Aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının
təmas xəttində baş vermiş gərginlik dünya ictimaiyyətinin, eləcə də
medianın diqqətini bölgəyə yönəltdi. Qərb mətbuatı cəbhə bölgəsində
baş verənlərə daha çox yer ayırdı. Halbuki Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi Avropa mediasinda son illərdə sanki
unudulmuşdu.
AzərTac xəbər verir ki, son günlər isə təmas
xəttində baş verən hadisələr Avropa mətbuatının əsas mövzulardan
birinə çevrilib. Bu baxımdan Almaniya mətbuatı da istisna deyil.
Baş verən hadisələrlə bağlı təkcə aprelin ilk iki həftəsi ərzində
Almaniyanın aşağıdakı mətbuat orqanlarında məlumatlar yayılıb:
"Frankfurter Allgemeine Zeitung" gündəlik qəzeti - 19 məqalə;
"Zeit" həftəlik qəzeti - 11 məqalə; "Spiegel" jurnalı - 9 məqalə;
"Neues Deutschland" gündəlik qəzeti - 7 məqalə.
Bunlar Almaniyanın aparıcı mətbuat orqanlarıdır. Belə sual
yaranır: Həmin mətbuat orqanlarında dərc olunan informasiyalar
hadisələri nə dərəcədə obyektiv işıqlandırır?
Berlin Humboldt Universitetində keçirilən tədbir məhz bu
məsələyə - Almaniya mətbuatında Dağlıq Qarabağ münaqişəsinin
işıqlandırılması məsələsinə həsr olunmuşdu. Bu Universitetdə
fəaliyyət göstərən Azərbaycan tarixi kafedrası və "EuroKaukAsia"
Elmi-Mədəni Araşdırmalar Mərkəzi bir il əvvəl birgə apardıqları
fundamental tədqiqat işinin yekunlarını (1988-2008 illərdə alman
mətbuatında Dağlıq-Qarabağ münaqişəsinin işıqlandırılması) bir neçə
dəfə ekspertlərin müzakirəsinə verib və üç dildə (Azərbaycan, alman
və ingilis) ayrı-ayrılıqda çap edib. Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən, müasir kompyuter
proqramlarına və eyni zamanda, obyektivlik anlayışının Qərb
aləmində ümumən qəbul olunan kriteriyalarına əsaslanan bu ciddi və
əhəmiyyətli layihə son dərəcə heyrətdoğurucu nəticələr üzə çıxardı:
Alman mətbuatında Dağlıq Qarabağ münaqişəsinin əksər hallarda
tamamilə qeyri-obyektiv, qondarma stereotiplər əsasında şərh
edilməsi məlum oldu. Yəni, burada artıq kiminsə münaqişə haqqında
nə qədər məlumatlı olub-olmamasından asılı olmayaraq, hər kəsə
aydın görünür ki, mətbuatda gedən yazıların əksəriyyəti subyektiv
mövqedən, daha dəqiq desək ermənipərəst mövqedən qələmə alınıb.
Aprel hadisələri zamanı layihənin araşdırıcı qrupu yenidən həmin
media qurumlarının yaydıqları xəbərlərlə bağlı monitorinq aparıb.
Araşdırmanın nəticələri əvvəlki 20 illik dövrün nəticələri ilə
müqayisə edilib. Əldə olunan ümumi qənaət bu olub ki, bir sıra
məsələlərdə xeyli irəliləyişlər var. Məsələn, əvvəllər olduğu kimi,
artıq məqalələrin böyük əksəriyyətində "etnik-dini münaqişə",
"müsəlman azərbaycanlıların xristian ermənilərlə qarşıdurması" kimi
ifadələrdən istifadə olunmur, münaqişənin əsas səbəbi kimi
ermənilərin separatçılıq fəaliyyətləri və Ermənistanın Azərbaycana
qarşı ərazi iddiası birbaşa qeyd edilir. Münaqişənin tarixini
oxucularına xatırladan zaman alman müəlliflər ötən illərdə olduğu
kimi, yalnız Sumqayıt və Bakıda olan qarşıdurmalardan deyil,
həmçinin bir milyon azərbaycanlının Dağlıq Qarabağdan və
Ermənistandan zorla qovulmasını, öz ölkələrində qaçqın, köçkünə
çevrilmələrini də qeyd edirlər. Əvvəllər olduğu kimi, artıq
ermənilər "qurbanlıq quzu" obrazında, azərbaycanlılar isə
"təcavüzkar" rolunda təqdim olunmur.
