Yuxarı

“Bu film Putinə qarşı deyil, ancaq...” – Zvyagintsev

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət dəstəyi ilə çəkilən və müəyyən dərəcədə Rusiya hakimiyyətini tənqid edən "Oskar"a namizəd olmuş "Leviafan"ın rejissoru Sergey Zvyagintsev: "Bu film Putinə qarşı deyil, xarab rejimə qarşıdır. Bir vətəndaş onu qorumalı olan qanundan, polisdən din adamına qədər hər yerdən zərbə alır. Bu əsl "qiyamət" vəziyyətidir. Amma bu hadisələr dünyanın istənilən bir yerində baş verə bilərdi, məsələn, Türkiyədə və ya Macarıstanda!"

Sıravi vətəndaş Kolyanın ailə yadigarı olan evini idarəçilərə verməmək uğrunda apardığı mübarizədən bəhs edən "Leviafan" filmi Kann festivalında "Ən yaxşı ssenari" mükafatına layiq görülmüşdü.

Sonradan rus siyasətçilərin qəribə həmləsi ilə Rusiyanı təmsil etmək üçün "Oskar"a namizəd kimi irəli sürüldü. "Əcnəbi dildə ən yaxşı film" kateqoriyasına namizəd göstərilən film favoritlər arasında idi. Çoxları hətta əmin idi ki, "Oskar"ı məhz Andrey Zvyagintsevin "Leviafan" filmi alacaq. Amma mükafatı "İda" qazandı.

Kult.az rejissorun "Radikal"a verdiyi sonuncu müsahibəni təqdim edir:

– Mədəniyyət nazirinizin "yaxşı çəkilmiş filmdir, amma mən heç bəyənmədim" açıqlaması yadıma düşdü. Sizcə, bu, nə demək idi?

– Mən siyasətçi deyiləm, rejissoram. Özüm üçün, izləmək istəyənlər üçün film çəkdim. Müxtəlif şərhlər ola bilər, hətta bu, qaçılmazdır. Mədəniyyət nazirimiz filmi izlədikdən sonra çox kübar davrandı, mənə şəxsən heç nə demədi. Amma medianın önünə keçəndə deməli… Nə bilim. Mən, onsuz da, filmi siyasətçilər üçün çəkməmişəm!

– Film açıq-aşkar rejimə qarşıdır. Nazirlikdən necə yardım aldınız? Ssenarini aldadıcı etmişdiniz?

– Xeyr, ssenari aldadıcı deyildi. Dəstək alacağımızı öyrənəndə özümüz də təəccübləndik. Rusiyada heç nəyə təəccüblənməməlisən. Hər an hər şey ola bilər. Bu gün dəstək alaram, sabah almaram. Rusiyada hər dəqiqə balans və prinsiplər dəyişə bilər. Amma heç nəyə fikir vermədən film çəkməyə davam edəcəm, yəni işləyəcəm. Ölkəmi sevirəm və heç vaxt başqa bir yerdə yaşayıb-yaratmaq istəmərəm.

"Leviafan" hər yerdədir və dövlət, kilsə, qanun və rejim əleyhinədir. "Canavarlaşmış" rejimdə yaşamaq mümkünsüz kimi görünür. Bəli, filmə adını verən "Leviafan" kimi güc mərkəzləri həddindən artıq böyüyərək canavarlaşıb. Dövlətin bütün siyasəti müflis haldadır, çünki artıq vətəndaşa deyil, gücü özündə birləşdirən azlığa xidmət göstərməklə məşğuldur. Mütləq güc canavarın özüdür. Amma filmimi bunlara bağlamaq istəmirəm. Nəticədə bir insanlıq faciəsindən danışıram, bunu danışmaq istəyirəm.

– Adi vətəndaş olan Kolyanın mövcud rejimdən asılı olmadığını deyə bilərik?

– Bəli, amma Kolyanın yaşadıqlarının təkcə Rusiyaya aid olduğunu və yalnız Rusiyada cərəyan etdiyini düşünülməsinə qarşıyam. Rəhbərlikdə Putin və ya başqa biri ola bilər. Bu film Putinə qarşı deyil, rejimə qarşıdır. Bir vətəndaş onu qorumalı olan qanundan, polisdən din adamına qədər hər yerdən zərbə alır. Bu əsl "qiyamət" vəziyyətidir. Amma bu hadisələr dünyanın istənilən bir yerində baş verə bilərdi, məsələn, Türkiyədə və ya Macarıstanda! Onsuz da, mən filmi çəkəndə illər öncə ABŞ-da baş vermiş bir hadisədən təsirlənib çəkmişəm. İllərlə bu fikri içimdə dəmləmişəm.

– Necə bir hadisədən?

– 2008-ci il idi. "New York I Love You"nun çəkilişləri üçün ABŞ-da idim. Qəzet xəbərlərindən oxumuşdum. Maşın təmirçisi olan bir vətəndaş bələdiyyə ilə aralarında mövcud olan problemlərə məğlub olduqdan sonra buldozerlə bələdiyyə binasını uçurtmuşdu. Adi vətəndaş bələdiyyəyə qalib gələ bilməmişdi, amma yenə də bacardığı qədər mübarizəsini davam etdirmişdi. Onun etdiyi etirazın növü mənim çox xoşuma gəldi və mənə ilham verdi! Filmin sonu da ağlımda belə bitmişdi. Ssenarist şərikim Oleq Negin əvvəl "Bu amerikan hekayəsindən bir şey çıxmaz" deyərək etiraz etdi, amma sonra onu yola gətirə bildim. Gücə qarşı üsyan etmək lazımdır.

– Çarəsiz qalsaq da, asanlıqla təslim olmamaq yəni?

– Başqa bir adla, hə. Gücə qarşı üsyan etmək yaxşıdır. Deməli, nələri itirdiyinin fərqindəsən. İtirəcəyini bilə-bilə boynunu bükməmək qürurlu davranışdır.

– Bütün güclərini sizə qarşı yönəldən bir dövlətlə necə mübarizə aparmaq olar ki?

– Əlbəttə ki, bu adam simvolik etirazların xaricinə çıxıb və çarəsizliyi az da olsa, yıxıb-dağıdaraq göstərib. Təəssüf ki, dövlət bəzən həddindən artıq qəddarlaşır və cəhdlər işə yaramır. Amma bu filmdə çatdırmaq istədiyim mesaj Rusiya siyasətçilərinin ötəsində bir şeydir. Kiçik-kiçik əlimizdən gələn şeylər, əslində, bizi biz edən nüanslardır. Bu gün küçənizə bir bina tikərlər, sabah evinizi əlinizdən almaq istəyərlər. Bu, sadəcə, iqtisadi deyil, həm də mədəni bir hadisədir.

– Piknik səhnəsində hədəf taxtası kimi istifadə olunan keçmiş prezidentlər qalereyasında Putinin fotosu yoxdur, çünki "onun hələ işi bitməyib" deyilir. Adi vətəndaşlar belə düşünür?

– Kapitalizmə keçiddə, təəssüf ki, uğurlu ola bilmədik. Dolayısı ilə köhnə Rus imperatorluğunun qalıqları və "Böyük Rusiya" ümidləri çox böyükdür! Demokratiya da yaxşı hələ mənimsənilməyib. Baxın, çox qarmaqarışıq bir ölkəyik. Müxtəlif dinamikalar, etnik köklər, mədəniyyətlər mövcuddur. Yəni bəli, Putindən hələ də nələrisə gözləyirik. Səbirlə gözləyirik, biz dözümlü millətik.

– Piknik səhnəsindəki vodka nə idi bəs?

– Zarafat edirsiniz? Heç ağ eləməmişik, normal bir rusun gündəlik içdiyi vodka idi. Hələ-hələ ailəsi və dostları ilə birlikdə istirahət edirsə, bundan çox içənlər olur. Vodkanı çox sevirik. (gülür)

– Filmin ruhani çalarlarından bəhs edən möhtəşəm görüntülər var. Necə işlədiniz bunun üstündə?

Məkan tapmaq çətin oldu. Sonda Şimali Atlantik okeanını seçdik. Bu kasıb, balaca qəsəbənin təzadları da xoşuma gəldi, filmin mövzusu ilə üst-üstə düşürdü.

– Bəs yekə balina skeleti? Qədim imperiyanın ruhunu əks etdirir?

Bəli və daha nələri! (gülür) Çox ruhani şeylər danışmaq istəmirəm. Nəticə olaraq Kolya kimi hamımız sadə vətəndaşlar olaraq öz rahatlığımızı axtarırıq və bu rahatlıq asanlıqla tapılmır. Ev də elə. Özümüz inşa etdik. Filmin sonunda evi uçurtmaq səhnəsində çox gərgin idik, çünki yalnız bir şansımız var idi. Yaxşı ki, hər şey yolunda getdi.

Tarix
2015.02.28 / 08:20
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ceyhun Bayramov Küveytə yola düşdü

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

Təxribata cəhd: azərbaycanlılar erməniləri belə susdurdu - Video

Paşinyan AB üçün də ciddi tərəfdaş deyil - Danielyan

Pezeşkianın qızı da Bakıya gəlibmiş - Foto

Nikol Türkiyə və Britaniya kəşfiyyat şefləri ilə gizli görüş keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla