Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
"2015-ci ilin adamı" mükafatına layiq görülüb.
Axar.az xəbər verir ki, "Sibir: Moment İstinı" qəzetinin cari
ilin 5 may tarixli sayındakı "Sodrujestvo" informasiya bülletenində
dərc edilən ilk məqalənin sərlövhəsi belədir. Qeyd edək ki,
bülleten bütünlüklə Azərbaycana, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.
Məqalədə qeyd olunur ki, ANS Şirkətlər Qrupu və Milli Qəhrəman
Çingiz Mustafayev adına Fondun "İlin adamı" mükafatı ilə ən layiqli
şəxsiyyət təltif olunub. Çünki Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın rəhbərlik etdiyi Fond ölkə vətəndaşlarının ən ağır şəxsi
problemlərlə müraciət etdiyi təşkilatdır. Cəmiyyətdə xeyriyyəçilik
standartlarını müəyyən edən Mehriban Əliyevanın fəaliyyəti
nəticəsində bir çox insanlar öz arzularını həyata keçirə
biliblər.
Məqalədə həmçinin deyilir ki, Mehriban Əliyevanın Təşkilat
Komitəsinin sədri olduğu Birinci Avropa Oyunları yüksək səviyyədə
təşkil edilib və Oyunları seyr edən hər kəs öz ölkəsi, öz
Prezidenti, öz birinci xanımı üçün böyük qürur hissi duyub.
Multikultural dəyərlərə gəlincə, Mehriban Əliyeva öz fəaliyyəti
ilə istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda
multikulturalizm ənənələrini təbliğ edir. Bütün bunlar barədə öz
çıxışında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev
danışıb.
Məqalədə həmçinin Mehriban xanımın çıxışının tam mətni verilib.
Həmin çıxışda o, Milli Qəhrəman Çingiz Mustafayev adına Fonda və
ANS Şirkətlər Qrupuna onun fəaliyyətinin yüksək qiymətləndirilməsi
üçün dərin minnətdarlığını bildirib və vurğulayıb ki, bu mükafatı
təkcə öz uğuru yox, həm də sadalanan uğurlarda əməyi olan Heydər
Əliyev Fondunun hər bir işçinin nailiyyəti kimi qəbul edir.
"Sibir: Moment İstinı" nəşri ölkənin birinci xanımının
çıxışından sitat gətirir: "Heydər Əliyev Fondunun bir çox gözəl
ənənələri var və onların arasında ən vacibi, hesab edərəm ki,
xeyriyyəçilik ənənələridir və bu ənənələrə əsaslanaraq mənə
verdiyiniz pul mükafatını Daun Sindromlu Şəxslərin Reabilitasiya
Mərkəzinə keçirmək fikrindəyəm".
Öz çıxışında Mehriban Əliyeva bildirib ki, onun komandasının ən
böyük nailiyyəti Azərbaycan xalqının hörmət və etibarını
qazanmasıdır. İnsanlar öz məktublarında qeyd edirlər ki, Heydər
Əliyev Fondu onların son ümid yeridir və Fonda müraciət edərkən
köməyin əsirgənməyəcəyinə şübhə etmirlər. Çünki burada onları
dinləməyə və onların yanında olmağa çalışırlar.
Tahir Məmmədovun "Fövqəladə dərəcədə dəyərli ideyalar xəzinəsi"
məqaləsində akademik Ramiz Mehdiyevin elmi-fəlsəfi baxışlarında
ümummilli lider Heydər Əliyevin siyasi irsi və dövlət fəaliyyəti
haqqında danışılır. Qeyd olunur ki, ümummilli liderimizin fəlsəfi
fikirlərinin, ictimai-siyasi baxışlarının, elmi-nəzəri görüşlərinin
hərtərəfli tədqiqində R.Mehdiyevin misilsiz xidmətləri var,
Əliyevşünaslıq İnstitutunun təməlini məhz o qoyub.
Məqalədə deyilir: "Təsadüfi deyil ki, görkəmli alim-filosof
müasir Azərbaycan fəlsəfəsi fikrinin aktual problemlərini şərh
edərkən, ölkəmizdə Şərq fəlsəfə ənənələrinin dirçəlişini ön plana
çəkib və müasir Qərb fəlsəfəsinə inteqrasiyanın fəlsəfi fikrin
inkişafına yeni uğurlu təsir göstərəcəyini vurğulayıb".
Elə buradaca Olqa Kovalyovanın "Azərbaycanın dövlət və siyasi
xadimi Ramiz Mehdiyev" məqaləsi verilib. Məqalədə müəllif qeyd
edir: "Sakit, nəzakətli, yüksək təhsilli, savadlı və mütəşəkkil
şəxs. Belə bir vəzifəni tutan və böyük idarəçilik təcrübəsinə malik
insan başqa cür ola bilməz..." Olga Kovaleva qeyd edir ki,
mübaliğəsiz Ramiz Mehdiyev həm siyasətçi, həm də akademik kimi
özünü doğruldub. Bunun ardınca izah edir: Ramiz Mehdiyevin son elmi
məqaləsi ikili standartlar qaydası və müasir Azərbaycanın bu
qaydaya münasibəti haqqındadır. Bu dahiyanə məqalə müxtəlif
elmlərin (tarix, fəlsəfə, beynəlxalq münasibətlər) nəzəriyyəsinə
əvəzolunmaz töhfədir.
Müəllif sonda vurğulayır ki, Ramiz Mehdiyev görkəmli siyasətçi
və alimdir, o, bu dünyanı daha yaxşı etmək üçün çalışır.
Nəşrdə "Sodrujestvo" türkdilli xalqlar və slavyan xalqları
arasında əməkdaşlıq Fondunun sədri Mirkazım Seyidovun erməni qadın
jurnalistlərin birinə verdiyi "Tarixi uydurmaq və fikirləşmək lazım
deyil..." sərlövhəli müsahibəsi dərc edilib. Həmin müsahibədə o,
tanınmış Amerika ermənişünası, Kolumbiya Universitetinin
professoru, fəlsəfə doktoru, Amerika Orta Əsrlər Akademiyası və
Britaniya Akademiyasının müxbir üzvü Nina Gevorqovna Qarsoyana
istinadla dünya erməni icmasının qədim ermənilərin dövlətçiliyi və
müstəqilliyi ilə bağlı bütün uydurmalarını darmadağın edir.
Müxbirin "Dağlıq Qarabağ münaqişəsini necə həll etmək olar" sualını
cavablandıran M.Seyodov deyir: "İşğal olunmuş əraziləri Azərbaycana
qaytarılmaqla".
Bunun ardınca "Nina Qarsoyan: Bütün qədim erməni mənbələri
uydurmadır və digər xalqlar arasında seçilmək cəhdindən doğur"
məqaləsi dərc edilib. Məqalədə bildirilir ki, 1971-ci ildə
"Ermənistan Elmlər Akademiyasının Xəbərləri"ndə Nina Qarsoyanın
"Ermənistan VI əsrdə" məqaləsi ("Ermənistan" və "Sədaqət"
terminlərinin aydınlaşdırılması məsələsinə dair, VON AN Arm.SSR,
1971, №3) dərc edilib. Məqalə dərc olunan andan lənətlənib,
yayımından çıxarılıb və yandırılıb. İş burasındadır ki, bu məqalə
qədim erməni salnamələrinə amansız zərbə vurub və inandırıcı
şəkildə sübut edib ki, min beş yüz il ərzində Ermənistanda
dövlətçilik və müstəqillik mövcud olmayıb, xristianlaşdırma tarixi,
bütün qədim erməni salnamələri və sonrakı xronikalar saxtadır və
digər xalqlar arasında seçilməyə xidmət edir. Necə deyərlər, şərhə
ehtiyac yoxdur.
Müəyyən məntiqi ardıcıllığa əsasən, daha sonra akademik Ramiz
Mehdiyevin Cənubi Qafqazda ilk dövlət quruluşlarının yaradılması
tarixi dövrünü əhatə edən və regionun müasir dönəmə qədərki
tarixindən bəhs edən "Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix"
kitabı haqqında AzərTac-ın materialı təqdim olunur. Məqalədə qeyd
olunur ki, çoxsaylı antik, orta əsr mənbələri, eləcə də yeni dövr
və müasir elmi sənədlər əsasında müəllif erməni (hay) etnik
qrupunun Kiçik Asiyada, daha sonra isə Cənubi Qafqazda gəlmə
olduğunu əsaslandırır.
Xüsusi buraxılışda "Politoloq: Ermənistan dünya ictimaiyyətini
aldada bilməyəcək" başlığı altında toplanan, politoloq Fuad
Axundovun qoşunların təmas xəttində baş verən son hadisələrlə bağlı
fikirlərinə yer verilib. F.Axundov qeyd edir ki, Ermənistan cəbhədə
qəsdən gərginlik yaradaraq Azərbaycanı təcavüzkar, Qarabağ
ermənilərini qurban və özünü onların hüquqlarının müdafiəçisi kimi
göstərməyə çalışır. Analitik nəticə çıxarır: Təəssüf ki, bəzən
hətta xarici KİV-lər erməni yalanına uyur, halbuki Ermənistanın
hərəkətləri beynəlxalq hüquqda təcavüz adlanır.
"Amerikanın "The Washington Times" qəzeti Yaxın Şərq, Avrasiya
və keçmiş sovet respublikalarında baş verən hadisələrin təhlilində
ixtisaslaşan avstraliyalı siyasi şərhçi Castin Emlerin məqaləsini
dərc edib. Məqalə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ
bölgəsində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas
xəttində münaqişənin dərinləşməsindən bəhs edir". Bu sətirlər "The
Washington Times: Ermənistan rəsmi Bakını dünyaya neqativ
təcavüzkar obrazında təqdim etmək istəyirdi" adlı məqalədəndir.
Məqalənin təkcə adı məkrli erməni niyyətinin bu dəfə puç olduğunu
sübut edir.
Bu materialın ardınca Ermənistan cəmiyyətində hökm sürən
əhval-ruhiyyəni nümayiş etdirən "Bu bizim müharibə deyil: erməni
sosial şəbəkələrinin icmalı" sərlövhəsi altında sosial şəbəkələrin
erməni istifadəçilərinin rus dilinə tərcümə edilən yazıları da dərc
olunub.
Mövzunu Mirkazım Seyidovun "Hadisələrin erməni interpretasiyası
çat verir" məqaləsi davam etdirir. Məqalədə tarixə ekskurs edilir,
Ermənistan-Azərbaycan münaqişəsinin mənşəyi ətraflı təhlil
olunur.
Xüsusi buraxılış Qarabağla bağlı BMT Təhlükəsizlik Şurasının
qətnamələri ilə tamamlanır.