Yuxarı

Satanist Daşa Bakıda: İblisin ardınca Hacıqabula...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“...Cinli gəlinin rəvayəti əslində bir gerçək idi, lakin kənd camaatı vahimədən qurtulmaq üçün bədbəxt qızın başına gələnləri əfsanə adlandırmışdırlar...”

Əvvəli burada

Həqiqətən də Daşanın mənə görə nə dərəcədə təhlükədə olduğunu bütün varlığımla tam dərk edir, özümü və qızı düşdüyümüz çıxılmaz durumdan qurtarmaq üçün vasitələr düşünürdüm. Beynimin küncündə bir plan közərirdi və çıxış yolu kimi Bakı kəndlərindən birinə - yaşlı Sahilə bibimin yaşadığı Saray kəndini görürdüm...

Daşa Tatyanagildən səhərə yaxın qayıtdı. Susqunluğundan hiss edirdim ki, hələ də qəzəbi soyumayıb və ola bilsin ki, həmyerlisi ilə bolluca “dərdləşən” dostum artıq mənimlə həmsöhbət olmayacaq.

Onunla dincələndən sonra danışmağa qərara gəldim.

Yuxuya necə getdiyimi xatırlamırdım, amma yenə də qarışıq vahimə dolu qarabasmalar beynimə təzyiq göstərməyə, məni rahat buraxmamağa başlamışdı. Günortaya yaxın oyandıqda isə Daşanın mətbəxdə gəzişdiyini gördüm: çox güman ki, dostum mənə nahar tədarükünə başlamışdı.

Ayağa qalxaraq əl-üzümu yudum, masa arxasına əyləşərək diqqətlə Daşanı nəzərdən keçirdim. Əslində, qızın əhaval-ruhiyyəsini “ölçüb-biçirdim” ki, dünəndən bəri onun üçün düşündüyüm planı özünə açıqlayım və istəyirdim, dostum fikrimi əsəbiliklə qarşılamasın.

- Daşa, sən mütləq şəhəri tərk etməlisən!

Daşanın təəccüb dolu baxışlarından yorğunluq və çaşqınlıq sezilirdi. Çox güman ki, satanistlə dostluqumuz müddətində artıq “fikirlərimin oxunmasını blok” etməyi də öyrənmişdim. Görünür, Daşanın mənə söylədikləri, öyrətdikləri hədər getməyib; asanlıqla şüuruma göstərilən təsiri dərhal uzaqlaşdırmaq gücünə yiyələnmişdim və bu baxımdan moskvalı rəfiqəmin əziyyəti danılmaz idi.

Hazırkı durumumda isə Daşanın “beynimdə eşələnməsinə” əngəl olduğuma görə məmnunluq hissi keçirirdim ki, fövqəltəbii satanistin sualı məni fikirlərimdən ayırdı:

- Nə üçün?

Görünür ki, satanist dostum fikirlərimi oxuya bilmədiyindən artıq narahatlıq dolu suallarını birbaşa özümə ünvanlayırdı.

Daşanı təmkinli olmağa səslədim:

- Sakit ol! Heç bir narahatlığa səbəb yoxdur. Sadəcə olaraq, sən bir müddət bibim Sahilənin yanında qalmalı olacaqsan.

- Axı nəyə görə?! - açıq-aydın Daşanın suallarında təlaş və anlaşılmazlıq hiss edilirdi.

- Bu, çox çəkməyəcək, Daşa, mən Hacıqabula gedib-qayıdana qədər əmin olmalıyam ki, sən təhlükəsizlikdəsən.

Daşa başını aşağı dikmişdi; hiss olunurdu ki, qız əməlli-başlı məyyus idi. Çox güman ki, artıq öz gücünə müraciət edərək, hicablı, əliquranlı, Allaha bütün varlığıyla ibadət edən bibimi göz önündə canlandırmışdı, odur ki, sakit səslə sual etdi:

- Birdən bibin məni qəbul etməsə?

