Ermənistanla İran arasında viza rejiminin aradan
qaldırılması, o cümlədən İran Prezidenti Həsən Ruhaninin
müsəlmanlara divan tutan, müsəlman abidələrini yerlə-yeksan edən,
müsəlman torpaqlarını 20 ildən artıqdır işğal altında saxlayan bir
ölkəyə səfər etməyə hazırlaşması yolverilməzdir.
Bunu APA-ya
açıqlamasında politoloq Qabil Hüseynli İranla Ermənistan arasında
viza rejiminin ləğvi barədə sazişin imzalanması və İran prezidenti
Həsən Ruhaninin Ermənistana planlaşdırılan səfərinə münasibət
bildirərkən deyib.
O bildirib ki, İranın hələ də Azərbaycanın müstəqilliyini həzm
etmədiyi görünür:
"İran Azərbaycanın müstəqilliyini həzm etsəydi, Dağlıq Qarabağ
müharibəsinin qızğın vaxtında, Azərbaycan Ermənistanı blokadaya
alanda Ermənistan üçün Araz çayının üzərindən əvvəlcə tampon körpü,
daha sonra dəmir körpü çəkib, Ermənistan üçün bir "nəfəslik"
açmazdı. İran bunu etdi. Bu gün də Ermənistanın ərzaq
məhsullarından tutmuş, geyim, inşaat mallarına qədər, təminatı
İranla bağlıdır. Eləcə də Azərbaycanın işğal altındakı ərazilərində
meşələri qırıb, mebel hazırlayaraq İrana göndərirlər. Yəni İranla
Ermənistan arasında gur ticarət gedir. Bu günlərdə Ermənistanın
xarici işlər naziri Edvard Nalbəndyanı Tehranda təmtəraqla
qarşıladılar. Hətta Nalbəndyanın 20 nəfərlik erməni diasporunun
nümayəndələri ilə görüşünü də təşkil etdilər. Mən xatırlayıram,
mərhum Heydər Əliyevlə İrana səfərə gedərkən Bakıda
razılaşdırılmışdı ki, səfərimizin istiqamətlərindən biri Təbriz
olacaq. Amma Tehrana çatanda bildirdilər ki, guya Təbrizdə
narahatlıq var, yaxşı olar ki, İsfahan-Kiş adaları istiqamətində
səyahət edək. Bizim orada yaşayan azərbaycanlılarla normal
təmasımıza imkan vermədilər. İndi də Ermənistanla viza rejimini
tamamilə ləğv edirlər, üstəlik, Edvard Nalbəndyanın ardınca Həsən
Ruhani də Ermənistana səfər edir. Özünü müsəlmanların marağını
müdafiə edən ölkə hesab edən İran müsəlman ölkəsi Azərbaycanın
torpaqlarını işğal etmiş xristian Ermənistana məhəbbətini gizlədə
bilmir. Qüdsü müdafiə edir, Qüds Günü keçirirlər, bütün dünya
müsəlmanlarını Qüdsü müdafiə etməyə çağırırlar. Ancaq Dağlıq
Qarabağ coğrafi məkan və önəm baxımından Qüdsdən az əhəmiyyətə
malik deyil. İran Qüds məsələsində hansı mövqe tutursa, Dağlıq
Qarabağ probleminə də eyni münasibət ortaya qoymalıdır. Amma İran
bu məsələdə bir dəfə də olsun birmənalı şəkildə Azərbaycanın
mövqeyini müdafiə etməyib".
Q. Hüseynli İranın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində
Ermənistan işğalını pislədiyini, ancaq 2-5 aprel tarixlərində
Azərbaycan ordusu ciddi uğurlar qazanarkən tam susqunluq nümayiş
etdirdiyini xatırladıb:
"Hətta İran sonradan məsələnin sülh yolu ilə həllində iştirak
edə biləcəyi barədə bəyanat yaydı. Halbuki Azərbaycan işğal
altındakı torpaqlarını azad etməyə başlamışdı və İran buna
sevinməli, bunu alqışlamalı idi. Lakin bunu etmədi. Yalnız
azərbaycanlılar Təbrizdə, müxtəlif şəhərlərdə evlərin üzərinə
qalxıb "Allahu əkbər, Azərbaycan!" şüarları səsləndirəndən sonra
İranın Müdafiə Nazirliyindən Azərbaycana bir nəfər səfər etdi.
İranın Araz çayı üzərində su anbarı tikməsi də kifayət qədər
mübahisəli məsələlərdən biridir. Mən güman edirəm ki, İranın bu
siyasəti davam edərsə, biz İran tərəfinə bu məsələləri
xatırlatmalı, adekvat cavab verməliyik. Biz İranla səmimi, həqiqi
müsəlman, şiə dostluğu istəyirik. İranda yaşayan 35 milyon
azərbaycanlının normal mədəni hüquqlarının təmin edilməsini
istəyirik. Problemlər çoxdur və bu problemlər tədricən həll
edilməlidir ki, ortada səmimi münasibətlər formalaşsın".
Millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, İran
Ermənistanla xoş münasibətləri indi yaratmağa başlamayıb:
"İran bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu, sanki dilə
gətirilən prinsipial münasibətdir. Ancaq Ermənistana hər hansı
təzyiq müşahidə etmək mümkün olmur. Halbuki İrandan uzaqda olan
Qüdsə görə canfəşanlıq edir, amma gözünün qarşısında Azərbaycanın
işğal olunmuş əraziləri ilə bağlı sadəcə, mövqe bildirməklə
kifayətlənir. Bu, bəlkə də İranın dövlət maraqlarına cavab verir.
Amma məncə, bu, yanlış münasibətdir. Azərbaycan da bu münasibəti
diqqətindən kənarda saxlamır. Biz İrana siyasəti ilə bağlı hansısa
dərs demək niyyətində deyilik. Sadəcə, İrandan bizə qarşı atılan
addımlara cavab vermək kifayətdir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri i Elxan Şahinoğlu isə
qeyd edib ki, İrana qarşı nüvə məsələsi ilə bağlı sanksiyalar
aradan qaldırılandan sonra Azərbaycan-İran əməkdaşlığı barədə xeyli
fikir mübadilələri aparılıb, indi də ortaq layihələr barədə ciddi
dialoq gedir. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı işlər
sürətlənib:
"Belə bir ərəfədə İranın Ermənistana üz çevirməsi, iki ölkə
arasında dialoqun artması bizdə ciddi narahatlıq və suallar
yaradır. Çünki Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan
Cənubi Qafqazın əsas açar ölkəsidir, Azərbaycanla əməkdaşlıqdan
faydalanmaq olar. Ermənistan kasıb ölkədir, İran Ermənistanla
əməkdaşlıqdan nə əldə edəcək ki?! Azərbaycanla İran arasındakı
layihələrdə Azərbaycan öz hissəsini, payını maliyyələşdirir,
kreditlər ayıra bilir. Ermənistanda bunların heç bir yoxdur. Tutaq
ki, İran Ermənistanda ortaq bir müəssisə açıb, hansısa qazanc əldə
edə bilərmi? Yox. Deməli, İranda başqa dəyərlərdən çıxış edirlər.
Baxmayaraq ki, bəzi İran rəsmiləri, din xadimləri Azərbaycana səfər
edəndə, yaxud Tehranda Azərbaycan rəsmiləri ilə görüşəndə deyirlər
ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, işğalı
pisləyirik. Amma əməldə bunu müşahidə etmirik. Məsələn, Qüds
məsələsində ümumi islam mövqeyindən çıxış edirlər. Yaxşı, İran Qüds
məsələsində olduğu kimi Azərbaycan torpaqlarının işğalı məsələsində
niyə ümumislam mövqeyindən çıxış etmir?! Yeri gəlmişkən, bu
günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı Tehrana səfəri zamanı bir daha iranlı rəsmilərə xatırlatdı
ki, Azərbaycanın işğal altındakı torpaqlarında məscidlər dağıdılıb.
Buna İran rəsmiləri reaksiya verdilərmi? Mən belə bir reaksiya
eşitməmişəm. Deməli, İran Azərbaycan, Qarabağ məsələsində din
amilindən yox, dırnaqarası "geosiyasi maraqlar"dan çıxış edir. O
geosiyasi maraqlardan ki, İranda bəziləri Azərbaycanın inkişafı və
güclənməsində maraqlı deyillər və bunun qarşısını almaq yollarından
biri kimi Ermənistanla sıx əlaqələr saxlamağı vacib sayırlar. Amma
İran Ermənistanla əlaqələri gücləndirdikcə Azərbaycan cəmiyyətində,
siyasi mərkəzlərin gözündə İranla əməkdaşlığa yaranan inam da
ortadan qalxa bilər".