"Malta yığması zəif rəqib deyil. Amma biz onlardan geri
qalmırıq. Hətta üstün tərəflərimiz də çoxdur. Artıq heç bir
komandaya zəif rəqib kimi baxmırıq".
Axar.az xəbər verir ki, bu sözləri milli komandanın qapıçısı
Kamran Ağayev Malta ilə oyunöncəsi deyib. Jurnalistlərin suallarını
cavablandıran qolkiper deyib ki, qələbə qazanmaq üçün əlimizdən
gələni edəcəyik:
"Söz verməsək də, ümid edirik. Əslində Maltanı məğlub etməliyik.
Qələbə qazana bilməsək, gülməli olacaq. Malta millisinə məğlubiyyət
mənim üçün faciə sayılacaq".
"Mən də hələ Azərbaycan millisi ilə qələbə qazanmamışam. Buna
görə də əlimdən gələni edəcəm ki, bu oyunda qalib gələk".
Bunu isə millinin bolqar yarımmüdafiəçisi Dmitri Nazarov
qol.az-a müsahibəsində bildirib. Onun sözlərinə görə, Malta
yığmasının bəzi futbolçularını da şəxsən tanıyır:
"Amma mənim üçün rəqibin hansı heyətlə gəlməsi və hansı sistemlə
oynaması maraqlı deyil. Əsas odur ki, biz öz oyunumuzu oynayaq. Bu
vacib oyundur və üç xalı biz qazanmalıyıq. Prosineçkinin mənə dəvət
göndərməsi göstərir ki, Azərbaycanda mənə inanırlar. Mən də öz
oyunumla bu inamı doğrultmağa çalışacam".
Yığmanın digər üzvü Qara Qarayev hesab edir ki, Malta səfərdə
yaxşı oynayır: "Müdafiədə daha diqqətli olurlar. Ona görə də
rəqiblərinə çətinlik yaradırlar. Məncə, 2013-cü ildəki Maltadan
daha çətin bir yığma ilə qarşılaşacağıq. Qol buraxsaq, işimiz çətin
olacaq. Qeyd etdiyim kimi, rəqib sıx müdafiə olunan komandadır. İlk
növbədə qol buraxmamağı düşünməliyik".