Con Perkins 1970-2004-cü illər arasında dünyanın bir
nömrəli iqtisadiyyat killerlərindən idi. 2004-cü ildə bundan əl
çəkərək "Bir killerin etirafları" kitabını yazdı. Amma sonradan
özünün bir zamanlar çox kömək etdiyi şirkətlərin təzyiqi ilə üz-üzə
durmaq məcburiyyətində qaldı. O, müxtəlif təşkilatların dünyanı
necə idarə etməsi, hökumətləri çevirilişlə hakimiyyətdən
uzaqlaşdırması mexanizmi ilə praktiki məşğul olan şəxslər sırasında
olub.
"Axar.az" Con Perkinsin "Haberturk"ə çox maraqlı
müsahibəsini təqdim edir.
- Məqsədyönlü olmaqla acgözlük arasında fərqi necə izah
edə bilərsiniz?
- İnsanlar sənət əsərləri yaratmaq, musiqi bəstələmək, yazı
yazmaq, iş qurmaq, gələcək nəsillər üçün davamlı olacaq bir sistem
yaratmaqla məqsədyönlü ola bilərlər. Acgözlülük bir şeyi həddən
artıq istəməkdir. Acgözlər yalnız öz sərvətlərini artırmağa, daha
güclü olmağa çalışırlar.
- Bəs siz necəsiniz? Acgözmü?
- Mənə motivasiya verən dünyanı kəşf etmək arzum idi. Güclü bir
adam olmaq istəyirdim. Amma iqtisadiyyat killeri olanda həyatımı
formalaşdıran şey sadəcə mənim güclü olmaq arzum deyildi, həm də
təmsil etdiyim şirkətlərin acgözlüyü idi.
Dünyanı təsvir etdiklərimizdən fərqli şəxslər idarə
edir
- Və dəyişdiniz…
- Baxın, 1%-in 99%-ə hökm etdiyini deyirsiniz. Həqiqət isə
budur: Dünyanın zənginliyi onu idarə edən 1%-in içərisində olan
1%-in idarəsi altındadır. Bu sistem bir fiaskodur. Kobud şəkildə
desək, dünya əhalisinin 5%-nə sahib olan ABŞ dünya nemətlərinin
25%-dən çoxunu mənimsəyir. Artıq yeni bir model yaratmağın vaxtı
gəlib çatıb.
- Kapitalizm bu ziddiyəti həll edilə
bilərmi?
- Məncə, kapitalizmin özündə problem yoxdur. Problem "vəhşi,
tükədən kapitalizmdədir"… Hazırda mövcud olan vəziyyətə "ölüm
iqtisadiyyatı" adı verirəm. Təməlində isə militarizm və dünyanı
məhv edənə qədər qaynaqlarını vəhşicəsinə tükətmək var. Lakin biz
"həyat iqtisadiyyatı" qurmalıydıq. Ətrafı, insanları, bəşəriyyəti
xilas edən bir sistem.
- "Bir iqtisadiyyat killerinin etirafları" kitabında
rəqəmlər və maliyyə statistikalarını silahlardan daha təhlükəli
adlandırırsınız.
- Tamamilə doğrudur… Bu günkü "Qlobal İmperatorluq" Amerika
imperatorluğu deyil. Bu, şirkətlərin imperatorluğudur. Borclar,
statistikalar, nadir hallarda da silahlar üzərinə qurulan bir
sistem.
Məni günahlarım zəngin etmədi
- İnsanların ruhunu satmasından bəhs edirsiniz. Kim
ruhunu satmır?
- Mənə elə gəlir ki, çox adam satır. İqtisadiyyat killer olanda
mən də ruhumu satdım. Amma yolumu dəyişdirə bildim. Namuslu həyat
yaşamağın yolu təkcə aktiv olmaq deyil. Ən yüksək səviyyəli bir
sahibkar gələcək nəsillərə daha gözəl dünya buraxmaq üçün işləyə
bilər. Uşaqlarınızı böyüdərkən belə namuslu bir həyat keçirə
bilərsiniz.
- Kitabı karyeranızın sonunda yazdınız. Yəni
günahlarınız sizi zəngin edib.
- Kitab onu çap edən şirkəti zəngin etdi, məni yox. Sadə bir
həyat keçirirəm. Amma zəngin bir həyat yaşadığımı hiss edirəm.
Çünki fikirlərimi dilə gətirmə imkanı əldə edirəm. Yaşadıqlarımı,
etdiklərimi yazarkən özümlə üzləşdim. Bu mərhələ mənə əziyyət
verdi, başıma bəlalar gətirdi. 33 illik həyat yoldaşımdan ayrıldım.
