Yuxarı

Azərbaycan Milli Musiqi Gününü qeyd edir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

Axar.az xəbər verir ki, bu gün görkəmli bəstəkarın anadan olmasının 131-ci ildönümüdür.

Bu münasibətlə geniş tədbirlərin keçirilməsi planlaşdırılır. Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisidir. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 108 il bundan öncə tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazıb.

Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi "Koroğlu" operasıdır. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. "Koroğlu" operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib. Üzeyir Hacıbəylinin "Füruzə" adlı yarımçıq qalmış bir operası da olub. Xalq rəvayətləri əsasında hazırlanan bu operanın musiqi parçaları arasında "Füruzə"nin ariyası xüsusilə diqqətəlayiqdir. Bəlkə elə buna görədir ki, opera yarımçıq qalsa da, ariya uzun illər müğənnilər tərəfindən məharətlə ifa edilib.

Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər. Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib. Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.

"Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirən Üzeyir Hacıbəyov 300-dən çox xalq mahnısını nota salıb, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb.

Üzeyir Hacıbəyov 1948-ci ilin 23 noyabrında Bakıda vəfat edib.

1995-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla bəstəkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Tarix
2016.09.18 / 11:00
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Badamov deport edildi: Prezident Moskvaya getməyə bilər?

Ukrayna 9 mayda Moskvanı vurmaq gücündədir: Vuracaq?

Gözlənilməz qərar: Azərbaycan “3-cü dalğaya” hazırlaşmalıdır

Samir Şərifov Şara ilə görüşdü - Foto

1994-cü ildə atəşkəsi buna görə imzaladıq – Sərkisyan

Badamov Moskvada niyə saxlanıldı? - XİN-dən reaksiya

Deputat Azər Badamov Moskvada saxlanıldı

Kirilldən Əliyevə: Putin xahiş etdi ki...

Netanyahu buna görə gəlmədi: İsrailin Bakıya verdiyi dəyər...

Sahibə Qafarova TBMM sədrinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla