Ana səhifə Kult |
Adətən, sevimli müəllimin haqqında xatirə yazanda dəfələrlə götür-qoy etməli olursan, onun təkrarsız məziyyətlərini ən dəqiq cizgilərlə təsvir etməyə çalışırsan, hamının yaxşı tanıdığı bu şəxsin obrazını özünə layiq ifadələrlə canlandırmaq istəyirsən. Əgər ustadın özü müqtədir qələm sahibi, tələbkar redaktor olubsa, məsuliyyət hissin qat-qat artır: hər cümləni yazanda neçə dəfə ölçüb-biçirsən, sanki zabitəli müəllim qarşısında imtahan verirsən.
Mətbuatımızın görkəmli şəxsiyyəti, jurnalistlərimizin neçə-neçə nəslinin müəllimi, bir çox həmkarımızın, o cümlədən mənim həyat və peşə taleyimin uğurlu məcraya yönəlməsinin səbəbkarı, qəzetçilikdə mükəmməl bir məktəbin yaradıcısı olmuş Nəsir İmanquliyevi hər dəfə dərin minnətdarlıq hissləri ilə xatırlayıram.
Nəsir müəllim haqqında yazdığım xatirələrdə bir məqamı əvvəllər də vurğulamışam: unudulmaz ustadımız Azərbaycan mətbuatının tamhüquqlu klassiki adına layiqdir. Biz, qələm əhli intellektual əməyin başqa sahələrində (elm, mədəniyyət, incəsənət) öz yaradıcılığı və fəaliyyəti ilə əbədi izlər qoymuş şəxsiyyətləri haqlı olaraq klassik adlandırırıq, amma həmin sahələrdən biri sayılan jurnalistikanın öndərlərini təvazökarlıq ucbatından unuduruq. Nəsir müəllimin işıqlı siması qarşısında da borcumuzu qaytarmaq zərurətini bir daha xatırlatmaq istərdim.
Əlbəttə, bu fikrin danılmaz həqiqətlərə söykəndiyini nümayiş etdirmək üçün onun ömür naməsinin yüksəliş, gərgin zəhmət, fədakarlıq timsalı olan səhifələrini bircə-bircə vərəqləmək olardı. Ancaq müəllimimizin həyat yolunun, yəqin ki, başqa bir yazıda əks olunacağını nəzərə alaraq yalnız onu vurğulamaq istəyirəm ki, respublikanın ən nüfuzlu qəzetlərində daim irəli çəkilə-çəkilə işləmək, partiyanın ali qərargahında ölkə mətbuatına rəhbərlik etmək, cəbhə qəzetində fəaliyyət göstərmək, Radio Verilişləri İdarəsinin sədri olmaq, jurnalistika fakültəsinin ilk təşkilatçılarından biri olub ömrünün axırınadək burada dərs demək, nahəyət, Azərbaycanda tamamilə yeni tipli bir mətbu orqanı - "Bakı" axşam qəzetini yaradıb 30 il ərzində ona başçılıq etmək - bütün bunlar şərəfli ömür yolunun tarixçəsidir.
...Qəribə bir təsadüfdür ki, Nəsir müəllim universitetin jurnalistika şöbəsində (sonralar fakültəyə çevrildi) bizim qrupa dərs deməmişdi, məni tələbəlikdən tanımırdı. O, Radio Verilişləri İdarəsinə rəhbərlik edəndə mən dördüncü kursda oxuyurdum və radionun ştatdankənar müxbiri idim. 1957-ci ilin axırları idi. Xeyirxah insan olan "Son xəbərlər" redaksiyasının baş redaktoru Hacı Hacıyev mənə dedi ki, Bakıda axşam qəzeti açılacaq, Nəsir müəllim redaktor təyin olunub, radiodan da bir neçə nəfər ora gedir, sənin də namizədliyini vermişəm. Doğrusu, tələbə ikən isə qəbul olunacağıma inanmırdım, amma bir neçə gündən sonra Nəsir müəllim məni dəvət edib qısa söhbətdən sonra adımı siyahıya yazdı. Eşitdiyimə görə, MK-da namizədlər müzakirə olunarkən mənim adımı silmək istəmişdilər, ancaq gələcək redaktorum şöbə müdirini necə inandırmışdısa, razılıq vermişdilər.
