Ümumiyyətlə ABŞ-da respublikaçıların hakimiyyəti dövründə Azərbaycanla münasibətlər daha yaxşı olur. Bunun əsas səbəbi odur ki, respublikaçılar daha çox neft maqnatlarıdır.
Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Azərbaycan və ABŞ münasibətlərini şərh edərkən deyib.
“Demokratlar dövründə isə ön plana daha çox insan haqları və hüquqları, siyasi, cinsi azadlıqlar və s. qoyulur və ölkələrə təzyiq göstərilir, müdaxilə edilir. Bu da rəngli inqilablara və çevirilişlərə gətirib çıxaracaq proseslərdir. Aydın məsələdir ki, bu siyasəti ölkələr qəbul edə bilməz. Ona görə də ABŞ-da olan Demokratlar Partiyası Afrika və Asiya ölkələri tərəfindən sevilmir.
Azərbaycanın da neft ölkəsi olduğunu nəzərə alaraq, indiki münasibətlərdə ortaq dil tapmaq olur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki və ABŞ-ın beynəlxalq missiyalarındakı sülhməramlı rolu, həmçinin ABŞ-ın Əfqanıstana hərbi kampaniyalarına yaratdığı tranzit imkanları və s. üst-üstə gəldikdə, bəlli olur ki, bizim bu gün ABŞ-la əməkdaşlıqda çox ortaq nöqtələrimiz var.
ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın dünya liderliyindən imtina etdiyini, dünyanın bütün problemlərini həll etmək məcburiyyəti olmadığını, həmçinin diqqətini öz vətəndaşlarına yönəldəcəyini bildirdi. İndiki halda ABŞ heç bir ölkənin daxili məsələlərinə qarışmaq niyyətində deyil.
Burada iki məqam var. Birincisi, Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirməyə çalışırlar. İkincisi isə Rusiyaya qarşı olan növbəti sanksiyalarda Azərbaycanı da yanlarında görmək istəyə bilərlər. Bu, İrana da aiddir. Çünki Azərbaycan İran və Rusiya arasında yerləşən yeganə dövlətdir.
Bundan əlavə, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsın İsrailin Azərbaycandakı səfiri Corc Diklə görüşü də təsadüfi deyildi”, - Rzayev bildirib.
Politoloq Donald Trampın Azərbaycana səfərinin mümkünlüyünü də vurğulayıb:
“Tramp adətən səfərlərini böyük iqtisadi və siyasi uğurlar əldə etmək üçün edir. Böyük layihə üzrə danışıqlar gedərsə və ya Azərbaycanla Ermənistan arasında sülh imzalanması mərasimində bunun mümkün ola biləcəyini düşünürəm.
ABŞ sülh prosesində çox maraqlıdır. Çünki Tramp prezident vəzifəsinə gələndə dünyada müharibələri dayandıracağı barədə söz vermişdi. Ancaq Ukraynada bu proses hələ ki uzanır. İsrailin Baş naziri Netanyahu da müharibəni dayandırmır. İranla da bağlı hələlik bir uğur əldə olunmayıb. Ona görə də Tramp bir yerdə sülh prosesinin bitməsini istəyir ki, bu da Azərbaycanla Ermənistan arasında ola bilər. Əgər belə bir sülh prosesi baş verərsə, mümkündür ki, Tramp Azərbaycana səfər etsin”.