Abdullayeva İntizar Ağabala qızı. Yaşlı qadındır.
Ayaqlarını ardınca ağır-ağır sürüyür. Bir neçə addım atıb tövşüyür,
nəfəsini dərib yenidən addımlayır. Bilgəhdəki kardioloji
sanatoriyanın həyətində bu yaşda olan ahıl insanları çox görmək
olur.
Əsas korpusun birinci qatında qoyulan yumşaq divana özünü
çatdırdı. Oturub gözlədi. Bərabərinə çatdıqda səslədi: - Ay oğul,
bir otur, sənə sözüm var.
- Eşidirəm.
- Yox bir otur, ayaq üstə durma, bacı qurban...
Ağlımdan keçən ilk fikir bu olur, əslində, bu qadın mənə "xala
qurban" deməli idi. Qadının həlim səsi, mehriban davranışı sözündən
çıxmamağı tövsiyə edirdi. Otururam:
- Qurbanın qoyun olsun, ay xala. Sözünü de.
- Haralısan, a bala?- soruşur və cəlilabadlı olduğumu bildikdən
sonra içini çəkir:
- Allah rəhmət eləsin, həyat yoldaşım cəlilabadlı idi. Heç mənə
ölənə qədər bir dəfə də olsun güldən ağır söz demədi, ipək kimi
adam idi...
Söz arası deyir ki, gördüm baş həkimlə şirin-şirin söhbət
etməyini, xətrini istəyir deyəsən, həkimlə danış yerimi
dəyişdirsin:
- Bayaq mənimlə gələn arvad var idi ha... Səhərə qədər
xoruldayıb, qoymayıb yatmağa. Qoca arvadam, nə edim, yuxusuzluq
məni narahat edir.
Ona söz verirəm ki, həkimlə danışıram. Özü haqda məlumat verməyə
də fürsət tapır:
- Füzulidənəm. Adım İntizardır. Familiyam Abdullayeva. Elə-belə
kişinin qızı deyiləm. Mənim atamın adı Azərbaycanla bir çəkilir.
Mən məşhur xanəndə "Zabul Ağabalanın", Ağabala Abdullayevin
qızıyam.
Məşhur xanəndənin qızı ilə söhbət çox maraqlı olardı, düşüncəsi
məni bir an da tərk etmir. Vədələşirik ki, vaxtı və səhhəti imkan
versə, söhbət edək. İki gündən sonra axşam yeməyi zamanı
yeməkxanada salamlaşırıq, təşəkkür edir:
- Çox sağ ol, həkim otağımı dəyişdi. İndi təkotaqlıda qalıram.
Qızlarım, nəvələrim gələcək.
Yadına salıram ki, söhbət edəcəkdik.
- Sən görünmədin, dedim, yəqin unutmusan.
Vədələşirik ki, mənim otağımda görüşək. "İcazə ver, bacoğlun
xalasının qulluğunda dursun", - deyirəm. Xoşuna gəlir sözüm.
Birlikdə otağıma gəlirik. Çay dəmləyirəm, şokolad dolu qəndqabını
qarşısına qoyuram, təşəkkür edir:
- Mən şəkərəm, şirin şey çox olmaz.
- Sən az istifadə elə, deyib zarafat edirəm.
Gülümsəyir. Sonra aram-aram yaddaşını vərəqləyir, xatirə
dəftərinin vərəqlərini çevirir. Atasından, qardaşlarından, haqq
dünyasında olan həyat yoldaşından bəhs edir:
Atamın iki arvaddan 11 uşağı vardı. Birinci arvaddan 4 uşağı
olmuşdu. Qardaşım Zöhrab Abdullayev rayonda, sonradan isə Bakıda
yüksək vəzifələrdə işləmişdi. Bununla yanaşı musiqi bizim hər
birimizin ürəyinə hakim kəsilmişdi. Zöhrab həm də həvəskar bəstəkar
idi. Onun yazdığı ən uğurlu mahnı Qasım Qasımzadənin sözlərinə olan
"Olmaz-olmaz" mahnısı idi. Bu mahnını ilk dəfə Qədir Rüstəmov
oxuyub. Qardaşım çox cavan rəhmətə getdi. Onlarla musiqisi qaldı,
çoxu da xalq mahnısı kimi oxunur.
Bir dəfə Qədir Rüstəmovdan soruşublar ki, niyə bu "Olmaz-olmaz"ı
bu dərəcə yanıqlı səslə oxuyursan? Deyib ki, bu mahnını oxuyanda 38
yaşında dünyasını dəyişmiş Zöhrabı xatırlayıram, onun itkisi mənə,
mənim səsimə yanıq verir.
İntizar xanım qardaşını itkisini heç qəbul edə bilmir:
- Gözlərim indi də onu axtarır. Bir çətinliyim olanda elə
bilirəm ki, qapım açılacaq, girəcək içəri... O, Sumqayıt şəhər
Partiya komitəsinin təlimat-təşviqat şöbəsinin müdiri işləyirdi.
1972-ci il avqustun 8-də qəflətən dünyasını dəyişdi. Başı
ağrıyırdı. O, həmin yay Kərbəlada olmuşdu. Dedilər ki, Kərbəlada 60
dərəcə istilik olub, qardaşım bu istiyə dözməyib. Onu şəhərdə dəfn
etmək istəyirdilər. Atam qoymadı, apardı Füzuliyə.
İntizar xanımın qardaş itkisi tək Zöhrabla bitmir. Özündən kiçik
qardaşı Rövşənin 32 yaşı olanda ölüm başının üstünü kəsdirir:
- Rövşənin gözləri tutuldu. 34 yaşım vardı, qardaşım Kiyevdə
mənim qucağımda keçindi.
Həkimindən öyrənmişdim, İntizar xanımın ürəyi ağır xəstədir. Ona
həyəcanlanmaq, əsəbiləşmək, çox hərəkət etmək olmazdı. Mövzunu
dəyişirəm, onu həyatının xoş anlarına gətirmək istəyirəm. Atası ilə
bağlı suallar verirəm:
- Ağabala Abdullayevin qızı, Zöhrab və Nizami Abdullayevin
bacısı olmaq xoşbəxtliyni yaşamısan...
- Atam ağır kişi idi. Yersiz söz desin, zarafat etsin, belə
hallar heç olmayıb. Oxumağa isə lap uşaq vaxtlarından başlayıb.
Atam 17 il pinəçi yanında şəyird olub, çust tikirmiş. Yaxşı səsi
olduğu üçün həmişə zümzümə edirmiş özü üçün. Bir dəfə də çust
tikə-tikə oxuyurmuş. Bu zaman Bülbül və Mürşüd Həşimli yoldan
keçirmiş, səsə dönüblər. Balaca Ağabala bunları görcək istəyib
dayansın. Bülbül deyib ki dayanma, oxu. Atam da oxuyub. Bülbül
diqqətlə qulaq asıb, deyib axşam Mədəniyyət evinə gələrsən. Atamın
təhsili olmayıb, cəmi 3 sinif bitirmişdi. Musiqi təhsili də yox
idi. Amma bütün notları əzbər bilirdi. Vəli Axundov birinci katib
olanda atama deyib ki, gəl Bakıya köç, musiqi məktəbində dərs ver.
Atam razı olmayıb, Qarabağsız qala bilmərəm, deyib. Qardaşım Zöhrab
60-cı illərdə kişini Bakıya gətirdi. "Zabul" segahı, "Qaçaq Kərəm"i
yazdırır. Bu lent yazılarından sonra atam daha da məşhurlaşır.
- Axır ki oğul atanın əlindən tutur şəhərə gətirir...
- Atam toylarda, konsertlərdə tanınmışdı. Amma səsi yazılandan
sonra daha çox məşhurlaşdı. İlk konserti 1978-ci ildə Filarmoniyada
olur. Bakı sanki ayağa qalxır. Hər kəs konsertə girmək istəyir.
Filormoniyanın qapı-pəncərəsi sındırılır.
Atası haqda danışmaq ona çox xoşdur. Fikir verirəm, dünyasını
dəyişən qardaşlarından bəhs etdikdə sifətini qara bulud alır. Atası
haqda danışdıqda isə bu bulud çəkilir, sifətinin cizgilərində xoş
əhval-ruhiyə yuva salır:
- Atamı Azərbaycanın bütün rayonlarda çox istəyirdilər.
Dəfələrlə olub ki, toyda bəyi tərif edəndə görüb bəyin heç kəsi
yoxdur, tərifə yığılan pulun hamısını bəyə hədiyyə verib. Atamın
anası Qubadlının Çərəli kəndindən, atası isə Cənubi Azərbaycanın
Sərab şəhərindən idi. Bəy qızı olub anam. Babam isə Sərabda koxanı
öldürüb qaçıb gəlmişdi Arazın bəri tayına. Sədəf nənəmi qaçırdıqdan
sonra atası onu öldürmək istəyib, ona görə də babam nənəmi götürüb
Füzuliyə köçüb.
- Ağabala rəhmətlikdən sonra nəsildə musiqi ilə, xanəndəliklə
daha çox oğlu Nizami Abdullayev məşğuldu. Bəs başqa övladlar,
nəvələr necə, bu yolun yolçusu ola bilirlərmi?
- Nəvəm Nicatın 4 oktava vokal səsi var. Sanki Rəşid Behbudov
oxuyur. Nizaminin oğlu Ağabala və Zöhrabın da gözəl səsi var.
Zöhrab Polis Akademiyasını bitirsə də, ailə şənliklərində arada
səsini bizə eşitdirir. Həm də Zabitlər ansamblının əməkdaşıdır.
- Nə əcəb məşhur xanəndənin qızını öz el-obasından yox, başqa
bölgənin oğlu özünə xanım elədi...
- Həyat yoldaşım Cəlilabadın Ağusəm kəndindən olan Həsənov Əbil.
O məndən 5 yaş böyük idi. Əbilə qədər mənə çox elçi düşmüşdü. Amma
atama və qardaşımın vəzifəsinə görə gəldiklərini bilirdim. Ona görə
razılıq vermirdim. Əbil isə heç bilmədi ki, mən kimin bacısıyam,
kimin qızıyam. Sevdi məni. Uşaq bağçasında işləyirdim. Əbilin
qardaşı arvadı da mənimlə işləyirdi. Əbil əsgərlikdən təzə
gəlmişdi. Məni bağçada gördü, bəyəndi. Qaçqın zamanı o anamı,
qardaşım Aftandili öz doğması kimi saxladı, həyan oldu. Hər
ikisinin yasını yola verdi. Coratda yaşayırdıq. O mənim anama öz
anası kimi baxırdı. 4 uşağımız oldu...
Nəvələrini barmaqları ilə sayır, bir şey çıxmır. Sayı itirir,
təzədən sayır:
- 3 oğul Sevdanın. Bir oğul, bir qız Rənada, Habilin iki,
İlhamın 3 uşağı var. Hə, düz 11 nəvəm var.
Allahın altında Əbil sağ olaydı. O məni bütün SSRİ-də gəzdirib,
tanıtmışdı. O, fəhlə canı ilə nə etmədi? Çox ailəcanlı, qohumcanlı
idi. Onun cənazəsi yerdən götürüləndə Nizami bir segah oxudu, ağı
dedi, ağladı ki... Onu yeznə kimi görmürdülər. Nizami, atamın böyük
oğlu "lay-lay" dedi onun cənazəsi başında.
Sonra yenə də ona yaradılan şəraitdən bəhs etdi, hər kəsə alqış
söylədi:
- Ürəyim bərk ağrıyır. Stenokardiya var. Böyrəyimin biri süzmür.
Sağ olsun Muxtar həkimi, otağımı dəyişdi, şərait yaratdı. Sən də
sağ ol, bala, ağız açmısan...
Sonra yenə də xatirə dəftərinin yaddaşının ucunda qalanlarını
vərəqləyir:
- Ağabala Abdullayev haqda film çəkilib. O filmin 10-15 dəqiqəsi
qalır. Qalan hissələri pozulub, anlaşılmazdır, o filmi bərpa da
etmək olar.
Xeyli susur. Ağır-ağır ayağa qalxır. Qapıya tərəf gedir. Sonra
yenidən geri dönür:
- Zöhrab 7 il nişanlı qalıb, sonra evləndi. Bütün mahnılarını
ona – nişanlısına yazıb. Tamara xanım bizim gəlinimiz idi, amma o
bacılıq edib bizə... Sağ ol bala, səninlə danışdım,
yüngülləşdim...