Vaxtilə Yuqoslaviya Sosialist Federativ Respublikası
(YSFSR) Federal Parlamenti prezidentinin kabinet rəhbəri və bu
ölkənin Qarşılıqlı İqtisadi Yardım Şurasında (QİYŞ) səfiri olmuş
professor Budimir Lazoviç bu yaxınlarda anadan olmasının növbəti
ildönümü münasibətilə nurlu xatirəsi bütün Azərbaycan xalqı
tərəfindən yad edilmiş Heydər Əliyev haqqında xatirələrini
bölüşüb.
Axar.az xəbər verir ki, B.Lazoviç öz məqaləsində qeyd edir:
Azərbaycanın və Qərbi Balkan ölkələrinin, habelə onların
xalqlarının adət-ənənələrinə, maddi və mənəvi mədəniyyət
elementlərinə xas olan ümumi cəhətləri eyni dəyərlərə və mənəvi
prinsiplərə malikdir. Bu yaxınlıq zəncirində İkinci Dünya
müharibəsi zamanı antifaşist mübarizəsində əməkdaşlıq xüsusilə
güclü təsir bağışlayır. Yuqoslaviya partizan dəstələrində mübarizə
aparan azərbaycanlılar çox olub. 1944-cü ilin oktyabr ayında
Belqradın, habelə Qərbi Serbiyanın azad olunması əməliyyatlarında
iştirak etmiş 223-cü Qırmızı bayraqlı Azərbaycan diviziyası bu
mübarizədə görkəmli rol oynayıb. Zayeçar şəhərində Serbiyanın azad
edilməsi uğrunda mübarizlərin qardaşlıq məzarlarının abidəsi keçmiş
Yuqoslaviya və Azərbaycan xalqlarının silah qardaşlığının əbədi
rəmzidir. Bizim adamların sevə-sevə Mixaylo çağırdıqları Mehdi
Hüseynzadənin çoxsaylı qəhrəmanlıqlarına heyran olmamaq mümkün
deyil. Təəssüf ki, Mehdinin qəhrəmanlığı və cəsarəti barədə Serbiya
ictimaiyyətinin məlumatı azdır. Müəllif yazır ki, Mehdi Hüseynzadə
Sloveniyadakı Çepovan kəndində dəfn edilib. Bu kənddə onun xatirə
lövhəsi vurulub. O, Sovet İttifaqı Qəhrəmanı elan edilib.
Keçmiş Yuqoslaviya və Azərbaycan xalqlarının uzunmüddətli
dostluğu və yaxınlığı, iqtisadi, mədəni və siyasi sahələrdə
əməkdaşlığı İkinci Dünya müharibəsindən sonra da davam edib.
Müəllif daha sonra Heydər Əliyev barədə, xüsusən 1976-cı il
sentyabrın 22-də Sovet İttifaqı Ali Sovetinin nümayəndə heyətinin
rəhbəri kimi Yuqoslaviya Sosialist Federativ Respublikasına səfəri
barədə xatirələrini bölüşür. B.Lazoviç yazır: "O vaxt mən Federal
Parlamentin prezidenti Kiro Qliqorovun (YSFSR dağılandan sonra
Makedoniyanın birinci prezidenti) kabinetinin başçısı idim. SSRİ
Ali Sovetinin nümayəndə heyətinin səfərinə mənim böyük marağım
səbəbsiz deyildi, çünki o vaxt mən Qarşılıqlı İqtisadi Yardım
Şurası (QİYŞ) çərçivəsində iqtisadi inteqrasiya məsələlərinə həsr
olunmuş doktorluq dissertasiyası üzərində işləyirdim. Danışıqlar və
sorğu məlumatı üçün platforma hazırlanması prosesində mən QİYŞ-in
üzvü olan ayrı-ayrı dövlətlərin iqtisadi inkişafı və həmin
dövlətlərin daxilində qarşılıqlı iqtisadi və elmi-texniki
əməkdaşlıq barədə informasiya hazırlamışdım. Bu kontekstdə mən
SSRİ-nin ayrı-ayrı respublikalarının, o cümlədən Azərbaycanın
iqtisadi və elmi-texniki inkişafını xülasə şəklində hazırlamışdım.
