Axar.az
Yuxarı

Axar.Az Logo

Azərbaycanın alternativ enerji qaynaqları

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyada enerji təhlükəsizliyi siyasəti ölkələrin milli təhlükəsizliyinin əsas komponentlərindən biri sayılır. Çünki iqtisadiyyatın inkişafı sənayenin inkişafından, sənayenin inkişafı isə enerji qaynaqları ilə birbaşa bağlıdır.

Digər tərəfdən bu, əhalinin istilik və yanacaq tələbatını ödəmək də mühüm məsələlərdəndir. Xarici ölkələrdən enerji asılılığı olan dövlətlər böhranlı durumlarda enerji sıxıntısı yaşamamaq üçün bir neçə marşrut xətti ilə enerjinin idxal olunmasına çalışırlar.

Ancaq bütün dünyada ənənəvi enerji mənbələrinin getdikcə azalması tendensiyası müşahidə olunur. Beynəlxalq statistik hesablamalara görə, 2030-cu ilədək dünyada mövcud olan kömür ehtiyatlarının 25%-nin, neft ehtiyatlarının 85%-nin, təbii qaz ehtiyatlarının 65%-nin tükənəcəyi ehtimal olunur. Bu baxımdan dünyada alternativ enerji qaynaqlarının əhəmiyyəti günü-gündən artmaqdadır. Alternativ eneji qaynaqları (külək, günəş, biokütlə və məişət tullantıları, geotermal, hidroenergetika) təbiətdə mövcud olub, təkrarlanan təbii proseslər nəticəsində özünü bərpa edə bilən enerji mənbələridir.

Avropa Komissiyası tərəfindən 2011-ci ildə qəbul edilən “Enerji Yol Xəritəsi”ndə qarşıya qoyulan əsas məqsədlərdən biri 2050-ci ilədək enerji sistemini ənənəvi hidrokarbon enerji qaynaqlarının asılılığından qurtarmaqdır.

Bu təbii prosesin nəticəsi kimi 2000-ci illərin əvvəllərindən etibarən ölkəmizdə də alternativ enerji qaynaqları ilə bağlı bir sıra fəaliyyətlər həyata keçirilməyə başlayıb. İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixində verdiyi Sərəncamla "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" təsdiq edilib.

Digər tərəfdən 1995-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Kioto Protokolu 1997-ci il dekabrın 11-də Yaponiyanın Kioto şəhərində qəbul edilib və 2005-ci il fevralın 16-da qüvvəyə minib. Azərbaycan Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə bu Protokola qoşulub. Eyni zamanda Azərbaycan Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) üzvüdür.

Alternativ enerji istehsalı sahəsində son durumu bu şəkildə qruplaşdırmaq mümkündür:

- Günəş enerjisi. Aparılan araşdırmalara görə, Azərbaycanda günəş işığı saatlarının illik miqdarı 2000-3000 saat arasında dəyişir. Bu da ölkə ərazisinin hər kvadrat metrinə 1300-1700 kVt/saat miqdarında günəş enerjisi düşdüyü anlamına gəlir. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin yanvar-may aylarında ölkədə 19,6 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə 12% çoxdur.

- Külək enerjisi. Azərbaycanın külək enerjisi potensialı ildə təxminən 800 meqavata bərabərdir. Bu isə hər il 1 milyon ton yanacağa qənaət edilməsi anlamına gəlir. Cari ilin yanvar-fevral aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 14,5 mln. kVt/saat elektrik enerjisi istehsal edib.

- Geotermal enerji. Azərbaycanın illik geotermal enerji potensialı 1800 meqavata bərabərdir.

- Hidroenergetika. Azərbaycanın mövcud enerji potensialı 40 milyard kilovat saatdır. Cari ilin yanvar-may aylarında SES-lərdə 582,2 mln. kVt/saat enerji istehsal olunub.

- Biokütlə enerjisi. Ölkəmizdə cari ilin yanvar-may aylarında bərk məişət tullantılarının yandırılması zavodunda 94,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

İşğaldan azad edilmiş ərazilərimizin enerji potensialı

Torpaqlarımızın işğaldan azad olunması ölkəmizin enerji istehsalı gücünü artıracaq. Çünki Qarabağ ölkəmizin “yaşıl bölgə”sidir və alternativ enerji mənbələri ilə zəngindir. Artıq burada yenidənqurma və bərpa işləri başlayıb. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi bunun göstəricisidir. Artıq Laçının Güləbird kəndində 8 meqavat gücündə Su Elektrik Stansiyası istismara verilib. Azərbaycanda yerli su ehtiyatlarının 25 %-i Qarabağ və ətraf ərazilərdədir və bu göstərici bölgənin alternativ enerji istehsalı potensialının böyüklüyündən xəbər verir. Hazırda Qubadlı, Zəngilan, Laçın və Kəlbəcərdə böyük və kiçik çayları üzərində elektrik stansiyalarının qurulması imkanları müvafiq dövlət orqanları tərəfindən nəzərdən keçirilir və bu çaylar üzərində gələcəkdə qurulacaq stansiyalar enerji mənbəyinin böyük bir hissəsini təşkil edəcək.

Sözügedən ərazilərdə ümumi gücü 140 meqavat olacaq SES-lərin tikintisi planlaşdırılır. Bu da özlüyündə illik 360 milyon kVt/saat elektrik enerjisinin istehsalı deməkdir.

Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşağı bəndlərinin və su elektrik stansiyalarının inşası Araz çayının su və enerji ehtiyatlarından həm Azərbaycan, həm də İranın birgə istifadəsinə imkanlar yaradır. 1,6 milyard kubmetrdən çox su tutumuna malik bu hidroqovşaqların gücü 280 meqavata bərabər olacaq.

Qarabağ və ətraf ərazilərin yalnız hidroenerji ehtiyatlarının deyil, həm də günəş, külək, bioenerji və geotermal enerji kimi bərpa olunan resurslarının yaxın gələcəkdə istifadəsi ölkəmizin dayanıqlı enerjini təmin edilməsinə imkan verəcək və beynəlxalq enerji bazarında rəqabət gücümüzü artıracaq.

Tarix
2021.06.25 / 15:43
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Azərbaycanda benzin yenə bahalaşdı - Rəsmi

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Taleh Tahirli: Məsafədən satış potensialımızla çox iddialıyıq

Zərərlə fəaliyyət göstərən 4 bank bağlana bilər? - Rəsmi

Dollardan imtina mümkün deyil – Ağalarov

Sürətli qatarın önündə durmaqdansa, minmək lazımdır!

Elman Rüstəmov: Antiinflyasiya şəraiti qorunur

Neft bahalaşdı

TamKartla al, 24 ay taksitlə ödə!

Mikayıl Cabbarov İsrailə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla