Jurnalist Lavrenti Amşentsi – Müharibə zamanı Ermənistan
hansı rolu oynadı və ya oynamadı? Dağlıq Qarabağ erməni
batalyonunun taleyində hansısa diaspor rolunu
oynayırdı?
Vağarşak Kosyan: – Belə düşünürəm ki, Ermənistanın və ya Dağlıq
Qarabağın köməyindən danışmaq bəzi səbəblərə görə lazım deyil.
Bəli, hansısa kömək gəlirdi, amma mən bu barədə heç nə deməyəcəyəm.
Bu, siyasət işidir... Bəli, mənəvi olaraq Ermənistan, Dağlıq
Qarabağ bizimlədir, amma onların öz problemləri var və bizim
gürcülərlə münasibətimizə onları qatmaq lazım deyil. Diaspor çox
güclü kömək etdi! Rusiya diasporu yemək, geyim tədarükü görürdü.
Bizim öz mühasibat şöbəmiz vardı və Rusiya diasporunun köməyi bizim
üçün əhəmiyyətli idi! Yaxın və uzaq ölkələrin də diasporları kömək
edirdi. Gəlin haradan edildiyini dəqiqləşdirməyək, amma erməni
diasporu bizə kömək edirdi!
Gürcüstana qarşı döyüşən Baqramyan batalyonunun Ermənistan
Respublikası tərəfindən, müxtəlif kanallarla dəstəklənən Krunk və
Maştots təşkilatlarının fəaliyyətləri nəticəsində formalaşdırılması
artıq bizə məlumdur. Müharibənin ilkin hissəsində erməni
diasporunun sürətlə təşkilatlanması, təbliğatçı informasiyalarla
onsuz da separatçılar tərəfində olan erməni əhalisini səfərbər
etməsi, dəstələr, daha sonra qrup və bölmələrin yaradılması
nəticədə mütəşəkkil Baqramyan batalyonunun formalaşması üçün zəmin
hazırladı. Öncəki araşdırmalarda ermənilərin gürcü əhalisinə qarşı
terror-təxribat əməliyyataları təşkil etməsi açıq-aşkar sübut
edilib. Batalyonun apardığı teraktlarla yanaşı, onun hansı şəkildə
fəaliyyət göstərməsi, struktur və idarə heyəti haqqında da
məlumatlanmalıyıq.
Artıq bildiyimiz kimi, müharibənin əvvəlində, ilkin olaraq
Qaqrada silahlanan ermənilər təxribatçı qruplar təşkil edərək gürcü
qüvvələrinə və mülki əhaliyə qarşı basqınlar edirdi. Qruplar
sürətlə silahlanaraq demək olar ki, hər yerdə qurulurdu. Nşan
Karagözyan Mexadrda, Sarkis Karekyan Salmada, Karapet Raqanyan
Xapuşsedə, Vağarşak Kosyan Baqnaridə, Eduard Melkonyan rayonun
Lenin adına kolxoz idarəçiliyində, Eduard Kiviryan Açmardada,
Sergey Zabelyan Tsandripş qəsəbəsində və Dəmirçiyan Baranovkada
gürcülərə qarşı təxribat xarakterli əməliyyatların həyata
keçirilməsi zamanı xüsusilə seçilib.
Məsələn, Baqramyan batalyon qərargah rəisi Levon Markaryan
aparılan təxribatçı fəaliyyətləri bu şəkildə etiraf edir:
"...1992-ci ilin oktyabrında Qaqra rayonunun erməni kəndlərinin
əhalisi əsasında bir-birindən fərqli qruplar yaradıldı. Bu qruplar
rəsmi xarakterli deyildi. Onların adı belə müəyyən edilməmişdi.
Onlar bir qayda olaraq kəndlərini qorumaq üçün silahlı qruplar
yaratdı və mürəkkəb daxili vəziyyətdən istifadə edərək, müxtəlif
bəhanələrlə mülki əhalinin talan etməyə çalışdı..."
Araşdırmalara görə, 1992-ci ilin sonunda Sergey Zabelyanın
təşəbbüsü ilə komandir Vağarşak Kosyan və bu bölmələrin
nümayəndələri Lenin adına kolxoz klubuna dəvət edilib. Bu təşkilati
görüşdə hərbi strukturun bütün şöbələrini bir komandanlıq altında
birləşdirmək qərarı verilib. Belə ki, yeni hərbi birləşmənin
yaradılması üçün, qarşıya qoyulan vəzifələr üzərində gərgin
fəaliyyətə başlanıldı. Məsələnin müvəffəqiyyətlə həll edilməsi üçün
faktiki olaraq bütün mövcud bölmələrin komandirləri cəlb olundu.
Arsen Çakryan, Avedis Kosyan, Aram Muradyan, Haçaryan Məlik,
Tomasyan Sergey və İşxan kimi diasporla sıx işləyən nüfuzlu
şəxslərin erməni əhalisi arasında apardığı təbliğatçı fəaliyyətləri
nəticəsində bölgənin erməni əhalisi yaradılan dəstələrə sürətlə
qoşulmağa başladı. Batalyonun yaradılmasına qədər bu tipli
təbliğatçı fəaliyyət 1992-ci il noyabr və dekabr ayları boyunca
davam edib.
Erməni batalyonuna qoşulmaq arzusunda olanlar Sergey Zabelyan və
Vağarşak Kosyanın yanına göndərilirdi. Onlar ideoloji rəhbər
olmaqla yanaşı, müxtəlif bölmələri birləşdirən, həm də sürətli
qərarlar zamanı ən mühüm təxribatçı tapşırıqları həyata keçirən
şəxslər olub. Batalyonun tərkibi əsasən ermənilərin yaşadığı zona
olan Qaqra, Qudauta və Tqvarceli rayonlarından təşkil edilib.
Yenicə yaradılan bölmələr 1993-cü il yanvarın 5-də separatçı
qüvvələrinin Suxumiyə etdiyi hücumda iştirak edir. Döyüşlər zamanı
bölmələr təyin edilən yerə çatır, separatçı rəhbərlikdən Qumist
çayının cəbhə xətlərinin formalaşdırılması əmrini gözləyir.
Əməliyyatın uğursuzluqla nəticələnməsinə baxmayaraq,
bölmələr ətraf hissələrdə kütləvi talançılıqla məşğul
olur. Araşdırmalara görə, Qaqra erməniləri bu döyüşdə
Pitsunda batalyonuna yerli erməniləri də cəlb edib. Eyni zamanda,
erməni döyüşçülərinin bir hissəsi Oçamçira qruplaşmasında da fəal
iştirak edib. Batalyon burada da qətllər törədərək, əsirlər
aparıb.
Ermənilərin getdikcə aktivləşməsi 1993-cü ilin əvvəlində çeçen
döyüşçülər tərəfindən müsbət qarşılanmadı. Artıq erməni
döyüşçülərin özləri də sıxışdırılmağa başlandı. Belə ki, Abxaziya
müharibəsində iştirak edən çeçenlərin bir hissəsi, Qarabağ
müharibəsində Azərbaycanın tərəfində döyüşdükdən sonra Abxaziyaya
qayıdıb. Nəticədə, 1993-cü ilin qışında erməni və çeçenlər arasında
iki silahlı toqquşma baş verib. Bir neçə nəfərin həlak olması, o
cümlədən hər iki tərəfdə qarşıdurmaların dərinləşməsindən qorxan
separatçı rəhbərlik dərhal məsələyə qarışaraq yaranmış vəziyyəti
normallaşdırmağı bacarır. Müharibə ərzində etnik mənsubiyyətlərə
görə, bölmələrin formalaşması, o cümlədən həmin batalyonlar
tərəfindən əzilmə qorxusu erməniləri vahid bir qruplaşmada
birləşməyə tələsdirirdi. Erməni bölmələri üzərində çeçen qorxusunun
nisbətən çəkilməsi ilə erməni qarşıdurmaları daxili məsələlərin
həllinə yönəlir. Belə ki, Krunkun erməni icmasına ümumi liderlik
etmək cəhdi Maştots üzvləri ilə silahlı toqquşmalara səbəb
olub.
Separatçı rejim daxilində yüksək "qüvvə"lərdən istifadə edən
Suxumidəki Krunk icmasının rəhbərliyi, Qaqradakı erməni Maştots
diasporunun nisbi müstəqilliyinə razı deyildi. Baqramyan
batalyonunun ideya tərtibatını öz üzərinə götürən və Abxaziyadakı
erməni icmasının siyasi lideri kimi tanınan (həmçinin separatçı
rejimin "silahlı qüvvələri"nin sədr müavini) Albert Topolyan
batalyona bütövlükdə nəzarət etmək üçün Vağarşakı Qandiat
batalyonunu qeyri-şərtsiz Krunka tabe etməyə çağırdı. Cavabında,
Qaqra icmasının Maştots liderlərindən biri, açıq-aşkar ona
qoşulmaqdan imtina etdi. Nəticədə, Qudautda vəziyyət təcili şəkildə
ağırlaşdı və yaranan münaqişə sonunda Albert Topolyanın bir
mühafizəçisi ölüdürüldü.
Baş verən münaqişələrə baxmayaraq, ermənilər batalyonun
formalaşdırılması üçün separatçı rejimin "müdafiə nazirliyi"nə
lazımi sənədlərin hazırlanmasını səngitmirdi. Araşdırmalara
görə, bunun üçün Andrey Davtyan və Vartan Asatryan adlı erməni
nümayəndələri separatçı rejimin "müdafiə nazirliyi"nə – Qudauta
göndərilib. Nümayəndə heyətini Ardzinba qəbul edir və
lider ermənilərin münaqişə zamanı həlledici rola malik olduğunu
bildirir. Nəticədə, 1993-cü il yanvarın sonundan etibarən,
separatçı qüvvələr ermənilərin bir çox hissəsini toplayır və ayrı
bir erməni batalyonunun formalaşdırılması ideyasını dəstəkləməyə
başlayır.
Baqramyan batalyonu formalaşdırılan zaman diaspor təcili şəkildə
maliyyə toplamağa başlayıb. Maşots nümayəndələrinin bir qrupu,
demək olar ki, Rusiyanın bütün erməni icmasını ziyarət edərək, o
zaman tanınan nüfuzlu insanlarla görüşlər keçirib. İkinci qrup isə
müxtəlif kanallarla silah satın alınması və çatdırılması ilə məşğul
olub. Onların əsas məqsədi Rusiyadan vəsait toplamaq və xaricdən
silah tədarük etmək olub. Araşdırmalara görə, 1993-cü il mart
ayının ortalarında Maştots erməni batalyonu üçün yeni silahlar və
texnikalar əldə edə bilib. Bununla yanaşı, Maştots rəhbərliyi yerli
ermənilərin təşəbbüsü və əsasən də Ermənistanın diktəsi ilə
batalyon üçün Eçmiədzindən göndərilən keşişi qəbul edib. Eçmiədzin
Abxaziyada gürcülərə qarşı mübarizədə aparan erməni döyüşçülərinə
dua etmək üçün Ter-Qriqori adlı keşişi göndərir. Nəticədə, 1993-cü
il yanvarın sonunda batalyonunun "sənədləşməsi" ilə bağlı bütün
məsələlər həll edilir.
Beləliklə, Sovet İttifaqı marşalı İvan Baqramyanın adına olan
motoatıcı batalyon 9 fevral 1993-cü ildə qondarma rejimin rəhbəri
Vladislav Ardzinbanın "55 nömrəli əmrinə" əsasən, qeydiyyata alınır
və separatçı qurumun "silahlı qüvvələrinin" bir hissəsinə çevrilir.
İlkin olaraq 40-50 nəfərdən ibarət olan bölmələrin sayı artaraq
tədricən 300 və daha sonra isə 500 nəfərə çatır.
Jurnalist Amşentsinin "Deməli, batalyon özünü ilk dəfə olaraq
martda elan etdi", - sualına Vağarşak bu şəkildə cavab verib:
"Batalyon yox - 50 nəfərdən ibarət könüllü hücum bölməsi!.. Onlar
batalyon adı altında döyüşürdülər, amma yenə də bu, bölmə idi. Buna
qədər bizim hərbi hissələr yanvar hadisəsində də iştirak edib,
lakin o zaman hələ batalyon yox idi".
Deməli, faktiki olaraq, 1993-cü ilin mart ayında Suxumi üzərinə
başlayan hücuma qədər Baqramyan batalyonu hələ də formalaşma
mərhələsində olub. Bu baxımdan batalyonun formalaşdırlması
yanvardan başlayaraq, rəsmi olaraq yaranması fevral, "elan
edilməsi", yəni aktiv fəaliyyətə başlaması mart ayında
göstərilir.
"...3-4 strukturlu bölükdən ibarət olan Qaqra batalyonu artıq
insan çoxluğundan sıxlaşdı. Bölmələrin normal idarə olunması
nəzarətdən çıxırdı və artıq onu bölmək lazım idi. Bu mənada Müdafiə
Nazirliyi, Ali Şura formalaşdı və erməni batalyonu yaradıldı.
Yaradılması haqda Müdafiə Nazirliyi və Ali Şuranın fərmanı
verildi... Bizdə həm də təkcə Çandripşa zonasının yerli əhalisi
deyil, Qaqra bölgəsindən də vardı. Bizə həm Suxumidən, həm
Labradan, Araqiçdən, Şaumyandan (Qarabağ nəzərdə tutulur – Q.Ş),
Merxuilidən, bir sözlə, Abxaziyanın hər yerindən gəlirdilər. Erməni
bölmələrinin varlığından xəbər tutan hər kəs bizə birləşməyə
gəlirdi. Nəticədə, əhalinin eynidilli ahəngi və bölmələrin şəxsi
heyətinin birliyi erməni batalyonunun yaradılmasına səbəb oldu..."
– deyə Vağarşak Kosyan bildirir.
Araşdırmalara görə, Gürcüstanın Abxaziya bölgəsində Şaumyan adlı
bir ərazi vahidi yoxdur. Şaumyan hazırda düşmən işğalından azad
edilən Goranboyun dağlıq hissəsidir. Buna qədər isə, Qarabağda
qüvvələrimizə qarşı döyüşən ermənilərin bir hissəsinin Abxaziyada
gürcülərə qarşı döyüşməsini bildirmişdik. Nəticədə Vağarşakın həmin
bölgənin adını çəkməsi bizə bir sıra məsələləri dəqiqləşdirmək
imkanı da verəcək.
Beləliklə, 1993-cü ilin yanvar, fevral və mart ayları ərzində
formalaşan Baqramyan batalyonunda erməni döyüşçüləri təntənəli
şəkildə and içir. Əsasən Krunkun, o cümlədən Maştotsun liderliyində
yaradılan batalyonda ilk andı Krunk lideri Albert Topolyan içir.
Qeyd etmək lazımdır ki, Maştotsdan fərqli olaraq, Krunkun separatçı
rejim daxilində çox güclü dayaqları vardı. Fevralın 9-da keçirilən
yığıncaqda separatçı rejimin "xarici işlər naziri" Sergey Şamba da
iştirak edir.
Həmin gün, Ardzinba tərəfindən batalyon komandanlığı və şəxsi
heyəti də təsdiq edilib. Komandir baş leytenant Vağarşak Kosyan,
komandir müavini Gevorq Markoryan, kadrlarla iş üzrə komandir
müavini baş leytenant Suren Minosyan, silahlanma ilə bağlı müavin
baş leytenant Sedrak Çolokyan, təchizat komandirinin müavini
starşina Sergey Zabelyan, batalyon
qərargah rəisi Levon Markaryan təyin edilib. Göstərilən şəxslər
yüksək hazırlıqlı və idarəetmə qabiliyyətinə malik olub, vaxtilə
SSRİ silahlı qüvvələrində xüsusi bölmələrdə xidmət edib.
Vağarşak Kosyan bildirir: "Bizdə sovet ordusunun peşəkar
zabitləri var idi. Bu baxımdan mənə asan idi. Bilmədiyim
məsələlərlə bağlı nə zaman müraciət edirdim, o zaman da istədiyimi
ala bilirdim..."
Markaryan Lenya Levonoviç SSRİ Hərbi-Kosmik Qüvvələrin təqaüdçü
polkovniki olub. O, 1989-cu ildə III dərəcəli "Vətənə Xidmətə görə"
ordeninə layiq görülüb. Abxaziyada anadan olan Markaryan
hemşinlilərin Türkiyədən köçü zamanı məskunlaşan erməni ailələrinin
nəsillərindəndir. Sovet İttifaqında uzun müddət xidmət etdikdən
sonra, 1990-cı ildə Gürcüstanın Abxaziya bölgəsinə gəlir. Bir neçə
ay ərzində, Abxaziyada müharibə başlayana qədər, öz məskunlaşdığı
bölgədə təxribatçı dəstə yaradır və ona rəhbərlik edir. Qısa
müddətdə Levon Markaryan erməni batalyonunun formalaşdırılması
işinə qoşulmaq üçün dəvət olunur.
Bu haqda Levon Markaryan bildirir: "Ermənistan silahlı
qüvvələrinin yaradılması yalnız Ermənistanda deyil, ermənilərə
sığınacaq olan xarici vətəndə (Ermənistan nəzərdə tutulur – Ş.Q)
ermənilər üçün də mühüm əlamətdar hadisədir. Və biz, Abxaziya
Respublikasının ərazisində yaşayan ermənilər Abxaziyanı öz
vətənimiz hesab edirik... deyilən faktlarla qürur duyuram".
Markaryan şəxsən erməni batalyonunun Gürcüstana qarşı müharibədə
iştirakı üçün əlindən gələni əsirgəməyib. Maliyyə, geyim, qida və
digər ləvazimatlarla qaniçən batalyonu təmin edib. Gürcüstanı
işğalçı, Abxaziyanı vətən adlandıran yüksək rütbəli erməni,
göründüyü kimi, bundan xüsusilə məmnundur.
"Demək istəyirəm ki, müharibə zamanı insanlar çox məsuliyyətli
olur, mahiyyətini dərk edir. Bunu çubuq altında deyil, vətən
naminə, onun uğrunda edirik. İnsanlar bir məqsəddən ilham alıblar –
Abxaziyanı işğalçılardan azad etmək..." – Levon Markaryan
bildirir.
Beləliklə, dağınıq erməni bölmələri vahid batalyon ətrafında
birləşdirildi. Müxtəlif növlü silahlar və sistemlərdən istifadə
təbii ki, ilkin formalaşan batalyon həcmi üçün kifayət qədər çox
deyildi. Fevralın 11-də komandirlər batalyonunun gələcək
dislokasiya yerinə, rayonun Tsandripş qəsəbəsinin internat məktəbi
sahəsinə gəlib. Bölmə komandirləri bölgəyə batalyonun şəxsi
heyətinə qeydiyyata düşmək üçün döyüşçüləri ilə birgə gəlib.
Yuxarıda göstərildiyi kimi, batalyonun şəxsi strukturu əsasən Qaqra
mahalında yaşayan ermənilərə əsaslanırdı. Rayonun erməni əhalisi
ilə yanaşı batalyona, gürcü nəzarətindəki ərazilərdə məskunlaşan
ermənilər də daxil olub. Batalyon etnik tərkibinə görə əsasən
ermənilərdən ibarət olsa da, onlarla yanaşı, abxaz, rus, kabardin,
etnik almanlar və yunanlar da gürcülərə qarşı döyüşüb.
Araşdırmalara görə, batalyon Qudautada Rusiyaya məxsus zenit
alayından hələ 1992-ci ilin avqust və sentyabr aylarında abxazlara
verilən silahlarla təmin edilib.
Batalyon daxilində koordinasiyanı təşkil edən və onun nəqliyyat
vasitələri ilə təmin edilməsini isə Sergey Zabelyan edib.
Zabelyanın vasitəçiliyi ilə Artur Asaturyanın separatçı qüvvələrdən
və ruslardan aldığı nəqliyyat vasitələri hesabına avtomobil tağımı
yaradır. Bu kimi fəaliyyətlərdə xüsusən Hovhannes Daşyan, Sergey
Papazyan, Robert Xalayçev, Harutyun Melkonyan, Karapet Minasyan
adlı şəxslər mühüm rol oynayıb. Təbii ki, digər məsələlərlə yanaşı,
texnika və silah-sursat alınması birbaşa diasporun nəzarəti altında
həyata keçirilib. Erməni batalyonunun yaradılması ideyasına
Maştots, gizli təşkilat rəhbərləri, o cümlədən Krunk rəhbəri Albert
Topolyanla yanaşı, Qaqra qarnizon rəisi Dopua Quram Xoneloviç də
birbaşa dəstək verib. Batalyona erməni icması nümayəndələri, iş
adamları, məsələn, Qaqradan Sergey Çakryan və digər nüfuzlu şəxslər
maliyyə və təchizat yardımı ediblər. Suxumidən olan, hazırda isə
Moskvada yaşayan Saturyan qardaşlarının rəhbərlik etdiyi Tiko adlı
Rusiya kommersiya bankı batalyonun təchizatında xüsusi rol
oynayıb.
Aparılan araşdırımanı daha da dərinləşdirdikdə batalyonun şəxsi
heyətinin avtotağım rəhbərindən başlayaraq, tibb xidməti işçilərinə
qədər kimliyini müəyyən edə bildim. Belə ki, avtotağım rəhbəri
K.Minalyan, minaatan batareya komandiri Z.Kalaydjyan, onun müavini
L.Selvyan, qumbaraatan tağım komandiri İ.Tarba, batalyonunun xüsusi
şöbəsinin müdiri Qumba İqorya Anatoliyeviç (separatçı rejimin Leon
ordeni ilə təltif edilib) təyin edilib. Tank əleyhinə tağımın
komandiri Raqanyan Vaqan Anuşavanoviç (separatçı rejim qəhrəmanı),
kəşfiyyat tağımında ilkin olaraq Pak, ardınca T.Kalaydjyan, rabitə
tağımına Ayk Ustyan, "Zenitka" Tank əleyhinə tağım komandiri K
Keşyan, "Zenitka" sürücüsü Avidzba Karlo, maddi təminat
M.D.Danielyan, birinci rota komandiri Sarkis Karekyan, müavin Nşan
Ustyan, ikinci rota komandiri Nşan Karagözyan, ardınca onun qardaşı
Karapet Karagözyan, üçüncü rota komandiri Sergey Tomasyan, ardınca
Qalust Trapizonyan (separatçı rejim qəhrəmanı), tibb bacıları
Lamara Cvijba, Zirafina Dzapşba, Sveta Karagözyan, Xalbad Rimma
(Sara), Sveta Almeşeva, Xaraziya Lyalya, Aqrba Nina, Marina
Minosyan, Qablia İnqa (Eşerdə ölüb) və sanitar təlimatçısı Aram
Kinosyan olub.