Tədbirin aparıcısı professor Eva-Maria Aux bildirib ki, Almaniya
mediası yalnız indi-indi yuxarıda qeyd etdiyimiz yanlışlıqlardan,
ikili standartlardan xilas olmağa başlayır. Ona görə də onun
oxucularının bu günə qədər Dağlıq Qarabağ münaqişəsi barədə
obyektiv həqiqətləri bilməməsi yəqin ki, o qədər də təəccüblü
olmamalıdır.
Professor Aux qeyd edib ki, alman mediası son dövrlərdə
münaqişənin işıqlandırılmasında yanlış stereotiplərdən uzaqlaşmağa
çalışsa da, təəssüf ki, bu məsələdə hələ də bir sıra problemlər
qalır. Məsələn, bəzi jurnalistlər Ermənistanla Azərbaycan
arasındaki münaqişədən bəhs edərkən 1915-ci ildə Osmanlı
imperiyasında baş verən hadisələrin üzərinə gedir, bunları bir-biri
ilə bağlayır. Halbuki dünya tarixindən az-çox məlumatı olan hər
kəsə bəllidir ki, azərbaycanlıların Osmanlı imperiyasındakı tarixi
hadisələrlə heç bir əlaqəsi yoxdur. Ona görə də hazırlıqsız, az
məlumatlı oxucuların fikrini azdırmaq, onlara uydurma məlumat
vermək cəhdi yolverilməzdir. Mediada bəzi təhriflərdən biri də bu
idi ki, bəzi jurnalistlər sanki Qarabağda Azərbaycan ordusuna qarşı
duran qüvvənin işğalçı Ermənistanın nizami ordusu deyil, keçmiş
muxtar vilayətdə yaşayan ermənilərin "özünümüdafiə qüvvələri"
olduğunu yazırdılar. 20-25 il əvvəl belə uydurma məlumatları yazan
jurnalistlər bəlkə də informasiya almaq imkanlarının zəif olmasına
görə özlərinə haqq qazandıra bilərdilər. Lakin bu gün artıq
faktları, həqiqətləri qəsdən təhrif edən müəlliflərin işləri çətinə
düşür. Çünki onların bir çox həmkarları indi həmin yanlışlıqlardan
daha uzaq durmağa çalışırlar. "Bizim araşdırmadan alınan ümidverici
nəticələrdən biri bundan ibarətdir ki, zaman keçdikcə belə uydurma
miflər yavaş-yavaş sıradan çıxır və alman
oxucularının-vətəndaşlarının münaqişə haqqında düzgün, obyektiv və
həqiqətə uyğun məlumat almaq şansları artır", - deyə xanım Aux
vurğulayıb.
Tədbirdə çıxış edən tanınmış alman şərqşünası, professor Udo
Ştaynbax öz təhlilini daha çox Qarabağ probleminin dünyada gedən
bugünkü siyasi proseslərin və böyük dövlətlərin geosiyasi
maraqlarının toqquşmaları kontekstində izah edib. Digər çıxış
edənlər müzakirə olunan problemin ayrı-ayrı aspektlərinə toxunub,
eyni zamanda, bəhs olunan layihənin həm alman mediasının özü, həm
ekspert və siyasətçilər üçün, həm də bütövlükdə ölkə ictimaiyyəti
üçün əhəmiyyətini qeyd ediblər. Media monitorinqinin mütəmadi
olaraq aparılmasının və onun təhlilinin davam etdirilməsinin
vacibliyi vurğulanıb.