Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızdan biri də 24 yaşlı Gündüzdür.
Kult.az xəbər verir ki, Gündüz Sedyar oğlu Orucov 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra BDU-nun tarix fakültəsində təhsil alıb.
Gündüz 2015-2017-ci illərdə hərbi xidmətdə olub. O, hərbi xidmət müddətinin Aprel döyüşlərinə təsadüf etdiyini deyib:
“Bununla hər zaman qürur duymuşam. Vətənin hər bir əsgəri kimi mən də bu döyüşlərdə əlimdən gələni etdim. 44 günlük müharibədən əvvəl dostlarımla birlikdə Vətənin keşiyində durmaq üçün könüllü şəkildə ordu sıralarına çağırıldım. Müharibə zamanı maddi-texniki təminat bölüyündə təhlükəsiz şəkildə xidmət edə biləcəyim halda bundan imtina etdim. Zabitlərimizdən xahiş etdim ki, məni arxa təminata göndərməsinlər. Sağ olsunlar, onlar da mənim bu istəyimə hörmətlə yanaşdılar”.
Gündüz 44 günlük müharibə zamanı yaşadığı, gördüyü hadisələr və Ordumuzun şərəfli missiyasından da danışıb:
“Döyüşlərin ən çətin olduğu Füzuli cəbhəsinə yollandıq. Füzuli uğrunda döyüşlərdə iştirak etdim. Toz-torpaqdan göz-gözü görmürdü. Mərmi, qəlpələr isə başımızın üzərindən uçurdu.
Hücum zamanı tabor komandirimiz yaralandı. Çox cəhd etsək də, onu döyüş meydanından çıxara bilmədik. İki istiqamətdə düşmənin snayperi hərəkətimizi izləyir, əvəzində isə düşmən tank və minamyotlardan aramsız atəş açırdı. Hətta mərmilərdən biri yaxınlığımda partladı. Səngərdə olduğum üçün xəsarət almasam da, dalğası məni tutdu. Özümə gələn zaman səsləri tam eşidə bilmirdim, gözlərim isə qaralmışdı.
Belə bir şəraitdə yaralı döyüş yoldaşlarımızı çıxarmağa çalışırdıq. Düşmənin tank mərmisinin düşdüyü yerdən qalxan toz-torpaqdan istifadə edərək döyüş yoldaşlarımızı çıxardıq. Geriyə çəkilib cəmləşməyə gedərkən mühasirəyə düşdük. Əsir düşmək ehtimalımız vardı. Bu isə bizim üçün hər şeydən daha pis idi. Döyüş yoldaşlarımızdan artıq F1 qumbarası soruşurduq. Əsir düşməməkdən ötrü özümüzü öldürməyi düşünürdük. Xoşbəxtlikdən belə bir şeyə ehtiyac qalmadı. Bizə köməyə yeni qüvvələr gəldi və oradan çıxdıq.
Tuğda, Qubadlıda və ən son Şuşada olduq. Daşaltı əməliyyatına qatılmaqla ölümə könüllü meydan oxuyan lazım idi. Könüllü getmək istəyənləri seçirdilər. Bizim qrupdan birinci mən çıxdım, bildirdim ki, könüllü seçsəniz də, seçməsəniz də qabağda gedəcəm. Daşaltıya qrup şəklində girdik, güllələr başımızın üstündən, ayağımızın altından keçirdi. Amma çox şükür, torpaqlarımızı işğaldan azad etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq”.