Həyat yoldaşım səyahət tempimə, içində olduğum vəziyyətə dözə
bilmədi. Təhdidlərlə üzləşdim. Xarici İşlər Nazirliyi mənim izimə
düşdü. Amma xoşbəxtəm. Heç bir peşmanlığım yoxdur.
- Hələ də təhdid alırsınızmı?
- Bir neçə ildir ki, almıram.
ABŞ istənilən yerdə çevriliş edə bilər
- Müharibə başlatmaq, hökumətləri dəyişdirmək, inqilab
etmək asandırmı?
- Bunların heç birini etməmişəm. Amma Mərkəzi Kəşfiyyat İdarəsi
və onun tərəfdarları, "çaqqalları" istədikləri zaman heç bir
problemlə qarşılaşmadan bunları edə bilirlər. 2009-cu ildə
Hondurasda, Ekvadorda, Qəzzafi və Səddam Hüseynin devrilməsində də
bunları gördük. "Asandır" deyə bilmərəm. Bildiyim təkcə odur ki,
mümkün olan bir şeydir.
- Kitabınızda 1980-ci illərdə olan bir dəyişimdən bəhs
edirsiniz. Bu dövrün qanunları keçmişdəkindən çoxmu
fərqlidir?
- Məncə, şüuri inqilab yaşayırıq. Bu, insanlıq tarixinin
əkinçilik və sənaye inqilablarından sonra baş vermiş ən böyük
inqilabıdır. İnsanlar həqiqətən oyanırlar. Böyük şirkətlər üstündə
qurulan dünyadakı sistemi onun ədalətli olmadığını görürlər.
99,999% ayağa qalxır və hərəkət keçməyə başlayır.
Edvar Snoudenin dediklərini təsdiqlədi
- Son 5 ildə qlobal iqtisadi böhranlar, Ərəb baharı,
Vikiliks, ABŞ hökumətinin dinləmələri...
- Hər kəsi heyrətə salan 5 il idi. Snoudenin dedikləri və
Vikiliksin ortaya çıxardıqları yazdıqlarımın sübutu oldu. Mənim
kitabım çap olunanda ABŞ Dövlət Katibliyi mənim MKİ-nin bütün
liderlərini dinlədikləri haqqında dediklərimin yalan olduğunu
bildirdi.
- Ölkələrdəki çalxalanmaların arxasında hər zaman gizli
bir əlmi dayanır?
- Şirkətlər üçün önəmli olan ölkələrdə çalxalanmalar olan zaman
həmişə iqtisadiyyat killerləri işə qarışırlar. Əminəm ki, Türkiyədə
və Misirdə də bunlar işə qarışmışdılar. Çünki bunlar əsas
şirkətlərin ən önəmli investisiyalarının olduğu ölkələrdir. Sizə
əminliklə deyirəm, agentlər 100% çalışmışdılar. Vəziyyətə görə
müxalifətin yanında dayanıb, ya da status-kvonu bərpa etməyə
çalışarlar.
- Məsələn, Ərəb Baharı bir "əməliyyat"
idimi?
- Bu hərəkat öz-özünə partladı. Amma başlanan kimi iqtisadiyyat
killerləri və çaqqallar hərəkatı idarə etmək üçün müdaxilə etdilər.
Bunu həmişə edirlər. Xüsusi ilə Misir üzərində daha çox vaxt sərf
edirlər.
ABŞ faşist dövlətidir
- Vəziyyət artıq "killer"lərin
nəzarətindədirmi?
- Hər ölkədə vəziyyət fərqlidir. Misirdə ordunun Müsəlman
Qardaşları təşkilatını devirməsindən sonra ABŞ və dünyanı idarə
edən şirkətlər məmnun görünürlər.
- Türkiyədə dövlət səviyyəsində "faiz lobbisi" anlayışı
dilə gətirilir. Bu doğrudurmu?
- Bəli, məncə doğrudur. ABŞ adına danışsam, mənim çalışdığım
vaxtlarda bəzi şirkətlər ən mühüm siyasətçiləri almışdılar. Önəmli
qanunları bu siyasətçilər yaradır və hər şey onların əlindən
keçirdi. Buna görə də ABŞ artıq demokratiya deyil, hökumət
nümayəndələri ilə böyük şirkətlərin yaxın təmas qurduğu faşist
dövlətidir. Şirkətlərin fayda götürdüyü ölkələrdə də vəziyyət
belədir. Sizdə də vəziyyət belədir.