Azərbaycanın Serbiyadakı səfirliyi Şuşanın Ermənistan
silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı faktların əks
olunduğu press-reliz yayıb.
Axar.az xəbər verir ki, press-relizdə deyilir: 8 may 2016-cı il
tarixi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən
işğalının 24-cü ildönümüdür. 1989-cu il statistikasına əsasən,
Şuşada 20579 insan yaşayırdı. Onlardan 19036-sı azərbaycanlılar
(92,5 faiz), 1377-si (6,7 faiz) isə ermənilər idi.
Bildirilir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın digər
yaşayış məskənlərinin işğalı zamanı törətdiklərini Şuşa şəhərinin
işğalı zamanı da təkrarlayıblar. Şuşa şəhərindən azərbaycanlıların
izini silmək üçün Ermənistan silahlı qüvvələri burada mülki əhaliyə
qarşı amansız davranaraq onları kütləvi şəkildə qırıb, girov
götürüb, işgəncələrə məruz qoyub, etnik təmizləmə həyata keçirib,
tarixi və mədəni abidələri dağıdıb. Bu cinayətlər silahlı münaqişə
qanunlarının kobud pozuntusudur və bu kimi əməllərə görə cinayət
məsuliyyətinə cəlbetmə müddəti tətbiq edilmir.
Bu kimi cinayətlər Ermənistanın dövlət ideologiyası sayılan
njdeizmin məntiqi nəticəsidir. Njdeizm nasizmdən ruhlanaraq
yaranıb, erməni irqinə "sədaqət"i ehtiva edən və azərbaycanlılara
qarşı açıq nifrət bəsləyən tseqakronutyun ideologiyasının
davamıdır.
Şuşanı işğal etməklə, etnik təmizləməyə məruz qoymaqla və
azərbaycanlıların bu ərazidə mədəni irsini dağıtmaqla Ermənistan,
həmçinin qəsdən Azərbaycanın Dağlıq Qarabağ regionunun ikiicmalı
xüsusiyyətini məhv etmək niyyətini güdürdü. Bu mənada qeyd
edilməlidir ki, Şuşa şəhəri tarixən azərbaycanlıların yaşayış
məskəni və Azərbaycanın Qarabağ bölgəsinin inzibati, mədəni və elmi
mərkəzi olub.
Diqqətə çatdırılır ki, 9 may tarixi dünyada faşizm üzərində
Qələbə günü kimi qeyd olunduğu bir halda, Şuşanın işğalı ilə bağlı
Ermənistanın "şənliklər" təşkil etməsi nasizm ideologiyasının
davamı olan njdeizmin və Ermənistanın sülh barədə düşünmədiyinin
göstəricisidir.
Ermənistan silahlı qüvvələri Şuşaya hücumu və bu şəhərin
işğalını Tehranda Ermənistanın və Azərbaycanın ozamankı
rəhbərlərinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri
əsasında dinc yolla nizamlanmasına dair razılaşma əldə etdikləri
günün gecəsi həyata keçirib. İşğaldan 24 il keçməsinə baxmayaraq,
rəsmi öhdəlikləri ilə real hərəkətləri arasında bu günədək müşahidə
olunan bu kimi uyğunsuzluq münaqişənin dinc yolla nizamlanmasına
dair Ermənistanın dövlət siyasətinin davam edən reallığıdır.
Ermənistan silahlı qüvvələri 2016-cı il aprel ayının əvvəlində
Dağlıq Qarabağda cəbhə xətti boyunca törətdiyi təxribatlarla
münaqişənin sülh yolu ilə nizamlanması üçün danışıqları pozmaqda
yenə də davam edir. Bu xüsusda, Ermənistan-Azərbaycan münaqişəsi
zonasında bundan sonrakı gərginliyə görə məsuliyyət bütövlükdə
Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Şuşanı və Azərbaycanın digər tarixi ərazilərini işğal altında
saxlamaqla və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına
qayıtmasına imkan verməməklə Ermənistan heç vaxt arzuladığı siyasi
nəticəni əldə edə bilməyəcək. Ermənistan bu reallığı nə qədər tez
dərk edib beynəlxalq hüquqa uyğun davranarsa, münaqişə bir o qədər
tez həllini tapar və regionda ölkələr və xalqlar əməkdaşlıq və
iqtisadi inkişaf perspektivlərindən faydalanar.
Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan
Azərbaycan torpaqlarının qeyri-qanuni işğalına son qoymağı,
Ermənistanın silahlı qüvvələrini işğal edilmiş bütün torpaqlardan
çıxarmağı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin
tələbləri və beynəlxalq hüququn norma və prinsipləri əsasında
münaqişənin sülh yolu ilə nizamlanmasında konstruktiv iştirakı
tələb etməyə çağırır.