Axar.az Avropa Azərbaycan
Cəmiyyətinin (TEAS) sədri Tale Heydərovun APA-ya müsahibəsini təqdim edir.
- Avropa Azərbaycan Cəmiyyəti on illiyini qeyd edir. Bu
illər ərzində hansı nailiyyətlər olub və keçdiyiniz yola baxanda
hansı mənzərənin şahidi olursunuz?
- Avropa Azərbaycan Cəmiyyətinin keçdiyi on illik yol, bir
tərəfdən baxanda, bizə uzun dövr kimi görünür. Digər tərəfdən, bu
illərin nə qədər tez gəlib keçdiyinin fərqindəyik. Sizə deyim ki,
çox maraqlı, məhsuldar illər keçib, Avropa Azərbaycan Cəmiyyəti bu
illər ərzində çoxsahəli fəaliyyət göstərib. Biz indi cəmiyyətin on
illiyini qeyd edirik və fəaliyyət tariximizi 2006-cı ildən etibarən
hesablayırıq. Amma prosesə 2006-cı ildən əvvəl başlanılıb. Mən
2003-cü ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə (London
School of Economics and Political Sciences - LSE) daxil olanda,
maraqlı mənzərə ilə rastlaşdım. Məktəbdə müxtəlif ölkələrin
cəmiyyətləri fəaliyyət göstərirdi, onların arasında bizimlə qonşu
olan ölkələr də vardı. Azərbaycanla bağlı isə belə bir cəmiyyət yox
idi. O vaxt həmin universitetdə mənimlə birgə beş azərbaycanlı
təhsil alırdı. Qərara gəldik ki, universitetin tərkibində belə bir
cəmiyyət qurmalıyıq. Səbəb isə sadə idi: bizdən soruşanda ki,
haradan gəlmisiniz, nəinki Azərbaycanın harada yerləşdiyini
bilmirdilər, hətta bəzən Azərbaycanın adını tələffüz etməyi
bacarmırdılar. Əlbəttə, bu bizim üçün ağrılı mənzərə idi. Çünki hər
bir insan istəyər ki, ölkəsi haqqında xaricdə məlumatlı olsunlar.
Xatırladım ki, söhbət London kimi kosmopolit şəhərdən gedirdi və
əlbəttə, bu bizim üçün xoş deyildi. Məqsəd Azərbaycanı tanıtmaq, ən
ağrılı problemimiz olan Qarabağ problemi haqqında doğru, obyektiv
məlumatların çatdırılması idi. 2004-cü ildə cəmiyyət quruldu.
Təvazökarlıqdan uzaq olsa da, deyim ki, yeni yaranan cəmiyyətlər
arasında bəlkə də ən aktivi bizim cəmiyyət idi. Baxmayaraq ki, biz
təhsil alırdıq, bununla bərabər, hər ay tədbirlər keçirirdik.
Məsələn, Qarabağla bağlı tədbirlər keçirmişdik, bu tədbirlərdə
İngiltərənin siyasi qurumlarının, elm adamlarının, müəllimlərin,
tələbələrin iştirakı başlanmışdı. Cəmiyyətimiz artıq bu yöndə
fəaliyyət göstərən ciddi quruma çevrilmişdi. Eyni zamanda görürdük
ki, ölkəmizin təbliği ilə bağlı kifayət qədər material yoxdur.
Kitablarda ya səhvlər çox idi, ya da kitabın tərtibatında
problemlər var idi. Bizim cəmiyyətin ətrafında toplaşmış tələbələr
vətənpərvər, savadlı gənclər idi. Ona görə də qərara gəldik ki,
Azərbaycanla bağlı bir nəşr hazırlayaq. Bu da mənim təhsil aldığım
sonuncu ilə - 2006-cı ilə təsadüf edirdi. Beləliklə, biz "Visions
of Azerbaijan" jurnalının nəşrinə başladıq. Təhsilimi başa vurduğum
üçün cəmiyyətin fəaliyyətini mən davam etdirə bilməzdim. Çünki
həmin cəmiyyət universitetin tərkibində idi. London Azərbaycan
Cəmiyyətinin qurulmasına qərar verdik. Bir müddət sonra bizim
fəaliyyətimiz Londonun sərhədlərini aşdı, İngiltərənin digər
şəhərlərinə yol tapdıq, nəşrlərimiz digər Avropa ölkələrinə
yayılmağa başladı. Ona görə də cəmiyyətimizi Avropa Azərbaycan
Cəmiyyəti adlandırdıq.
