Bu gün Fransada hər üç kitabdan, demək olar ki, birinin
müəllifi qadındır. Ədəbi yaradıcılıq - elə bir meydandır ki,
qadınlar məhəbbət cəbhəsi ilə yanaşı burada da artıq çoxdan
özlərinə etibarlı mövqe qazanıblar, ancaq gözəl cinsin
nümayəndələrinin adları hələ heç vaxt XX əsrin sonlarındakı qədər
ən rəngarəng nəşrlərin cildini bəzəməmişdi. Detektivlər, məhəbbət
romanları, bioqrafiyalar...
Bu məqamı tənqidçi və filosoflar aydınlaşdıracaqlar. Bəlkə
kişilər daha müasir kommunkasiya vasitələrinə yiyələnərək bəşər
mədəniyətinin bu çevrəsini qadınlara güzəştə gediblər. Bəlkə
qadınların intellekti daha çox inkişafdadır. Bəlkə hamısının təsiri
var. Bir məsələ aydındır: bu gün hər bir kitabsevər əsərləri maraq
doğuran onlarla qadın yazıçının adlarını çəkə bilər. Və heç bir
şübhə yoxdur ki, bu siyahının başında Fransuaza Saqanın adı gəlir.
Həm də ona görə yox ki, o, ən görkəmli müasir romançıdır, ona görə
ki, daha etibarlı və uzunmüddətli uğur payı məhz onun qismətinə
düşüb. Saqanın kitablarının məhsuldar və əlçatan olması sanki
bügünkü qadın ədəbiyyatının ümumi tendensiyasını təmsil edir – hər
şey ortabab oxucu üçündür, novatorluq adlandırlan kişi cəfəngiyyatı
deyil. Sadə insanların anlayacağı sadə əhvalatlar... Əbəs yerə
deyil ki, Fransuaza xeyli yaşı olmasına baxmayaraq, bildirirdi ki,
oynamağı, gecəni və insanlar arasındakı sadə münasibətləri
sevir.
Yazıçı iyunun 21-də, sevimli Sartrla bir gündə, fəqət otuz il
sonra dünyaya göz açıb. Fransuaza onu böyük yazıçı ilə bağlayan bu
nüansı ətrafdakılara nümayiş etdirmək fürsətini heç vaxt əldən
verməzdi və tamamilə mümkündür ki, münəccimlər bu iki məqamın labüd
uyğunluğunu nə vaxtsa tapacaqlar. Saqan üçün Jan Pol "fikir,
düşüncə hökmdarı", müəllim, öz manifestləri ilə gənc, xoş simalı
katolik qızı ənənəvi burjua mühitindən çəkib çıxaran təşəbbüskar
idi. 14 yaşında Sartrı oxuyan Fransuaza gözlənilmədən Allaha və
təəccüblü deyil ki, hər cür möcüzənin varlığına inamını itirir.
Ancaq bu onun falçılara müraciət etməsinə, xüsusilə də aşiq olduğu
dönəmlərdə, mane olmurdu.
Sartr kimi Fransuaza da zəngin ailədə böyüyür, yaxşı təhsil alır
və günlərin bir günü cansıxıcı yeknəsək yaşama qarşı durur.
Qəhrəmanımız məktəbi bitirərkən ədəbiyyata dəlicəsinə məftun
olduğundan məşhur Sarbonna (Paris) universitetinin filologiya
fakültəsinə daxil olur. Lakin sərbəstlik və yeni duyğular
bolluğundan başı gicəllənən tələbə vaxtının çox hissəsini
auditoriya və oxu zallarında deyil, Parisin balaca rahat
kafelərində keçirirdi. Bohema həyatı onun bütün enerjisini alırdı.
Fransuaza gündüzləri və bütün axşamlarını yazıçı, rəssam,
artistlərlə ünsiyyətə sərf edir, onlara əməlli-başlı bənd olur,
səsi tutulanadək mübahisə edir, içir, gecələr isə özünün ilk
povestini yazır. Və gözlənildiyi kimi, ingilis dili imtahanından
kəsildiyi üçün Sarbonnanı tərk etməyə məcbur olur. İndi onu
biabırçılıqdan və valideynlərinin danlağından yalnız və yalnız
ədəbi uğurları xilas edə bilərdi.
Özünün ilk əsəri olan "Salam, kədər"i sahibinin adı ilə "Jüyyar"
adlanan nəşriyyata gətirir. Bu gün Saqanın mühakimələrində
vurğulanan bir fikrə diqqət çəkirlər ki, guya, yüksək naşir
kürsüsünü cahil və səfehlər tutub, odur ki, yaxşı kitablr getdikcə
azalır. Fransuazanın fikrincə, onunsa bəxti gətirib – həm pulu, həm
də istedadı olan naşirə rast gəlib. Zirək və bir qədər də fəndgir
olan Jüyyar vaxtında hiss edir ki, bu arıq, nazikburun qız
sayəsində yaxşı pul qazanmaq olar. O, povestin nəşri ilə eyni
zamanda hay-küylü reklam da təşkil edir və bu zaman diqqəti
qeyri-adi bir fakta – yazıçının hələ heç 19 yaşının olmamasına və
artıq böyük, dərin məsələlərin mühakiməsinə qalxmasına yönəldir.