- Daşa, bibim sənin haqqında mənim ona söylədiklərimdən artığı ilə maraqlnamayacaq, arxayın ol, - dedim. Özümün isə Hacıqabula getmək fikrimi bu cür izah etdim: - Hacıqabula getməliyəm! Arzunun ailəsini taparaq, İqbal haqqında bilmədiklərimi öyrənmək üçün bu zəruridir! Yalnız bu cür biz bu dinsiz-imansız, həyatımızı məhv etməyə çalışan iblisdən yaxa qurtara bilərik.

Daşa mənimlə razılaşdı. Tezbazar nahar etdikdən sonra bibimə zəng vurdum. Hacıxanım səsimi eşidəcək kövrəldi:

- Heç demirsən ki, bibim ölübmü, qalıbmı, ay balam?! Səsin-səmirin də gəlmir ki, xəbər tutaq gəlişindən!

Yaşlı arvada bir az dilxoşluq etdikdən sonra keçdim əsas mətləbə:

- Bibi, mənimlə bir tələbə yoldaşım gəlib Bakıya.

- Xoş gəlib, səfa gətirib, ay bala! - bibim söz canfəşanlığına başlamışdı ki, sözünü kəsib, dərhal söhbətimizi mənə lazım olan əsnaya çevirdim:

- Onun tək olmaması üçün bir müddət yanında qalmasını xahiş edirəm. Nabələddir Bakıya, heç yeri tanımır.

Sahilə bibimin susqunluğundan təəccübləndiyini hiss etdim.

- Bəs sən, a bala? Sən harda olacaqsan?

- Mənim bir balaca işim çıxıb. Təcili Hacıqabula getməliyəm.

Bibimin, “xeyirdimi, a bala?” sualana, “qayıdanda hər şeyi izah edəcəm” cavabı ilə söhbətin məğzindən yayındım. Danışdıq ki, Daşanı qaldığım evin yaxınlığındakı dayanacaqdan düz bibimgilin evlərinədək gedən avtobusla yola salacam və Sahilə bibi onu qarşılayacaq.

Hər ehtimala qarşı Daşanın əl telefonunun nömrəsini də bibimə verdim.

Daşanı yola saldıqda yalnız əsas iki məqama diqqət yetirməyini istədim: birincisi, tanımadığı insanlarla ünsiyyət qurmasın, ikincisi isə - ən əsası - bibimlə söhbət etdikdə Allahla və ya iblislə bağlı məsələlərə ümumiyyətlə toxunmasın.

Artıq Daşadan arxayın idim, özüm isə rayona hazırlaşmalı idim. Məni yaxından tanımadığımı rayona yolçuluq gözləyirdi. Təbii ki, səfər, tanımadığım insanlar, Arzunun axtaracağım ailəsi və onlardan əldə edəcəyim məlumat məni son dərcədə həyəcanlandırırdı.

Məlumat bürosundan vağzalın telefon nömrəsini öyrəndim. Yaxın müddətdə Bakıdan Hacıqabula gedən avtobusun çıxacaq vaxtını bilməyimlə, taksi sifarişi verməyim eyni anda baş tutdu; yalnız yola düşdüyüm an Daşaya ismarış yollamağa macal tapdım:

“Artıq yoldayıq”.

Cavab tez gəldi:

“Sahilə bibiylə evdəyik, mənə çay hazırlayır”.

Dostumun qısa ismarışının sonunda gülüş işarəsi olan sarı kəllə yollaması həqiqətən də Daşanın məmnun olmağından xəbər verirdi.

Avtobusda gedən kəslərə göz gəzdirməyə başladım. Özlüyümdə Arzunun ailəsi ilə bağlı məlumat ala biləcəyim insanı axtarıb tapmağa çalışırdım, lakin heç kəsi uyğun görmürdüm. Avtobusda yol yoldaşlarımın əksəriyyəti cavan tələbələr idi və yalnız yanımda əyləşən nisbətən yaşlı qadın mənə olduqca qaraqabaq şəxs qismində görünürdü ki, onunla hər hansı sual-cavab etməyi ağlıma belə gətirmirdim. Hədsiz yorğun olduğumdan bir qədər pəncərədən baxaraq, fikrimi yayındırmağa çalışırdım ki, qabaq oturacaqdakı iki qızdan biri digərinə asta səslə:

- ...Burada cinli gəlinin qəbri var, onu hündür hasara aldılar.

Digər qız qorxu içərisində soruşdu:

- Bəlkə onu ziyarətgaha çeviriblər?

- Bilmirəm. Amma əhvalat yadıma düşəndə, tüklərim biz-biz olur.

Digər qız bir qədər yavaş səslə davam etdi. Onun səsini eşitmək çətin olduğundan, başımı qarşı oturacağa dirəyib, bütün duyma hissiyyatımı işə saldım. Qızın növbəti dedikləri məni ürpəndirməyə bilməzdi:

- Bilirsənmi, cinli gəlinin rəvayəti əslində bir gerçək idi, lakin kənd camaatı vahimədən qurtulmaq üçün bədbəxt qızın başına gələnləri əfsanə adlandırmışdırlar...

Artıq iri qaya üzərində “Hacıqabula xoş gəldiniz” yazılan yola tərəf yaxınlaşırdıq, diqqətlə qızların barəsində danışdıqları yerə nəzər saldım ki, nə zamansa diqqətimi çəkən bu söhbət barədə məlumatı olan kəsdən təfərrüatı öyrənim. Sürücünün səsi məni fikirimdən ayrılaraq, avtobusdakıların arxasınca enməyə səslədi:

- Çatmışıq, yol pullarını verin, zəhmət olmasa!

Çantamdan kiçik pulqabımı çıxarıb, içindəki pullarıma baxdım; iki beşlik və bir onluq. Sürücü fikirli halımı görcək:

- Yol pulu on manatdır, - dedi.

Sakitcə on manatı ona uzadıb, avtobusdan endim.

“Pulum da qurtarır, işə bir bax” – dilxorçuluqla özümü məzəmmət etdim.

Nə ailəmlə, nə qohumlarımla əlaqə saxlamadığımdan, onlardan hər hansı bir yardım, pul istəməyə də imkan tapmamışdım.

“İqbal imkan verir ki?!” - hirslə düşündüm.

Hər kəs öz yükünü, boğça və çantasını götürərək, bir göz qırpımında yoxa çıxdı; kimisini qarşıladılar, kimi isə taksi ilə ünvanına üz tutdu. Mən isə həmişəki kimi özümə qərib olan məkanda boynumu buraraq nə edəcəyimi, hansı addım atacağımı düşünürdüm ki, az qala qulağımın dibində bərkdən səslənən yaşlı kişinin səsi diksinməyimə səbəb oldu:

- Hara getmək istəyirsən, qızım? Səni apara bilərəm.

Çaşqınlıq içərisində kişiyə baxdım.

- Mən bir ailəni axtarıram.

Yaşı təqribən altmışı haqlamış ağsaçlı topabığ dayı qaşlarını çatdı:

- Kimi axtarırsan qızım? Özün kimlərdənsən?

Tərəddüdlə:

- Mən qonağam, - dedim. Ailə isə... ailə... - heç bilmirdim nədən başlayım, fikrimi necə izah edim ki, topabığ dayı şübhələnmədən mənə yardım etsin, üstəgəl həyəcan hissi keçirməsin. Təbii ki, qarşımdakı ahıl insana ruhlar aləmindən axtardığım Arzunun ailəsinin məhz Hacıqabulda olduğunu söyləyəcək qədər də şüursuz deyildim. Odur ki, özümü toparlayaraq söhbətə başladım:

- Dayı, hardasa yeddi-səkkiz il bundan əvvəl bir gəlin şəhərdə bina evindən yıxalaraq dünyasını dəyişib...

Sözlərimi eşidən kimi kişi bir qədər karıxdı. Mən isə başladığım mövzuya heç nə olmamış kimi davam edirdim:

- Deyilənə görə, gecə ikən eyvanda paltar asan yerdə, müvazinətini saxlaya bilməyib və yıxılıbmış eyvandan. O vaxtlar onun dörd, ya beş yaşlı bir oğlu da vardı və əri çox imkanlı, hörmətli insan idi...

Kişi sözümü kəsdi:

- Hacıqabuldan idi, a qızım?

Mən sevincək dilləndim:

- Bəli dayı, hazırda ailəsi burada yaşayır.

Kişi fikrə getdi:

- Vallah, qızım, mən qırx ilə yaxındır taksilik edirəm, amma açığı, danışdığın hadisəni birinci dəfədir eşidirəm və dediyin məsələyə aid adamları tanımıram.

Məyus halda başımı aşağı saldım, gözlərimi yerə dikdim. Çox güman ki, topabığ dayı mənim sarsıldığımı hiss etmişdi, odur ki, ləngimədən dedi:

- Amma narahat olma, bax bu yaxınlıqdakı çayxananı işlədən Bəşir kişi qəbiristanlıqdakı ölülərin sayınacan əzbər bilir. Sən narahat olma, mən bu saat gəlirəm.

Dayancaqda toz basmış köhnə skamyanı əlimlə təmizləməyə cəhd edirdim ki, əyləşəm. Elə oturmağımla topabığ dayının məni səsləməsi bir oldu:

- Qızım, bura gəl!

Təzə tanıdığım dayının yanında əlində tutduğu çömçəquyruq taxta qəlyan sümürən yekəqarın, yaşlı kişi dayanmışdı. Çox güman ki, sürücü dayının bəhs etdiyi Bəşir kişi elə həmin “nəhəng” idi. Yaşı yetmişə çatan hədsiz dərəcədə kök olan çayxana sahibi məni qıyğacı süzməyə başladı:

-Lətafətgilin nəyisən?

Əvvəl çaşqınlıq içində suala nə cavab verəcəyimi bilməsəm də, anidən cavab özü beynimdə canlandı:

- Qonşum olub, sonra köçmüşəm. Arzunun ölümündən təzə xəbər tutmuşam, - dedim, - gəldim ailəsinə baş çəkəm.

Bəşir kişi topabığ dayıya tərəf döndü.

- Lətafət nəvəsi ilə təzə qəsəbədə qalır. Kimdən soruşsan, deyəcək, - dedi.

Sevincimin hədd-hüdudu yox idi. Arzunun ailəsini bu dərəcədə tez bir zamanda tapacağıma ümid etmirdim.

Taksiçi dayının köhnə sovet markalı maşını artıq hazır idi. Maşına əyləşər- əyləşməz Bəşir kişiyə ürəkdolusu “çox sağ olun” dedim. O, cavab olaraq asta- asta yekə, ətli başını yellədi.

Yol boyu topabığ dayı söhbət edirdi. Öncə adının Sahib olduğunu dedi, sonra rayonda cavanların olmadığını, əksəriyyətinin köçüb şəhərə getdiyindən gileyləndi:

- Uşaqları böyüdürsən ki, yaşlı vaxtında onlar sənə baxsın, yiyəlik etsin, o da böyüyən kimi qanad çalıb uçub gedir uzaqlara. Eh qızım, mən də yaşlı vaxtımda başımı qatıram. Bir oğlum var, evlənən kimi şəhərə qaçdı. Yoldaşım dünyasını dəyişəndən evdə tək otura bilmirəm, elə günüm sərnişinlə, yol-izlə keçir.

Onun söbətini müdaxiləsiz dinləyirdim, əvəzində isə Lətafət xala ilə beynimdə görüş mənzərəsinin rəsmini çəkir, əlavələr edirdim və bununla da mənim üçün həyatımda bəlkə də mənəvi baxımdan ən ağır, ən çətin saya biləcəyim görüşə hazırlaşırdım.

Topabığ Sahib dayı Lətafət xalanın evini yol kənarıyla gedən yaşıl iri şallı bir qadından soruşdu. Qadın əli ilə yaxınlıqdakı kiçik daxmanı göstərərək, “burada yaşayır” dedi və yoluna davam etdi. Maşının sürəti azaldıqca ürəyimin döyüntüsü güclənirdi. Maşından enər-enməz yenə də çantamda eşələnməyə başladım. Amma kişi etiraz olaraq əlini mən dayanan səmtə yellədi:

- Qətiyyən olmaz! – dedi: - Sən qonaqsan, üstəlik, Bəşirin də qohumlarıymış getdiyin ailə.

Mən isə Sahib dayıdan bu məlumatı da hər ehtimala qarşı beynimə köçürdüm, “bəlkə də Arzunun ailəsi ilə söhbət zamanı lazım olar”, - deyə düşündüm.

Sahib dayı pencəyinin ciblərində eşələnməyə başladı, sonra kiçik kağız parçasını mənə uzadaraq:

- Qızım, burada nömrəm yazılıb. Şəhərə qayıdanda yığ, gəlim səni yola salım. Nabələd yerdir, tanımırsan, çətin olar sənə, - dedi.

Təşəkkür edərək, Sahib dayı ilə sağollaşdım. Lətafət xalanın daxmasına yaxınlaşdıqca ayaqlarım titrəməyə, qüvvəmi itirməyə başlayırdım. Bütün gücümü toplayıb, şabalıdı taxta qapını döymədən açaraq, içəri daxil oldum. Kiçik təndirxana boyunca üzüm ağacları əkilmişdi, tənək deyilən yaşıl çətirin kölgəliyində torpaqda oturub qumla oynayan on bir-on iki yaşlı oğlan uşağını görcək dayandım. Oğlan başını qaldıraraq maraqla mənə baxdı. Onun yaşıl gözləri, parlaq üz dərisinin rəngi və ipək kimi alnına səpələnmiş saçları yuxularımdakı uşağı xatırlatdı. Bəli, məhz axtardığım ünvana gəlmişəm. Uşağın lal-dinməz, təəccüb dolu baxışları məni uzaq səyahətdən geri dönməyə vadar etdi. Dilim dolaşa-dolaşa soruşdum:

- Lətafət xala evdədir?

Oğlan mənə cavab vermədən üzünü kiçik daxmaya tərəf tuşladı:

- Nənəəəə, ay nənəəə, çağıran vaaarr! – var səsiylə qışqırdı.

Handan-hana daxmadakı qapı əvəzi pərdə aralandı və əli ilə günəşdən yelpiklənən titrək yaşlı bir səs:

- Kimdir, ay Amin? - soruşdu.

Mən ürəkləndim:

- Şəhərdən gəlmişəm, sizinlə söhbət etməliyik, Lətafət xala.

Beli bükük, arıq və çəlimsiz, bəstəboy, büsbütün qaraya bürünmüş qadın titrəyə-titrəyə mənə sarı gəlməyə başladı. Çox güman ki, Lətafət xalanın yaşı altmışdan yuxarı olmazdı, lakin hiss olunurdu ki, acınacaqlı, əziyyətli həyatdan beli bükülən qadını dərd vaxtından tez qocaldıb və hazırki durumu ilə qadına səksən yaş da vermək olardı.

- Xoş gəlmisən, a bala, kimsən?

Mən cavabımda öncədən uydurduğum, “Baharam, xala”, - dedim. Qadına həqiqəti açıb söyləməməyim onun İqbal ilə necə münasibətdə olmağını bilmədiyimdən irəli gəlirdi və bütün yalanları sırf öz təhlükəsizliyim üçün danışmalı olduğumu açıq-aydın dərk edirdim, amma haradasa bu uydurmalarım üçün üzülürdüm.

Qadın məni evə dəvət etdi; son dərəcə səliqəli və yığışdırılmış kiçik evdə qəribə bir nisgil və kasıblıq hökm sürürdü. Hər yerdə balaca saxsı qablarda kiçik dibçəklər vardı. Qədimi taxta servantın gözü şəkillərlə bəzədilmişdi.

Lətafət xala mənə oturmağı təklif etdi. Yumru masa arxasında əyləşdim, qadın əyilərək balaca sobanı qalamağa başladı.

- Qazımız yoxdur, soba yandırırıq, - deyə sanki üzrxahlıq edirdi.

Mən ondan əziyət çəkməməsi üçün xahiş etsəm də, Lətafət xala titrək əlləri ilə mənə çay dəmləməyə başladı.

Gəlişimin səbəbini açıqlamağa başladım.

- Arzu ilə yaxın idik... - dedikdə səsim bir qədər titrədi və qadının saxta danışığımdan duyuq düşəcəyindən ehtiyatlanaraq tez əlavə etdim: - Qonşu olmuşuq əvvəl, sonra mən köçdüm, yeni mənzil almışdı valideynlərim.

Lətafət xala müvazimətini itirməmək üçün əlini divara söykədi. Dərhal ayağa qalxaraq, ona tərəf qaçdım:

- Yox, yaxşıyam, qızım, narahat olma, - dedi.

Yenidən kor-peşman yerimə əyləşdim. Daxilimdə vicdan səsimlə mübahisə edir, öz-özümü məzəmmət edirdim: “Fağır, bədbəxt qadını gəlişimlə narahat etməyim bir yana, üstəlik, qəfil danışıqlarımla da səhhətinə zərər yetirirəm...”

Amma digər səs mənə doğru etdiyimi və bütün olanları yer üzünü bir iblisdən qurtarmaq üçün həyata keçirdiyimi deyir, mənə təsəlli verir, baş verənlərə haqq qazandırırdı.

Lətafət xala bükülmüş belini əli ilə tutaraq mənə sarı gəldi, masa arxasındakı stulu çəkərək qarşımda əyləşdi:

- Bilirsən, bala, qızımı itirdikdən sonra ürəyim heç sözümə baxmır. Olduqca narahatam son zamanlar. Amma ölməkdən qorxmuram, məni düşündürən yetim qalan Aminin dərdidir: uşağa kim baxacaq, onun taleyi necə olacaq?

Mən söhbətə başlaya biləcəyim ən uyğun məqamda idim:

- Axı uşağın atası var. İqbal!

Keçmiş kürəkəninin adını eşitcək qadını sanki cərəyan vurdu. Bir neçə saniyə gözünü qırpmadan üzümə baxdı; onun gözlərində qorxu və təlaşı aydın şəkildə oxuya bilirdim:

- O iblis heç uşaqla da maraqlanmır. Allah ona lənət etsin, - qadının səsi titrədi, - yeganə qızımı, tək balamı bədbəxt etdi.

Daxilimdə bir qədər sakitləşdim. Lətafət xalanın İqbala nifrəti və bu iblis cildində olan varlıqla heç bir əlaqəsinin olmaması mənim tam təhlükəsizliyimə zəmanət verirdi.

Qadın isə qara yaylığının ucu ilə yaşarmış gözlərini silərək, sözünə davam etdi:

- Arzunu atasız böyütmüşəm. Çox ağıllı, tərbiyyəli və bacarıqlı idi. Sən onun adına görə bura qədər gəlib çıxmısansa, yəqin ki, qızımı çox yaxından tanımısan.

Qadının gözlərimə dikilən sınayıcı baxışlarından ürpəndim. Gözümün önündə Moskva parkında Daşa ilə birgə hiss etdiyim görüntülər canlandı; Arzunun al-qan içərisində çabalamağı, haradansa uzaqdan gələn uşaq qışqırığı məni bir anlıq silkələyərək reallıqla astral aləm arasındakı gözəgörünməz zolaqdan çıxardı, yenidən Lətafət xalanın daxmasına qaytardı. Söz tutmayan dilimlə topuq çala-çala dilləndim:

- Bəə...li, əlbəttə... Arzunu çoxdan tanıyırdım. O, dünyasını dəyişəndə... O qəfil rəhmətə gedəndə... Aminin hardasa dörd-beş yaşı olardı... - Mən doluxsundum.

Lətafət xala əlləri ilə üzünü örtdü, başını sözlərimi inkar edrmiş kimi yellədi və hönkürtü içində bərkdən:

- O, öldürüldü, qızım, öldürüldü...

Mən çaşqınlıq içində donub qalmışdım. Qadınsa hıçqıra-hıçqıra davam edirdi:

- Arzu öldürüləndə... balam qətlə yetiriləndə... Aminin beş yaşı vardı...

Deməyə söz tapmırdım; bütün bildiklərim düşündüklərimə qarşı idi. Deməli, Lətafət xala Arzunun öldürüldüyünü bilirmiş! Elə isə niyə qızının qatili hələ də azadlıqdadır?!

Mən beynimdə narahatlıqla dolaşan, tuğyan edən suallarımı qadına bir qədər sonra ünvanlayacağımı düşündüm. Qarşımda əyləşərək hönkürtü ilə ağlayan çarəsiz qadının durumu məni sözün əsl mənasında pərişan edir, ona köməklik göstərə bilməyəcəyim fikri isə daxilimi param-parça edirdi. Lətafət xalanın mənim qismimdə hömsöhbət tapdığını və ürəyini boşaltmaq istəyini anlayırdım.

- Yoldaşımı itirəndə Arzunun cəmi iki yaşı vardı. Ərim vərəm xəstəliyindən dünyasını dəyişdi. Qızım kənd məktəbini bitirən il yaxınlıqda əczaçılıq zavodu tikilməyə başladı. Bu zavod İqbalın özü qədər murdar olan atası İlyasın idi. - Lətafət xala otaqdakı dibçəkləri göstərdi. - Çətin yaşayırdıq və mən bitkiləri tanıdığımdan, bu zavoda dərman hazırlanması üçün gül-çiçək, ən çox da otlar becərib aparardım. Evdə işlərim olanda bunları Arzu edirdi. Elə arzu ilə İqbalın da tanışlığı məhz həmin zavodda baş verib; xoşu gəlib qızımdan və atasını evimə yollayıb.

Olduqca çox suallar yaranan beynimdə qarışıq fikirlər yaranmağa başladı. İqbalın və ailəsinin nə dərəcədə pula, var-dövlətə həris olduğunu gözəl bilirdim, odur ki, qadına məni rahat buraxmayan sual ilə müraciət etdim:

- Söylədiniz ki, kasıb olmusunuz. Belə çətin vəziyyətdə yaşadığınız halda İlyas qədər məkrli, pula həris bir insan necə sizə elçi gəlib qızınızı istəyə bilərdi? Hansı məqsəd güdürdü bu vicdansızlar?

Qadın çiyinlərini çəkdi:

- Bilmirəm, bala. Amma bir neçə dəfə gəl-get etdilər. İqbalın anası da gəldi bir dəfə. Şəxsi, cavan sürücüsü ilə gəlmişdi, kənd camaatı hələ onun adına şəbədə də qoşmuşdu ki, kənddən çıxmamış çayxanaya yollanıblarmış, sürücü də qadına qarşı çox canfəşanlıq edirmiş...

Qadının söylədiklərinin bu yerində taksiçi Sahib dayının sözünü xatırladım - çayxana işlədən Bəşir kişi bunların qohumu idi. Yəqin “Nəhəng dayı” İqbalın “ayağısürüşkən” anasının cavan sürücüylə olan və çayçıların gözündən qaçmayan gizli eşq macərasını Lətafət xalaya danışıbmış!

Qadınsa söhbətinə davam edirdi:

- Rəhmətlik Arzu da İqbalgilin evlərinə gəlin köçdükdən sonra ərinin anasıyla cavan sürücüsünün arasında olanlardan çox danışırdı. Bilirsən, qızım, iş pulda deyil ki, varlı olsalar da, olduqca tərbiyəsiz və qanacaqsızdırlar, Allahdan qorxamayan adamlardılar.

Qeyri-ixtiyari İqbalın Həccə gedib-gəlməsi, hələ bu azmış kimi, müqəddəs məkanlara avtobuslarla öz heasabına imkansız insanları yola salmağı ilə bağlı danışıqlarını xatırladım:

- Kürəkəniniz bir ara hacılıq edirdi, - kinayə ilə dedim.

- Necə? - Qadının gözləri bərəldi: - Yox, qızım, eşit inanma, hamısı yalandır. İqbal narkomandır. Hətta bilirsənmi, rəhmətlik Arzu deyirdi mənə ki, sən demə, o məktəb illərdən bu tufeyli yolda olubmuş! Necə maskalanıbsa, bilməmişik biz yazıq.

Lətafət xala ayağa qalxaraq köhnə dolabdakı şəkilləri götürdü, onları səliqə ilə masaya düzdü; şəkillərin çoxunda yalnız Arzu və Lətafət xala və ya Arzu ilə körpə Amin vardı. Yalnız bir şəkil digərlərinin arxasında gizlədilmişdi: bu, Arzu ilə İqbalın toy şəkli idi. Eyni ilə görüntülərimdə olan mələküzlü hicablı Arzu ilə iblis cildində onun əlindən tutmuş yaraşıqlı qatil - İqbal...