Onu da qeyd edim ki, bu illər ərzində həmişə Azərbaycan
Prezidenti İlham Əliyevin diqqətini hiss etmişik. Cənab prezidentin
məni "Tərəqqi" medalı ilə təltif etməsi də bizim cəmiyyətin
fəaliyyətinə verilən qiymətdir. Fürsətdən istifadə edib, bir daha
Prezident İlham Əliyevə TEAS-a göstərdiyi diqqətə görə təşəkkür
edirəm.
- Qarabağ problemi ilə bağlı təbliğat işləri aparanda
hansı çətinliklərlə üzləşirdiniz ki, artıq o mərhələ geridə
qalıb?
- Sizə bir statistika demək istəyirəm. Avropa Azərbaycan
Cəmiyyətini quranda Britaniya Parlamentində sorğu keçirdik ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında neçə
deputatın məlumatı var. Göstərici səhv etmirəmsə, 50 faizdən aşağı
idi. Təsəvvür edin, işi sırf siyasət olan qurumun üzvləri bu
problem haqqında kifayət qədər məlumata malik deyildisə, deməli,
ümumən cəmiyyətin məlumatlılığı daha az olmalı idi. İlk
çətinliyimiz bu idi, yəni Qarabağ problemi haqqında məlumatı
olanların sayı az idi. Eyni zamanda insanlarda belə bir səhv
təəssürat yaranmışdı: bu regionda "erməni soyqırımı" olub,
ermənilər təcavüzə məruz qalan, türklər və azərbaycanlılar isə
təcavüz edən tərəfdir. Ona görə də biz deyəndə ki, ermənilər
Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb, istər-istəməz
insanlarda çaşqınlıq yaranırdı. Xarici tələbələr özləri də etiraf
edirdilər ki, onlara indiyə qədər azərbaycanlıların ermənilərə
qarşı təcavüzkarlıq etdiyi bildirilib.
- Yəni təbliğat maşını əleyhimizə
işləyib...
- Bəli. Erməni lobbisinin bir əsr boyu gördüyü işin qarşısında
durmağa çalışırdıq. Bu, bizim üçün çox çətin idi. On illərlə
fəaliyyət göstərən erməni lobbisi işini görmüşdü. Bəzən bizim
tədbirlərə ermənilər də gəlib aqressiv münasibət göstərir, onu
pozmağa çalışırdılar. İctimaiyyət görürdü ki, biz məsələlərə
tutarlı faktlarla yanaşırıq, ermənilər isə arqumentlərə
əsaslanmırdılar. İki il öncə Britaniya Parlamentində yenidən sorğu
keçirdik və məlum oldu ki, artıq deputatların 85 faizdən çoxu
Dağlıq Qarabağ problemi barədə məlumatlıdır. Bu prosesdə TEAS
tərəfindən Böyük Britaniya parlamentində Bütün Partiyalar üzrə
Azərbaycanla Dostluq Qrupunun fəaliyyətinin yenidən təşkilinin və
parlament nümayəndə heyətlərinin Azərbaycana mütəmadi səfərlərinin
həyata keçirilməsinin mühüm rolu oldu. Bu fəaliyyət nəticəsində
bizimlə əməkdaşlıq edən Britaniya təşkilatları Avropa Azərbaycan
Cəmiyyətini ciddi tərəfdaş kimi qəbul etdilər.
- Həyata keçirdiyiniz tədbirlərin, o cümlədən Dağlıq
Qarabağ probleminin xarici mediada işıqlandırılması üçün hansı
işlər görülür?
- Bu sahədə həqiqətən vacib layihələr həyata keçirilib. On il
ərzində Avropanın çoxlu sayda nüfuzlu media təmsilçilərinin
Azərbaycana səfərinin təşkilinə dəstək vermişik. Həmin səfərlərdə
jurnalistlər cəbhə xəttində olublar, qaçqın və məcburi köçkünlərlə
görüşüblər. Daha sonra bizim cəmiyyət konflikt bölgələrindən
fotoreportajları ilə məşhur olan ingiltərəli jurnalist Ed Kaşeni
Azərbaycana dəvət etdi. O, qaçqın düşərgələrində çəkiliş apardı,
biz onun sərgilərini Avropanın müxtəlif şəhərlərində təşkil etdik.
Onun özünün fanatları var və bu yolla biz Qarabağ məsələsinə diqqət
çəkdik. Həmçinin, Filip Rasmer adlı alman fotojurnalistin də eyni
məzmunlu səfərini təşkil edib, sərgilərini keçirdik. Ən böyük
layihələrdən biri litvalı kinorejissor, prodüser Andryus Brokasın
Qarabağ problemi, konkret olaraq, Xocalı faciəsi haqqında çəkdiyi
"Sonsuz dəhliz" sənədli filminin Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsu ilə həyata keçirilən
"Xocalıya ədalət" kampaniyası çərçivəsində beynəlxalq tanıtımı və
yayımı olub. Filmdə nəinki Azərbaycan tərəfi, həm də erməni tərəfi
də göstərilib. Erməni separatçılarının Qarabağda, Xocalıda
törətdiyi cinayət haqqında onlar açıq şəkildə danışırlar. Faktiki
olaraq, Xocalı hadisəsində bilavasitə məsuliyyət daşıyan tərəf kimi
onlar filmdə ifşa olunurlar. Bu film "Ən yaxşı sənədli film" və "Ən
yaxşı film direktoru" kimi nominasiyalar üzrə nüfuzlu beynəlxalq
mükafatlar qazanıb. Film Türkiyənin "Kanal 24", "CNN Türk", "TRT",
İsrailin "Kanal 1", Albaniyanın milli televiziyası, "Eurochannel"
telekanalında və Avropanın paytaxt şəhərləri və siyasi
mərkəzlərində nümayiş olundu. Ümumiyyətlə, Avropa Azərbaycan
Cəmiyyəti "Xocalıya ədalət" kampaniyası çərçivəsində hər il
Avropanın 30-dan çox şəhərində tədbirlər keçirir. Kampaniya
çərçivəsində xarici müəlliflərlə birgə, Britaniyanın nüfuzlu Ithaca
Press nəşriyyatında ingilis dilində "Müharibə cinayətinin Xocalı
şahidi: Ermənistan müttəhim kürsüsündə" kitabı nəşr olunub. Faciə
haqqında Qərbdə ilk dəfə nəşr olunan bu kitab Leyla Əliyevanın ön
sözü ilə rus, fransız və türk dillərində çap edilib. Bundan başqa,
biz ölkəmizin mədəniyyətinin, tarixinin tanıdılması üçün filmlər də
çəkmişik. Məsələn, "Azərbaycan xaricilərin gözü ilə" filmi var ki,
vaxtilə Azərbaycanda çalışan siyasi xadimlər, jurnalistlər və
ümumiyyətlə, xarici vətəndaşlar Azərbaycan haqqında təəssüratlarını
bölüşüblər. Bundan başqa, II Dünya müharibəsindən sonra gənc
azərbaycanlı döyüşçü ilə ailə qurub Azərbaycana gələn və burada
yaşayan İvonna Botto adlı fransız xanım haqqında film də çox
maraqlıdır. Həmçinin, Azərbaycan muğamından bəhs edən və xarici
auditoriya üçün nəzərdə tutulan "Qədim musiqi və gənc səslər" adlı
sənədli film də çəkilib. Xocalı faciəsi zamanı Azərbaycanda olan və
bu bəşəri cinayətin şahidi olmuş fransız fotojurnalisti Frederik
Lenqiaiqnenin vaxtilə çəkdiyi fotoların nümayişini müxtəlif
şəhərlərdə həyata keçirdik və bunun əsasında kitab da çap etdik. Bu
işləri gördükcə, vaxtilə Azərbaycanla əlaqəsi olan, sonralar
münasibətləri kəsilən jurnalistlər bizə yaxınlaşırlar. Yeri
gəlmişkən, qeyd etmək istəyirəm ki, TEAS Azərbaycanın investisiya
imkanları, mühiti və iqtisadi islahatlar barədə Avropada davamlı
olaraq Biznes forumlar və təqdimatlar təşkil edir. Mən xüsusilə
London, Paris, Amsterdam və Brüsseldə keçirilən biznes forumları
qeyd etmək istəyirəm. Biz Azərbaycanda aparılan islahatların ən
gözəl nümunələrindən biri kimi ASAN xidmətin London, Paris və
Brüsseldə parlamentlərdə və müvafiq təşkilatlarda təqdimatlarını
təşkil edirik. Bu tədbirlər beynəlxalq media tərəfindən də
işıqlandırılıb. Biz Azərbaycanda keçirilən tədbirlərin xaricdə
işıqlandırılması ilə bağlı da kampaniyalar aparırıq. Məsələn,
Bakıda keçirilən Birinci Avropa Oyunlarının xaricdə təqdimatı
istiqamətində aktiv işlər görmüşük, öz töhfəmizi vermişik.
- "Visions of Azerbaijan" jurnalının yayımı necə təşkil
olunub? Jurnalın əhatə etdiyi sahələrin genişlənməsini nəzərdə
tutursunuzmu?
- Bu on il ərzində jurnalda Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllində ölkəmizin mövqeyi, Azərbaycan
ədəbiyyatı, tarixi, mədəniyyəti, etnoqrafiyası, ekologiyası,
mətbəxi və s. rubrikalar üzrə minədək müxtəlif məqalə çap edilib.
Bu materialların əsasında yaradılan sayt Azərbaycan haqqında ən
böyük ingilisdilli resurslardan biri hesab edilir. Jurnalın
nüfuzunun əsas göstəricilərindən biri də onun dünyanın məşhur
kitabxanalarının fondlarına və kataloqlarına daxil edilməsidir.
Fərəhli haldır ki, jurnalın ətrafında həm yerli, həm də
əcnəbilərdən ibarət nüfuzlu müəlliflər kollektivi toplanmışdır,
onların sayı və tərkibi ildən-ilə genişlənir. İndiyə qədər jurnalın
50-dək sayı çap olunub və ümumi tiraj 250 mindən çoxdur. Jurnalın
digər dillərdə çap olunmasını da planlaşdırırıq. Məsələn, türk
dilində çapını nəzərdə tuturuq. "Visions of Azerbaijan" jurnalı
fəaliyyətini daha da təkmilləşdirməkdədir. Jurnalın "Visions TV"
formatda digital proqramda yayımı planlaşdırılır. Eyni zamanda
jurnalın uşaqlar üçün versiyası üzərində işləyirik.
- Avropa Azərbaycan Cəmiyyəti diaspor təşkilatları ilə
işini necə koordinasiya edir?
- TEAS Azərbaycan mədəniyyətinin, tarixinin tanıdılmasına öz
töhfəsini verən bir təşkilatdır. Biz əlbəttə, diasporumuzla sıx
əlaqə saxlayırıq, müxtəlif layihələrimizə diaspor nümayəndələrinin
də qatılmasını alqışlayırıq. Biz Avropanın ayrı-ayrı hökumətlərinə
ünvanlanmış petisiyalar təşkil edirik və diasporu bu aksiyaya
qoşulmağa çağırırıq. Məsələn, bir neçə il əvvəl Ermənistan
tərəfindən qeyri-qanuni olaraq Xocalıda aeroportun açılması
məsələsi qalxmışdı. Biz Azərbaycanın haqlı mövqeyini müdafiə edən
kampaniyaya başladıq. Kampaniya nəticəsində onlarla avropalı
deputat açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən
bəyanatlarla çıxış etdilər, aeroportun açılmasına çox sərt etiraz
bildirdilər. Digər tərəfdən özünü qondarma Dağlıq Qarabağ
Respublikasının rəhbəri hesab edən şəxsin İngiltərəyə səfəri olmalı
idi. Biz buna diasporun fəal şəkildə iştirakı ilə etiraz piketi ilə
münasibətimizi ifadə etdik və bu səfəri təşkil edən "Chatham
house"a - Kral Beynəlxalq Münasibətlər İnstitutuna açıq məktub
ünvanladıq. "Chatham house"dan bizə bildirdilər ki, belə bir
münasibəti gözləmirdik və bizə heç zaman belə bir sərt reaksiya
verilməyib. Çünki "Chatham house" müstəqil təşkilat kimi qəbul
olunur.
- İstərdim, rəhbərlik etdiyiniz cəmiyyətin təhsil və elm
ilə bağlı həyata keçirdiyi layihələrdən danışaq. İndiyədək hansı
proqramlar həyata keçirilib və nəzərdə tutulan layihələr
varmı?
- Təhsil bizim cəmiyyətin prioritet istiqamətlərindən biridir.
İlk işimiz Avropa Azərbaycan Məktəbinin yaradılması ilə başladı.
Dörd il əvvəl bu məktəbi yaratdıq və artıq bir neçə uğurlara imza
atılıb. Beynəlxalq Məktəblər Şurasının, Beynəlxalq Məktəblərin
Avropa Şurasının və Beynəlxalq Bakalavriat Təşkilatının üzvü
olmuşuq. Bunlar öz sahəsinin ən nüfuzlu təşkilatlarıdır. Bu ildən
məktəbin ikinci korpusu müəllim və şagirdlərin istifadəsinə
verilib, 600-dən çox şagirdimiz var. Məktəbdə Azərbaycan dili ilə
bərabər, ingilis dilinin mükəmməl tədrisi təmin edilir.
Şagirdlərimizin gələcək həyatlarında da onlarla sıx əməkdaşlıq
etməyi missiyamız kimi qəbul etmişik. Təhsillə bağlı
layihələrimizin tərkib hissəsi olaraq, gələcəkdə uşaq bağçalarının
açılacağını deyə bilərəm. Bilirsiniz ki, Azərbaycanda bağça qıtlığı
yaşanır. Məqsədimiz yüksək səviyyəli, beynəlxalq standartlara uyğun
bağçaların açılmasıdır. Qeyd etmək istərdim ki, bizim məktəblər
özəl olmasına baxmayaraq, istedadlı uşaqları təhsil haqqından azad
edir. Sumqayıtda 60-dan çox yeniyetməyə ödənişsiz olaraq
universitetə hazırlıq kursları keçirik. Onlar imkansız ailələrdən
olan uşaqlardır, amma xüsusi bacarığa, savada malikdirlər. Bundan
başqa, Müəllim İnkişaf Mərkəzini yaratmışıq. Məqsədimiz yeni
metodlarla beynəlxalq səviyyədə müəllimlərin hazırlanmasıdır. TEAS
tərəfindən Kembric Beynəlxalq İmtahan mərkəzi, Oxford Universiteti
Nəşriyyatı ilə birgə Bakıda Avropa Dillərinin Tədrisi Mərkəzi
yaradılıb. Azərbaycanda xarici dilləri ən yüksək standartlarla
tədris ediləcək bu mərkəzdə aprel ayından ilk dərslər başlanacaq.
Biz, həmçinin, Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzini təsis
etmişik. Bu, Azərbaycan elmini, tarixini araşdıran mərkəz
missiyasını daşıyır. Eyni zamanda, dünyanın müxtəlif arxivləri ilə
işlər aparmışıq. Bunun nəticəsində mühüm nəşrlər ərsəyə gətirmişik.
Misal olaraq, "Qafqazda "erməni məsələsi". Rusiya arxiv sənədləri
və nəşrləri əsasında" adlı 3 cildliyi göstərə bilərəm. Bu
kitablarda ilk dəfə olaraq aşkar olunmuş və elmi dövriyyəyə
gətirilmiş sənədlər var. Bu kitab ermənilərin Azərbaycan
torpaqlarına məqsədyönlü şəkildə necə yerləşdirilməsindən bəhs
edir. Kitabı oxuyanlar özləri üçün yeni faktlar kəşf edir. Erməni
əsilli amerikan tarixçisi Bournoutian bu kitab haqqında məqaləsində
yazmışdır ki, o artıq Azərbaycanın təbliğat işində Ermənistana
qalib gəldiyini göstərir. Bundan başqa, Qarabağla bağlı xarici
dillərdə 20-dən artıq kitablarımız nəşr olunub.
- "Dərs evi" kursları da təhsil layihələrinin tərkib
hissəsidir...
- Bəli. Bu kursların özəlliyi ondan ibarətdir ki, kursu tədris
edən şəxslər universitetləri yüksək balla bitirmiş tələbələrin
özləridir. Bu fəaliyyət uğurlu şəkildə başlayıb. Biz digər
şəhərlərdə bu kursun filiallarının açmağı düşünürük.
- "TEAS Press" Nəşriyyat evinin fəaliyyəti haqqında nə
deyə bilərsiniz?
- "TEAS Press" Nəşriyyat evi Azərbaycanda kitab nəşri işinə
töhfə vermək və mütaliəyə marağı daha da artırmaq arzumuzdan
yaranıb. 2014-cü ildə yaradılmış "TEAS Press" Nəşriyyat evi bu
günədək Azərbaycanda elmin müxtəlif sahələrinə, tariximizə,
ədəbiyyatımıza, mədəniyyətimizə aid oxucular tərəfindən rəğbətlə
qarşılanan onlarla kitab çap edib. Onun fəaliyyət coğrafiyası
genişlənib, "TEAS Press"in Türkiyə bölməsi yaradılıb. "TEAS
Press"in uşaq və gənclər ədəbiyyatı nəşri üzrə ixtisaslaşmış "Üç
alma" adlı xüsusi bölməsi 100-dən çox kitab çap edib.
- Avropa Azərbaycan Cəmiyyəti xaricdə təhsil alan
gənclərə də dəstək verir. Bəzən belə fikirlər səslənir ki, xaricdə
təhsil alan tələbələr ölkəyə qayıdıb inkişafa dəstək olmalıdırlar.
Bəzən də bunun əksi olan fikirləri eşidirik: onların bir hissəsinin
təhsil aldığı ölkədə qalmasına ehtiyac var ki, Azərbaycanın
tanıdılması istiqamətində işlər aparsınlar. Bu barədə Sizin də
fikrinizi öyrənmək maraqlı olar...
- Bu mövzu haqqında birmənalı fikir demək çətindir. Əvvəla,
imkan olan təqdirdə xaricdə təhsil almaq yaxşı olar. Mən orta
məktəb illərimin çoxunu Azərbaycanda keçirmişəm və Azərbaycan
mədəniyyətini, tarixini, ədəbiyyatını da buradakı məktəbdə
öyrənmişəm. Bunun üçün xoşbəxtəm. Amma müəyyən mərhələdən və yaşdan
sonra elmə daha yüksək səviyyədə yiyələnmək, başqa ölkələrin də
təcrübəsini öyrənmək üçün xaricdə təhsil yaxşı bir stimuldur. Çünki
ən azından, o şəxslər həmin təhsildə olan yenilikləri görməklə, onu
Azərbaycana gətirə bilərlər. Biz müsbət nə varsa öyrənməliyik. Bu
gün dünyada inkişaf etmiş və edən ölkələr vaxtilə bu mərhələni
keçiblər. Onlar vaxtilə xaricə öz tələbələrini göndəriblər və
tələbələr öz ölkələrinə həmin təhsil modelini, öyrəndiklərini
gətirib tətbiq ediblər və nəticədə inkişafa nail olunub. Bəzən
Azərbaycanda öz təhsil modelimizi qurmaqla bağlı müzakirələr gedir.
Əslində, hətta qəbul olunmuş nümunələr də ayrı-ayrı modellərin
qarışığıdır. O ki qaldı xaricdə təhsildən sonra Azərbaycana
qayıdıb-qayıtmamaq məsələsinə, mənim fikrimcə, oxuyandan sonra
xaricdə bir neçə illik iş təcrübəsi çox yaxşı olar. İş təcrübəsinə
yiyələnmək əlavə üstünlükdür. Amma mən xaricdə təhsil alıb, iş
təcrübəsinə yiyələnmiş şəxslərin əksərən Azərbaycana qayıtmasının,
bilik və bacarıqlarını ölkənin inkişafına sərf etməsinin
tərəfdarıyam. Bəlkə də bir hissəsinin orda qalıb işləməsi qeyd
etdiyiniz kimi Azərbaycanın təbliği baxımından məqbul ola bilər.
