Tanınmış özbək alimi, filologiya elmləri doktoru,
professor, tərcüməçi, ədəbiyyatımızın dostu və bilicisi, professor
Səadət xanım Muxamedova ilə Özbək-Azərbaycan ədəbi əlaqələri haqda
söhbət etdik.
Səadət xanım Muxamedova 1970-ci ilin mart ayının 13-də Daşkənd
şəhərində ziyalı ailəsində anadan olub. Atası Özbəkistan Dövlət
Universitetdə fizika fənnini tədris edib, anası isə orta məktəb
müəlliməsidir. Uşaq vaxtlarından kitaba, elmə böyük marağı olub.
Daşkənd Dövlət Universitetini (indiki Özbəkistan Milli
Universiteti) bitirdikdən sonra, əyani olaraq həmin universitetin
aspiranturasına daxil olub. 1999-cu ildə namizədlik, 2007-ci ildə
isə doktorluq dissertasiyalarını müdafiə edib. 1999-cu ildən
2004-cü ilə qədər universitetin özbək dili kafedrasının dosenti
kimi çalışıb.
2004-2011-ci illərdə isə Daşkənd Dövlət Pedaqoji Universitetində
dosent, professor, 2011-ci ildən isə Nizami adına Daşkənd Dövlət
Pedaqoji Universitetinin Ümumu dillər kafedrasının müdiridir.
100-dən artıq elmi işin müəllifi olan Səadət xanım 15 monoqrafiya,
dərslik və dərsliklərə yardım kitablarının da müəllifi kimi
tanınır. Mətbu orqanlarda 85 elmi məqaləsi dərc olunub.
Ailəlidir. Həyat yoldaşı bizneslə məşğuldur. Oğlu İqtisadiyyat
Universitetinin 4-cü, qızı isə Akademik liseyin 3-cü kurs
tələbəsidir.
- Səadət xanım, əvvəlcə sizi "Vektor" Beynəlxalq
Akademiyasının akademiki seçilməniz münasibət ilə təbrik
edirəm.
- Təbrikə görə çox sağ olun. Mən çox şadam ki, "Vektor"
Beynəlxalq Akademiyasının üzvləri mənim namizədliyimə səs veriblər.
Bu diplom mənim türkdilli xalqların elm, mədəniyyət və ədəbiyyat
əlaqələrində çalışmama daha da təkan verəcək. Məsuliyyətim
artacaq.
- Çox istərdim Özbək-Azərbaycan ədəbiyyatının tarixi və
bugünkü əlaqələri haqda danışasız.
- Xalqlarımızın dostluğunun qədim və dərin kökləri var. Əsrlər
keçsə də, bu dostluq heç zəifləməyib, əksinə, möhkəmlənməkdədir.
Buna görə də iki qardaş xalqın ədəbi-mədəni əlaqələrinə minnətdar
olmaq gərəkdir.
Hələ XIV əsrin ortalarında Kutub Xarəzimi Nizami Gəncəvinin
"Xosrov və Şirin" poemasını özbək dilinə çevirmişdi. Nəvai isə
Nizamini özünün müəllimi hesab edib. Onun "Xəmsə"səsindən
ilhamlanaraq özünün "Xəmsə"sini yazıb. 15-ci əsrdə isə Heydər
Xarəzmi Nizaminin "Sirlər xəzinəsi" əsərini, Oqaxi isə 19-cu əsrdə
şairin "Yeddi gözəl" poemasını özbək dilinə tərcümə edib. Nəvai
özünün əsərlərində Nizami və Xəqani ilə yanaşı Azərbaycanın böyük
şairləri və elm adamları olan Şeyx Şirvani, Abu Abbas Suxraverdi,
Abu Abdulla Xəqani Sufi, Şeyx Təbrizi, Qasım Ənvərididən də söz
açıb. 17-ci əsrdən başlayaraq Məhəmməd Füzulinin "Leyli və Məcnun"
poeması Türküstanın mədrəsələrində əsas ədəbiyyat dərsliyi vəsaiti
kimi tədris olunub.
Nəvainin əsərləri hələ sağlığında Azərbaycan şairləri tərəfindən
tanınıb və sevilib. Kişvəri və Füzuli Nəvaini müəllimləri kimi
tanıyıblar. Füzuli onu Nizami ilə bir sırada tuturmuş.
Bu ənənələr bu gün də davam edir. Onlara Azərbaycan yazarının
əsərləri orijinaldan dilimizə çevrilib. Cəfər Cabbarlının "Od
gəlini", "Sevil", "1905-ci ildə" pyesləri teatrlarımızda özbək
dilində oynanılır. Hər iki ölkənin Yazıçılar Birliyi arasında
əlaqələr genişlənir. Rüstəm Cabbarov, Usman Kuçkar, Şərif Babaxan
Azərbaycan dilini gözəl bilir və tərcümələr edirlər.
Özbək ədəbiyyatına Azərbaycan xalqının böyük oğlu Maqsud
Şeyxzadənin xidmətləri çox olub. O bir xəzinə qoyub sanki. Eləcə də
özbək türkoloq Xalid Səidin hər iki xalqın ədəbi əlaqələrində
xirmətləri yetərincədir. O, uzun illər Bakıda yaşayıb və ailəsi
indi də paytaxtınızın sakinidir.
2008-ci il sentyabrın 11-12-si Özbəkistan Prezidenti İslam
Kərimov Bakıda olarkən Heydər Əliyev Fondu ilə də yaxından tanış
olub. Bu tanışlıq sonra hər iki xalqın ədəbi-mədəni əlaqələrində
mühüm rol oynayıb. Sentyabrın 12-də prezidentimiz Bakıda Əlişir
Nəvainin heykəlinin açılışında iştirak edib.
2012-ci ildə Sabir Rüstəmxanlının "Göy tanrı" kitabı dilimizə
çevrilərək dərc olundu. Bundan əlavə Rüstəm Cabbarovun çevirməsində
azərbaycanlı yazarların hekayələrindən ibarət "Ömürdən uzun gecə"
kitabı da nəşr olundu.
Professor Almaz Ülvinin iki qardaş xalqın ədəbiyyatı qarşısında
sərf etdiyi əməyi də xüsusi olaraq dəyərləndirmək istərdim. O,
"Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında" və
"Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri" adlı gözəl
monoqrafiyaların müəllifidir
- Siz Azərbaycan ədəbi mühitində yaxşı tanınırsız. Səhv
etmirəmsə, ötən il Bakıda da olmusuz.
- Bəli, 2014-cü ilin yayında Azərbaycanda olmuşam. Artıq bir
neçə ildir ki, Özbəkistanda böyük uğurla Özbəkistan-Azərbaycan
dostluq əlaqələri davam edir. Nizami adına DDPU-nun rektoru
professor Ş.S.Şərifov bu cəmiyyətin sədridir. Komissiya üzvləri
münasibətlərin daha möhkəm tellərlə bağlanması istiqamətində işlər
aparır.
Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universiteti ilə
əlaqələr daha sıxdır.
- Yazarlarımız və onların əsərləri haqda geniş
yazılarınız var. Bu sizin elm adamı olaraq öhdənizə düşən iş idi,
yoxsa seçiminiz?
- Mənim ixtisasım dilçilikdir. Namizədlik və doktorluq işim
dilçilik və onun problemləri ilə bağlı olub. Düz dediniz, çoxlu
elmi məqalələr yazmışam. Maqsud Şeyxzadənin, Xalid Səidin, Sabir
Rüstəmxanlının, Ramiz Rövşənin, Elçin İsgəndərzadənin, Qulu
Ağsəsin, Elçin Mirzəbəylinin və başqalarının yaradıcığığı haqda
yazdığım yazılar dərc olunub.
- Кimlərlə daha çox əlaqələriniz var?
- Mənim dostlarım arasında dünyanın bir çox ölkələrinin
professorları var. O cümlədən Azərbaycanda da şair, yazıçı,
tarixçilər arasında dostlarım yetərincədir. Azərbaycan Elmlər
Akademiyası ilə sıx əlaqələrim var.
- Səhv etmirəmsə, elmi yaradıcılıqla yanaşı tərcüməçi
kimi də fəaliyyətiniz var.
- Mənim daha çox xoşuma gələn müasir Azərbaycan şairlərinin
şerlərini tərcümə etməkdir. Amma Nizami və Nəsiminin də qəzəllərini
dilimizə çevirmişəm. Eyni zamanda Azərbaycan ədəbiyyatı ilə bağlı
da xeyli araşdırmalarım var.
- Sizcə, Azərbaycan ədəbiyyatı postsovet məkanında
sözünü deyə bilirmi?
- Sözsüz ki, Azərbaycan ədəbiyyatı postsovet məkanında və dünya
ədəbiyyatında özünəməxsus yer tutur. Bunu Azərbaycan yazarlarının
əsərlərinin xarici dillərə tərcümə olunması sübut edir. Məsələn,
bizim universitetlərdə dünya ədəbiyyatı tədris olunur. Özbək
tələbələr həm klassik, həm də müasir Azərbaycan yazarlarını oxuyur,
məlumatlanırlar. Nizami Gəncəvi, Füzuli, Xəqani, Fələki Şirvanı,
Məhsəti Gəncəvi, Vaqif, A.A. Bakıxanov, M.Ş. Vazeh, M. Axundov,
M.Ə. Sabir, A. Səhhət, H. Cavid, S. Vurğun, M. İbrahimov, R. Rza və
digərləri.
- Bəs sizcə, özbək ədəbiyyatı Azərbaycan oxucusuna nə
qədər tanışdır?
- Biz sizin Pedaqoji Universitetinizdə olanda bizə "MDB
xalqlarının ədəbiyyatı" kitabını verdilər. Bu dərslikdə çox sayda
özbək yazarlarının adları vardı. Azərbaycanda Abdulla Qədirinin,
Aybəkin, Zülfiyyənin yaradıcılığı ilə yaxından tanışdılar.
- Siz özünüz kimləri tərcümə edibsiz?
- 2014-cü ildə universitetimizdə "XX əsr Azərbaycan şeir
antologiyası" kitabının təqdimatını keçirtdik. Mənə Nigar
Rəfibəylinin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Musa Yaqubun,
Ülvi Bünyadzadənin, Elçin
İsgəndərzadənin, Qulu Ağsəsin, Səlim Babullaoğlunun şeirləri daha
çox xoş gəldi. Bundan əlavə Elçin Mirzəbəylinin, Faiq Balabəylinin,
Maarif Soltanın, Xanım İsmayılqızının, Sahibə Rəşidin, qəzəlxan
şairlər Yasin Xəlilin, Səxavət Talıblının şeirlərini özbəkcəyə
çevirmişəm. Adlarını çəkdiyim müəlliflərin şeirləri məni o qədər
valeh edib ki, imkanım, vaxtım olsa onların bütün şeirlərini
dilimizə çevirərdim ki, özbək oxucular bundan bəhrələnə
bilsin.
- Azərbaycana arzularınızı bilmək istərdik.
- Daşkənddə nəşr olunan "kitab dünyası" qəzetində Ramiz Rövşənin
və Almaz Ülvinin müsahibələrini oxuduqda onların özbək xalqına olan
böyük sevgisindən gözlərim yaşardı. Bu sevgi bütün Azərbaycan
xalqının sevgisi kimi xarakterizə oluna bilər. Fürsətdən
yaralanaraq mən də öz növbəmdə Özbək xalqına nəyi arzulayıramsa,
onu Azərbaycan xalqına da arzulayam. Hər kəsə xoşbəxtlik və
uğurlar...