- Heç nə. Onlar bəzi adamlar tərəfindən Twitter-informasiyalarla
yaxşı hazırlanmışdılar.
- Mən informasiya agentliklərindən
oxumuşam.
- Əgər sizin sualınıza geri qayıtsaq, Azərbaycan DTİHB-lə
əməkdaşlığı dayandıracaqmı? Yox. Biz DTİHB-lə əməkdaşlıq etmirik,
biz ATƏT-in bir hissəsiyik, üzvlük haqqı veririk. Haqqımız var
tələb edək ki, bütün prinsiplərə əməl olunurmu və ATƏT bizim
maraqlarımıza uyğun fəaliyyət göstərirmi. Biz onu başqa ölkələrlə
birlikdə formalaşdırmışıq, onların yox deməyə ixtiyarı yox idi,
dəvəti qəbul etməli idilər. Gözləyirik ki, onlar bunu dərk
edəcəklər və səhvlərini görəcəklər.
- Onlardan üzrxahlıq tələb olunur?
- Bəli, Mixael Link və DTİHB rəsmi üzr istəməlidir, çünki onlar
Azərbaycanın imicinə zərbə vurublar. Biz dözmək fikrində
deyilik.
- Amal Kluniyə görə narahatsınız?
- İndi də Amal Kluni? Mən Corc Klunini yaxşı aktyor və rejissor
hesab edirəm. Amal Kluni isə, deyəsən, onun xanımıdır,
hüquqşünasdır. O, Livan əsillidir, eşitmişəm ermənidir. O, kimi
təmsil edir?
- O, Xədicə İsmayılı müdafiə edir, Strasburqda, insan
haqları məhkəməsində...
- Amal Kluninin doğrudan da işi-gücü yoxmuş...
- Ancaq sizin ölkəniz gələcəkdə məhkəmədə bu işlə
qarşılaşacaq.
- Amal Kluni yaxşı hüquqşünas deyil. O, ancaq buna görə
məşhurdur ki, Corc Kluninin arvadıdır. Öz istedadını üzə çıxarmaq
üçün daha yaxşı məşğuliyyət tapa bilərdi.