İçərinin sərt qanunları...
Bayılda keçirdiyim 4 ay 15 gündə türmə həyatına kifayət qədər
alışmışdım. İşlədilən jarqonlardan tutmuş, bu qaranlıq dünyanın
aydın qanunlarına qədər hər şeyi öyrənmək cəhdim, bəzən xoşluqla
müşahidə olunmurdu da.
Mənimki gec gəlib, tez öyrənmək kimi anlaşılırdı. Dəqiq bilirdim
ki, mən "pasajir"əm, bir daha bu yolun yolçusu olmayacağam. Ən azı
ümid edirdim. Baxmayaraq ki, yaxşı bilirdim, heç kəs bundan
sığortalanmayıb və günlərin birində yenə də bu dar qəfəsdə ömür
çürütməyin "ləzzətini" dadmaq iki vur ikidir.
Amma daxilimdəki inam mənə, nə qədər mümkündür, buranın
qanunları ilə yaxından tanış ol, deyirdi. Açığı, türmə həyatının
acınacaqlı və arzuolunmaz olduğunu bir daha dəyərli oxucuların
diqqətinə çatdırmaq yersiz olardı. Lakin bütün çirkabların içində
saf bir şey tapmaq mümkün olduğu halda, burda da təqdirolunası
şeylər kifayət qədərdi. Zamanı və yeri gəldikcə belə hallardan bəhs
edəcəyəm.
Türmə rəhbərliyi "oğru qanunları"na hörmətlə
yanaşır
Türmə rəhbərliyinin, əslində "oğru qanunları"na hörmətlə
yanaşdığının şahidi oldum. Sözsüz ki, bu qanunlar hər şeyin
doğru-dürüst olmasına hesablanıb. Adminstrasiyanın türmədə dolayısı
yolla bu qanunların işləməsinə şərait yaratması da bundan irəli
gəlir. Bayılda bunu da öyrəndim ki, dustaqların kamera şəraitində
saxlanmasına baxmayaraq, "smotryaşi"nin bütün kameralarla əlaqə
saxlamaq imkanları var. Hər kameranın özünün "ağsaqqalı" olur ki,
əslində, bu ağsaqqallar türmə işçiləri ilə dustaqların arasında bir
dəllal, iş düzüb-qoşan rolunu oynayırlar. Söszsüz ki, istisnalar
var. Yəni özünü kriminal aləmin yolçusu bilənlər kifayət qədər bu
qanunlara riayət edirlər. Eləcə də Türmənin "smotriyaşi"sinin
ötürdüyü "malyavka"lardakı tapşırıqların "yerlərdə" həyata
keçirilməsinə nəzarət də oğru dünyasına düşməyə cəhd edənlərin
boynuna düşür. Köhnə dustaqların dediklərinə inansaq, əvvəllər heç
də belə deyilmiş. Dustaqlar həqiqətən də bir-birinə doğma imişlər.
Baxmayaraq ki, türmələrdə və cəzaçəkmə müəsisələrində dava-dalaş
indikilərlə müqayisədə daha çox olarmış və bəzən bu dava-dalaşlar
ölümlə də nəticələnərmiş.
Kimi isə öldürüb, qanını bağlamaq xırda bir
işdir
Ümumiyyətlə, həbsaxanada kimi isə öldürüb, qanını bağlamaq çox
asan və xırda bir işdir. Hər halda deyilənlərə söykənərək bu
qənaətə gəlmək olar. Oğru dünyasınıun keçirdiyi "sxodka"larda
çıxarılan hökmlər qeyd-şərtsiz həyata keçirilir. Acınacaqlı hallar
onda olur ki, bəzən "bratva"nın və "obaşaq"ın qərarı da hansısa
maraqlara söykənir. Pulun burada da böyük qüvvə olduğu danılmazdır.
Çoxlarının "svetoy" kimi tanıdıqları, güvəndikləri avtoritetin
bəzən türmə rəhbərliyi ilə əlbir olması üzə çıxır. Bu hər iki
tərəfə sərf edir. Özünü oğru dünyasında söz sahibi kimi görmək
istəyənlər dolanışıq və hakimi-mütləqlikləri üçün türmə rəhbərliyi
ilə gizlin danışıqlara girir, əslində türmədəki "besperdel"liyin
qarşısını almaqla, həm də onlara yardımçı olurlar. Heç bir rəis
istəməz ki, onun sahəsində arzuolunmayan hallar baş versin. Bu
baxımdan hər iki tərəfə sərf edən anlaşmalar, əslində "kimsəsiz"
dustağın yersiz "başağrıları" ilə sonuclanır.
Türmədə belə hallar bağışlanmır
Bunun ağrısını həm də həmin "bərkgedən" dustağın özü çəkməli
olur. Bir müddətdən sonra dustaqlara kimin rəhbərliklə təmasda
olduğu haqda informasiya ötürülür. Təkzibolunmaz faktlar qarşısında
qalan oğru aləmində guya nüfuzlu olan şəxs "sındırılır", içərinin
qanunları ilə cəzalandırılır. Köhnə dustaqlardan dəfələrlə
eşitdiyim belə halların, özüm də bir neçə dəfə şahidi olmuşam.
Türmədə belə hallar bağışlanmır.
Haşiyə:
Sumqayıtlı Vüqarın azadlığa cığacağı günün axşamı dünyasını
dəyişməsi məhz belə bir hadisənin sonucu kimi dəyərləndirildi.
2007–ci il aprel ayının 15 də azadlığa çıxacağı gözlənilən Vüqar
ayın 14-də dünyasını dəyişdi. Dustaq dostlarının hazırladığı
"provod"da dozadan artıq narkotik qəbul etdiyinə görə aprelin
15–nə, azadlığa çıxacağı günə adlaya bilmədi. Ölüm hadisəsi isə
gözlərimizin önündə baş verdi. Vüqarı huşsuz halda "sançast"a
gətirmişdilər. Yağışlı hava idi. Gecə 24.00 idi. 10 saylı CÇM-in
rəis müavini ədliyyə polkovnik-leytenentı Vəli Şirinov evindən
çağrılmışdı. Həkim briqadası dəvət olunmuşdu. Edilən masajlar,
vurulan iynələr, göstərilən tibbi yardımlar nəticəsiz qaldı.
Aprelin 15-də səhər saat 11 radələrində "Qaz-52" yük maşının
banında Vüqarın meyidi CÇM-in həyətindən çıxarıldı. Müəssisədə
söz-söhbət gəzdi ki, guya Vüqar kriminal aləmin yolçusu olsa da,
əslində administrasiyaya işləyirmiş. Onun bu əməli elə türmə
işçiləri tərəfdən dustaqlara ötürülmüşdü. Və dustaqların çıxardığı
qərara görə, çoxlarının torbasını tikmiş Vüqara ölüm hökmü
çıxarılıbmış.
Pasajir
Oğru dünyasında tanınan avtoritetlərlə söhbətlərim isə mənə çox
maraqlı görünürdü. Amma hər dəfə də onların söhbətinə qulaq yoldaşı
olmaq mümkün olmur. Gərək şərait elə yarana ki, bu söhbətlərin,
xatiratların danışıldığı zamanı əldən verməyəsən. Mən bu baxımdan
özümü "xoşbəxt pasajir" saya bilərəm (pasajir – təsadüf nəticəsində
həbs olunan, yaxud bu dünyanın əbədi sakinləri olmayan ilkin
dustaqlıq həyatı yaşayanlara deyirlər). İçəridə bilərəkdən olunan
səhvlər heç zaman bağışlanılmır. İçərinin yazılmayan qanunları,
çölün yazılı qanunlarından daha sərt və daha ədalətlidir.