Ağalar Qutun araşdırmaçı
Güntay Gəncalpa "Güntay da çağırılan ağayi-Məniçöhrə dil dərsi"
adlı məqaləsini təqdim edirik:
Ağayi-Məniçöhr!
Bir həftə qabaq mənim haqqımda verdiyin müsahibən yanlışlarla
doludur. Mən sənə cavab yazmazdım, heç indi də ürəyimcə deyil sənə
yazmaq, di gəl yazmasaydım, bu, bir sıra oxucuları yanılda bilərdi.
Ancaq mən sənin məni sırf incitməyə və alçaltmağa hesablanmış
sözlərinə yox, dil haqqında dediklərinə qısa cavablar
verəcəyəm.
1. Demisən: Ağalar kişi Türkiyədəki dil inqilabını tənqid
edərkən Cefri Luisdən "etkilənib". O kimdir? Quqldan da soruşdum,
2-3 cümləlik məlumat verdi. Sən belə müəllifləri hardan
tapırsan?!
2. Demisən: "Kaşqarlıdan sonra dilimizə ikinci ən böyük xidmət
edən şəxs Dilaçar (Aqop Martayan – A.Q.) olmuşdur". Ağayi-Məniçöhr,
M.Kazımbəy, H.Vamberi, V.V.Radlov, S.E.Malov, N.N.Poppe,
N.İ.Aşmarin, G.J.Ramstedt, W.Banq, M.Ryasyanen, A.V.Qabain,
E.Klauson, S.Q.Klyaştornıy, G.Nemet, G.Hazai, Ə.Dəmirçizadə,
M.Seyidov, M.Şirəliyev, E.Əlibəyzadə, T.Hacıyev, Q.Kazımov duran
yerdə Aqop Martayan Dilaçar nəçidir?! İşdir, haradansa adını eşidib
E.V.Sevortyan desəydin, hə, onu ciddi qəbul edərdim, Sevortyan
doğrudan da böyük türkoloq olub, dilimizin etimoloji dərinliklərinə
ən çox gedə bilən dilçilərdən biri olub, Bakıda da işləyib. Ancaq
Aqopun adı it dəftərində də yoxdur, mən hələ onun adını hansısa
elmi istinadda görməmişəm.
Aqopun adını heç türkiyəlilər özləri açıb-ağartmırlar, dillərini
bir erməninin yaratması faktından utanırlar, adını bir küçəyə
veriblər, onu da lövhəyə "A.Dilaçar" formasında yazıblar ki,
erməniliyi bilinməsin. Sən isə onu Mahmud Kaşğari ilə yanaşı
qoyursan.
Dilimizdə 200-ədək sonluq (şəkilçi) var. Köklər də bəllidir. Bir
sonluğu bir kökə yapışdıraraq söz düzəldib, ona ixtiyari məna
vermək çoxmu çətin işdir? Ağayi-Məniçöhr, bunu hətta sən də
bacararsan. Məsələn, -cıl sonluğunu götür yapışdır dal sözünə,
düzəlsin dalcıl sözü. Öncül var, dalcıl niyə olmasın, olsun.
Dalcılın mənası da olsun, dalda qalan, dala gedən, tənbəl, bir
sözlə, zəif. İndən belə "zəif"ə "dalcıl" deyək! Bax, sənin də
dilini açan Aqop Dilaçarın xidməti bu sayaq olub.
3. Demisən: Genəl sözü genəlmək sözündən düzəldilmişdir. Bah! Nə
yaxşı dedin, bilmirdik! Ağayi-Məniçöhr, Avropa dillərində çoxluq
bildirən üç termin var: partikulyar (cüzi), qenerel (ümumi) və
universel (külli). Partikulyar (latınca part – qisim deməkdir) bir
neçə fərdə; qenerel (latınca qenus – cins deməkdir) bir neçə növə;
universel (latınca universum – küll deməkdir) isə bildiyimiz hər
şeyə aid deməkdir. Tutaq, bizim dövlət başçısının "Tələbələrin
təqaüdü 100 manat artırılsın" sərəncamı partikulyar (qismi, cüzi)
hökmdür, o, bir neçə min fərdə şamil edildiyi üçün. "Məməlilər –
balalarını əmizdirən canlılardır" kimi bir hökm isə qenerel (ümumi)
hökmdür, bu hökm itlər, insanlar, delfinlər kimi neçə-neçə növə aid
olduğu üçün.
İndi sən özün de, genəlməyin, genişliyin, genliyin qenerel
anlayışına nə isti-soyuğu var?! Çoxluq anlayışlarına sırf genəlmək
kimi baxacağıqsa, bəyəm, partikulyar özü də (qismən də olsa)
genəlmək deyil? "Qenerel" genəlmiş təsəvvür edilib "genəl"
adlandırılırsa, onda "universel" də maksimum həddə genəldilib
"cırıl" adlandırılmalıdır.
4. Demisən: "Dildə sinonim sözlər nə qədər çox olsa, bir sənət
adamı, özəlliklə bir şair üçün yaradıcılıq imkanları artar".
Ağayi-Məniçöhr, Türkiyədə Aqop Martayanın başçılığı altında
aparılmış türkcələşdirmə inqilabı dili zənginləşdirmək bir yana
dursun, əksinə, semantik baxımdan xeyli yoxsullaşdırmışdır.
Məsələn, yeni yaradılan dildə (türkiyəcədə) "ömür"ə də yaşam
deyirlər, "həyat"a da; "müəllif"ə də yazar deyirlər, "yazıçı"ya da;
"vəziyyət"ə (ingiliscə situeyşn, almanca Situation) də durum
deyirlər, "hal"a (ingiliscə steyt, almanca Zustand) da.
İndi bir azərbaycanlı tutuquşu "ilginc" deyəndə bilmək olmur,
əcaib, qəribə demək istəyir, yoxsa maraqlı; "yaşam" deyəndə
bilmirsən ömür demək istəyir, ya həyat; "yazar" deyəndə anlamaq
olmur, yazıçı demək istəyir, yoxsa müəllif; "durum" deyəndə
bilmirsən vəziyyət demək istəyir, yoxsa hal. Hanı, bəs deyirsən
dilimiz zənginləşir.
Burada mənə deyə bilərlər ki, ömür də, həyat da, müəllif də,
vəziyyət də, hal da – hamısı özgə dildədir, ərəbcədir. Düzdür!
Ancaq ərəbcə və farscadan dilimizi təmizləməyin yolu türkiyəcəni –
"aqopca"nı dilimizə köçürmək yox, ərəbcə və farsca sözlərin
anadilli qarşılığını dilimizin tarixində, şivələrimizdə, ayrı-ayrı
ədəbiyyatçılarımızın əsərlərində, folklorumuzda, qohum
dialektlərimizdə və s. axtarıb tapmaqdır, ən sonda (ancaq ən
sonda!) yaratmaqdır.
Dilimiz öz göbək bağıyla bəslənməlidir. Türkiyəcə son 20-30 ildə
bu bağa ilan kimi dolanıb sıxır və əvəzində ağzımıza öz süni və
zəhərli yemini doluşdurur. Mənim bütün məqsədim dilimizin göbək
bağının yolunu açmaqdır.
Folklorumuzdan misal: "Dərd məni almadımı? Döşəyə salmadımı? Çox
gözləməm var idi, Gözümdə qalmadımı?" (Bayatı). Gör, necə ustalıqla
ərəbcə "intizar"ı "gözləmə" ilə əvəzlədi! Bircə bayatıyla!
Ədəbiyyatımızdan misal: "Bəlkə əbədiyyət əbədiliyə, Təkərsiz,
çəkərsiz gedənlərindir?" (Məmməd Araz, "Sahibsiz qəbirlər şeiri").
M.Araz burada lokomotov sözünü çəkər sözüylə əvəzləyə bilmişdir.
İkicə misrayla!
Şivələrimizdən misal: Qazaxda ərəbcə "məsələn" qarşılığında
"sözbelə" deyilir: "Sözbelə, mən sənin pis işini görüf örtmüşəm
üstünü". Görünür, qabaqca bu söz "söz belə açılmışkən", "söz belə
açıldısa" kimi bir variantda deyilirmiş, sonralar qısalaraq "söz
belə", ardından da "sözbelə" formasına düşmüşdür.
Əsli ermənicə "örinaq" olub-olmaması da mübahisəli olaraq qalan
"örnək" sözünə -in sonluğunun artırılmasıyla, ərəbcə "məsələn"i
əvəzləmək üçün icad edilmiş "örnəyin" sözü hara, mənim qazaxlı bir
kəndlimin yaratdığı "sözbelə" sözü hara? Üstəlik, -(i, ı, u, ü) n
sonluğu səpin, qoşun, axın kimi isimlərdən də gördüyümüz kimi ancaq
feil köklərinə artırılır. Örnək sözü isə isimdir. Belədə, örnək
sözünə -in sonluğunu yapışdırıb, "örnəyin" kimi bir söz uydurmaq
dilin qaydalarına ziddir.
Türkiyəlilər dillərini təkcə yoxsullaşdırmayıblar, həm də dilin
musiqisini monotonlaşdırıblar. Alıblar əllərinə beş-altı sonluğu
düşüblər dildəki köklərin üstünə. Adama deyən gərək, -(ı, i, u, ö,
a, ə) m sonluğuyla bir belə də söz yaratmaq olar?! – Yapım, yayım,
çəkim, seçim, tarım, tanım, verim, bilim, dirim, birim, quram,
anlam, qavram, önəm, toplum, konum, doyum, durum, sürüm, eyləm,
yaşam, söyləm, yatırım, kalıtım, devinim, açınım... -mm, -hım,
-ham! Bu cür mırıltılı dillə hansı poeziya doğula bilər?! Bir
cümlədə bu sözlərdən 3-4-ünü söyləmək bəs edir ki, bu dil qripə
yoluxmuş adamın dili kimi səslənsin. Hələ 177 il bundan qabaq
M.Kazımbəy dilimizin necə incə musiqili dil olduğunu yazmışdı.
Türkiyəcə dilimizi qripə yoluxdurub, bizi mırıldadır, sənsə
deyirsən: "Ağalar şeir ruhundan məhrumdur, biz şeir yazanda
seçim-keçim-biçim sözlərilə yaxşı qafiyələr tutacağıq".
Dilin anası – kəndlidir. Mən "ana dili" deməzdim, "kəndli dili"
deyərdim. Ancaq, əlbəttə, kəndli dili yetməz, terminlər
yaradılmalıdır. Bəs, kim yaradacaq bu terminləri və hansı
metodlarla yaradacaq?! Alman xalqının fəlsəfə terminlərini kimlər
yaradıb, bilirsənmi? Aqop səviyyəsində bir adam yox, M.Lüter,
M.Ekhart, Ç.Vulf, İ.Kant, F.Hegel, M.Haydegger kimi adamlar, ta
Aqop kimi "qenerel"i genəlmək kimi başa düşən bir adam yox. Özü də
necə yaradıblar? Terminləri orijinaldan – əski yunancadan və
latıncadan tərcümə edərək. Aqop isə ərəbcə və farscadan (suyunun
suyundan) tərcümə edib.
5. Demisən: "Ayrıca, türk dilinin kökənini axtarmaq üçün
şumerlərə baş vurmaq moda olmuş. Şumerlərlə türklərin əlaqəsi elmi
əsaslara dayanmır... Ağalar özünü haqlı göstərmək üçün şumerlərə
sığınmışdır".
Ağayi-Məniçöhr, azərbaycanlı məşhur elam bilicisi, mərhum
professor Yusif Yusifov (1929-1998) Şumer dilinə keçən prototürk
leksikasından danışan ilk alimlərdən biri olub. ABŞ-da məşhur dilçi
N.Poppenin elmi rəhbərliyi altında doktorluq işi yazmış, altaistika
və linqvistika professoru O.N.Tuna (1923-2001) isə özünün 34 illik
şumer-prototürk tədqiqatını 1990-cı ildə 57 səhifə (!) həcmində çap
etdirmiş, nizamlı səs uyğunluğu (reqular saund korrespondens)
metoduyla 168 şumercə sözün türk dillərində yaşadığını göstərmiş,
Harvard da daxil olmaqla ABŞ universitetlərində şumer-prototürk
ortaq leksikasını isbatlamışdır. Tunanın gəldiyi yekun nəticə
budur: "Şumerlər prototürklərlə eramızdan qabaq 3500-ci illərdə
indiki Türkiyənin şərqində kontaktda olublar".
Soruşuram səndən: indiki Türkiyənin şərqi hayandır? – Əlbəttə,
Azərbaycandır! Bu bir.
İkincisi, Tunanın tapdığı 168 söz təkcə Türkiyədə danışılan
dilin sözləri yox, ümumtürk dilləri sferasında olan sözlərdir. Və
ən başlıcası: bu 168 sözün heç də hamısı Türkiyədə başa düşülmür,
biz isə demək olar hamısını başa düşürük! Mən məqaləmdə çibin,
qabaq kimi sözləri, bax, bu fakt üçün misal vermişdim.
İstəyirsənsə, misalları bir az da çoxaldım, sözbelə: çapmaq
(yarmaq mənasında), iy (qoxu mənasında), ötmək (keçmək mənasında),
çin (yuxusu çin çıxmaq mənasında), qadaq (Cəlilabad, Salyan,
Şirvan, Sabirabad və Kürdəmirdə mıx, mismar deməkdir), san (sanamaq
mənasında), yumaq (su ilə yumaq mənasında), isti, çağa, qalaq və s.
şumercədə də işlənilmiş, azı 5500 yaşlı sözlərimizdirlər. Və
türkiyəlilər bu sözləri başa düşmürlər, düşənlər də Osmaniyyə
dövlətinin keçmişdə bizdən qopartdığı ərazilərdə (Ərzurum, Qars,
İqdır və b.) əsir düşüb qalan qızılbaş (ələvi) azərbaycanlılardır.
Aqopca danışan türkiyəlilər isə qızılbaş (ələvi) danışığına kəndçi
dili deyib gülürlər.
Bir sözlə: Dilimizin anadilli sözlük fondu Türkiyədəkindən
həmişə çox olmuşdur, indi də çoxdur. Sənsə deyirsən: "Anadoludakı
xalq dili ilə bizim dilimizdəki söz dağarcığı eynidir".
6. Deyirsən: "Şumerlərlə türklərin əlaqəsi elmi əsaslara
dayanmır. Məsələn, Vill Durant yazır ki, şumerlərdəki təkhecalı
sözlərin çoxu moğolcadır". Ağayi-Məniçöhr, Şumer vaxtı monqolca nə
gəzirdi?! Bugünkü xalxa-monqolcanın ən qədim abidəsi eramızın
1225-ci ilinə aid Yesunke daşıdır. Ondan o yana monqolca
adlandırılan sözlərin hamısı ümumtürkcədir. Bunu mən yox,
monqolistlər deyir. Durant ciddi adamdır, o, belə yazıbsa, deməli o
da prototürk-şumer ortaqlığını nəzərdə tutub. Sən mənə qarşı çıxmaq
istərkən, mənim xeyrimə arqument gətirmisən, xəbərin olmayıb.
7. Demisən: "İmgə sözünün ingiliscənin imeyc sözü ilə əlaqəsi
yoxdur, bu söz bizdə him kimi işlənilən im sözündən düzəldilib.
Süpürmək məsdərinin əmr formasına "gə" şəkilçisi artırılaraq
süpürgə düzəldildiyi kimi, "im" əmr şəklinə də eyni şəkildə "gə"
artırılaraq "imgə" düzəldilmişdir".
Ağayi-Məniçöhr, birincisi, "(h)im" əmr şəkli bir qırağa dursun,
heç feil deyil, ismin adlıq halıdır. Sənə "(h)im"dən feilin əmr
şəklini düzəltmək lazımdısa, onda (h)imlə- olmalıdır. İkincisi,
misal kimi verdiyin süpürgə (eləcə də, düşərgə, dalğa və s.
sözlərdə) gördüyün -gə sonluğu isimlərə yox, ya feil köklərinə, ya
da feil əsaslarına birləşə bilən sonluqdur, (h)im isə isimdir.