Tibb xidmətinin rəisi Harut Çakıryan, qida rəisi S.İ. Çakryan,
1993-cü ilin mayına qədər batalyon komissarı Suren Minasyan,
ardınca Harutyun Terzyan (separatçı rejimin qəhrəmanı elan edilib)
olub. 1993-cü ilin uyulunda A.Terzyan Çukurovkada yaralandıqdan
sonra komissar V.A.Tatulyan təyin edilib.
İlk batalyon komissarı Suren Minasyan Taçatoviç müharibədən
öncə, Alaxadzi orta məktəbində hərbi təlimatçı işləyib.
Toplantıların birində çıxış edən Vağarşak və Zabelyan ermənilərə
Minasyanı daxili qoşunların ehtiyat zabiti, erməni "Maştots"
cəmiyyətinin sədri kimi təqdim edir. Üç gün sonra o, batalyon
komissarı vəzifəsində bölmələrin yaradılmasında iştirak etməyə
başlayır. Suren hərbi komissarlıqdan döyüşçülərin seçilməsi, döyüş
əməliyyatları üçün kadrların hazırlanması ilə məşğul olub. Bölgənin
kolxoz və sovxozları isə batalyonun ehtiyaclarını qarşılayıb.
Müharibə zamanı döyüşlərdə həlak olan erməni ailələrini isə Sergey
Zebelyan, Levon Markaryan və X.T.Minasyan diaspordan göndərilən
maliyyə hesabına susdurmağı bacarıb.
Müharibə zamanı ikinci Barqamyan batalyonu müharibənin sonuna
yaxın, 1993-cü ilin sentyabr hücumuna qədər yaradılıb. Vahid
komandanlığı birinci erməni batalyonunda keçmiş komandir müavini
olan mayor Gevork Markaryan (separatçı rejimin Leon ordeni ilə
təltif edilib) edib. Artıq 1993-cü ilin iyun ayında Markaryan
digərinə nisbətən daha kiçik, 160 nəfərlik ikinci Baqramyan
batalyonunun komandiri olub. Batalyonun komandir müavini Gevork
Meletyan, təchizat rəisi M.D.Danelyan, komissar D.Q.Matulyan, bölük
komandiri S.B.Paxlyan olub. Gevork Markaryan həmçinin komissar
funksiyalarının həyata keçirilməsinə də başçılıq edib.
Yuxarıdakı faktlardan göründüyü kimi, Baqramyan batalyonu bir
qrup təsadüfi və silahlı insanların birliyi deyildi. Şahidlərə,
Gürcüstan Baş Prokurorluğu, təhlükəsizlik və kəşfiyyat orqanlarının
məlumatlarına görə, batalyon müharibə zamanı ifrat qəddarlıq
göstərib, gürcülərə qarşı soyqırım və etnik təmizləmə
əməliyyatlarında fəal iştirak edib. Bunu, Gürcüstan Baş
Prokurorluğunda saxlanılan, Abxaziyada müharibə zamanı sivil gürcü
əhalisinə qarşı törədilən cinayət aktları haqqında 200 səhifəlik
materiallar da təsdiqləyir.
Araşdırmalara görə, Abxaziya müharibəsində ən dəhşətli cinayət
aktları erməni Baqramyan batalyonuna aiddir. Həmin sənədləri
araşdıran tədqiqatçılar Baqramyanı bölgədə yerləşən digər qruplarla
müqayisə etmək bir yana, onun Ermənistanla sıx təşkilati strukturda
birləşməsini və geniş şəbəkə tərəfindən idarə olunmasını bildirir.
Bu baxımdan, "Baqramyan" yalnız batalyon olaraq deyil, Ermənistan
və Ümumerməni diasporu tərəfindən təşkilatlandırılan, güclü xarici
əlaqələrə, xüsusi gəlir mənbələrinə, öncədən planlaşdırılan
məqsədlərə malik cinayətkar struktur kimi qiymətləndirməli və
yuxarıda göstərilən şəxslərin hər biri etdiyi cinayət aktlarına
görə gürcü xalqının qarşısında cavab verməlidir.