"Yaz vaxtına keçidlə gələn
qar yenidən subsidiyalar məsələsini aktuallaşdırdı".
"Axar.az" xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin
İdarə Heyətinin sədri, iqtisadçı alim Vüqar Bayramov kənd
təsərrüfatına ayrılan subsidiyaların artırılmasının tərəfdarı
olduğunu deyib:
80 manatdan 140 manata
"Ötən ilin dekabrında benzinin qiymətində müşahidə edilən
artımlar fermerlərə verilən subsidiyaların artırılması məsələsini
gündəmə gətirsə də, sonradan kənd təsərrüfatına birbaşa maliyyə
dəstəyinin gücləndirilməsi müzakirə mövzusu olmadı. Yaz vaxtına
keçidlə gələn qar isə yenidən subsidiyalar məsələsini
aktuallaşdırdı. Belə ki, sonuncu qarın kənd təsərrüfatı məhsulları
istehsalının azalacağına səbəb olacağını proqnozlaşdırmaq çətin
deyil. Belə olan halda isə, həm fermerlərin xərclərinin
azaldılmasının, həm də mövsüm zamanı gözlənilə qiymət artımlarının
qarşısının alınması üçün subsidiya məbləğlərinə yenidən baxılması
və artırılmasına ciddi ehtiyac var. Qeyd edək ki, Azərbaycanda
aqrar sektora verilən subsidiyalar hazırda strateji və adi
məhsullar üzrə qruplaşdırılır: Strateji məhsullar üzrə
subsidiyaların həcmi adi məhsullar üzrə verilən subsidiyaların
həcmindən 2 dəfəyə qədər çoxdur. Strateji olmayan məhsullar
istehsal edən fermer təsərrüfatlarının hər hektarına 40, strateji
məhsul istehsal edən fermer təsərrüfatının hər hektarına isə 80
manat ödənilir CESD-nin ekonometrik hesablamaları göstərir ki,
subsidiya məbləğinin adi məhsullar üzrə 40 manatdan 80 manata,
strateji məhsullar üzrə isə 80 manatdan 140 manata artırılması
dövlət büdcəsi üçün hər hansı ağırlıq yaratmamaqla yanaşı
fermerlərinin xərclərinin qarşılanmasına imkan verər".
İqtisadçı alim hesab edir ki, kənd təsərrüfatı sahəsinə
subsidiyaların ayrılması sonuncu dəfə 4 il bundan əvvəl baş verib.
Amma son 4 ildə aqrar sahə ilə məşğul olanların xərcləri bir neçə
dəfə artıb:
Son 4 ildə dəyişdirilməyib
"Avropa Birliyində büdcənin 40 faizindən çoxunun sadəcə kənd
təsərrüfatına subsidiyalar verilməsinə yönəldildiyini nəzərə
aldıqda o zaman inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda da
fermerlərə birbaşa maliyyə yardımın əhəmiyyətini müəyyənləşdirmək
çətin olmaz. Eləcə də nəzər almaq lazımdır ki, subsidiyaların
məbləği son 4 ildə dəyişdirilməyib. Amma bu müddətdə fermerlərin
xərclərində artımlar var. O baxımdan subsidiyaların məbləğinə
yenidən baxılması, xüsusən strateji məhsulların istehsalına yönələn
subsidiyaların məbləğinin artırılması daha məqsədəuyğundur".
Ərzaq növlərinin sayının artırılmasına ehtiyac
var
Vüqar Bayramov subsidiyaların verilməsi şərtlərində dəyişiklik
edilməsini də təklif edir. Onun fikrincə, yeni şərtlərə kənd
təsərrüfatı sahəsində çalışanlar, fermerlərə yardımları daha rahat
əldə etmələrinə şərait yaradacaq: "Digər tərəfdən, subsidiyaların
verilməsi üçün tətbiq edilən bu meyar da kifayət qədər sadədir.
Subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora
yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə
ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və
buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji
məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı
olan digər məhsulların da aid edilməsinə ehtiyac var. O baxımdan
strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir.
Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının
artırılmasına ehtiyac var. İkincisi, Azərbaycanda tətbiq edilən
meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul
istehsalını stimullaşdırmır. Praktiki olaraq burada əkin
sahəsindəki hər hektara görə ödənişlər olur. Bu da kifayət qədər
sadə üsuldur. Yəni, fermerin hansı həcmdə məhsul istehsal
etməsindən, hətta ərazidə yonca əkməsindən asılı olmayaraq, bütün
hallarda həmin subsidiyanı alır. Amma bu belə olmamalıdır. Bu üsul
daha çox zəhmət tələb edən və ya daha çox məhsul verən ərzaq
məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına
imkan yaratmır. O baxımdan subsidiyaların verilməsi mexanizminin
dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara
bölünməməsi lazımdır".
Ən yaxşı təcrübə ABŞ-a məxsusdur
Ekspert aqrar sahədə çalışanlara verilən subsidiyaların
miqdarının və şərtlərinin müəyyən edilməsi zamanı xarici təcrübədən
yararlanmaq lazım olduğunu da deyir. Onun fikrincə, bu sahədə ən
yaxşı təcrübə ABŞ-a məxsusdur:
"Subsidiyalarin ABŞ-da edilən meyarlar əsasında tətbiq edilməsi
mümkündür. Belə ki, subsidiyaların məbləği istehsal olunan məhsulun
həcminə uyğunlaşdırılır. Yəni, daha çox məhsul istehsal edən fermer
dövlətdən daha çox subsidiya alır. Az istehsal edən fermer isə az
subsidiya almalıdır. Yəni, faktiki olaraq subsidiyaların məbləği
dəyişən olmaqla fermerlərin daha çox məhsul istehsal etməsini
stimullaşdırmalıdır. Bu da təbii ki, subsidiyanın tətbiqi ilə bağlı
meyarın dəyişdirilməsi və subsidiyanın hektarlar üzrə deyil,
istehsal olunan məhsulun həcminə uyğun olaraq
müəyyənləşdirilməsidir. Ümumilikdə subsidiyalar fermerləri daha çox
məhsul istehsal etməyə təşviq etməlidir".
Xatırladaq ki, martın 30-da Azərbaycan ərazisində havanın
temperaturu düşüb. Ölkənin əksər yerlərində qar yağıb, bəzi
ərazilərdə dolu düşüb. Temperaturun birdən-birə azalmasının yenicə
çiçəkləmiş ağaclara və bəzi bostan bitkilərinin məhsuldarlığına
mənfi təsir edəcəyi proqnozlaşdırılır.