Danışıqlar üçün platforma hazırlayarkən biz başqa məsələlərlə
bərabər, nümayəndə heyətinin rəhbəri Heydər Əliyevin ətraflı
tərcümeyi-halını və Azərbaycan barədə daha geniş informasiya əldə
etmişdik. O vaxt mən Azərbaycanın ümumi tarixi inkişafı ilə daha
yaxından tanış oldum, bu ölkəyə və onun xalqına rəğbətim
artdı".
Heydər Əliyevin səfərinin Yuqoslaviya Parlamenti sədrinin və
nümayəndə heyətinin böyük marağına səbəb olması həm də onunla bağlı
idi ki, SSRİ-dən gələn bu cür ali nümayəndə heyətinə ilk dəfə idi
ki, milli çoxluq təşkil etməyən xalqın nümayəndəsi başçılıq
edirdi.
K.Qliqorov və H.Əliyev söhbət zamanı Yuqoslaviyanın və SSRİ-nin
çox millətli ölkələr kimi daxili sosial-iqtisadi inkişafı,
beynəlxalq vəziyyət və qarşılıqlı münasibətlər barədə fikir
mübadiləsi apardılar. Kökləri İkinci Dünya müharibəsi zamanı
faşizmə qarşı birgə mübarizədə yaranmış hərtərəfli əməkdaşlığın
möhkəm əsasları və bu əməkdaşlığın daha da dərinləşməsində hər iki
tərəfin maraqlı olması təsdiq edildi. Sosial-iqtisadi və siyasi
inkişafda, habelə beynəlxalq münasibətlərdə iki ölkənin hərəsinin
öz yolunun olması qeyd edildi. H.Əliyev xüsusi vurğuladı ki, YSFSR
və SSRİ İkinci Dünya müharibəsindən sonra bütün dünyada sülhün
təmin edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi, o cümlədən
müstəmləkəçiliyə, yeni müstəmləkəçiliyə qarşı mübarizə,
milli-azadlıq hərəkatlarının dəstəklənməsi istiqamətində çox iş
görüblər. O qeyd etdi ki, SSRİ Qoşulmamaq Hərəkatına böyük
əhəmiyyət verir və bu baxımdan Yuqoslaviyanın siyasətini,
Qoşulmamaq Hərəkatının üzvü olan ölkələr arasında onun rolunu
dəstəkləyir. Federal Məclisin nümayəndə heyəti çərçivəsində
danışıqlardan sonra H.Əliyevin çıxışı barədə çox müsbət şərhlər
səsləndi. K.Qliqorov qeyd etdi ki, Əliyev aydın baxışlı, şux
görkəmli, ağıllı və təvazökar siyasətçidir.
H.Əliyevin Yuqoslaviyaya sonrakı səfərləri, onun həm Yuqoslaviya
ilə SSRİ, həm də bu çoxmillətli, multikultural və çoxkonfessiyalı
cəmiyyətlərin ayrı-ayrı respublikaları arasında hərtərəfli dostluğa
əsaslanan əməkdaşlığın inkişafına marağı və bu əməkdaşlığı
dəstəkləməsi eyni dərəcədə yaddaqalan oldu. H.Əliyevə xas olan
həssaslığın, onun qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə və
təkmilləşdirilməsinə tərəfdar olmasının mənbəyi Azərbaycan xalqının
xarakterindən, o cümlədən onun multikulturalizm ənənələrindən
qaynaqlanırdı. Heydər Əliyev özünü Azərbaycan xalqları və bu
xalqlara yaxın olan keçmiş Yuqoslaviya xalqları arasında dostcasına
əməkdaşlığın möhkəm tərəfdarı və qurucusu kimi təqdim etdi.
Heydər Əliyevin daim və yorulmadan yaratdığı mədəniyyət
abidələri və müəssisələri də daxil olmaqla, əsasını qoyduğu bu
ənənəni o, dünyasını dəyişəndən sonra da davam etdirmək,
multikulturalizmin siyasi və hüquqi əsaslarının varisliyini və
sonrakı inkişafını təmin etmək mümkün olub. Azərbaycan fəxr edə
bilər ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə
multikulturalizm dünyada dövlət siyasətinin ən mühüm və barəsində
ən çox danışılan atributlarından birinə çevrilib.
Bu nöqteyi-nəzəri təsdiq edən parlaq nümunələr çoxdur. Belə
faktlardan biri də budur ki, Ermənistanın azərbaycanlılar yaşayan
regionlarında və Azərbaycanın işğal edilmiş rayonlarında, o
cümlədən Dağlıq Qarabağda Azərbaycan xalqının mədəni irsinin məhv
edilməsinə baxmayaraq, Bakının mərkəzindəki erməni kilsəsinə
toxunulmayıb. Azərbaycanda bütün dini binaların, o cümlədən
kilsələrin, sinaqoqların və məscidlərin kommunal xərcləri dövlət
tərəfindən ödənilir. Azərbaycan qonşu Gürcüstanda da bu cür
obyektlərin kommunal xərclərini ödəyir, Gürcüstanda SOCAR
(Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) uğurla işləyir.
Xatırladaq ki, Azərbaycan 2011-ci ildə Belqradda Bayraqlı
məscidini, habelə Novı Sadda Müqəddəs Petka kilsəsini tam bərpa
edib. 2014-cü ildə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının Dini-Mədəniyyət Mərkəzi açılıb.
Azərbaycan dünya miqyasında multikulturalizmin unikal promouteri
rolu oynayır. Burada bir neçə təşəbbüs, o cümlədən "Bakı prosesi"
təşəbbüsü (Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət
nazirlərinin görüşü, həmin görüşə ilk dəfə olaraq İslam Əməkdaşlıq
Təşkilatının mədəniyyət nazirləri dəvət edilib), Dini Liderlərin
Ümumdünya Sammiti, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu,
Beynəlxalq Multikulturalizm qış məktəbi, Bakı Beynəlxalq Humanitar
Forumu keçirilib. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili"
elan edilməsi bu qəbildən olan hadisələrdən biridir. Azərbaycan
dövlətinin başçısının qərarı ilə Bakıda Beynəlxalq Multikulturalizm
Mərkəzi yaradılıb. Daha bir xəbəri xatırlatmağa dəyər ki,
Azərbaycan multikulturalizmi 11 ölkənin universitetlərində ayrıca
fənn kimi tədris edilir. B.Lazoviç qeyd edir ki, Azərbaycanın
özünəməxsus tarixi ənənələri kimi multikulturalizm və tolerantlıq
dəyərlərinin dərinləşməsində və inkişafında Heydər Əliyev Fondunun
əvəzedilməz rolu var.
Səfir xatırlayır: "YSFSR-in QYİŞ-dəki səfiri kimi Moskvada
xidmət etdiyim dövrdə - 1986-cı və 1987-ci illərdə Qurultaylar
Sarayında keçirilən qəbullar zamanı Heydər Əliyevlə qısamüddətli
görüşlərimiz olub. Həmin dövrdə o, yüksək siyasi və dövlət
vəzifələri tuturdu – Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ
Nazirlər Soveti sədrinin birinci müavini idi. O, 1976-cı ildə
İttifaq Parlamentinə səfərini xatırlatmağımı məmnunluq hissi ilə
qarşıladı və prezident Qliqorovun salamlarına lütfkarlıqla cavab
verdi. 1987-ci il oktyabrın 22-də xəbər verildi ki, "Sov.İK MK-nın
plenumu H.Ə.Əliyev yoldaşın səhhəti ilə əlaqədar pensiyaya
çıxmasına görə onun Siyasi Büro üzvü vəzifəsindən azad olunması
xahişini təmin etməyi qərara alıb". Bu xəbər məni çox
təəccübləndirdi, təəssüfləndim. Kommunist partiyasının və dövlətin
yüksəkvəzifəli məmurları işdən azad edilən zaman verilən adi, quru
bəyanat idi. Adətən, bunlar real səbəblər deyildi, çox güman,
baxışlardakı ziddiyyətlərdən, fikirlərin müxtəlif olmasından, şəxsi
paxıllıqdan, çəkişmələrdən, dövlət başçısının və partiyada ona
yaxın adamların şöhrətpərəstliyindən, ya da sadəcə insani və siyasi
həsəd hissindən irəli gəlirdi".
Moskvadakı diplomatik korpusun intellektual dairələrində bu
səbəblərin həqiqiliyinə şübhə edirdilər. Sonralar bu şübhələr özünü
doğrultdu. Müasirlər və həmin hadisələrin əsas iştirakçıları bunu
təsdiq etdilər. 1993-cü ildə cənab Heydər Əliyevin Azərbaycan
Prezidenti seçilməsi elan ediləndə hamıya aydın oldu ki, o,
sağlamdır, MK-nın altı il əvvəl yaydığı məlumatın həqiqətlə heç bir
əlaqəsi yoxdur. Xoşbəxtlikdən və Azərbaycan xalqının bəxtindən,
sonrakı on ildə Heydər Əliyev dövlət başçısı oldu və tarixdə dərin
və silinməz izlər qoydu. Heydər Əliyev Azərbaycan Prezidenti
vəzifəsində özünü ölkənin müstəqilliyinin qorunub saxlanmasında və
möhkəmlənməsində, onun hərtərəfli inkişafının dirçəldilməsində çox
dəyərli tarixi xidmətləri olan əsl milli lider kimi göstərdi.
1993-cü ildə - Azərbaycan dövləti və milləti üçün mürəkkəb bir
dövrdə Azərbaycan Prezidenti vəzifəsində işə başlayaraq, vətəndaş
müharibəsinin qarşısını almağa və Azərbaycanın suverenliyini
qoruyub saxlamağa nail oldu. 1994-cü ildə Ermənistanla atəşkəs
barədə saziş bağlanması ölkədə sabitləşməyə şərait yaratdı. 1995-ci
ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın Konstitusiyası
qəbul edildi. Bu sənəd bütün vətəndaşların bərabərliyi və
demokratik inkişaf üçün şərait yaradılmasını təmin etdi. İqtisadi
sahədə dərin islahatlar aparıldı. 1994-cü ildə onun təşəbbüsü ilə
bağlanmış "Əsrin müqaviləsi", neftin Avropaya nəql edilməsi üçün
infrastruktur obyektlərinin tikilməsi dövlətin iqtisadi
dirçəlişinin təməlidir. Bu iqtisadi siyasət indi Prezident İlham
Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Təsadüfi
deyildir ki, 2014-cü ildə işsizlik səviyyəsi 5 faiz, ölkənin xarici
borcu ÜDM-nin cəmi 8 faizi həcmində olub, əvvəlki on il ərzində
investisiyaların məbləği 200 milyard dollara çatıb.
Müəllif vurğulayır ki, Azərbaycan ilə Balkan dövlətləri arasında
yaxşı ənənəyə çevrilmiş əməkdaşlıq bu gün də davam edir. Son dövrdə
iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlıqla yanaşı,
Azərbaycanın sosial təyinatlı obyektlərin tikintisinə çoxsaylı
ianələr etməsi, belə obyektlərin bir qisminin Heydər Əliyev
Fondunun dəstəyi ilə tikilməsi müşahidə olunur. B.Lazoviç irihəcmli
ianələr sırasında aşağıdakıları xatırladır: Sarayevoda Bakı
küçəsinin və Dostluq parkının, Kor Uşaqlar və Gənclər üçün Mərkəzin
yenidən qurulması, Banya-Lukada heriatrik sosial mərkəzin
tikintisi, Belqradda Taşmaydan parkının abadlaşdırılması və
yeniləşdirilməsi, Novi-Sadda, Dunay çayı sahilindəki parkın və
Novi-Pazarda mədəniyyət mərkəzinin yenidən qurulması,
Podqoritsadakı Kral parkının və Bakı küçəsinin abadlaşdırılması və
yenidən qurulması, Byelo-Poledə uşaq bağçası tikintisi və s.
Azərbaycanda və Qərbi Balkan ölkələrində dostluq rəmzi sayılan
siyasi xadimlərə, elm və mədəniyyət xadimlərinə abidələr
ucaldılıb.
Müəllif sonda beynəlxalq hüququn prinsipləri və normalarından,
BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktından yazır. Əməkdaşlıq,
bərabərlik və dözümlülük separatizmin real alternatividir.
Professor Budimir Lazoviç son olaraq qeyd edir ki, separatizmin
insanları haraya sürükləməsini anlamaq üçün Balkan ölkələrinin,
bəzi hallarda isə Cənubi Qafqazın keçmişinə və bugünkü vəziyyətinə
nəzər salmaq kifayətdir.