Beləliklə, bu nəcib insanın misilsiz xeyirxahlığı sayəsində ömür yolum müəyyən olundu və Nəsir müəllim əslində mənim gələcək müqəddaratım üçün məsuliyyəti öz üzərinə götürdü. Otuz il ərzində jurnalist sənətinin incəliklərini, redaktənin sirlərini, idarəetmə bacarığını ondan öyrəndim, əsl həyat məktəbi keçdim. Bütün bunlara görə əziz müəllimimə dönə-dönə minnətdaram.
"Bakı" axşam qəzeti Azərbaycan mətbuatının tarixində parlaq iz qoyan yeni ruhlu, o dövrün digər nəsrlərindən əsaslı səkildə fərqlənən, rəsmiyyətçiliyə meyil etməyən, "palaz-palaz" məqalələr əvəzinə daha çox xəbər, reportaj, müsahibə janrlarına üstünlük verən, paytaxtın həyatını, əhalinin qayğılarını rəngarəng formalarla işıqlandıran, yaranışından oxucuların rəğbətini qazanan bir orqana çevrildi. Bütün bu keyfiyyətlər redaksiyanın "sükanı" arxasında zəngin təcrübəli, yüksək zövqlü, iradəli və cəsarətli bir jurnalistin durduğunu göstərdi. Ən mühüm rəsmi hadisələr "şəhər qəzetlərində" rubrikası altında bir cümlə ilə oxucuya çatdırılırdı. "Bakı"nın hər nömrəsi əldən-ələ gəzirdi, axşama yaxın onu almaq üçün qəzet köşklərinin qarşısında uzun növbələr düzülürdü.
1958-ci il yanvarın 10-da qəzetin ilk nömrəsi mətbəədən redaksiyaya gətiriləndə gənc kollektivdə əsl bayram növrağı hökm sürmüşdü, heç kim evə getmək istəmirdi. Hamıdan çox sevinən isə Nəsir müəllim idi. Bu, qanuni iftixar hissi idi.
Qəzet bes il yarım ərzində kiçik formatda çıxsa da, respublikanın mətbu orqanları arasında özünə layiqli yer tutdu, təkcə Bakıda deyil, rayonlarda da yayıldı, tirajı ilbəil artdı. Başqa qəzetlərdən fərqli olaraq gündüz hazırlanıb axşamüstü satışa çıxan "Bakı" günün ən mühüm hadisələrini cəmi bir neçə saatdan sonra oxucuya çatdırırdı. Bu, kollektivdən yüksək operativlik tələb edirdi. Bəzən müxbir qəzetin gecikməməsi üçün xəbəri mətbəədə linotipçiyə diktə edirdi.
Operativliyi və dəqiqliyi qəzetin ən vacib keyfiyyətləri hesab edən Nəsir müəllim gənc əməkdaşları da bu ruhda yetişdirirdi. Heç yadımdan çıxmır - böyük bəstəkarımız Fikrət Əmirov Amerikaya səfərdən qayıdarkən redaktorumuz gənc jurnalist Fazil Rəhmanzadəni və fotomüxbirimiz Yaşar Xəlilovu Biləcəriyə göndərmişdi. Onlar Moskva - Bakı qatarını orada qarşılayaraq paytaxta çatana qədər bəstəkarla müsahibə aparmış, sonra isə redaksiyaya qayıdıb operativ yazı və səkil hazırlamışdılar. F.Əmirov vətənə dönən günün axşamı qəzetimizdə onunla müsahibə dərc olundu. Bu, ən yüksək operativlik nümunəsi idi. Belə faktlardan çox gətirmək olar.
Nəsir müəllim qəzetin ictimai-siyasi məzmununu o dövrün tələbləri səviyyəsində saxlamaqla bərabər, oxucu zövqünü oxşayan bədii yazıların hər nömrədə yer almasına da diqqət yetirirdi. Həsən Seyidbəylinin "Cəbhədən-cəbhəyə" romanı bir neçə ay ərzində qəzetimizdə dərc olundu. Azərbaycan ədəbiyyatında ilk detektiv əsərlərdən biri olan bu roman qəzetə oxucu marağını qat- qat artırırdı - qəzet əldən-ələ gəzirdi. Sonrakı illərdə "Bakı"nın səhifələrində xalq yazıçısı Hüseyn Abbaszadənin povestləri, Əbülhəsənin "Tərs adamlar" romanı, başqa yazıçı və sairlərimizin əsərləri müntəzəm dərc olunurdu. Teatrlarda premyeralara hökmən baxan Nəsir müəllim elə oradaca tanınmış teatrşünaslara sifariş verir və tamasa haqqında sanballı resenziya ilk dəfə bizim qəzetdə çıxırdı.
Redaktorumuz özü idman azerkesi deyildi. Amma idman, xüsusən futbol yarısları qəzetdə həmişə geniş işıqlandırılırdı. "Oxucu istəyirsə, vermək lazımdır" - Nəsir müəllimin mövqeyi belə idi. Bir dəfə "Neftçi" Daşkənddə "Paxtakor"a 5:1 hesabı ilə qalib gəlmişdi. Mən təklif etdim ki, bu barədə yazını birinci səhifədə verək. Redaktorumuz mənalı-mənalı gülümsəyərək razılaşdı. Bu, mətbuatımızın tarixində görünməmiş bir cəsarət idi - futbol partiya qəzetinin 1-ci səhifəsində!
Nəsir müəllimin böyük təkidlərindən sonra 1963-cü ilin yayından "Bakı" axşam qəzeti iri formatda çıxmağa başladı. Bununla yanaşı, redaksiyamız rus dilində "Baku" qəzetini də nəşr edirdi. Həftədə 12 nömrə çıxan, bir-birinin təkrarı olmayan iki qəzetə rəhbərlik etməyin çətinliklərini təsəvvürünüzə gətirin. Ancaq bu fədakar insanın tükənməz enerjisi, hətta gecə-gündüz işləməyə kifayət edirdi. Hələ, üstəlik, redaksiyamız Bakı şəhər İcraiyyə Komitəsinin qərarlarından ibarət aylıq bülleten də hazırlayırdı. Bundan başqa, ildə iki dəfə Azərbaycan və rus dillərində futbol təqvim-məlumat kitabçaları buraxırdıq. Onların da nəsrinə redaktorumuz rəhbərlik edirdi. Nəhayət, Nəsir müəllim jurnalistika fakültəsində dərs deyirdi, müharibə illərində cəbhə qəzetlərinin fəaliyyəti haqqında dissertasiya yazıb müdafiə etdi, əvvəl dosent, sonra isə professor elmi adma layiq görüldü.
Məlumdur ki, öz iş sahəsində böyük xidmətləri olan şəxslərə "əməkdar" adı yalnız bir dəfə verilir. Nəsir müəllimin fəaliyyəti o qədər çoxcəhətli və zəngin olub ki, bu qaydaya rəğmən o həm "Əməkdar mədəniyyət işçisi", həm də "Əməkdar jurnalist" fəxri adlarına layiq görülmüşdür. Eləcə də, respublika Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatını ancaq bir dəfə almaq olar. Mətbuatımızın fədaisi və klassiki olan Nəsir müəllimə isə bu fəxri ad iki dəfə verilmişdir. Halaldan da halal olduğu üçün!
Yaxşı xatırlayıram ki, Nəsir müəllimin "Yoruldum" deyən işçilərdən xoşu gəlmirdi. Çünki özü yüksək işgüzarlıq, fədakarlıq, dəmir intizam timsalı idi.
Redaktorumuzun həm tələbkar, həm də qayğıkeş münasibəti sayəsində sağlam və səriştəli bir kollektiv formalaşdı. Təcrübəli işçilərlə gənc jurnalistlərin birgə işi qəzetin səviyyəsinin günbəgün yüksəlməsinə kömək edirdi. Nəsir müəllimin hər birimizə xeyirxahlıqla, öz övladı kimi yanaşması sayəsində redaksiya bizim üçün doğma evə çevrildi. Redaktorumuz rəsmiyyətçilikdən, inzibatçılıqdan uzaq bir adam idi. Redaksiyanın əmrlər dəftərində töhmətə, "işdən azad olunsun" sözlərinə rast gəlmək mümkün deyildi. Əlbəttə, intizamı pozan, vəzifəsinin öhdəsindən gəlməyən işçilər də olurdu. Bu zaman Nəsir müəllim "aspirin metodu"na əl atırdı: günahkarı yaxşıca danlayıb "tərlədir", sonra isə adəti üzrə fikrini tamamlayırdı: "Get, başını aşağı sal, bir də belə iş görmə". Bu geniş qəlbli insanın kimisə işdən çıxarması yadıma gəlmir. Əslində, onun redaksiyaya işçi qəbul etməsi də asan məsələ deyildi. Hətta ən yuxarı mərtəbələrdən gələn xahis-minnətləri də "gözüyumulu" qəbul etmirdi. "Qoy gəlsin, ştatdankənar işləsin, özünü göstərsə götürərəm" - deyirdi. Amma kollektivdə püxtələşmiş, Nəsir müəllimin məktəbini keçmiş işçilərin nəinki redaksiyadan getməsinə, necə deyərlər, "ayağına daş dəyməsinə" belə imkan vermirdi.
Zəngin həyat və iş təcrübəsi olan bu müdrik insanın, üstəlik də, gözəl seçmə qabiliyyəti, bir növ, "seleksiyaçılıq" keyfiyyəti var idi. Tələbələri arasından, özü demiskən "işartı verənləri" seçib isə dəvət edirdi. Nəsir müəllimin qəzetə gətirdiyi gənclərin bir çoxu sonralar mətbuatda rəhbər vəzifələrə yüksəldilər, tanınmış jurnalist, alim, yazıçı kimi yetişdilər. Onların sayı o qədər çoxdur ki, adlarını sadalamağa çətinlik çəkirəm.
Kollektivdə ailə səmimiyyəti, əsl mehribanlıq şəraiti yaranmasında Nəsir müəllimin tükənməz xeyirxahlığı həlledici rol oynayırdı. O, hər bir işçini, xüsusən cavanları mənzillə təmin etməyi özünə atalıq borcu hesab edirdi. Başqa redaksiyaların işçiləri bu cəhətdən bizə həsəd aparırdılar. Mən və ailə üzvlərim heç vaxt unutmuruq ki,
Nəsir müəllim mənə əvvəl iki, sonra isə dördotaqlı mənzil alıb vermişdir. Belə xeyirxahlıqlar həmişə rəhmət duaları ilə xatırlanır.
Redaktorun qayğıkeşlik "ünvanları" təkcə mənzillə məhdudlaşmırdı. O, bir ağsaqqal kimi gənc işçilər üçün elçiliyə getməyi, toylarda ailə üzvləri qədər canıyananlıqla iştirak etməyi sevirdi, hüzr məclislərindən qalmırdı, ehtiyacı olanlara əl tuturdu. Nəsir müəllim kollektivdə mehribanlığı möhkəmləndirmək üçün bizi arabir Pirşağıdakı bağ evinə dəvət edir, özünü müdir kim yox, qonaqpərvər ev sahibi kimi aparır, qollarını çırmayıb kabab bişirirdi.
Bir olayı isə bu hadisənin bütün iştirakçıları uzun illər boyu insaniyyətin ən yüksək zirvəsi kimi xatırlayırlar. Hətta yazıçı Süleyman Vəliyev bu mövzuda hekayə də yazmışdır. Maraqlıdır ki, əsərdə hadisələr Şamil adlı gənc jurnalistin dilindən təsvir olunur.
...Həmin günü indiki kimi xatırlayıram. Nəsir müəllim sabahkı nömrənin maketini təsdiq edərkən mənə dedi ki, bu gün isə çox ləngimə, axsam bizə gəl, bir yazı var, birlikdə oxuyarıq. Doğrusu, çox təəccübləndim: axı həmişə olduğu kimi, yazmı idarədə oxumaq olardı. Nizami küçəsində onun yaşadığı binaya yaxınlaşanda işçilərimizdən Səfər Məmmədov və Famil Mehdi ilə rastlaşdım. Məlum oldu ki, ev sahibi onlara da eyni sözləri demişdir.
Mənzilə daxil olanda isə heç gözləmədiyimiz bir mənzərə ilə qarşılaşdıq. Geniş ziyafət süfrəsi açılmışdı, işçilərimiz və Nəsir müəllimin yaxın dostları əyləşib şirin-şirin söhbət edirdilər. Burada "yazı oxuyacağıq" əhval-ruhiyyəsindən əsər-əlamət yox idi. Ev sahibi özü, onun ömür-gün yoldası, bizə həmişə doğma adamları kimi mehribanlıq göstərən mərhum Gövhər xanım, müəllimimizin gözünün ağı-qarası, sevimli övladı Aida xanım hər birimizi gülərüzlə qarşıladılar. Məlum oldu ki, həmin gün Nəsir müəllimin yubileyidir və o, qonaqların hədiyyə almaq qayğısına qalmamaları üçün hərəmizi bir "səbəb"lə dəvət etmişdir.
Bu, nəcibliyin, təmannasızlığın, genisqəlbliliyin ən yüksək zirvəsi idi. Mən indiyədək nə həyatda, nə də bədii ədəbiyyatda buna bənzər nümunəyə rast gəlməmisəm.
Nəsir müəllimin işçilərə qayğısı haqqında saatlarla danışmaq olar. Ancaq mənə etdiyi yaxşılıqları xüsusi fərqləndirmək istəyirəm. Birgə işlədiyimiz illərdə o, imkan yarandıqca gəncləri irəli çəkirdi. Mənim barəmdə isə bu xeyirxahlığı dörd dəfə edib: əvvəlcə tələbə vaxtımda isə götürüb, 5 il ədəbi işçi (müxbir) olmusam, sonra məni söbə müdiri, məsul katib, nəhayət, redaktor müavini vəzifəsinə layiq görübdür. Beşinci də var. Mən "Kommunist" qəzetinə redaktor müavini təyin olunanda Nəsir müəllim əsl böyüklük ərki ilə məndən incidi. Hətta yolasalma mərasimində uzaqgörənliklə dedi: "Onsuz da yenə bura qayıdacaqsan".
Bu sözlərin dərin mənasını düz bir ildən sonra anladım. Qəflətən məni Bakı Komitəsinə dəvət edib doğma "Bakı" və "Baku" qəzetlərinə redaktor təyin etdilər. Həm də bildirdilər ki, Nəsir müəllim pensiyaya çıxmaq barədə ərizə yazıb və öz yerinə sizi məsləhət görüb.
Mən üç il ərzində müəllimimin yolunu davam etdirdim, sonra 12 il AzərtAc-da işlədim. Hər iki vəzifədə çalışarkən ağsaqqalımla ünsiyyətim davam edirdi. Onun zəngin təcrübəsi, xeyirxah məsləhətləri müstəqil isdə mənə böyük dayaq oldu.
...Aida xanımın dünyasını dəyişməsindən sonra Nəsir müəllimin gümrahlığından, həyatsevərliyindən əsər-əlamət qalmadı. Təsəllisini əziz nəvələrindən alırdı. Ancaq Azərtac-da və onun evində arabir görüşərkən daxili qəm-kədəri üzündən açıq-aydın hiss olunurdu. 1998-ci ilin mart ayında isə bu böyük insan əbədi olaraq gözlərini yumdu.
Allah qəni-qəni rəhmət etsin!..
Nəsir müəllim bu gün doğmalarının nəcib əməllərində, yetisdirmələrinin və xeyirxahlıq etdiyi saysız-hesabsız insanların xoş xatirələrində, pərvəriş verdiyi və otuz il rəhbərlik etdiyi "Bakı" - "Baku" qəzetlərinin heç vaxt solmayan səhifələrində yaşayır.
Şamil Şahməmmədov,
əməkdar jurnalist
Tarix
2020.12.21 / 11:29
|
Müəllif
Kult.az
|