Səsi çox uzaqlardan gəldi. Məsəfə açısından yox,
müsahibəni telefonla aldığımız üçün deyil. Tariximizin, türk
kimliyimizin, türkülərmizin bizi apara biləcəyi ən uzaq çağlardan,
milli bilincimizin ən alt qatlarından hay verdi mənə. Bir andaca
elə bil üz-üzə oturduq, canlı söhbət etdik.
Mənə görə, bir insan özünü təqdimatdan başlayır. Odur ki, çox
maraq etmişdim, görəsən, özünü necə tanıdacaq? "Bana Ahmet Hakan
derlər", - söylədi. Qopuzun ən sarı simi titrədi. Bir dastan
söyləyəcəkdi sanki. Dastanlıq adamdır Ahmet Hakan. Ömür yoluyla,
dərin savadıyla, çevik ağlıyla, iti qələmiylə öyüləcək adamdır.
Ustad yazarımız Hüseyn Cavidin Əmir Teymurdan bəhs edən dramında
"mənə Turağay oğlu Teymur derlər" deyən ünlü sərkərdə düşdü yadıma.
Ahmet Hakan dünyanı qılınc gücünə fəth etmək istəyən çılğın bir
sərkərdə deyil, təbii, sadəcə fikir öncülüdür. Bütün fikir
adamları, düşüncə yenilikçiləri, özünü yenidən yaratmış adamlar
sayaq o da dramatik obrazdır. Qos-qoca Doğu ölkələrindəki,
qayım-qədim Asiya uluslarındakı, bu aralar Osmanlı nostaljisi
körüklənən Anadolu torpaqlarındakı absurd teatrın Oqtay Eloğlusudur
bəlkə də. Elm və mədəniyyət yanğısı ilə bütün türk dünyasına
"varsansa, yarat, yoxsansa çəkil get tarix səhnəsindən" deyə
hayqıran Eloğlu (bizim Cəfər Cabbarlının pyesindəki qəhrəman) kimi
yoxsul olmasa da, İstanbulun ən elit səmtində- görənlərimizin
gördüyü, görməyənlərimizin də Orhan Pamukun "Məsumiyyət muzeyi"ndən
tanıdığı Nişantaşında bənzər missiyanı üstlənmiş və 21-ci yüzilin
BATI PLATFORMASIna həm özgür, həm də özgürlükçü aktyorlar olaraq
çıxmamızın zəminini hazırlayan "Hürriyət"çidir. Azərbaycanda da çox
böyük oxucu auditoriyasının hər gün açdığı, bir çoxlarının da məhz
onun köşə yazılarını oxumaq üçün açdığı Türkiyənin ən məşhur qəzeti
"Hürriyət"in ən çox polemika yaradan imzasıdır. Əvət, ona Ahmet
Hakan derlər. Oxuyun, görək, Ahmet Hakan "Gündəlik Teleqraf"a nələr
dedi...
- Təkcə Türkiyədə deyil, Azərbaycanda da çox tanınan və
oxunan bir qəzetçisiniz. Özünüzü Azərbaycanın geniş oxucu
auditoriyasına necə təqdim edərsiniz?
- Bana Ahmet Hakan derlər.
- Deyəsən, pasportda isminiz Ahmet Hakan Çoşkun olaraq
yazılır. Onların hər biri ayrıca isimdir. Bu üç addan hansı sizə
daha yaxındır?
- Əhməd.
- Niyə Əhməd?
- Hər kəs məni o adla çağırır, öyrəşmişəm. Xüsusi bir səbəbi
yoxdur.
- Mən də daxil olmaqla, Azərbaycanda bir çox jurnalist
sizin üslubunuzu, yazı tərzinizi öyrənməyə çalışır. Eyni zamanda,
bir jurnalist kimi zəngin bioqrafiyanız var, müxtəlif qəzetlər,
televiziya kanalları...
- Təxminən 20 ildir ki, jurnalistikadayam. Türkiyədə çeşidli
televiziya və qəzetlərdə çalışmışam. Düz on il Kanal 7-də
işləmişəm. "Yeni Şafak", "Sabah" kimi qəzetlərdə yazı yazmışam.
Hazırda yazılarım "Hürriyət" qəzetində dərc olunur. CNN Türk
kanalında isə "Tərəfsiz Bölgə" veriliş aparıram.
- Özünüzü ifadə etmək baxımından hansı iş yeriniz
ruhunuza, xarakterinizə daha yaxındır?
- Yazı yazmağı insanın özünü ifadə etməsi baxımından vacib
sayıram. Mən özümü daha çox yazılarda ifadə edirəm. "Hürriyət"dəki
fəaliyyətim özümü tapmağıma yol açdı. Çünki yazı insanın özünü
ifadə etməsinə daha çox imkan yaradır.
- Bildiyim qədər, Radio 7-də bir gecə verilişi
sunmusunuz. Bu verilişi stress atmaq üçün hazırlayırdınız, yoxsa
professional yanaşma idi?
- Qətiyyən professional yanaşma deyildi. Radio 7-də çox qısa
müddət ərzində musiqi, türkülərlə bağlı proqram hazırlamışdıq.
Mənim türkülərə marağım böyükdür. Elə bu üzdən də həmin proqramı
bir həvəskar olaraq hazırlayırdım, bir növ hobbi idi.
- Abi, atanız məmur olub. Ancaq nədənsə sizi heç zaman
bir məmur olaraq təsəvvür etmək olmur. Elə Türkiyədə də zənn
edirlər ki, Sizdən ofis adamı olmaz. Pəki, bir məmur oğlu necə bu
qədər özgür xarakterli ola bildi?
- Atamın məmur olmasının mənim özgür və özgürlükcü olmağımla elə
bir əlaqəsi yoxdur. Özgürlükcü olmağımızı həyata baxışımız, yanaşma
tərzimiz, üslubumuz müəyyənləşdirir.
- "Eksisözlük"də sizinlə bağlı bir rəyə rast gəldim.
Belə yazılmışdı: "İslamçıların sevmədiyi, solçuların adam yerinə
qoymadığı, layiqlərin nifrət etdiyi ADAM KİMİ ADAM". Sizə elə
gəlmir ki, Ahmet Hakan olaraq məhz bu ziddiyəti yarada bildiyiniz
üçün güclüsünüz?
- Bizdə hər kəs hansısa məsələdə tərəfdir. Heç kəs öz tərəfinə,
öz səfinə tənqidi yanaşmır. Davamlı olaraq qarşı tərəfə hücum etmək
istəyir, ona "qol" vurmağu arzulayır, "penalti" fürsəti gözləyir.
Ümumən, insanlarımız daha çox saldırğandır. Malisəf, doğruya doğru,
əyriyə əyri deyən insanlar ya yoxdur, ya da sayları çox azdır. Mən
isə bir jurnalist olaraq nəyinsə, kiminsə tərəfini tutmuram. Bu gün
yaxşı bir işinə görə təqdir etdiyim adamı, partiyanı sabah tənqid
edə bilərəm, yaxud əksinə. Bütün tərəflərə, cəbhələrə eyni məsafədə
dayanmışam. Ayrıca, yalnız bizə əks düşünənləri deyil, öz
zehniyyətimizə yaxın insanları da tənqid edə bilməliyik.
- Siz islami cameədən gələn insansınız. İmam Hatib
məzunusunuz, Universiteti ilahiyyat üzrə bitirmisiniz. Amma məncə,
yazılarınızda daha çox layiq və liberal mövqe sərgiləyirsiniz.
Haradan- hara?!
- Mən islami dünyagörüşümü qoruyuram. Müsəlmanlığımı, dinə olan
inancımı mühafizə edirəm. Sadəcə mən İslamın tək bir yorumunun ola
bilməyəcəyini, bunun siyasət vasitəsilə basqı vasitəsinə
çevrilməsinin doğru olmayacağı qənaətinə gəldim. Bu səbəbdən də
daha çox liberal baxış bucağına yönəlmiş oldum. Baxın, bu, çox
önəmlidir. Dinin özgürlükcü yorumu dindən çıxmaq mənasına gələ
bilməz. Dini özgürlükcü şəkildə yorumlamaq istəyirik. Fərqli
yanaşmalara da hörmət etməliyik. Mən belə bir nöqtəyə gəlmişəm.
Burada təəccüblənəcək şey də yoxdur. Mənim nəzərimdə düzgün yol
budur.
- Bəs bu yorum, mühafizəkar bir toplumda çəlişgi
yaratmırmı? Tutalım, Siz həm şərab içir, həm də özünüzü müsəlman
sayırsınız. Bu arada çox gözəl şərab zövqünüzün olduğu da
deyilir.
- Mən şərabla, yaxud başqa şeylərlə maraqlanıb-maraqlanmaım sırf
özəl həyatıma daxildir. Çəlişgiyə gəlincə, inanmaq başqa şeydir,
günah işləmək başqa. Həm inanclı, həm də günahkar ola bilərsiniz.
Nəyinsə günah olduğu bilə-bilə də günah işləmək azadlığımız var. Bu
da ayrı mövzudur. O baxımdan rahatam.
- Ancaq bəzən hiss olunur ki, sosial şəbəkələrdə, daha
dəqiqi, Twitter-də insanları məqsədli şəkildə qıcıqlandırırsınız.
Hətta belə də deyirlər ki, Ahmet Hakanın populyarlaşmasında
Twitter-in xüsusi rolu olub. Doğrudanmı, Twitter-i hər yazarı
məşhurlaşdıracaq sosial şəbəkədir?
- Tvitter hər insanı məşhurlaşdıra bilər, amma baxır necə? Mən
bu sosial şəbəkəyə lap təzə yaranandan qatılan qəzetçiyəm. İlk
günlərdən onun aktiv istifadəçisi olmuşam. Doğrusu, Tvitterin
xeyrini də çox görmüşəm. Ancaq bu sosial şəbəkədən populyarlaşmaq
məqsədi ilə, PR üçün istifadə etməyə başlamamışam. Tvitteri günün
nəbzi tutmaq, trendiniz izləmək, insanların reaksiyası ilə tanış
olmaq üçün bir vasitə kimi qullanıram. Bu sosial şəbəkədən yenə də
geniş istifadə edirəm. Təbii ki, onun məşhurlaşmağıma da təsiri
olmuş ola bilər.
- Bəs, Feysbukdan niyə çox istifadə
etmirsiniz?
- Feysbuk heç ürəyimə yatmır. Xüsusi bir səbəbi yoxdur bunun.
Feysbukdakı ovqatla da tanış deyiləm. Feysbukun necə bir platforma
olduğunu bilmirəm. Amma Tvitteri çox bəyənirəm. Kənardan müşahidə
etmişəm ki, Feysbuk vaxtı ondan çox alır. Amma Tvitter elə
deyil.
- Həm Feysbukun, həm də Tvitterin ümumi bir özəlliyi də
var ki, bu da bayaq dediyiniz saldırğan tiplərə də geniş imkan
yaradır. Saldırı demişkən, bu günlərdə Parisdə Məhəmməd peyğəmbərin
karikaturasını yayınlayan mizah dərgisinin ofisinə basqın edildi.
Niyə, məsələn, ötən yüzildə xarici basqılara, yoxsulluğa məruz
qalmış, təhsilin zəif olduğu Vyetnamda yox, məhz islam
coğrafiyasındakı toplumlar dünyanı lərzəyə salan terrorçular
yetişdirir?
- Terror müsəlmanlığın alğılanmış yaşayış şəklindəki
problemlərdən törəyir. Orada böyük problemlər var. O toplumlarda
əksər müsəlmanlar islamiyyəti doğru yorumlaya bilmirlər və
barbarlığa yuvarlanırlar. Əlbəttə, bir çox başqa səbəblər də var.
Amma məncə əsas səbəb budur.
- Bəs, "gerçək islam" deyilən anlayış?
- Çox mühüm müzakirələrə ehtiyac var. Özgürlük mühitinin
formalaşması, fərdi düşüncənin önə çıxması, dini yorumlamaqda heç
kəsin basqı altında qalmaması lazım. Başqa cür ortaya
çıxmayacaq.
- Sizə bir şeyi deyim, Azərbaycanın çox böyük ziyalısı
Mirzə Fətəli Axundov əlifba islahatı aparmaq istəyib. 1850-ci
illərdən başlayaraq bütün türklərin latın latın əlifbasına
keçməsinə çalışıb. Buna görə hətta İstanbula gedib, sədi-rəzəm Fuad
paşalarla, Əli paşalarla görüşüb. "Bu əlifba daha faydalıdır, amma
biz keçməyək" deyə başlarından ediblər. Fəqət Mustafa Kamal Atatürk
devrim etdi və latın əlifbasına keçdi. Sizcə, niyə müsəlman
coğrafiyasında nə isə, ən yaxşı ideyalar belə zorla qəbul edilir,
amma könüllü şəkildə alınmır? Sanki belə bir ənənəmiz
var…
- Doğrudur, belə bir ənənə var. Məncə, bu sorun yeni fikirlərə
qapalılıqdan, çox tərəfli müzakirələrdən, doğru qənaətə ortaq gələ
bilməməkdən qaynaqlanır. Yeni fikirlərə açıq olmaqla, müzakirələr
aparmaqla yeni mövqe ortaya çıxarmaq mümkündür. Ancaq bizdə işlər
belə çözülmür. Təməl problemlərdən biri də budur.
- Türkiyə bir neçə il bundan əvvələ qədər istər ərəblər,
istər bögədədəki digər xalqlar, istərsə də Azərbaycan üçün model
ölkə idi. Sanki son illərdə Türkiyə bu imicini itirib. Hər millət
düşünür ki, Türkiyə onsuz da model dövlət deyil, biz öz başımızın
çarəsinə özümüz baxaq, onu örnək almayaq. Bir Türkiyə aydını olaraq
necə düşünürsünüz, Türkiyə yenidən model ola bilmək üçün nə
etməlidir?
- Türkiyə həm müsəlman, həm özgürlükcü bir ölkə idi. Bütün digər
problemlərə baxmayaraq demokratiya, insan haqları və ifadə
özgürlüyünün olduğu ölkə idi. Bu baxımdan Orta Şərqdə birinciliyi
ələ almışdı, model sayılırdı. Son illər demokratiyadan uzaqlaşma,
ifadə özgürlüyü istiqamətində sıxıntıların olması, hüquqi dövlət
ənənəsinin yıpranması, dinin təktərəfli yorumunun topluma təqdim
edilməsi Türkiyənin imicini zədələdi. Düzdür, Türkiyə bütün
sıxıntılarına rəğmən Orta Şərqdəkilərdən yenə də fərqli və
demokratik ölkədir. Amma örnək ola bilməz. Çünki ulduzumuz sönüb.
Ulduzumuzun yenidən parlaması üçün bu sıxıntıları ortadan
qaldırmalıyıq.
- Media basqıları məsələsinə yaxşı toxundunuz. Məşhur
"25 dekabr" soruşdurmasında sizi də dindirdilər. Niyə
çağırmışdılar?
- Çox gərəksiz bir durum idi. Mənə heç bir aidiyyatı yox idi.
Qəzetçi kimi yazdığım yazıdan dolayı ifadəm alındı. Bu barədə geniş
danışmağa dəyməz. Önəmsiz şey idi.
- Mən Türkiyəni, türk mediasını yaxından izləyən bir
insanam. Hər dəfə saytlara baxanda, hiss edirəm ki, sizin artıq
genəl yayın yönətməni olmaq zamanınızdır…
- Çox təşəkkür edirəm. Türkiyədə medya sektorunda böyük
problemlər var. İqtidar-media əlaqələri çox qarışıq durumda.
Hökumətin nəzarətində olan qəzet və televiziyalar var. Mediada
sağlam rəqabət ortamı yoxdur. Hərə bir tərəfə dağılıb. Belə bir
ortamda bir insanın öz beynindəkilərini, ideyalarını
gerçəkləşdirməsi, istedadına uyğun bir qəzetə rəhbərlik etməsi çox
çətindir. O baxımdan belə vəziyyətdə genəl yayın yönətməni olmaram.
Düzdür, bir qəzet çıxartmaq, bir qəzetin genəl yayın yönətməni
olmaq istəyərəm. Amma Türkiyənin indiki vəziyyətində bunu
istəmirəm.
- 2008-ci ildə, Bakıdan qayıdandan sonra bir yazı
yazmışdınız. Mənə elə gəlir ki, sizin o səfərdə Azərbaycanın
insanını, yaşamını, mətbəxini, kültürünü yaxından tanımağa
imkanınız olmayıb…
- Sadəcə fürsət olmadı. Tanımaq istəmək ayrı şeydir, tanımaq
fürsəti olmaq ayrı. Azərbaycanı daha yaxından tanımaq istəyirəm.
Amma hələ nəsib olmayıb. Bakıya bir neçə günlük səfər etmişdim.
Qısa zamanda ancaq ümumi müşahidələr aparmaq imkanı olur. Səfər
zamanı kiminlə, hansı çevrədən insanlarla bir yerdə olmaq da çox
vacibdir. Yazını ümumi müşahidələrlə yazmışdım. Azərbaycana qarşı
hər hansı önyarğım yoxdur, olması da mümkünsüz.
- Sizin cocuqluğunuzun bir mərhələsinin keçdiyi Ağrıdan,
Amasiyadan o zaman Sovet əsarətində olan Azərbaycan necə
görsənirdi?
- Sərhədlər bağlı idi. Azərbaycanla əlaqələr indiki kimi
deyildi. Bir Anadolu cocuğu olaraq Azərbaycan mənə yabancı ölkə
idi. Adını eşidirdik. Deyirdilər, əsir türklərin yurdudur.
- Bəs indi Azərbaycan adını eşidəndə, deyəndə ağlınıza
ilk nə gəlir?
- Qardaş cümhuriyyət! Həmişə rəğbət göstərdiyim, müsbət rəylər,
mesajlar aldığım və marağıma səbəb olan ölkədir Azərbaycan.
Qardaşlıq bağlarımız, könül bağlarımız çox qüvvətlidir.
- Bir yazar olaraq Qarabağ münaqişəsi ilə bağlı nə
düşünürsünüz?
- Tamamilə Azərbaycanın yanındayam. Azərbaycanın haqlı olduğunu
düşünürəm. Bu məsələdə Azərbaycan əzilən, haqsızlığa məruz qalan
tərəfdir. Bu haqqın bir gün mütləq bərpa olunacağına inanıram.
Həmişə Azərbaycanın tərəfində olmuşam və olacam.
- Eşitdik ki, bu yaxınlarda İrana getməyi düşünürsünüz.
Bizim oradakı Azərbaycana da gedəcəksinizmi? Oraya getmək üçün
farsca öyrənməyə də ehtiyacınız olmayacaq, bizimlə, sizinlə eyni
dildə danışan 30 milyondan çox Azərbaycan türkü var…
- Təbriz mənim üçün çox maraqlıdır. O şəhəri görmək istəyirəm.
Bilirəm ki, orada hər kəs türkcə danışır. İsfahan eşitdiyimə görə,
çox gözəl şəhərdir.
- Səfəvi Şah Abbas tərəfindən paytaxt edilmiş
şəhərdir.
- Bəli, tarixən çox önəmli şəhərdir. Qum şəhəri marağıma səbəb
olan yerdir. Oradakı dini ab-hava ilə tanış olmaq istəyirəm. Şiraza
da gedəcəyəm.
- Bizim bir muğamımız var: "Bayatı-Şiraz". Bəstəçi
Fikrət Əmirov, Süleyman Ələsgərov o muğam üstündə çox gözəl
simfonik əsərlər də yazmışlar. Getməzdən öncə onu da dinləmənizi
rica edirəm. Sizi valeh edəcək, məncə.
- Mütləq, dinləməyə çalışaram. Bir daha qardaş Azərbaycana
salamlar söyləmək istəyirəm. Hər kəsə sayğılarımı ifadə edirəm.
Söhbətləşdi: Taleh Şahsuvarlı