Üçüncüsü, M.Kaşğaridə (h)im, (h)imləmək bəlgə sözündən fərqli
olaraq ümumi mənada işarə yox, him-cim kimi mimik işarədir, göz-qaş
işarəsidir.
Beləliklə, mən sözümdə qalıram, Aqop imgə sözünü ingiliscə imeyc
sözünə oxşadaraq düzəldib. Necə ki, onur sözünü fransızca honneur
sözünə oxşasın deyə, sınır sözünü yunanca sunora sözünə oxşasın
deyə və s. düzəltdiyi kimi. Karikaturadır bu, adını dil
qoyublar.
8. Demisən: "Ağalar Cavidə qarşı sayqısızlıq etmiş".
Ağayi-Məniçöhr, "Anamın kitabı"ında C.Məmmədquluzadənin güldüyü,
osmanicə əşar yazan Hüseyn Şahid obrazı kimi idi? – Hüseyn
Cavid!
Deyirəm, nə yaxşıdır, Cavidin Bakıda oturub, Mirzə Cəlilin
dilində yox, osmanicə yazması da düzgün imiş, sonra bu osmanicədən
türkiyəcə düzəldən Aqop da düz eləyibmiş. Eh, bircə biz düz
deyilmişik. Sonra da deyirsən: "Ağalar öz keçmişinin intiqamını
almağa çalışır". Bilirsən Freyd bu fenomenə nə ad verib? –
Proyeksiya mexanizmi – özündə görüb, iyrəndiyi, rədd etdiyi duyğunu
başqasının üstünə köçürmək (proyeksiya etmək). Adımı sənə qoyum
məsəli.
Bir də sənə bunu məsləhət görərdim: Cavidin mətnlərini
"aqopca"ya çox da güvənib elə hey incələmə, arada bir qalınla da,
yoğunla da...
9. Yazmısan: Ağalar farsca bilmir, "Bu əksikliyi üzündən məsələn
yazır ki, "külək" türkcə olmuşdur. Oysa külək əski farscada olan
bir sözdür. Farsca səslənişi "kulak"dır".
Ağayi-Məniçöhr, birincisi, H.Vamberi hələ 1878-ci ildə yazıb:
külək sözü cağatayca küləmək (uğultu ilə əsmək) sözündən yaranmış
sözdür.
İkincisi, sən farsca bilirsənsə, oxuyarsan, H.Əmid də yazır ki,
külək türk dillərindən farscaya keçmişdir.
Üçüncüsü, külək sözü, məncə, küy (gur-) kökü üzərində dayanır.
Nənə-babalarımız səs-küylü, uğultulu, qar gətirən yelə külək
deyiblər. Məncə, sözün başlanğıc forması küyləmək feilindən
"küylək" olmalıdır. Küylək – daşlaq, qışlaq quruluşunda bir sözdür.
Beləliklə, mən sözümdə qalıram: külək sözü öz dilimizdədir. Bizdən
farscaya keçib, fars dilində ü və ö olmadığı üçün kulak
olmuşdur.
Dördüncüsü, dilimizi yaxşı tədqiq etmək üçün farsca əsas dil
deyil. Özün də gördüyün kimi, bilməyinlə öyündüyün farsca sənə
külək sözünü tanımaqda kömək etmədi, halbuki ən düz bunu bilməli
idin. Unutma, türkologiya sahəsində iki əsas məktəb var: rusdilli
məktəb və almandilli məktəb. Sənsə bu dillərin heç birində oxuya
bilmirsən.
10. Ağayi-Məniçöhr, gördüm özünə Gəncalp təxəllüsü götürmüsən.
Ancaq "Gəncalp" adında vokal harmoniyası (səs ahəngi) yoxdur.
Gəlsənə, onu ahəng prinsipinə uyğunlaşdırıb "Qancalp" edəsən (necə
ki, sən Mahmud Kaşğarinin adını dəyişdirib Kaşğarlı yazırsan).
Demək istəyirəm, sən heç özünə düzgün bir ad düzəldə bilməmisən, bu
xalqın dili haqqında nə danışa bilərsən?!
Kultura.az