Fransuaza birinci dəfə 1957-ci ildə geniş nəşriyyat
fəaliyyəti ilə məşğul olan özündən 20 yaş böyük Gi Şillerlə ailə
qurmuşdu. Lakin düşgün, ahəngdar ailə həyatı onun coşqun təbiəti
ilə uyuşmurdu.
Yazıçı özü söyləyirdi ki, bir dəfə evləndikdən bir neçə ay sonra
evə qayıdan Saqan divanda sakitcə oxuyub qəzet oxuyan ərini
"cinayət başında" yaxalayır. Bu səhnə özünün mədəniyyətsizliyi və
bayağılığı ilə gənc qadını o qədər sarsıdır ki, o, çamadanını
yığışdıırıb səssiz-səmirsiz evi tərk edir. Ədalət naminə demək
lazımdır ki, onun bu hərəkəti tərk edilmiş əri o qədər də məyus
etmir. Həmin unudulmaz gündən başlayaraq Fransuazanın şəxsi həyatı
alınmır. Coşqun, çılğın məhəbbət macəraları yaşasa da, o, nəhayətdə
tək qalır. Doğrudur, 1962-ci ildə ikinci nikahdan Saqanın bir oğlu
dünyaya gəlmişdi. Onların arasında ana-oğuldan daha çox yaxın
insanların qarşılıqlı hüsn-təvəccöh dolu münasibəti var idi.
Bir maraqlı məqamı da qeyd edək ki, Fransa prezidenti Fransua
Mitteranla uzunmüddətli məhəbbət romanı yaşayan Saqan həmişə şəstlə
deyirdi ki, bu illər ərzində onlar bir dəfə də olsa, siyasətdən
danışmayıblar.
Bu şəxsi həyat təcrübəsi və Parisin elit bohema mühitində onun
gözləri qarşısında baş verən çoxsaylı "xırda faciələr" Sesil
haqqındakı səs-küylü povestdən sonra yazılan əsərlərinin
xarakterini müəyyənləşdirdi. Saqan həmişə dövlətlilər, "ən yüksəkdə
dayananlar", gəlir-çıxar haqqında "baş sındırmağa" ehtiyacı
olmayanlar haqqında yazır. Onun yeni kitablarının qəhrəmanları
sevgi uğursuzluqlarından, dost xəyanətindən, tez ötüb keçən gənclik
üçün keçirdikləri anlaşılmaz qəm-qüssədən əzab çəkirlər. Bir
tənqidçi Saqan haqqında yazırdı ki, onun kitabları ədəbsizlik,
eqoizm və pofigizmlə dolu lirizmin kübar kokteylini təcəssüm
etdirir. Lakin yazıçı yaxşı biçilmiş, oxunaqlı, ancaq ideya və
bədii cəhətdən zəif əsərləri dəb salan qələm sahibi olaraq qalır.
Onun mövzuları – insanlar arasındakı münasibətlərdəki problemlər –
həmişə evdar xanım üçün də, biznesmen üçün də, musiqiçi üçün də
maraqlı olacaq.
Saqan özü şöhrət və istedadının əndazəsizliyini dərk edirdi. O
deyirdi ki, tarixdə öz yerini qoruyub saxlamağa cəhd etmək – kişi
başlanğıcının əlamətidir, onu isə bir qadın kimi ölümdən sonrakı
etiraf narahat etmir. Bunula belə, onun fikir və mülahizələrində,
yeni forma və ədəbi janr axtarışlarında nəhayət ki, gizli özünü
ötüb keçmə arzusu üzə çıxırdı. Həm ətrafdakılara, həm də
tənqidçilərə elə gəlirdi ki, bir balaca da, bir sıçrayış da və
dahiyanə bir kitab oxucunun stolunun üstündədir...
1991-ci ildə Fransuaza kiçik (cəmi 100 səhifəlik) "David və
Betştabe" romanını nəşr etdirir. Roman hökmdar David haqqındakı
əfsanənin motivləri əsasında yazılıb. Bibliya süjeti Saqanın yeni
hekayətinə universal xarakter verməli, ilahilər mühitində bəşəri
mədəniyyətin yerini müəyyənləşdirməli idi. Əsər İsrailin məşhur
siyasət xadimi Şimon Peresin ön sözü ilə açılır. Kitab kolleksiyaçı
bibliofillər üçün xüsusi nəşriyyatda çapdan çıxmışdı: dəbdəbəli,
nadir illüstrasiyalar, təmtəraqlı bədii tərtibat, tirajı isə cəmi
599 nüsxə və hamısı da nömrələnmişdi, bəziləri isə müəllif
tərəfindən şəxsən imzalanmışdı. Hər bir cild on min frank dəyərində
idi. Fransuaza Saqanın kitab şousu bazarın bütün qanunlarına riayət
etməklə təşkil olunmuşdu, fəqət roman ədəbi həyatda əlamətdar
hadisəyə çevrilə biilmədi. Şedevr hələ gələcəkdə idi.
"Mənim sevimli yazıçım Prust (yeri gəlmişkən, bizim
qəhrəmanımızın əsl adı Fransuaza Kuarezdir, Saqan təxəllüsü isə
onun pərəstiş etdiyi yazıçı Prustun "İtirilmiş zamanın axtarışında"
romanının qəhrəmanının şərəfinə seçilmişdi) astma üzündən normal
həyat tərzi yaşaya bilmirdi və yalnız yazırdi. Mənimsə astmam
yoxdur və bu, mənə əməlli-başlı mane olur..." Nə etməli? Əgər
məsələ prioritetlərdədirsə, ədəbiyyat hələ uzun müddət
qəhrəmanımızın kəskin meyillərə ehtirasını sıxışdıra bilmədi.
Saqanın adı ilə bağlı sonuncu qalmaqal 1995-ci ildə alovlanır.
Yazıçını kakoin istifadəsinə görə böyük məbləğdə cəriməyə və həbsə
məhkum edirlər. Doğrudur, onun yaş və xidmətlərinə hörmət edərək
cəzasının şərti çəkməsinə icazə verdilər. Lakin Saqanın hiddətinin
həddi yox idi. "Əgər Yaponiyada məni gül-çiçək və orkestrlə
qarşılayırlarsa, Fransada mənə cılız bir cinayətkar kimi
yanaşırlar. Mən heç vaxt narkotikadan istifadə etməyimi danmamışam.
Amma mən yetkin bir adamam və özümü məhv etmək hüququna malik olmaq
istəyirəm, əgər bunu arzulayıramsa..."
Fransuazanın xüsusi istedada sahib olması inkarolunmazdır. Bu
istedad onun həyata və ədəbiyyata üzvi münasibətində idi. O, həmişə
istədiyini edirdi, o, həqiqətən də azad insan idi, canfəşanlıqdan,
çox ağır zəhmətdən, hökm və göstərişlərdən – istər bu, cəmiyyətin
hökmü olsun, istərsə də sevimli işinin - azad bir insan idi... "Mən
necə yaşayıram və nəfəs alıramsa, eləcə də, instinktiv olaraq
yazıram". Yəqin ki, buna görə də onun kitabları vəzifə borcu,
öhdəliklər içərisində boğulub batan, çarpışıb-vuruşan insanlar üçün
hava kimi, su kimi gərək olur. Yəqin elə buna görə də Saqanın
dostları, onu sevənlər çox idi.
Tərcümə etdi: Təhminə C.B.