Mən böyük çoxluğun ölkəyə qayıtmasını, imkanlarını bura sırf
etməsinin tərəfdarıyam. "Bu gün Azərbaycanda savadlı kadr üçün yer
yoxdur",- deyə bilən adam ola bilməz. Onlar üçün hər yerdə iş var,
çünki onlara ehtiyac hiss olunur. Hətta bir yox, bir neçə iş var.
Onlar bəzən seçim qarşısında qalırlar ki, hansı işi seçsinlər. Ona
görə də xaricdə toplanılmış bilik və təcrübənin öz ölkəmizə sərf
edilməsi vacibdir.
- Azərbaycan ədəbiyyatının və mədəniyyətinin həm ölkə
daxilində, həm də xaricdə təbliği istiqamətində planlarınız
varmı?
- Əslində "TEAS Press" nəşriyyat evinin əsas məqsədlərindən biri
də budur. Nəşriyyat tərəfindən Azərbaycan yazıçılarının seçilmiş
əsərləri rus və ingilis dillərində nəşrə hazırlanıb. Bu il "TEAS
Press" tərəfindən Azərbaycan tarixinə dair Ziya Bünyadovun, Çapay
Sultanovun əsərləri ingilis dilində, tədqiqatçı jurnalist Claudine
Le Tourneurin əsəri fransız dilində nəşr olunacaq. Azərbaycanda
kitaba, oxumağa diqqətin artırılmasına ehtiyac var. Mən bunu
konkret kiminsə problemi kimi deyil, cəmiyyətin problemi kimi
qiymətləndirirəm. Bunun səbəbləri müxtəlifdir. Amma qəbul etməliyik
ki, istənilən sahədə inkişaf etmək istəyiriksə, bir qrup insanın
təhsili ilə inkişaf ola bilməz. Cəmiyyət, ümumiyyətlə, təhsilə,
oxumağa can atmalıdır. Bizdə təəssüf ki, bir sıra hallarda bu
məsələyə yanaşmada fərq var. Hesab edilir ki, oxumaq yalnız məktəb
və universitet illərində olur, ondan sonra ehtiyac yoxdur. Əslində,
bəlkə də məktəbdən, universitetdən sonra oxumağa daha çox ehtiyac
var. Hazırda dünyada ömür boyu öyrənmək konsepsiyası geniş yayılıb.
Bu gün ictimai yerlərdə insanların əlində nadir hallarda kitab
görmək mümkündür. Kiminsə əlində kitab görəndə isə, bu qəribə hal
təsiri bağışlayır. Təbii ki, bu yaxşı hal deyil. Burada hər hansı
təşkilatın təbliğatı ilə iş bitməyəcək. Oxumaqla bağlı böyük bir
kampaniya başlamalıdır və buna hər kəs qoşulmalıdır. Biz bu işə
töhfə vermək məqsədi ilə Azərbaycanda kitab mağazaları açmaq
istəyirik. Yaxın vaxtlarda bizim həm Bakıda, həm də digər
şəhərlərdə kitab mağazaları şəbəkəmizi görəcəksiniz. Bu işdə
medianın da rolu böyükdür. Təəssüflə demək istəyirəm ki, Azərbaycan
telekanallarının bu istiqamətdəki maarifləndirməsi zəifdir. Bununla
bağlı çoxlu tənqidlər var, amma təəssüf ki, reallıq dəyişmir.
Vaxtilə, mənim daha gənc yaşlarımda ədəbiyyatla, teatrla,
ümumiyyətlə, aktual mövzularla bağlı çoxlu verilişlər,
teletamaşalar var idi. İndi vəziyyət başqadır, keyfiyyətli uşaq
proqramlarına az təsadüf edilir. Əgər Azərbaycan mediası
maarifləndirmə işinə töhfə verməsə, bu istiqamətdə daha effektli
fəaliyyət göstərməsə, işimiz çətin ola bilər. Medianın cəmiyyəti
mütaliəyə, kitaba təşviq edən kampaniyalara başlaması çox
zəruridir. İnkişafın həm fərdi, həm də kütləvi şəkildə əsas yolu
budur. Bunun qısa və alternativ yolu yoxdur.