Qazaxıstan mətbuatı Ermənistanın Avrasiya Birliyinə
üzvlüyü məsələsi ilə bağlı qazax iqtisadçıları və ekspertlərinin
fikirlərindən ibarət "Ermənistan bizə lazımdırmı?" başlıqlı
təhlilli yazıyla çıxış edib.
Axar.az müəyyən ixtisarlarla həmin materialı təqdim edir.
Məlumatda deyilib ki, Ermənistanın Avrasiya Birliyinə üzv
seçilməsi ilə bağlı artıq Rusiya Prezidenti Vladimir Putin
sentyabrın 1-də xüsusi sənəd imzalayıb. Bu məqsədlə qazax media
mənsubları ölkələrinin bu məsələdə itirəcəyi, yaxud əldə edəcəyi
dividentləri araşdırıblar və məsələyə bu cür yanaşıblar:
"Aydın məsələdir ki, Rusiya öz maraqlarını axtarır, bəs digər
ölkələr? Əlbəttə ki, Ermənistan Qazaxıstan və Belarusdan
yararlanacaq və gömrük gəlirlərindən öz büdcəsini artıracaq.
Nəticədə nə olacaq?"
Məsələyə
mövqeyi öyrənilən ilk ekspert Qazaxıstan Milli Bankının sədr
məsləhətçisi Oljas Xudayberqenov olub. Onun sözlərinə görə,
Ermənistanın daxili mal dövriyyəsi 10 milyard dollar təşkil edir
ki, bu da Avrasiya Biliyinin ümumi göstəricisinin 0,4 faizi
deməkdir:
"Ermənistanın öz kiçik göstəriciləri ilə Avrasiya Birliyinin
iqtisadi inkişafına necə təsir göstərəcəyini anlaya bilmirəm".
Mərkəzi
Asiya və Çinin öyrənilməsi üzrə "Sinopis" mərkəzinin eksperti
Dinara Nuruşeva bildirib ki, Ermənistanın təşkilata üzv qəbul
olunmasından öncə bu ölkənin iqtisadi imkanları və göstəriciləri
mütləq analiz edilməlidir:
"Moskvanın geosiyası maraqları belədir ki, Avrasiya Birliyi daim
genişlənsin. Bunun üçün Rusiya müəyyən itkilərə və xərclərə də
hazırdır. Belə olan təqdirdə, Moskva və Astananın öz məqsədləri
üçün atacaqları addım maraq doğurmaya bilməz. Yəni, Ermənistanın
üzvlüyü dərin analiz olunmalıdır. İndiki halda isə heç bir
perspektiv görmürəm. Amma gəlin baxaq – Azərbaycanla mövcud olan
iqtisadi əlaqələr isə Qazaxıstan üçün daha əlverişli və uyğun
görünür. Dağlıq Qarabağ münaqişəsi də müəyyən problemlər yaradacaq.
Bir sözlə, Ermənistanın Avrasiya Birliyinə üzlüyü Azərbaycanla
əlaqələrin gərginləşməsinə gətirəcək ki, bu da Qazaxıstanın milli
maraqlarına cavab vermir".
Diplomat
Kazbek Beysebəyov da ölkəsinin Ermənistandan hansı gəlirlər əldə
edəcəyini anlamadığını dilə gətirib:
"Avrasiya Birliyini quran üç ölkənin iqtisadi mühiti
bir-birindən cüzi fərqlənir ki, bu amil də onların birləşməsinə
səbəb oldu. Kobud desək, bu ölkələrin bir-birindən nəsə
alıb-satmasına müəyyən zəmin var. Ermənistanla bağlı vəziyyət isə
tamam fərqlidir. Qazaxıstanın xarici mal dövriyyəsində Ermənistanın
payı cüzidir. Hansı mənfəət əldə edəcəyimizi demək olduqca
çətindir".
Məşhur
qazax biznesmeni, iqtisadçı Aydan Qəribcanov isə məsələnin
tərəflərini detallarla izah edib:
"İndi tapdim, 2009–cu il üçün Ermənistanla mal dövriyyəmiz cəmi
9 milyon təşkil edib. Azərbaycanla isə bu göstərici yarım milyard
dollar civarındadır. Yanacaq, eləcə də digər neft məhsullarının
Xəzər Dənizi vasitəsi ilə nəqlində Azərbaycan Qazaxıstan üçün
həyatı vacib rol oynayır. Bakı-Aktau dəniz dəhlizinin fəaliyyəti
isə Qazaxıstanın şərq əyalətlərinin sosial, iqtisadi inkişafında
əhəmiyyətli rol oynayır. Yeri gəlmişkən, Ermənistanın Avrasiya
Birliyinə üzv ölkələrin heç biri ilə qurudan sərhədi yoxdur. Bundan
başqa, Azərbaycan həmçinin bizdən iri həcmdə buğda ixrac edir. Odur
ki, inteqrasiyanın tərəfdarlarından soruşmaq istəyirəm: tələsik
şəkildə Ermənistanı quruma üzv etməklə hansı maraqlar güdürsünüz?
Azərbaycanla əlaqələrdə yaşanılacaq gərginliyin
fərqindəsinizmi?"