Lətafət xalanın danışıqları məni hardasa sevindirirdi. Məndə çox böyük açılmayan sirrin açarı vardı. İqbalın narkoman olduğunu artıq dəqiqləşdirmişdim. Anasının sürücüsü ilə eşq məsələsi də lazım olacaqdı. Amma Lətafət xalanın sözü bununla bitmirdi:

- Onlar Amini əlimdən almaq istəyirdilər. Amma uşaq məhkəmədə anasının qatili ilə yaşamq istəmədiyini bildirdi.

Mən açıq pəncərədən qeyri-ixtiyari həyətə boylandım. Amin bütün söhbətimiz zamanı oturduğu yerdən tərpənmir, səssizcə qumla oynamağa davam edirdi. Nənəsi baxışlarım tuşlanan istiqaməti duyunca dilləndi:

- Atası anasını öldürəndən sonra iki il uşaq danışmadı. Qorxudan heç kəslə ünsiyyət eləmirdi. Amma İqbal onu əlimdən almaq istəyəndə məhkəməyə verdim murdarı. Uşaq da məhkəmədə mənimla qalacağını dedi. Dedi, anamı illər əvvəl atam öldürüb. Uşaq görübmüş ki, İqbal onu necə eyvandan aşağı atıb. Amma nə məhkəmə, nə də fərsiz vəkilimiz uşağın söylədiklərini ciddi qəbul etdi. Səbəb də bunu gətirdilər ki, uşağın anası öldüyü zaman yaşı az olub və o çox şeyi uydura bilərdi!

Artıq Lətafət xalaya sualım qalmamışdı, bu çəlimsiz qadın özü də bilmədən mənə istədiklərimi danışmışdı. Ayağa qalxaraq, artıq gec olduğunu dedim, Arzuya olan hörmətimdən onun ailəsinə baş çəkmək istədiyimi bildirdim.

Qadının gecəni onlarda qonaq qalmaq istəyi ilə razılaşmadım. Çox sıxırdı bu ab-hava, bu qaranlıq dolu yarımçıq həyatları olan zavallı insanların yaşayışı məni:

- Artıq getməliyəm, - deyə, çantamda eşələnərək, qırmızı pulqabımı çıxardım və orada olan yeganə pul qalığı saydığım iki beşliyi masanın üzərinə qoydum. - Uşaq üçün nəsə alarsınız.

Qadın tərəddüd etsə də, təkidlə xahiş etdim

Lətafət xalaya heç bir sualım, sözüm qalmamışdı. Əsas lazım olan nə idisə, qadın qısa olaraq mənə nəql etmişdi.

Sonda pıçıltı ilə:

- Mən tək kimsəsiz adamam, onlara gücüm çatmaz, - dedi: - Uşaq ki məndədir, artıq başqa bir şeyə gərəyim yoxdur, onlara gəlincə isə... - qadın doluxsundu, - onlara gəlincə isə hamısını Allaha tapşırıram! Qoy Allah özü onların cəzasını versin!

Mən Lətafət xala ilə sağollaşıb çıxdıqda artıq hava qaralmışdı. Amin başını qaldırmadan qumdan hazırladığı evə baxırdı: nəhəng, iri mərtəbələri olan evin damı, pəncərələri hətta uşağın şəxsi ixtirası ilə taxılmış çubuq qismində soba borusu belə vardı. Tək eyvandan başqa... Aminin qurduğu evdə eyvan yox idi!

Sahib dayıya zəng etməyimlə az bir vaxt ərzində arxamca gəlməsi bir oldu. Demə, yaxın kəndlərin birinə müştərisi düşübmüş! Yalnız Hacıqabuldan Bakıya gələn avtobusda bibimə zəng etməyə macal tapdım:

- Məni kimsə avtovağzalda qarşılasın. Pulum qurtarıb...

Pəncərədən baxdıqda avtobusda haqqında eşitdiyim hasara alınmış ziyarətgah - qəbir məni yenidən onunla maraqlanmağa vadar etdi. Yanımda əyləşən yaşlı qadına müraciət etdim.

- Bağışlayın xanım, bu qəbir kimindir?

Qadın ətli gözlərini qaldırıb diqqətlə məni süzdü, sonra tələsmədən boğuq səslə dedi:

- Cinli gəlinindir!..

Ardı var...

Tarix
2020.07.20 / 02:12
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla