Özbək şairəsi və tərcüməçisi Şəhla Qasımova son vaxtlar
Azərbaycan yazarlarını həm rus, həm də özbək dilinə çevirməklə
tanınır. Özü haqda qısaca bunları dedi:
- Daşkənddə doğulmuşam, o şəhərdə də yaşayıram. İxtisasca
ədəbiyyatdan çox uzağam. İqtisadçıyam və özəl şirkətlərin birində
fəaliyyət göstərirəm. Şeir yazıram. Tərcümə isə mənim hobbimdir.
Düzdür, özbək şairlərini də rus dilinə tərcümə etmişəm. Lakin mənə
özbək ədəbiyyatı nə qədər doğmadırsa, Azərbaycan ədəbiyyatı da bir
o qədər əzizdir. Azərbaycan yazarları arasında isə dostlarım
kifayət qədərdir.
- Maraqlıdır, sizdə Azərbaycan ədəbiyyatına maraq haradan
yarandı?
- Biz özbəklər Azərbaycan ədəbiyyatını özümüzə həmişə doğma
bilmişik. Ən azından oxucu olaraq sevmişik. Amma mənim Firuz
Mustafa ilə tanışlığım dostluq həddinə qədər yüksəldi. Bu dostluqda
onun ədəbi nümunələri mühüm rol oynadı. Və bundan sonra onun və bir
çox azərbaycanlı yazarların əsərlərinə müraciət etdim.
- Tərcümə işi sizin öz bədii yaradıcılığınıza mane olmur
ki?
- Yox. Ona görə yox ki, mən yazmaqdan çox oxumağa, mütaliəyə
üstünlük verirəm. Ardıcıl olaraq tərcümələrimi dərc etdirirəm.
Firuz Mustafanın əsərlərini əvvəlcə rus dilində oxumuşdum. Çox
xoşuma gəlmişdi. Bundan sonra məndə bu istək yarandı ki, niyə bu
əsərlər özbək dilində oxunmasın.
- Daha sonra kimləri tərcümə etdiz? Axı siz həm də ruscaya
çevirirsiz.
- Hər iki dilə tərcümə edirəm. Məndə bu bir az başqa cür alınır.
Çevirmələrim əvvəlcə özbək dilinə, sonra isə rus dilinə olur. Mənə
özbəkcədən ruscaya çevirmək daha asandır. Gözəl şairiniz Maarif
Soltanın şeirlərini həm özbək, həm də rus dilinə çevirdim. Dərc
etdirdim və bəyənildi. Yaxınlarda İbrahim İlyaslının "Necəsən"
qoşmasını ruscaya çevirdim və Azərbaycan poeziya ənənəsinə tam
riayət etməklə gözəl bir tərcümə alındı.
- Sizin tərcümələr haqda ancaq xoş fikirlər
səsləndirilir.
- Sağ olun. Bilirsiniz, oxucularımız və eləcə də müəlliflər razı
qalır və bu mənə çox xoşdur. Bilirsiniz, sizin üçün bir sirr açım:
bu yaxınlarda dostlarım üçün bir sürpriz hazırlamışam. "Guliston"
jurnalında onların əsərlərini özbək dilində dərc etmişəm. Amma
yaxınlarda daha böyük bir sürprizə imza atacağıq.
- Bəlkə deyəsiniz…
- Yox, bunu desəm, daha sürpriz olmaz ki... Söz verirəm, nə vaxt
işimi yekunlaşdırdım, ilk olaraq siz biləcəksiz. Ayaz Arabaçının,
Saday Şəkərlinin, Rafiq Hümmətin və Aliyə Əli adlı gənc şairənin
bir çox şeirləri də özbək və rus dilli oxucuların ixtiyarına
verilib.
- Sizcə Azərbaycan ədəbiyyatının durumu
necədir?
- Azərbaycan ədəbiyyatı mənim üçün həmişə diqqət çəkən olub.
Sevmişəm, oxumuşam. Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Elçin,
Anar, Musa Yaqub, Maarif Soltan, Elçin Hüseynbəyli, Salam, İbrahim
İlyaslı, Saday Şəkərli daima izləmək istədiyim şairlərdir.
Gənclərdən Ağsulu Taleh, Aliyə Əlili, Vəfa Mürsəlqızının çox
həssas, insanı düşündürən şeirləri var. Tural Balabəylinin "Get,
əsgərim" şeirini bu günlərdə oxudum, təsirləndim və hal-hazırda o
şeirin tərcüməsi ilə məşğulam. Xanım İsmayılqızı, Ülviyyə Vahid də
tərcümə edəcəyim şairlərin siyahısına daxil olacaq. Düzdür, Firuz
Mustafa özünü şair yox, yazıçı–dramaturq adlandırır, amma onun o
qədər gözəl şeirləri var ki... Amma mənim üçün, eləcə də özbək
xalqı üçün Məhəmməd Füzuli əvəzsiz şairdir. Onu təkcə Azərbaycan
şairi adlandırmaq olmaz. O, dünyanın şairidir.
- Şəhla xanım, Azərbaycan və özbək ədəbiyyatını heç
müqayisə etmisizmi?
- Hə, iki qardaş xalqın ədəbiyyatında oxşar cəhətlər çoxdur. Sizin
və bizim yazarlar şeirlərində öz fikirlərini dəqiq, gözəl və şərqli
etikasına, ənənəsinə uyğun olaraq yazır.
- Siz bir oxucu kimi seçim qarşısında qalsanız, özbək,
yaxud Azərbaycan ədəbiyyatının hansına üstünlük
verərdiz?
- Mən mütaliə etməyi sevirəm. Dünya ədəbiyyatını oxuyuram. Öz
yazarlarımızdan Səid Əhmədi, Utkira Həşimovanı, Uçkuna Nəzərovanı,
şairlərimizdən isə hər kəsdən çox Şöhrəti sevirəm. Mərhum Məhəmməd
Yusifin adını isə xüsusi qeyd etməliyəm. O, 47 yaşında dünyasını
dəyişib. Çox istedadlı şair idi. Sizin sualınıza cavab olaraq isə
deyərdim ki, mənə özbək ədəbiyyatı yaxın olduğu qədər də Azərbaycan
ədəbiyyatı yaxındır. Faizə bölsək 50-nin 50-yədir.
- Bəs, özbək oxucusu Azərbaycan ədəbiyyatı üçün
darıxırmı?
- Darıxır deyə bilmərəm, amma maraqlanırlar. Və çox böyük
istəklə oxuyurlar. Özbəkistanda Füzulini tanımayan olmaz. Bizdə
Azərbaycan yazarlarının özbək dilində çox əsərləri dərc olunub. Mən
bu yaxınlarda özbək dilində "Ömürdən uzun gecə" adlı kitab əldə
etdim. Azərbaycan yazarlarının hekayələridir. Ürəklə oxudum və
bəyəndim. Anarın, Hidayətin, Sabir Rüstəmxanlının və çoxlarının
əsərləri idi. Bu kitab 2014-cü ildə dərc olunub.
Bu yaxınlarda isə mənim təcüməmdə Azərbaycan şair və
yazıçılarının əsərlərindən ibarət kitab işıq üzü görəcək.
- Şəhla xanım, sizə ədəbiyyatımıza ayırdığınız diqqətə görə
təşəkkür edirəm.
- Siz sağ olun..