Təcrübəli şoumen hissiyatı naşirə təlqin edirdi ki, duyğularının
sönüklüyünə rəğmən sevgilisi olan on yeddi yaşlı Sesilin hekayəti
sadə oxucularda böyük narazılıq doğura bilər. O vaxt, 1954-cü ildə
hələ gənc bir qızın bu qədər abırsızlıqla təsvir edildiyi əsər
yazılmamışdı. Bu vaxta qədər şəhvət düşkünü olan "heyvanların"
pəncəsinə düşmüş yazıq, məsum "qurbanlara" adətən mərhəmət duymaq
adət idi. Jüyyar onun nəşriyyatına pul yağışı yağdırmağı vəd edən
qalmaqalın intizarı ilə əllərini ovuşdururdu.
Ancaq hətta ən cəsarətli arzularında belə Jüyyar debüt etmiş
gənc yazarın bu dərəcədə qulaqbatırıcı uğurunu əvvəlcədən görə
bilməzdi. Kitab bestseller olur və bir il ərzində Avropanın bir çox
dillərində milyon tirajlarla nəşr olunur. Saqan 5 milyon frank alır
və bir saatın içində ölkənin ən zəngin qızına çevrilir. Hər bir
ustad tənqidçi yeni istedad haqqında yazmağı özünə borc bilirdi:
korifeylərin əksəriyyətinin fikri bir nöqtədə birləşirdi: Saqan –
heç də istedad deyil, olsa-olsa ədəbiyyata təsadüfən soxulmuş
utanmazdır. Xeyirxahlar deyirdilər ki, Fransuaza daha bir kitab da
yazmayacaq, nəşr olunmuş əsər də mükəmməllikdən uzaqdır. Ancaq
tirajlarsa getdikcə böyüyür, bununla yanaşı Saqanın debütü haqqında
məqalə və tədqiqatların sayı da artırdı, hətta "Fransuaza Saqan
nəsli" termini də meydana gəlir. Fransız və əcnəbi jurnalistlər
dəstəsi yazıçını izləyirdi. Onu kinemotoqrafiyada parlayan ədəbi
"superulduz"a çevirmişdilər. Qədimdən o qədər də ictimai hesab
olunmayan sahədə ilk dəfə idi ki, belə bir möcüzə baş verirdi.
Demək lazımdır ki, Fransuazanın övladı - əsəri anasının
xarakterini tam əks etdirirdi. Saqan özünün ipə-sapa yatmayan
xasiyyəti ilə, cəmiyyətdə "parlamaq" cəhdi ilə, qalmaqallı
davranışı ilə daima jurnal xronikalarında sayrışan "diva" roluna
tamamilə yaxınlaşmışdı. Təkcə onu qeyd etmək kifayətdir ki,
uşaqlıqdan Saqanın sevimli qadın obrazı Sara Bernar idi. Fransuaza
bütün ömrü boyu bu dəlisov fransız aktrisasına qarşı qeyri-adi
meyil duyurdu. O, hətta Parisdə bir zamanlar Bernara məxsus olmuş
evi də almış, pərəstişgahı ilə xəyali məktublaşmasından bəhs edən
roman da yazmışdı. "Sara Bernar bütün həyatını xoşbəxt yaşayan və
onu səfalət içində, kimsəsizlər sığınacağında başa vurmayan çox az
saylı məşhur qadınlardan biridir".
19 yaşında bir saatın içindəcə varlanan Fransuaza atasının
yanına gəlib soruşur ki, birinci kitabı üçün aldığı beş milyon
frankı neyləsin. Atası qızının xasiyyyətini bildiyindən cavab verir
ki: "Onları dərhal xərclə, yoxsa pul səninçün təhlükəli şeydir".
Yəqin ki, bu, qəhrəmanımızın çox asanlıqla yerinə yetirdiyi yeganə
valideyn məsləhəti idi. Fransuaza öz həyatını bahalı sürətli maşın
kimi qovurdu. Ani kəskin duyğular yazıçının öz səhhətinin,
yaxınlarının rahatlığının, ictimai rəyin pozulmasına gətirib
çıxarırdı. "Mən öz keçmişim haqqında fikirləşəndə başım hərlənir…"
– Saqan sonralar yazırdı.
Yazıçı beş, ya altı dəfə ölüm yatağına düşür. Birinci dəfə ölüm
onu 22 yaşında – şöhrətin ən uca zirvələrini fəth edəndə yaxalayır.
Dəlicəsinə sürətlə sürdüyü mersedes çevrilir. Həkimlər özləri də
anlamırlar ki, demək olar, bütün sümükləri sınıq-salxaq olmuş
Fransuazanı necə bir möcüzə ilə həyata qaytara bildilər. Hətta bu
fəlakət də Saqanın qaynar xarakterinə su çiləyə bilmədi. Həyata
qayıdan yazıçı nəinki ehtiyatlı olmağa başladı, əksinə, kazinodakı
partilərə, gecə qonaqlıqlarındakı içki məclislərinə dayanan
təhlükəli qəzalar yenidən başladı. Ancaq yenə bəxti gətirməkdə
davam edirdi. Sanki Tanrıya inanmayan bu insanı mələklər
qoruyurdular. Mədəaltı vəzinin diaqnozu ilə əməliyyat stoluna
qalxanda da, üçhəftəlik plevritdən sonra komaya düşəndə də sanki
hansısa sehrli bir əl onu dartıb quyunun dibindən çıxarırdı. "Mən
qarşımda böyük bir qara dəlik kimi dayanmış ölümün gözünün içinə
baxırdım. Bundan sonra o mənimçün bütün mənasını itirmişdi… Mən
sizi inandırıram ki, orada, həyatın o biri üzündə qətiyyən heç nə
yoxdur. Allaha şükür! Əgər mənim qərarsız ruhum hansısa məkanda
tənha dolaşsaydı çox pis olardım".